Məhkəmə qərarları › İş №2(105)-1707/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1707/2021

18.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1707/2021 18.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(060)-1967/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(060)-1967/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 09.06.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və 3 yaşı tamam olana qədər 50 (əlli) manat maddi yardımın 15.01.2021-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, onun dəyişdirilməsini, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün tutulacaq alimentin 120 manata endirilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan 09.06.2019cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat, həmçinin İddiaçı saxlanması üçün uşaq 3 yaşına çatanadək hər ay 100 (yüz) manat, cəmi 275 (iki yüz yetmiş beş) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11.09.2018-ci il tarixdə nikaha daxil olaraq evlənmişlər. Cavabdehlə birgə nikah münasibətlərindən 09.06.2019-cu il tarixdə X4 adlı uşaq anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birlərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Cavabdeh onu və uşağı atıb getmişdir və hazırda onlar ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaq isə onun himayəsindədir. Həmin vaxtdan cavabdeh heç bir maddi köməklik göstərmir, ümumiyyətlə maddi vəziyyəti ilə maraqlanmır. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. O, heç bir yerdə işləmir. Faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Bu vaxt ərzində uşaq onun himayəsində qalmış, uşağın bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. Cavabdeh bir ata kimi körpə uşağın necə yaşaması və hansı çətinliklərlə böyüməsi barədə maraqlanmamış, valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarıb və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməmişdir. Həmçinin uşağın ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o, təkbaşına edə bilmir. Hal-hazırda onun bütün maddi xərclərini valideynləri çəkir, ataanası ona kömək edirlər. Uşağın maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı əsassızdır. İddiaçı heç bir səbəb olmadan valideynlərinin yanına getmişdir. Məhkəmə araşdırması zamanı o, dinlənilməmiş, məhkəmə iclasında onun iştirakı təmin olunmamış, qət edilən alimenti ödəməyə maddi imkanının olub-olmamasını araşdırmamışdır. Onun himayəsində onkoloji xəstə olan anası vardır və onun aylıq dərman pulu 145 manat təşkil edir. Əlavə olaraq hər ay iddiaçıya 225 manat vəsait ödəməyə onun imkanı yoxdur. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə dəyişdirilməli, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün ondan hər ay 120 manat sabit məbləğdə alimentin tutulması, həmçinin iddianın qalan hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, əlavə etdi ki, oğlu hazırda “STP”-də işləyir və ayda 600 manat əmək haqqı alır. Məhkəmə kollegiyasının sonuncu iclası barədə vaxtında məlumat verilməsinə baxmayaraq, nümayəndə X3, o cümlədən Cavabdeh həmin iclasda iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəməyə teleqram vuraraq maddi imkanın pis olması və səhhətindəki problemlərlə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini göstərmiş, bu səbəbdən işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qətnaməsini qüvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İİ 296274 saylı, 11.09.2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 11 senyabr 2018-ci il tarixdə bağlanmış və 2555 nömrə ilə qeyd olunmaqla arvada “Məmmədova” soyadı verilmişdir. Yenə iş materiallarında olan, AZ-İV 269066 saylı, 07.07.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 09.06.2019cu il tarixdə X4 anadan olmuşdur. Yenə də iş materiallarında olan Cavabdeh dair elektron məlumatının surətindən görünür ki, Cavabdeh “xxxx” MMC-də elektrik qaz-qaynaqçısı vəzifəsində çalışır və ayda 684 manat əmək haqqı alır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(060)-1967/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə tərəflər 11 sentyabr 2018-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan 09 iyun 2019-cu il tarixdə Miray adlı uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda münasibətləri normal olsa da, sonradan ailədə münaqişələr yaranmağa başlamışdır. Hazırda onlar faktiki olaraq ayrılmışlar və azyaşlı Miray anasının himayəsindədir. Buna görə də İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan 09.06.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat, həmçinin İddiaçı saxlanması üçün uşaq 3 yaşına çatanadək hər ay 100 manat, cəmi 275 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil etmişdir. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş alimentin yuxarı məbləğdə olduğunu, bu səbəbdən də alimentin 120 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin tədqiq olunan faktiki hallarını, cavabdehin daimi iş yerinin olması və sabit gəlirə malik olmamasını, azyaşlı uşağın isə körpə olduğu üçün daha çox maddi təminata ehtiyacının olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən həmin uşağa görə hər ay ümumilikdə 175 manat məbləğində aliment tutulması ağlabatan olardı. Başqa sözlə, bu hissədə qətnamə işin faktiki hallarına, o cümlədən qüvvədə olan maddi hüquq normalarına uyğundur. İş materiallarından həmçinin görünür ki, İddiaçı Cavabdeh birgə nikahdan 09.06.2019-cu il tarixdə anadan olmuş X1 üçün uşaq 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin də tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə bu hissədə iddianı qismən-50 manat həddində təmin etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İş materiallarından görünür ki, İddiaçı heç bir yerdə işləmir, birgə nikahdan doğulmuş Mirayın 2 yaşı vardır və ana qayğısına daha çox ehtiyacı var. Cavabdeh isə əmək qabiliyyətlidir və hər ay 684 manat əmək haqqı alır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi maddi yardımla bağlı hissədə qismən təmin olunmaqla, Cavabdeh 09.06.2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün 50 manat məbləğində maddi yardım tutularaq İddiaçı verilməlidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin Cavabdeh apelyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(060)-1967/2021 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar