Məhkəmə qərarları › İş №2(105)-1716/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1716/2021

24.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1716/2021 24.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasanın, Cavabdeh Elxan oğlunun vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh Elxan oğluna qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsi ilə (hakim A.Süleymanova) İddiaçı ASC-nin Cavabdeh Elxan oğluna qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh Elxan oğlundan 748,95 manat lizinq ödənişi üzrə borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1,20 manatın İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı ASC qətnamədən apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsininin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-388/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsinə borcun tutulması hissəsində ekspert rəyi nəzərə alınmaqla dəyişiklik edilmiş və cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilən 748,95 manat lizinq ödənişi üzrə borc məbləğinin dəyişdirilərək gecikdirilmiş əsas borcun 900,81 manat, mükafatın isə 300,30 manat müəyyən edilməsi qət edilmişdir. Eyni tarixdə lizinq obyektinin qanunsuz ələ keçirilməsi və istismar olunması ilə bağlı kollegiyanın xüsusi qərardadı da çıxarılmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 09 mart 2021ci il tarixli, 2(102)-1060/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2020-ci il tarixli, 2(105)- 388/2020 saylı qətnaməsi qismən-iddianın 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC geri qaytarılmasının rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmış və qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh Elxan oğluna qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 25 oktyabr 2016-cı il tarixli, AL-1481 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxışlı, “Daewoo Gentra”markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA565962 ban, 0471 mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılması, Cavabdeh Elxan oğlundan 25 oktyabr 2016-cı il tarixli AL-1481 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 aprel 2019-cu il tarixə 7107,24 manat əsas, 3529,01 manat mükafat və həmin günə hesablanmış 7132,32 manat dəbbə pulu, cəmi 17.768,57 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh Elxan oğlu ilə 25 oktyabr 2016-cı il tarixdə AL-1481 saylı “Daxili lizinq müqaviləsi” bağlamış və lizinq alan Cavabdeh Elxan oğlunun müvəqqəti istifadəsinə vermişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə nömrə 3) əsasən Cavabdeh Elxan oğlu illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455.85 manat, ümumilikdə isə 21880.34 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümümilikdə 21880.34 manatın 15800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh Elxan oğlu tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 20 iyul 2017-cil tarixdə 500 manat məbləğində olmuşdur. Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, nəticədə iddiaçı qşarşısında öhdəliyi yaranmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Qətnamədən iş üzrə İddiaçı ASC apelyasiya şikayəti verərək göstərmişdir ki, məhkəmə işə baxarkən və qətnamə qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qətnaməsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh Elxan oğlu tərəflərin imzaladıqları daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmiş və lizinq obyekti olan "Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili "Union Lizinq” ASC-yə qaytarmamışdır. Cavabdeh Elxan oğlu lizinq ödənişlərini vaxtında yerinə yetirmədiyi üçün 04 aprel 2019-cu il tarixə 7107.24 manat əsas, 3529.01 manat lizinq mükafatı və həmin günə hesablanmış 7132.32 manat dəbbə pulu olmaqla, cəmi 17768.57 manat borcu yaranmışdır. Cavabdeh Elxan oğlu birinci instansiya məhkəməsinin iclasında izahat verərkən lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili heç bir hüquqi əsası olmadan Vüqar adlı şəxsə verdiyini bildirmişdir. Vüqar adlı şəxs lizinq obyekti olan avtomobili ona qaytarmadığı üçün Cavabdeh Xəzər rayon Polis İdarəsinə şikayət etmiş və Xəzər RPİ işi araşdıraraq cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar qəbul etmişdir. 25 iyul 2017-ci il tarixdə Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və avtomobili idarə edən X6 AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (avtomobili etibarnaməsiz idarə etmə) və 342.7-ci (başqa nömrə ilə idarə etmə) maddələri ilə cərimə olunaraq barəsində protokol tərtib edilmişdir. Qeyd olunan avtomobil 26 iyul 2017-ci il tarixdə İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsinə təhvil verilmişdir. Mübahisəli avtomobil şirkətin müvəqqəti duracağına gətirildikdə müəyyən olunmuşdur ki, avtomobilin üzərində olan **-AD-*** dövlət qeydiyyat nişanı İddiaçı ASC-yə məxsus olsa da, avtomobilin özü isə "xxxx" MMC-nin mülkiyyətində və axtarışda olan qara rəngli, “Daewoo Gentra” markalı avtomobildir. Ona görə də qeyd olunan avtomobil "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinə təhvil verilmişdir. Bununla bağlı, "xxxx" MMC tərəfindən 20 sentyabr 2017-ci il tarixli, 182 saylı məktubla Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət olunmuşdur. 25 iyul 2017-ci il tarixli, KYP 667625 nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, X6 avtomobili başqa nömrə ilə idarə etmişdir. Məhkəmə işin obyektiv araşdırılmasını təmin etmək üçün barəsində protokol tərtib edilmiş X3 məhkəməyə cəlb etməli olduğu halda bunu etməmiş və müvafiq tədbir görməmişdir. Bütün bunlar da məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Göstərilənlərə əsasən şikayətdə Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasan şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh Elxan oğlu, onun vəkili Vəkil, habelə iştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 şikayətlə razılaşmadılar və onun təmin olunmamasını xahiş etdilər. Nümayəndə bildirdi ki, lizinq obyekti şirkətə təhvil verildiyindən cavabdehdən tələb edilə bilməz. SC-in indiyədək heç bir hüquq-mühafizə orqanına müraciət etməməsi də buna sübutdur. Cavabdeh əlavə etdi ki, maşını bir neçə ay idarə etmiş, lakin maddi durumu imkan vermədiyindən sonrakı lizinq ödənişlərini ödəyə bilmədiyindən aprel 2017-ci ildən sonra ona maşını idarə etmək üçün etibarnamə verilməmişdir. 31.05.2017-ci ildə SC-in əməkdaşları maşını ondan geri almış, bildirmişlər ki, lizinq haqqını ödəyə bilmirsən, maşını geri ver borcun bağlansın. Maşını ondan aldıqdan sonra onu Abas Şahmuradova vermişlər. Lakin maşını geri aldıqdan bir müddət sonra bu iddianı qaldırmışlar. Bundan sonra cavabdeh polisə müraciət etmişdir. 20.07.2017-ci ildə ödənilmiş 500 manatı o, ödəməyib, həmin vaxt maşın onda olmamışdır. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh Elxan oğlu arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli, AL-1481 saylı “Daxili lizinq müqaviləsi” və 3 saylı Əlavədən görünür ki, lizinq verən lizinq alan tərəfindən sifariş verilmiş əmakı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi, müqavilənin ayrılmaz hissəsi olan 3 saylı Əlavə ilə müəyyən edilmiş lizinq ödənişlərini (ödənişlərin məbləği, qaydası və müddəti) ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 15800 manat təşkil edir və 48 ay müddətinə bağlanılır. Aylıq ödəniş 455,85 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh Elxan oğlu arasında bağlanılmış 25 oktyabr 2016-cı il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra”markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil Pərviz Hacıyev tərəfindən təhvil alınmışdır. Yenə iş materiallarında olan AC N 254699 nömrəli, 22.08.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, 99AD595 qeydiyyat nişanlı “Daewoo Gentra” markalı, 2014-cü il buraxışlı, 0471 mühərrik nömrəli, XWB5V319VEA565962 ban nömrəli avtomobil İddiaçı ASC-yə məxsusdur. Yenə də iş materiallarında olan 07 iyun 2019-cu il tarixli, 1049 saylı arayışdan görünür ki, Cavabdeh Elxan oğlunun 25 oktyabr 2016-cı il tarixdə AL-1481 saylı «Daxili lizinq müqaviləsi» üzrə 04 aprel 2019-cu il tarixə əsas borcu 7107,24 manat, mükafat borcu 3529,01 manat, cərimə borcu 7132,32 manat, cəmi borcu 17768,57 manat təşkil edir. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh Elxan oğlu tərəfindən 20.07.2017-ci il tarixdə 500 manat, 29.03.2017-ci il tarixdə 455 manat, 06.03.2017-ci il tarixdə 1050 manat, 17.01.2017-ci il tarixdə 474 manat və 05.12.2016-cı il tarixdə 463 manat ödəniş edilmişdir. Yenə işdə olan iddiaçı tərəfindən təqdim edilmiş etibarnamələrdən görünür ki, İddiaçı ASC tərəfindən lizinq obyektinin istifadəsi ilə bağlı Cavabdeh Elxan oğluna etibarlılıq müddəti 25 aprel 2017-ci il müəyyən edilməklə etibarnamə verilmişdir. Yenə də işdə olan DİN-nin Bakı şəhər Xəzər RPİ tərəfindən məhkəmə sorğusuna verilmiş 25 iyul 2019-cu il tarixli cavabından görünür ki, “Daewoo Gentra”markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nömrəli avtomaşın 25.07.2017-ci il tarixdə müvafiq aktla DİN BDYPİ-nin «Siqnal İLİ» idarəsinin 12 saylı cərimə meydançasına yerləşdirilmiş, 26.07.2017-ci il tarixdə isə həmin dayancaqdan çıxarılmışdır. X2 Azərbaycan Respublikası İXM-nin 332.1 və 342.7-ci maddələrinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş DİN-nin Bakı şəhər Xəzər RPİ tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC tərəfindən 26 iyul 2017-ci il tarixdə Xəzər rayonu DYP-nə məkub ünvanlanaraq göstərilmişdir ki, Cavabdeh Elxan oğlu götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün İddiaçı ASC-yə borcu yaranmışdır və heç bir hüququ əsası olmadan İddiaçı ASC-yə məxsus “Daewoo Gentra”markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nömrəli, ağ rəngli avtomobili idarə etməkdə davam edir. Qeyri rəsmi məlumata görə “Daewoo Gentra”markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nömrəli, ağ rəngli avtomobil DYP-nin müvəqqəti dayanacağındadır. Mülkiyyət hüququ ilə İddiaçı ASCyə məxsus olan həmin nəqliyyat vasitəsini X4 vasitəsi ilə İddiaçı ASC-nin müvəqqəti duracağına gətirilməsi üçün göstəriş verəsiniz. İş materiallarında olan 26 iyul 2017-ci il tarixli aktdan görünür ki, Xəzər DYPİ tərəfindən “Daewoo Gentra”markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil «Beydullayev» tərəfindən cərimə meydançasından qəbul edilmişdir. Yenə iş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü X9 Pərviz Elxan oğluna ünvanlanmış 08.08.2017-ci il tarixli məktubundan məlum olur ki, Cavabdeh qeyd olunan nəqliyyat vasitəsinin ondan alınması ilə bağlı polis orqanlarına müraciət etmiş, ona mübahisənin mülki qaydada həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Yenə də işdə olan Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin təhqiqatçısının cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 07.07.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh istifadəsində olan “Daewoo Gentra”markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin “Unibank”ın əməkdaşları olan Vüqar və Nicat adlı şəxslər tərəfindən ondan alındığını bildirərək tədbir görülməsini xahiş etmiş, lakin mübahisənin mülki xarakterli (?) olması səbəbilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmənin Bakı şəhəri Baş Polis İdarəsinə ünvanladığı sorğuya əsasən əldə edilmiş və iş materiallarına əlavə edilmiş cavab məktublarından məlum olur ki, İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Bakı şəhəri üzrə polis orqanlarına müraciət olunmamışdır. Həmin maşının saxlanılması üçün şəxsi heyət təlimatlandırılmışdır. Yenə məhkəmənin sorğusu əsasında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə göndərilmiş təsis sənədlərindən bəlli olur ki, təsisçiləri fərqli olsa da hər iki Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X13 4-dür. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Lizinq müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə borcun qaytarılması hissəsində mübahisə üzrə yekun məhkəmə qətnaməsi mövcud olduğundan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə apelyasiya araşdırması yalnız lizinq obyektinin qaytarılması hissəsində aparılır. Məhkəmə kollegiyası iş üzrə məruzəçinin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti lizinq obyektinin qaytarılması hissəsində təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsi bu hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, lizinq obyekti olan “Daewoo Gentra” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nömrəli avtomobilin 25 oktyabr 2016-cı il tarixli təhviltəslim aktına əsasən Pərviz Hacıyev tərəfindən təhvil alınması, onun həmin nəqliyyat vasitəsini hər ay verilən etibarnamə əsasında idarə etməsi işin mübahisəsiz halıdır. Mülki icraat qaydasında aparılan məhkəmə araşdırmaları zamanı lizinq obyekti olan nəqliyyat vasitəsinin hazırda dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı məhkəmə kollegiyasının daha əvvəl çıxardığı xüsusi qərardadın nəticəsi olaraq görülmüş tədbirlər barədə Bakı şəhər Prokurorluğuna ünvanlanmış müraciətləri cavabsız qalmışdır. Bakı şəhəri üzrə polis orqanlarının məhkəmənin sorğusuna verdiyi cavablardan məlum olmuşdur ki, qeyd olunan nəqliyyat vasitəsi barədə lizinq obyektinin mülkiyyətçisi tərəfindən onlara müraciət olunmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsinin izahatından belə məlum olmuşdur ki, cavabdeh maşını bir neçə ay idarə etmiş, lakin maddi durumu imkan vermədiyindən sonrakı lizinq ödənişlərini ödəyə bilmədiyindən aprel 2017-ci ildən sonra ona maşını idarə etmək üçün etibarnamə verilməmişdir. Cavabdehin bildirdiyinə görə 31.05.2017-ci ildə SC-in əməkdaşları maşını ondan geri almış, bildirmişlər ki, “lizinq haqqını ödəyə bilmirsən, maşını geri ver borcun bağlansın”. Maşını ondan aldıqdan sonra onu Abas Şahmuradova vermişlər. Lakin maşını geri aldıqdan bir müddət sonra bu iddianı qaldırmışlar. Bundan sonra cavabdeh polisə müraciət etmişdir. 20.07.2017-ci ildə ödənilmiş 500 manatı o, ödəməyib, həmin vaxt maşın onda olmamışdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı da müəyyən edilmişdir ki, lizinq obyekti 2017-ci ilin 31 may tarixində cavabdeh tərəfindən iddaçı təşkilata geri qaytarılmışdır. Bu barədə tərəflər arasında təhvil təslim aktı olmasa da, həmin halın doğruluğu iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusu - yəni Xəzər rayon Pİ tərəfindən lizinq obyekti olan avtomaşının 25 iyul 2017-ci il tarixdə saxlanılması, həmin vaxt avtomaşının Abas Şahmuradov adlı şəxsin istifadəsində olması və 26 iyul 2017-ci il tarixdə avtomaşının iddiaçı təşkilatın həvalə etdiyi şəxs tərəfindən duracaqdan qəbul edilməsi təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə müvafiq olaraq, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə Mülki Məcəllənin 748-1.8-ci maddəsinə müvafiq olaraq, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə müvafiq olaraq,lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı ücün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Daha öncə qeyd edildiyi kimi lizinq obyekti olan “Daewoo Gentra”markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin 25 oktyabr 2016-cı il tarixli təhvil-təslim aktına əsasən Pərviz Hacıyev tərəfindən təhvil alınması, maşının hər ay verilən etibarnamə əsasında idarə etməsi işin mübahisəsiz halıdır. Mülki icraat qaydasında aparılan məhkəmə araşdırmaları zamanı lizinq obyekti olan nəqliyyat vasitəsinin hazırda dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Bununla belə, işin tədqiq olunan faktiki halları onu deməyə əsas verir ki, lizinq obyekti olan nəqliyyat vasitəsi cavabdehdən lizinq verənin işçiləri tərəfindən geri alınmışdır. Məhkəmə kolegiyası bu qənaətə gələrkən o faktı əsas götürür ki, artıq iddia edildiyi kimi müqavilə şərtlərini pozub lizinq ödənişlərini iki ay həyata keçirmədiyi üçün lizinq alana - cavabdehə aprel 2017-ci ildən sonra nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilməmişdir. Başqa sözlə, o, həmin vaxtdan həmin nəqliyyat vasitəsinin qanunsuz istifadəçisi sayılır. Lakin mülkiyyətçi öz əmlakının geri qaytarılması üçün tədbir görmür. Yuxarıda qeyd edildiyi kimi onlar tərəfindən bu barədə polis orqanlarına müraciət olunmayıb. Yalnız, təxminən iki il keçdikdən sonra, yəni 29.04.2019-cu ildə hazırki iddia ilə məhkəməyə müraciət edilir. Lakin işdən göründüyü kimi cavabdeh lizinq obyektinin lizinq verənin əməkdaşları tərəfindən ondan alınması ilə bağlı polis orqanlarına müraciət etmişdir. Belə olan halda, məhkəmə kollegiyası cavabdeh tərəfin dəlillərini daha ağlabatan və inandırıcı hesab edir. Məhkəmə kollegiyası xüsusilə qeyd etmək istəyir ki, əvvəlki apelyasiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir k, lizinq obyekti 31.05.2017-ci ildə geri qaytarılmışdır, yəni həmin vaxtdan sonra cavabdehdə olmamışdır. Ona görə də lizinq məbləği hesablanarkən bu fakt əsas götürülmüşdür. Apelyasiya məhkəməsinin həmin qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılarkən də Ali Məhkəmənin mülki kollegiyası o hissədə qətnamə ilə razılaşmış və həmin hissədə qətnaməni qüvvədə saxlamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, lizinq obyektinin qaytarılması tələbini rədd edərkən işə baxan məhkəmə əsaslı qətnamə qəbul etmişdir. Bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə məhkəmə kollegiyası heç bir əsas tapmır. Apelyasiya şikayətinin bununla bağlı dəlilləri isə məhkəmə kollegiyasının qənaətinə görə tamamilə əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq lizinq obyektinin cavabdehdə olması və geri qaytarılmalı olmasına dair həm iddiasının, həm apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində bu barədə göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin lizinq obyektinin qaytarılmaması hissəsində ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsi 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh Elxan oğlundan alınıb İddiaçı ASC geri qaytarılmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar