Məhkəmə qərarları › İş №2(105)-1720/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1720/2023

04.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1720/2023 04.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tutulması tələbinə dair (Açar sözlər: aliment təyin edilməsi) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tutulması tələbinə dair mülki iş Siyəzən Rayon Məhkəməsinin 2(059)-317/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Rusiya Federasiyasının Tomsk vilayəti VVAQ Departamentinin Tomsk rayon və Tomsk şəhər VVAQ şöbəsi tərəfindən 23 may 2017-ci il tarixdə verilmiş İ-OM seriyalı, 888865 nömrəli, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 17 fevral 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 245216 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X7 05 may 2017-ci il tarixdə Rusiya Federasiyasının Tomsk vilayətinin Tomsk şəhərində, X8 isə 03 yanvar 2019-cu il tarixdə Şabran şəhərində doğulmuşlar.

2. İşdə olan Rusiya Federasiyasının Tomsk vilayəti VVAQ Departamentinin Tomsk rayon və Tomsk şəhər VVAQ idarəsi tərəfindən 23 sentyabr 2021-ci il tarixdə verilmiş İ-OM seriyalı, 719354 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Sülh hakiminin 09 avqust 2021-ci il tarixli qərarı ilə 23 sentyabr 2021-ci il tarixdə tərəflər arasında nikah pozulmuş, habelə bu barədə həmin tarixdə ********************4 saylı akt qeydi tərtib olunmuşdur.

3. İşdə olan “Fagma” tibb mərkəzi tərəfindən 13 may 2023-cü il tarixdə verilmiş 471 nömrəli arayışdan görünür ki, Cavabdeh 2014-cü ildən “Fagma” tibb mərkəzində psixiatrın nəzarəti altında “Şizofreniya paranoid forma” diaqnozu ilə ambulator müalicə alır.

4. “X4 iştirak edilməməsi Barədə” 23 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, 23 dekabr 2022-ci il tarixə təyin edilmiş X4 iddiaçının nümayəndəsi Namiq Məmmədov iştirak etmiş, Cavabdeh X4 iştirak etməmişdir. İddiaçı tərəf mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 05 may 2017-ci il təvəllüdlü X5 və 03 yanvar 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdehla rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 05 may 2017-ci il tarixdə Elcan, 03 yanvar 2019-cu il tarixdə isə Amir adlı övladları doğulmuşdur. Onlar hazırda ayrı yaşayırlar, həmçinin cavabdeh övladları ilə maraqlanmır. Bundan əlavə, bu günədək övladlarının bütün təminatlarını özü qarşılasa da, ana kimi övladlarının maddi təminatını qarşılamaqda çətinlik çəkir. Eyni zamanda, Cavabdeh maddi durumu yaxşı olmaqla bərabər, aylıq 1000-1500 manat gəlir əldə etsə də, sonuncu maddi cəhətdən ailəyə köməklik göstərmir ki, nəticədə, o, maddi cəhətdən çətinlik çəkir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

7. Cavabdeh tərəfindən 24 may 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə qarşı yazılı etiraz ünvanlanmışdır.

8. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbində qeyd olunan 05 may 2017-ci il təvəllüdlü X5 və 03 yanvar 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin ondan tutulmasına qəti şəkildə etiraz edir. İddia ərizəsində cavabdehin ylıq 1000-1500 manat gəlirinin olması barədə qeyd olunanlar həqiqəti əks etdirmir. O psixoloji problemləri ilə əlaqədar heç yerdə işləmir, habelə işləmək iqtidarında deyildir. Bu səbəbdən də, Cavabdeh iddia üzrə tələb olunan aliment məbləğini ödəmək imkanı yoxdur. Bundan əlavə, oğlu Cavabdeh 2014-cü ildən psixoloji xəstəlikdən əziyyət çəksə də, sonuncunun əlillik dərəcəsi yoxdur, həmçinin hazırda müalicələri davam etdirilir. İddiaçı ilə onun arasında qohumluq əlaqəli mövcuddur. Onların ailə qurduqları ilk vaxtlardan onlara iddiaçının Rusiya Federasiyasında yaşayan atası maddi yardım edirdi. 2020-ci ildə iddiaçının atası vəfat etdikdən sonra onların maddi çətinlikləri artdı. Daha sonra iddiaçının anasının da razılığı ilə o iddiaçının azyaşlı uşaqlarla birlikdə Rusiya Federasiyasına getməklərinə razılıq verdi. Lakin bir müddət sonra cavabdeh ailəsinin yanına getdikdə artıq ailə münasibətlərinin soyuduğunu hiss etdi. Bütün hallarda o işləmək iqtidarında olmadığından hazırkı iddia tələbində qeyd olunan məbləğdə aliment ödəyə bilməz.

9. Siyəzən Rayon Məhkəməsinin 2(059)-317/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Tərəflərin birgə nikahından doğulmuş 05 may 2017-ci il təvəllüdlü X5 və 03 yanvar 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 19 aprel 2023-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması, İddiaçı azad edildiyi 72,80 manat dövlət rüsumunun 59%i, yəni 42,95 (qırx iki manat 95 qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər rəsmi nikaha daxil olmaqla evlənmiş və onların bu nikahından 05 may 2017-ci il tarixdə Elcan, 03 yanvar 2019-cu il tarixdə isə Amir adlı övladları doğulmuşdur. Daha sonra, tərəflər arasında olan nikah 23 sentyabr 2021-ci il tarixdə pozulmuşdur. İddiaçı hazırda yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Toplanmış sübutlara məcmu halında qiymət verən məhkəmə hesab etmişdir ki, 05 may 2017-ci il təvəllüdlü X5 və 03 yanvar 2019-cu il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 05 may 2017-ci il təvəllüdlü X5 və 03 yanvar 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 19 aprel 2023-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34, Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3, 27, "Uşaq hüquqları" haqqında Qanunun 4, 13, 19, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il, 8-2/2016 saylı qərarı, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112, 119, 124, 115, 217.4, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətlərinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Siyəzən Rayon Məhkəməsinin 2(059)-317/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi aliment məbləğinə münasibətdə qismən əsassızdır. Məhkəmə Azərbaycan Respublikasında 2023-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin “Şizofreniya paranoid forma” diaqnozlu xəstəlikdən əziyyət çəkməsi, sözügedən xəstəliyin müalicəsi ilə əlaqədar vəsait sərf etməsi, kimi sübuta yetirilməyən halları nəzərə almış və hər ay hər uşağa 130 manat aliment müəyyən etmişdir. Qeyd olunan məbləğ uşaqların maddi ehtiyaclarının qarşılanmasında kifayət etmir. Cavabdehin maddi imkanı qənaətbəxşdir və o kifayət qədər sağlamdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və Siyəzən Rayon Məhkəməsinin 2(059)-317/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, tətbiq edilən ailə qanunverciliyinə aid hüquq normalarını səhv təfsir edilməklə, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan qəbul edildiyindən qanuni və əsaslı sayıla bilməz. İddia ərizəsində cavabdehin maddi vəziyyətinin yaxşı, aylıq gəlirinin isə 1000-1500 manat arası olması qeyd edilsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə cavabdehin məhkəməyə təqdim etdiyi “Şizofreniya paranoid forma” diaqnozu (xx.xx.2023-cü il tarixli arayış) ilə ambulator müalicə aldığını və bu səbəbdən heç bir faydalı işlə (əməklə) məşqul olmadığını təsdiq edən sənəd təqdim edilmişdir. Başqa sözlə aylıq heç bir gəlirə malik olmadığı və müalicə, yəni dərman xərclərinin isə atasının hesabına ödənildiyi məhkəməyə məlum olmuşdur. Bundan başqa iddiaçının uşaqlarla birlikdə Rusiya Federasiyasına getməsindən sonra onun xəstəliyi daha da şiddətlənmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Psixi Sağlamlıq Mərkəzi”nə müayinə olunmuş və hal-hazırda “Aytac” klinikasında müalicə alır. Göründüyü kimi cavabdehin xəstəliyi səbəbindən faydalı əməklə məşğul olmasının, qazanc əldə etməsinin mümkünsüzlüyü sübuta yetirilir. Qanunvericiliyə əsasən yuxarıda qeyd edilən hallara o cümlədən xəstəlik səbəbindən aylıq qazanca malik olmayan şəxsdən, borcludan ailment tutulması mümkün olmadığı üçün o aliment öhdəliyindən azad oluna bilər. İşə baxan məhkəmə bu hallara diqqət yetirməmiş və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, cavabdehin apellyasiya şikayətinə isə etiraz edərək bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləği qənəatbəxş deyildir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər isə formal mülahizələrdən ibarətdir. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin rədd, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh ( və ya nümayəndəsi) məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 966 96 42 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.

19. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

21. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyası Maddə 3 Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

23. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

24. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Siyəzən Rayon Məhkəməsinin 2(059)- 317/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsini iddianın təmin edilməyən hissəsində, cavabdeh isə həmin qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.

27. Ona görə də kollegiya Siyəzən Rayon Məhkəməsinin 2(059)-317/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsini mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Birinci instansiya məhkəməsi uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq alimenti hər ay hər uşağa görə 130 manat, iki uşağa görə cəmi 260 manat məbləğində müəyyən etmişdir.

30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

31. Apellyasiya instansiya məhkəməsi də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı halda hər iki apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

32. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı kollegiya qeyd edir ki, bu dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

33. Cavabdehin xəstəliyi ilə bağlı iş materiallarında olan sənədlər onun sağlamlıq imkanın qismən məhdudlaşdırılmasına dəlalət edən sübutlar deyildir. Başqa sözlə cavabdeh tam fəaliyyət qabiliyyətli şəxsdir. Onun şikayətində qeyd etdiyi dəlillər onu aliment öhdəliyindən azad edə bilməz.

34. Bundan əlavə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının (ananın) üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.

35. Bununla belə məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin “Şizofreniya paranoid forma” diaqnozlu xəstəlikdən əziyyət çəkməsi, əziyyət çəkdiyi xəstəliyinin müalicəsi ilə əlaqədar vəsait sərf etməsi, kimi hallar diqqətəlayiq hallar olub, iddia ərizəsində qeyd olunan yaşayış minimumunun tutulmasını istisna edir.

36. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir

37. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.

38. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zamanda əlavə xərclərdən iddiaçının azad olması sübuta yetirilmir.

39. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

40. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə qismən, hər uşaq üçün 130 manat təmin etməkdə düzgün nəticəyə gəlmiş və tərəflərə münasibətdə balanslaşdırılmış qətnamə qəbul etmişdir.

41. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 2(059)-317/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar