Məhkəmə qərarları › İş №2(105)-1711/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1711/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1711/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2388/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 35675 manat məbləğində pul və ödənilmiş 198 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 35675 (otuz beş min altı yüz yetmiş beş) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 198 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh Tofiq oğlu ilə tanışlıqları işlə bağlı olmuşdur. Belə ki, o və X3 məxsus olan laminatları onun dediyi formada kəsmək bantlama işlərini görürdülər və qarşılığında xidmət haqqlarını alırdılar. Onların arasında olan bu işlə bağlı münasibətlər daha da yaxşılaşmışdır. Onlar görüşlərin birində birlikdə nə işlər görə biləcəkləri barədə söhbət etmişlər. Həmin vaxt Mehman iddiaçıya bildirmişdir ki, onun əlində çoxsaylı işlər var. Müştəri bazası da kifayət qədər çoxdur. Lakin onun şəxsi işlərinə görə ona xeyli miqdarda pul lazımdır. Həmin pulun ona veriləcəyi halda Mehman öz işlərini həll edərək onlarla iş birliyinə başlacağını və nəticədə yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirmişdir. Mehman öz işlərini həll etməyəcəyi halda iddiaçı ilə iş birliyi etməsinin mümkün olmayacağını bildirmişdir. İddiaçı isə onun yalan vədlərinə inanaraq Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 63175 manat pul vermişdir. Daha sonra isə iddiaçıya məlum olmuşdur ki, xidmət göstərdiyi vətəndaşlar Mehmandan narazıdır. Mehman götürdüyü işləri vaxtında və düzgün yerinə yetirmir. Bir neçə nəfərlə də pul problemləri var. İddiaçı ona problemlərini həll etməsi üçün pul versə də, Mehmanın problemləri qurtarmır. Ondan sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh onu aldatmışdır. Cavabdeh iddiaçıdan 63175 manat məbləğində pulu almasını əlyazma ilə təsdiq etmişdir. Cavabdeh həmin puldan 27500 (iyirmi yeddi min beş yüz) manat hissəsini qaytarmışdır. 35675 (otuz beş min altı yüz yetmiş beş) manat hissəsi isə ödənilməmiş qalmışdır. İddiaçı qalan pulun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət etsə də nəticəsi olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin xarakterinə qiymət verməklə onlar arasındakı münasibətin birgə fəaliyyətlə bağlı münasibətlər olmasını, eyni zamanda həmin fəaliyyətə vəsait xərclənməsini, lakin birgə fəaliyyətin sonunun necə olmasını müəyyən etməmiş, iş üzrə iddiaçının şikayəti əsasında araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar olduğu halda buna münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi tərəflərin münasibətlərdən doğan işin digər hallarına, yəni bu fəaliyyətdən yaranan zərərə hansı halın səbəb olmasında tərəflərin ayrı-ayrılıqda və ya birgə məsuliyyətinə və təqsirinə qiymət verməmiş, həmin hallarla bağlı məsələ açıq qalmışdır. Halbuki tərəflər arasındakı münasibətlər müəyyən ediləndən sonra həmin münasibətlər üzrə işin halları müəyyən edilmədən iddia üzrə hər hansı düzgün nəticəyə gəlmək mümkün deyil. Ümumiyyətlə işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə araşdırma apararkən işi tam araşdırmamışdır. İddia ərizəsində istinad olunan əlyazmaya münasibətdə qeyd etmək zərurəti vardır ki, cavabdehin iddiaçıdan pulu təkidlə öz şəxsi problemləri üçün almasını təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Abşeron RPİ-nin 09 oktyabr 2022-ci il tarixli qərarında hazırki iş üzrə iddiaçının şikayət ərizəsində qeyd etmişdir ki, 2021-ci ilin iyun ayından Mehmanla ilə onun arasında iş birliyi başlanmış və birgə işləmək barədə razılıq əldə olunmuşdur. Birinci instansiya məhkəməsi bu halı araşdırmamış, tərflərin birgə fəaliyyəti dövründə dövriyyənin hardan yaranması və nəticə etibarı ilə iddiaçının qeyd etdiyi borc məbləğinin hansı hallardan mövcud olması məsələsinə düzgün qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh izahatında tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını və hazırkı mübahisənin məhz onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, bu mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan, qətnamənin ləğv edilməsini və mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini, tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını və hazırkı mübahisənin məhz onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu, mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı işin aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini, hər ikisi sahibkarlıq fəaliyyəti ilə məğul olsalar da, hazırkı mübahisənin onların sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığından işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə işin aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini, mülki işin mahiyyəti üzrə baxılmasını xahiş etdiyini bildirdi. İş materiallarını araşdıraraq, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən edilməsi barədə nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3. maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin məzmunundan müəyyən edilir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Halbuki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin “hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır” prinsipini rəhbər tutaraq, iddia ərizəsini icraata qəbul etsə də, yaranan mübahisəyə hansı məhkəmədə baxılmasını (kommersiya və ya ümumi), yəni mübahisənin məhkəmə aidiyyətini nəzərdə tutan prosessual hüquq normalarını pozaraq, mübahisə üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakterini nəzərə almalı olduğu halda, buna əməl etməmiş və nəticədə qanunvericiliyin yuxarıda qeyd normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi məqsədi ilə hazırkı mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində sadalanan xüsusiyyətlər üzrə araşdıraraq, işin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakı nəticələri qeyd etməyi zəruri hesab edir. İş materiallarından olan vergi ödəyicisinin məlumatlarına əsasən İddiaçı ********** VÖEN-lə, Cavabdeh ********** VÖEN-lə qeydiyyata alınmışlar. Qeyd olunmalıdır ki, iddiaçının tələb etdiyi pul məbləği tərəflərin mebel işlərinin görülməsi ilə bağlı həmin müddət ərzində cavabdehin şəxsi işləri üçün istifadə etdiyi 63,175 manat məbləğində yığılmış borcun olduğu mülki işin 5-ci səhifəsində olan qəbzdə də öz əksini tapmışdır. Mülki Prosessual Məcəllənin 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (Mülki Prosessual Məcəllənin 32.3., 32.4. maddələri). Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduqlarından, eləcə də hazırkı mübahisə məhz onların bu fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 №li Sərəncamına əsasən kommersiya və inzibati məhkəmələri yaradılmışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 1633-VQD nömrəli Azərbaycan Respublikasının qanununa əsasən ismin müvafiq hallarında “inzibati-iqtisadi məhkəmə” sözləri ismin müvafiq hallarında “kommersiya məhkəməsi” sözləri ilə, ismin müvafiq halında “inzibatiiqtisadi məhkəmələr” sözləri ismin müvafiq halında “kommersiya məhkəmələri” sözləri ilə əvəz edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 31.1, 32.3, 32.4, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar