Məhkəmə qərarları › İş №2(105)-172/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-172/2024

18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-172/2024 18.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: ər-arvadın ümumi öhdəliklərinin bölünməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3292/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən "xxxx" MTK üzvlərinin ümumi iclasının 23 dekabr 2022-ci il tarixli, 000362 nömrəli Protokoldan çıxarışına, 23 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzil üzərində 06 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2690/2021 nömrəli qətnaməsi ləğv edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(060)-1774/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş,iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində iddiaçı Cavabdeh payı 33/100 hissədə müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mkr, bina 5, 37 №-li mənzilə dair xx.xx.2019-cu il tarixdə payçı İddiaçı ilə "xxxx" MTK arasında ********* №-li payçı müqaviləsi eyni zamanda xx.xx.2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialı ilə təminat kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən ona 18910 manat kredit ayrılmışdır.

5. Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış İddiaçı nikahın pozulmasına dair iddia ərizəsinin surətindən aydın olur ki, o qeyd edilən tələblə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/541 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə, İddiaçı hesabda çıxarış məlumatlarına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 5609,99 manat məbləğində faiz borcdan və 4897,0 manat məbləöində əsas borcdan olmaqla ümumilikdə 10507 manat məbləğində kredit ödənilmişdir. Bundan başqa, İddiaçı hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən sonra 1500,00 manat məbləğində kredit ödənmişdir ki, Bank tərəfindən həmin məbləğin 650,78 manatı faiz borcdan və 849,22 manatı əsas borcdan silinmişdir. Hazırkı təqdiqatla xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilən məbləğlər xx.xx.2023-cü il tarixədək hesablandığından xx.xx.2023-cü il tarixdən sonra ödənilən 1500,00 manat ödəniş hal-hazırkı hesablamada nəzərə alınmadı. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 200 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahı dövründə "xxxx" ASC-dən götürülmüş və "xxxx" MTK-ya ödənilmiş 18910 manat kredit borcunun tərəflər arasında bərabər bölünməsi və həmin məbləğin yarı hissəsi olan 9455 (doqquz min dörd yez əlli beş) manat məbləğində pulun və ödənilmiş 115 manat məbləğində dövlət rüsumunun Cavabdeh Natiq qızından tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-419/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(105)-2690/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 aprel 2021-ci il tarixli, 2(060)-419/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(102)-964/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2690/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(060)-1774/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində iddiaçı Cavabdeh payı 33/100 hissədə müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6191/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 14 iyul 2022-ci il tarixli, 3190 saylı məktubundan görünür ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 05 aprel 2017-ci il tarixli ********* saylı payçı müqaviləsinə əsasən MTK pay qismində çıxış edən Sumqayıt şəhəri, 9-cu mkr, 23 nömrəli məktəbin yanında tikilməkdə olan 5-ci bina, 5-ci mərtəbə, 37 nömrəli, 2 otaqlı, sahəsi 39.6 kv.m. təşkil edən mənzili tikib payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi qiyməti 51750 manat müəyyən edilmiş, onun 15000 manatı ilkin ödəniş kimi ödənilmiş, yerdə qalan hissə isə 60 ay müddətinə aylıq 612,50 manat məbləğində MTK-ya ödənilməli idi. İddiaçı 2017-ci ilin may-dekabr ayları ərzində hər ay 615 manat olmaqla, ümumilikdə 4920 manat ödəniş etmişdir. Beləliklə 2017-ci il ərzində onun ödənişləri ilkin ödəniş də daxil olmaqla 19305 manat (15000+4920=19920) təşkil etmişdir. 2018-ci il üzrə İddiaçı tərəfindən yanvar-dekabr ayları ərzində hər dəfəsində 615 manat olmaqla, ümumilikdə 7380 manat aylıq ödəniş ödənilmişdir. 2019-cu il üzrə isə İddiaçı yalnız yanvar, fevral və mart aylarında hər ay üçün 615 manat ödəniş etməklə, 1845 manat məbləğində pul ödəmişdir. Ümumilikdə 2017-2019-cu illər ərzində İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 05 aprel 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsinə əsasən İddiaçı tərəfindən ilkin ödəniş də daxil olmaqla 29145 manat məbləğində pul ödənilmişdir. İddiaçı 2019-cu ilin aprel ayında MTK-ya müraciət edərək aylıq ödənişləri ödəməyə imkanının çatmadığını, bu səbəbdən də yeni qrafik açaraq müqavilənin müddətini uzatmağı və aylıq ödənişin məbləğinin aşağı salınmasını xahiş etmişdir. İddiaçı müraciəti nəzərə alınaraq qarşılıqlı razılıq əsasında mənzil geri alınmadan əvvəlki müqavilə ləğv olunaraq onunla 01 aprel 2019-cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlanmış, müqaviləyə əsasən həmin mənzil yenidən pay şəklində onun mülkiyyətinə verilmiş, müqaviləyə əsasən mənzilin dəyəri 40738 manat təşkil etmiş, həmin məbləğin 21828 manatı İddiaçı əvvəlki müqavilə üzrə ödədiyi ilkin ödəniş və aylıq ödəmələr əsasında əvəzləşdirilmiş, qalan 18910 manatı isə üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən MTK-ya ödənilmiş, İddiaçı 10 il müddətinə aylıq ödənişi 249,89 manat təşkil edən yeni qrafik açılmışdır. Hazırda həmin aylıq ödənişlər İddiaçı tərəfindən banka ödənilir. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 01 aprel 2019-cu il tarixli, ********* saylı payçı müqaviləsi üzrə ödənilmiş 21828 manat məbləğində pula onun bundan əvvəlki 05 aprel 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsi üzrə ödədiyi 15000 manat məbləğində ilkin ödəniş və aylıq kredit ödənişlərinin bir hissəsi, yəni 6828 manat aiddir. İddiaçı 2017-2019-cu illər ərzində "xxxx" MTK arasında bağlanmış 05 aprel 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsinə əsasən İddiaçı tərəfindən 29145 manat məbləğində pul ödənilmişdir. Daxili kredit banka keçirilən zaman həmin məbləğin 21828 AZN-i ilkin ödəniş kimi, yerdə qalan 7317 AZN isə payçının ərizəsinə əsasən mənzilində təmir işlərinin görülməsinə yönləndirilmişdir. Tərəflər xx.xx.2018-ci ildə nikaha girmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-738/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Onların ailə münasibətlərinə faktiki olaraq xitam verilmiş, onlar faktiki ayrılmışlar və birgə təsərrüfat idarə etməmişlər. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 14 iyul 2022-ci il tarixli, 3190 saylı məktubunda qeyd olunduğu kimi, İddiaçı 2017-ci il ərzində daxili kredit müqaviləsinə əsasən MTKya ödənişlərinin ilkin ödəniş də daxil olmaqla 19305 manat (15000+4920=19920) olmasını və 2018-ci ildə cəmi 7380 manat aylıq ödəniş etməsini və tərəflərin rəsmi nikaha daxil olma tarixlərinin xx.xx.2018-ci il tarixi olmasını nəzərə aldıqda, buradan belə nəticə hasil olur ki, İddiaçı Cavabdeh ilə nikaha daxil olanadək artıq 23610 manat məbləğində (buraya həm 15 min ilkin ödəniş, həm 2017-ci il üzrə kredit ödənişləri, və 2018-ci il üzrə ödədiyi ümumi məbləğin – 7380 manatın yarısı - yəni nikaha daxil olanadək ödənilən məbləğlər aiddir) pul ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflərin xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmaları nəzərə alınmaqla, 2018-ci ilin iyul-dekabr ayları, yəni 6 ay ərzində "xxxx" MTKya 3690 (615 manat x 6 ay) manat ödəniş edilmişdir. 2019-cu il üzrə isə İddiaçı yalnız yanvar, fevral və mart aylarında hər ay üçün 615 manat ödəniş etməklə, 1845 manat məbləğində pul ödəmişdir. Beləliklə, 01 aprel 2019-cu il tarixə, yəni 01 aprel 2019- cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlananadək tərəflərin birgə nikahda olduqları müddətdə mənzil üçün "xxxx" MTK-ya ödənilmiş məbləğ 5535 (3690 manat + 1845 manat) manat təşkil etmisdir. 01 aprel 2019- cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlandıqdan sonra isə mənzilin dəyərinin qalan 18910 manatı üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən "xxxx" MTKya ödənilmişdir. Göründüyü kimi, tərəflərin birgə nikahda olduqları müddətdə "xxxx" MTKya ödənilmiş məbləğ 24445 (5535 manat + 18910 manat) manatdır. Belə olan halda, həmin məbləğdə iddiaçının payı 12222,50 (24445 manat : 2) manatdır. 01 aprel 2019-cu il tarixli, ********* saylı payçı müqaviləsinə əsasən mənzilin dəyərinin 40738 manat olduğu nəzərə alınmaqla, buna mütənasib olaraq mənzildə iddiaçının payı 33/100 (40738 manat : 12222,50 manat ) hissə təşkil edir. Kassasiya instansiyası məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır. Cavabdeh tərəf olaraq tərəflərin birgə nikah dövründə 01 aprel 2019-cu il tarixə, yəni 01 aprel 2019-cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlananadək "xxxx" MTK-ya ödənilmiş məbləğin 5535 (3690 manat + 1845 manat) manat təşkil etməsi barədə apellyasiya və kassasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşır. Lakin 01 aprel 2019-cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlandıqdan sonra mənzilin dəyərinin qalan 18910 manatı üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən "xxxx" MTKya ödənilməsi faktına məhkəmənin verdiyi qiyməti hüquqi və əsaslı qiymət hesab oluna bilməz. Çünki, həmin məbləğ kreditə götürülmüş məbləğdir və cavabdeh faizləri ilə birlikdə həmin məbləği banka qaytarmalıdır. Apellyasiya və kassasiya instansiyası məhkəməsi kredit müqaviləsi bağladıqdan və 18910 manatı üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən "xxxx" MTK-ya ödənilməsindən sonra tərəflərin ailə birliyinin hansı müddətdə davam etdiyini və bu müddət ərzində banka nə qədər kredit ödənildiyini hesablayaraq iddiaçının payını həm banka həm də MTK-ya tərəflərin ailə birliyi dövründə hansı məbləğdə pul vəsaitinin ödənildiyini müəyyən etməklə, əldə olunan məbləğ hesabına pay təyin etməli olduğu halda, kredit götürülmüş məbləği ər-arvadın ümumi birgə mülkiyyəti hesab etmişdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(102)-964/2022 saylı qərarında (43-cü bənd). apellyasiya instansiyası məhkəməsinə göstəriş verilmişdir ki, mənzilin əldə olunması üçün ödənilmiş pul vəsaitlərinin hüquqi statusu düzgün müəyyən edilməli, əgər həmin ödəniş (və ya onun bir hissəsi) tərəflərin ailə birliyi çərçivəsində əldə olunmuş ümumi əmlak hesabına aparılmışdırsa, yaşayış sahəsi üzərində tərəflərin pay nisbətləri də buna uyğun qaydada müəyyən olunmaqla, ümumi mülkiyyət hüququnun tanınmasına dair iddia həll edilməlidir. Ali Məhkəmənin həmin qərarının 37-38-ci bəndləri də kredit məbləğinə münasibətdə hazırki iş üçün mühüm əhəmiyyət kəsb edir. 37. Məhkəmələr onu da nəzərə almamışlar ki, hər hansı şəxsin kreditordan aldığı kredit vəsaiti borcluya verildiyi andan onun mülkiyyətinə keçir. Başqa sözlə, əvəzedilən əşya sayılan pul vəsaiti borcluya verildiyi məqamdan kreditor həmin əşya üzərində mülkiyyət hüququnu itirir, borclu mülkiyyət hüququ qazanır. Buna müvafiq olaraq, bankın borcluya qarşı müqavilədən irəli gələn tələb hüququ, sonuncunun isə borcu qaytarmaq öhdəliyi meydana gəlir. Odur ki, əşyanın dəyərinin ödənilməsi üçün alınmış kredit vəsaitinin istər alıcı tərəfindən bilavasitə, istərsə də onun tapşırığına uyğun olaraq kreditor tərəfindən satıcıya verilməsi, alıcının mülkiyyətində olan pul vəsaiti hesabına ödəniş hesab olunur. 38. Bu baxımdan ərin və ya arvadın ailənin ehtiyacları (o cümlədən mənzil alınması) üçün bankdan götürdüyü kredit (pul vəsaiti) əldə edildiyi andan onların ümumi birgə mülkiyyətinə keçir. Çünki, həmin vəsaitin banka qaytarılması öhdəliyi də ümumi öhdəlik sayılmaqla onların hər ikisinə aid olur. Ona görə də, əşya kredit vəsaiti hesabına alınsa belə, ər-arvadın ümumi mülkiyyəti hesab edilir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3292/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 9455 (doqquz min dörd yüz əlli beş) manat məbləğində pulun və 115 (bir yüz on beş) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər ailəli olduqları vaxt, yəni birgə nikah dövründə bankdan kredit götürülmüş, həmin kredit ailə ehtiyaclarının (mənzil alınması) təmin edilməsi üçün xərclənmiş, götürülmüş kredit Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin alınmasına sərf edilmişdir. İşin bu halları qanuni qüvvəyə minmiş yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Bankdan götürülmüş kredit məbləğinə (18910 manat) cavabdehin ½ hissədə hüququ tanınmaqla və birgə nikah dövründə edilmiş ödənişlər nəzərə alınmaqla onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzil üzərində 33/100 hissədə payı müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçı tərəfindən mübahisəli mənzillə əlaqədar götürülmüş 18910 manat borcun ailə ehtiyaclarına – mənzil alınmasına sərf edildiyi öz təsdiqini tapdığından sözügedən borcun yarısı olan 9455 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə iddia tələbi təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 34-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinnin 213, 225.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2, 37.2-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər ailəli olduqları vaxt, yəni birgə nikah dövründə bankdan kredit götürülmüş, həmin kredit ailə ehtiyaclarının (mənzil alınması) təmin edilməsi üçün xərclənmiş, götürülmüş kredit Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin alınmasına sərf edilmişdir. İşin bu halları qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Bankdan götürülmüş kredit məbləğinə (18910 manat) cavabdehin ½ hissədə hüququ tanınmaqla və birgə nikah dövründə edilmiş ödənişlər nəzərə alınmaqla onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzil üzərində 33/100 hissədə payı müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı) Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçı tərəfindən mübahisəli mənzillə əlaqədar götürülmüş 18910 manat borcun ailə ehtiyaclarına – mənzil alınmasına sərf edildiyi öz təsdiqini tapdığından sözügedən borcun yarısı olan 9455 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması ilə razı deyil, belə ki, işin müəyyən olunmuş hallarına əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 5, 37 saylı mənzilə dair xx.xx.2019-cu il tarixdə payçı İddiaçı ilə "xxxx" MTK arasında ********* saylı payçı müqaviləsi, eyni zamanda xx.xx.2019-cu il tarixdə "xxxx"nın Sumqayıt filialı ilə təminatlı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən ona 18910 manat kredit ayrılmışdır. Qeyd olunan kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, borc verən ("xxxx" ASC) borc alan (İddiaçı) 120 (yüz iyirmi) ay müddətinə (xx.xx.2029-cu il tarixədək) 18910 (on səkkiz min doqquz yüz on) manat məbləğində, kreditdən istifadəyə görə illki 10% (on) faiz ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ktediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı özü də iddia ərizəsində göstərmidir ki, 18910 manat üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən MTK-ya ödənilmiş, ona 10 il müddətinə aylıq ödənişi 249,89 manat təşkil edən yeni qrafik açılmışdır. Hazırda həmin aylıq ödənişlər onun tərəfindən banka ödənilir.

15. Hazırkı iddia üzrə mübahisə predmeti olan 18910 (on səkkiz min doqquz yüz on) manat İddiaçı tərəfindən "xxxx" ASC-yə tam şəkildə ödənilməmiş və iddiaçının qeyd olunan kredit müqaviləsi üzrə bank qarısında götürdüyü öhdəlik davam edir. Belə olan halda hesab edir ki, cavabdehin hazırkı iddia predmeti üzrə öhdəliyi İddiaçı qarşısında deyil, "xxxx" ASC qarşısında daşıyır. Həmçinin, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hazırki iddia üzrə mübahisə predmeti olan 18910 (on səkkiz min doqquz yüz on) manat kredit borcu iddiaçı ilə cavabdehin birgə nikahda olduqları vaxt, yəni 01 aprel 2019-cu il tarixdə götürülmüş və onların nikahlarının rəsmi pozulduğu 04 iyun 2020-ci il tarixədək həmin borcdan "xxxx" ASC-yə müəyyən məbləğdə ödənişlər edilmişdir. Birinci instansiya məhkəməsi isə qətnanmə qəbul edərkən tərəflərin birgə nikah dövründə, yəni birgə təsərrüfat apardıqları dövrdə qeyd olunan borc məbləğinin müəyyən hissəsinin ödənilməsini nəzərə almamış, işin bu xüsusatı ilə bağlı ümumiyyətlə heç bir araşdrıma aparmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli,2(060)-1774/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-cibinanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində iddiaçı Cavabdeh payı 33/100 hissədə müəyyən edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X7, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

20. Maddə 32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

21. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir.

22. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

23. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarı Qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı

25. Bənd 4.7. Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ərarvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür.

26. Bənd 6.39. Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.

27. Bənd 6.40. Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ərarvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

36. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3292/2023 nömrəli qətnaməsini bütövlükdə mübahisələndirərək, iddianın rədd edilməsini xahiş etmişdir.

39. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

41. Beləliklə, iddiaçı tərəflərin birgə nikahı dövründə "xxxx" ASC-dən götürülmüş 18910 manat kredit borcunun tərəflər arasında bərabər bölünməsi və həmin məbləğin yarı hissəsi olan 9455 manat məbləğində pulun Cavabdeh Natiq qızından onun xeyrinə tutulmasını xahiş etmişdir.

42. İddianı tam təmin edən birinci instansiya məhkəməsi hazırki iddia üzrə mübahisə predmeti olan 18910 manat kredit borcunun bir hissəsinin iddiaçı ilə cavabdehin birgə təsərrüfat apardıqları dövrdə, yəni xx.xx.2019-cu ildən başlayaraq (kredit müqaviləsinin bağlandığı tarixdən) xx.xx.2019-cu il tarixədək (nikahın pozulması haqqında iddia ilə məhkəməyə müraciət etmə tarixi) olan müddətdə "xxxx" ASC-yə ödənilməsini ümumiyyətlə nəzərə almamışdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam həcmdə təmin etməklə səhvə yol vermişdir.

44. Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarın 6.39-cu bəndinə əsasən, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.

45. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş ekspert rəyindən, həmçinin, mülki iş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, iddiaçı birgə nikah dövründə bağlanmış kredit müqaviləsi üzrə borcu tam ödəmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəflər arasında münasibətlər pozulduğu tarixdən ödənilmiş pul vəsaitinin yarısını iddiaçıdan tələb etməyə haqlıdır.

46. Lakin apellyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil1 öz izahatında bildirmişdir ki, hazırda iddiaçı kredit müqaviləsi üzrə yalnız əsas borcu tələb edir. İddiaçı yalnız ödənilmiş əsas borcu tələb etdiyindən, kollegiya belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə (4897,01+849,22+12143,11+145,69+146,91+148,13=18330,07 manat) banka ödənilmiş əsas borcun yarısı, yəni 9165,03 manat məbləğində pul vəsaiti tutulmalıdır.

47. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, 9165,03 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

48. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3292/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 9165,03 (doqquz min yüz altmış beş manat üç qəpik) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 200 (iki yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamə qalan - Cavabdeh 115 (bir yüz on beş) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) cavabdeh tərəfindən verilə bilər. İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar