Məhkəmə qərarları › İş №2(105)-1722/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1722/2021

26.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1722/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, ilkin iddia üzrə cavabdeh X6 nümayəndəsi Vəkil iştirakı ilə, İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və Əliyev Namik Qəzənfər oğlunun ilk iddia üzrə cavabdehlər AR Cavabdeh1nə, Cavabdeh3, X17, X2 və X7 qarşı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair ilk, ilk iddia üzrə Cavabdeh3 ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və Əliyev Namik Qəzənfər oğluna qarşı torpaq sahəsinin alqı-satqısına dair bağlanmış əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(027)-503/2019 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər Cavabdeh3 və X13 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən Elçin Cəbrayılovun adına verilmiş 10 oktyabr 2007-ci il tarixli və Cavabdeh2 adına verilmiş 12 fevral 2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışların etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.Q.Məmmədov) cavabdeh Elçin Cəbrayılovun apellyasiya şikayəti qismən, Cavabdeh3 apelyasiya şikayəti tam təmin edilərək, iş üzrə Quba Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə icraata xitam verilib və tərəflərə eyni əsaslarla aidiyyatı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 09 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) iddiaçı Əliyev Namik Qəzənfər oğlunun kasasiya şikayətinin təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)-395/2020 saylı qərardadının ləğv edilməsi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar X8, İddiaçı2, Əliyev Namik Qəzənfər oğlu cavabdehlər DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə, X18 və Cavabdeh3 qarşı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Qusar Rayon Məhkəməsinin 2-345a/2006 və 2-490a/2006 nömrəli mövcud olmayan qətnamələri ilə DƏDRX-dən reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi 280700896, qeydiyyat tarixi 12.02.2007-ci il, seriya MH ******* nömrəli Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon AİK-nın 1999-cu il tarixli 07 nömrəli qərarı ilə X4 və Əliyev Namik Qəzənfər oğluna JN-1319 KOD 30319018 nömrəli və İddiaçı2 və ailə üzvlərinə JN-1320 KOD 30319018 nömrəli mülkiyyət hüququna dair dövlət aktlarına əsasən müvafiq olaraq 0,42 ha və 1,06 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaqlar mülkiyyətlərinə verilib. Onlar mülkiyyətlərində olan torpaq sahəsindən üzrlü səbəbdən istifadə edə bilmədiklərindən şifahi razılığa əsasən icarəyə veriblər. Hər il torpaq sahəsində əkilən taxıl məhsulundan bir hissəsini icarə haqqı olaraq alıblar. Namik Əliyev ailəsini dolandırmaq məqsədilə RF-na gedib-gəlib, digər ailə üzvləri isə mülkiyyətlərində olan torpaq sahəsinin kənddən aralıda olması səbəbindən istifadə edə bilməyiblər. Göstərilən səbəbdən razılaşma ilə mülkiyyət sənədlərini Nügədi kənd sakini X9 taxıl məhsulu əkməyə və bağ sahələrinə qulluq etməyə veriblər. 3 il əvvəl razılaşma ilə icarəyə verdikləri torpaq sahəsindən onlara çatan icarə haqqı – buğda verilmədiyi üçün Sərdar Şirinovun evinə gedib məsələni araşdırmaq istədikdə, Sərdarın oğlu icarədar Sərdar Şirinovun, yəni atasının öldüyünü bildirib. Belə olan halda dövlət aktlarının əslinin qaytarılmasını xahiş etdikdə, əsillərinin olmadığını lakin surətlərini verə biləcəyini bildirib aktların surətlərini qaytarıb. Keçən müddət ərzində aktların itməsi ilə əlaqədar müraciətlər olunub və onlara məlum olub ki, Qusar Rayon Məhkəməsinin 2-490a/2006-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı2 və X4 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair mülki işə baxılmış və Cavabdeh3 tərəfindən onlara məxsus 0,63, 0,25 ha torpaq sahələrinə dair bağlanılmış alqı-satqı müqavilələri etibarlı hesab edilmişdir. Digər 2- 345a/2006-cı il tarixli Qusar Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı Cavabdeh2 X26, İddiaçı2 oğuna və X4 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair mülki işə baxılmış və onlara məxsus 0,34, 0,42 və 0,17 ha torpaq sahələrinə dair bağlanılmış alqı-satqı müqavilələri etibarlı hesab edilmişdir. Beləliklə, Cavabdeh1 vəzifəli şəxsləri tərəfindən hər iki qətnamə üzrə yalnız Cavabdeh2 adına qətnamələrlə müəyyən edilən 0,88 və 0,93 ha həcmdə deyil, cəmisi 0,598372 ha həcmdə eyni tarixli qanunsuz çıxarışlar verilib. Qusar Rayon Məhkəməsinə olunan müraciətlərə verilən 20.11.2018-ci il tarixli, G9029)-655/2018 və G(029)- 517/2017-ci il tarixli cavablarda 2-345a/2006 və 2-490a/2006 saylı mülki işlərin mövcud olmadığı və qeydiyyata alınmadığı bildirilib. Daşınmaz əmlakla bağlı işlər həmin əmlakın yerləşdiyi rayon məhkəməsində baxılmalıdır. 2-490a/2006 saylı qətnamədə iddiaçı Cavabdeh3 olduğu halda çıxarış Cavabdeh2 adına verilib. Hər iki çıxarışlarda – reyestr, qeydiyyat nömrəsi və qeydiyyat tarixləri eynidir, yəni bir çıxarışdır. 2-345a/2006 saylı qətnamə ilə üç dövlət aktına əsasən cəmisi 0,93 ha torpaq sahəsinə alqı-satqı müqavilələri etibarlı hesab edilsə də, çıxarışda 0,598372 ha olması göstərilərək rəqəmlər saxtalaşdırılıb. Mülkiyyətlərində olan torpaq sahəsi Dövlət aktına əsasən 1,06 ha olduğu halda, 2-490a/2006 saylı qətnamədə 0,63 ha + 0,25 ha, cəmi 0,88 ha, çıxarışda isə 0,598372 ha yazılmaqla bu çıxarışda da torpaq sahəsinin həcmi saxtalaşdırılıb. Qarşılıqlı iddiaçı Cavabdeh3 X5, İddiaçı2 və Əliyev Namik Qəzənfər oğluna qarşı torpaq sahəsinin alqı-satqısına dair bağlanmış əqdin etibarlı hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, qeyd edilən torpaq sahələrini X10, Əliyev Namik Qəzənfər oğlu və İddiaçı2 müraciət etmiş, onlar da öz imzaları ilə özlərinə məxsus torpaq sahələrini ona satmış, bu barədə 19.06.2004-cü il tarixdə iltizam yazmışlar. X8, İddiaçı2 və Əliyev Namik Qəzənfər oğlu ilə onun arasında 0,70 ha torpaq sahəsinin satılmasına dair bağlanmış alqısatqı əqdinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili X15 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, Cavabdeh3 cavabdehlər X5 və Əliyev Namik Qəzənfər oğluna dəfələrlə notariat orqanına gedərək müqavilə bağlamalarını təklif etsə də, cavabdehlər ona 19.06.2005-ci ildə yazılı müqavilə verdiklərini əsas gətirərək, notariat orqanına getməkdən imtina etmişlər. Həmçinin, özlərinə məxsus olan Dövlət aktını Cavabdeh3 verməklə öz iradə ifadələrini nümayiş etdirmişlər. Bu baxımdan müqavilənin bağlanmış hesab edilməsi barədə iddia əsaslıdır və məhkəmədən X11 və Əliyev Namik Qəzənfər oğlu ilə Cavabdeh3 arasında JN-1319 seriyalı, KOD 30319018 nömrəli Dövlət aktına əsasən X5 və Əliyev Namik Qəzənfər oğluna məxsus olan torpaq sahəsinin Cavabdeh3 satılmasına dair bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh2 vəfat etdiyi üçün ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, ilk iddia üzrə cavabdeh qismində onun vərəsələri X1 və X16 işə cəlb olunmasını xahiş etmişlər. Daha sonra ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, X6 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş, DƏDRX-dən X7 verilmiş reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi 280707957, qeydiyyat tarixi 10.10.2007, seriya MH ******* nömrəli və Cavabdeh2 verilmiş reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi 280700896, qeydiyyat tarixi 12.02.2007, seriya MH ******* nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, qeyd edilən torpaq sahələrini X10, Əliyev Namik Qəzənfər oğlu və İddiaçı2 müraciət etmiş, onlar da öz imzaları ilə özlərinə məxsus torpaq sahələrini ona satmış, bu barədə 19.06.2004-cü il tarixdə iltizam yazmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlk iddia üzrə cavabdeh X3 Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəni araşdırarkən məhkəmə iclasında onun iştirakını təmin etməmişdir, halbuki mübahisənin həll edilməsi üçün onun iclasda iştirakı vacibdir. Bundan başqa, məhkəmə onun adına olan reyestrdən çıxarışı etibarsız hesab edərkən buna səbəb olmuş halları tam araşdırmamış, yalnız özünün formal mülahizələrinə əsaslanaraq yanlış nəticəyə gəlmişdir. Bununla da onun, qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Mübahisəli torpaq sahəsini o, 2007-ci ildə rəsmi dövlət qurumunda təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında almış, hüquqlarını müvafiq qurumda qeydiyyata aldırmış, bununla da vicdanlı əldə edən statusu qazanmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən isə vicdanlı əldə edənin hüquqları qorunmalıdır. Bundan başqa, Mülki Məcəllənin 178.5-ci maddəsinə görə əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. İddiaçılar torpaq sahəsini 2005-ci ildə Cavabdeh3 satmış, o isə həmin torpaq sahəsini 2007-ci ildə ona satmışdır. Keçən 14 il ərzində isə onlar bu əmlakla bağlı hər hansı məhkəmə mübahisəsi aparmamışlar. 12 il ərzində isə o, mübahisəli əmlaka dair hüquqlarının qeydə aldıraraq torpaq sahəsinə sahiblik edir. Hətta onun bu əmlaka dair hüquqları qeydə alınmasa belə, MM-nin 178.5-ci maddəsinə əsasən mübahisəli əmlakın mülkiyyətçisi hesab edilməlidir. Digər tərəfdən mübahisəli əmlakın əldə edilməsinə səbəb olmuş, onunla Cavabdeh3 arasında imzalanmış alqı-satqı müqaviləsi də qüvvədədir, ləğv və ya etibarsız hesab edilməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 Quba Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk iddia ərizəsini icraata götürərkən MPM-nin 153-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, hazırkı mübahisə üzrə əsaslara Qusar Rayon Məhkəməsində baxılmış və 24 avqust 2006-cı il tarixli qətnamə çıxarılmışdır. Bu qətnamə hazırda qanuni qüvvəsini aldığından işə baxan hakim hazırkı iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad qəbul etməli idi. Lakin birinci instansiya məhkəməsi ilk iddianı icraata götürmüş, ona mahiyyəti üzrə baxaraq təmin etmiş, bununla da MPM-nin 432-438-ci maddələrinin tələblərini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddia üzrə cavabdeh X6 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən ilkin İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən ilkin iddiaçı Əliyev Namik Qəzənfər oğlu apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X6 apellyasiya şikayəti təmin edilməli, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməməli, qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsini mübahisəli torpaq sahəsinə dair Elçin Cəbrayılovun adına verilmiş 10 oktyabr 2007-ci il tarixli və Cavabdeh2 adına verilmiş 12 fevral 2007-ci il tarixli çıxarışların Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd sayılması, qarşılıqlı iddia tələbinin rədd edilməsini Cavabdeh3 notarial qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etməsi, Gülbəhər Əliyeva və digərlərinin isə əqdi notarial qaydada təsdiq etməkdən boyun qaçırmaları mülki iş materialları ilə təsdiq edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan ilk iddia üzrə cavabdeh X13 qətnaməni ilkin iddiaya dair hissədə və qarşılıqlı iddiaçı Cavabdeh3 isə qarşılıqlı iddiaya dair qətnaməni mübahisələndirmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni apellyasiya instansiya məhkəməsi ləğv edərək, işə ümumi məhkəmədə baxılmalı olmamasını əsas gətirməklə icraata xitam vermiş, bu nəticədən narazı qalan ilkin iddiaçı Namik Əliyevin kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin işə baxarkən qeyd olunan normaların tələblərini pozaraq, işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini nəzərə almadığını və hazırki işə ümumi məhkəmədə baxılmalı olmaması əsasına görə işin icraatına xitam verməklə məhkəmə aidiyyəti qaydalarını pozduğunu, işə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməli olmasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qətnamənin mübahisələndirilən hissələrində apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Namik Əliyev və digərlərinin Cavabdeh3 və digərlərinə qarşı ilkin iddia tələbləri Qusar Rayon Məhkəməsinin 10 iyul 2006-cı il tarixli 2-354 a/2006 saylı və 24 avqust 2006-cı il tarixli 2-490a/2006 saylı qətnamələrinə əsasən mübahisəli torpaq sahələrinə dair Cavabdeh2 və Elçin Cəbrayılovun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 12 fevral 2007-ci il tarixli və 10 oktyabr 2007-ci il tarixli çıxarışların etibarsız hesab edilməsindən ibarətdir. Məhkəmə kollegiyası ilkin iddia tələbinin Elçin Cəbrayılovun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsinə dair 12 fevral 2007-ci il tarixli çıxarış Cavabdeh3 adına Qusar Rayon Məhkəməsinin 24 avqust 2006-cı il tarixli, 2-490 a/2006 saylı qətnaməsinə əsasən verilmiş, bundan sonra Cavabdeh3 mübahisəli torpaq sahəsini 30 avqust 2007-ci il tarixli 4Ə-292 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən 1000 (bir min) manata Elçin Cəbrayılova satmış və 10 oktyabr 2007-ci il tarixli çıxarışa əsasən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi Elçin Cəbrayılovun adına əqd əsasında əldə edilsə də, bu əqd ilkin iddiaçı tərəfindən mübahisələndirilmədən birbaşa həmin əqd əsasında verilmiş çıxarış mübahisələndirilmişdir. Qeyd olunan çıxarışı etibarsız hesab edən birinci instansiya məhkəməsi isə işin bu halını, yəni çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin mübahisələndirilmədiyi halda həmin çıxarışın etibarsız hesab edilməsi qənaətinə gəlmişdir. Reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilmiyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özkəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (Mülki Məcəllənin 140-cı maddəsi). Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli qərarı). Göründüyü kimi, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını, bununla da həmin qeydiyyat əsasında qeydə alınmış daşınmaz əmlak hüquqları qeydə alınan şəxsin mülkiyyət hüququnun toxunulmazlığını müəyyən etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı etibarsızlığını arzuladığı çıxarışın verilməsinə əsas olan notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-292 reyesrt nömrəli 30.08.2007-ci il tarixli alqı-satqı müqaviləsi mübahisələndirilmədiyindən (hazırda qüvvədə olduğundan) və bu müqavilə Elçin Cəbrayılovun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsızlığı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olduğundan, bu birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd edilməsinə dair gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Elçin Cəbrayılovun apellyasiya şikayəti təmin edilməli, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ilkin iddianın mübahisələndirilən hissəsində ləğv edilməli, həmin hissədə ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh X6 apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ilkin iddianın mübahisələndirilən hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və Əliyev Namik Qəzənfər oğlunun ilk iddia üzrə cavabdeh X7 qarşı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 12.02.2007-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar