Məhkəmə qərarları › İş №2(105)-1731/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1731/2022

13.10.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1731/2022 13.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-2042/2021 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-2042/2021 saylı qiyabi qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2015-ci il tarixli, E/0162 nömrəli mansardın alğı-satqısı haqqında müqavilə və müqaviləyə əlavənin ləğv edilməsi, cavabdeh tərəfindən ödənilmiş 10866 manat borc məbləği 10060,2 manat cərimə məbləği ilə (10866-10060,2=805,8) əvəzləşdirilməklə, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindəki A kompleksi 12 saylı yaşayış binasında ümumi sahəsi 41,4 kv.m olan 1 otaqdan ibarət 46 saylı mansardın boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir (sədrlik edən hakim Habil Əhmədov). Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (2(105)3160/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. İddiaçı kassasiya verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(102)-2939/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmış, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının 25 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İŞİNHALLARİ: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək mübahisəli müqavilənin ləğv edilməsi və həmin müqaviləyə əsasən ödənilməmiş borcla əvəzləşdirilməklə cavabdehə inşa edilməklə satılmış mansardın boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləğinin 20.40 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini qanunsuz və əsassız hesab edir. Məhkəmə öz qətnaməsini maddi və prosessual hüquq normalarının pozulması və vətəndaşların konstitutsion hüquqlarına riayət edilməməsi ilə qəbul etmişdir. Belə ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə 10 dekabr 2015ci il tarixli, E/0162 nömrəli mansardın alğı-satqısı haqqında müqaviləyə əsasən cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindəki A kompleksi, 12 saylı yaşayış binasında ümumi sahəsi 41,4 kv.m olan, 1 otaqdan ibarət dəyəri 27945 manat olan inşa edilərək təhvil verilmiş 46 saylı mansardı hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə ona satmışdır. Uzun müddət heç bir gecikdirmə etmədən müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödənişini etmişdir. Son vaxtlar, yəni 2020-ci ildən dünyada yayılmış “Koronavirus” pandemiyası ilə əlaqədar olaraq iş yerlərinin bağlanması və məhdud iş saatları üzündən ödənişləri həyata keçirə bilməmişdir. İş yerlərinin bağlanması və bunun nəticəsində çətin maddi vəziyyətin yaranması üzündən ödənişi edə bilməyəcəyi barədə cəmiyyət rəhbərliyinə məlumat da vermiş və xahiş etmişdir ki, dünyada yaranmış və qlobal xarakter daşıyan bu vəziyyəti nəzərə alaraq ödənişdə baş vermiş gecikmələri nəzərə almasın və ödəmədə edilən fasilələri gecikmə kimi qiymətləndirməsinlər. Çünki hər yerdə, yəni bütün idarə, müəssisə və bank sistemlərində “Koronavirus” xəstəliyi ilə əlaqədar olaraq ödənişlərdə müəyyən vaxtlar verilmiş və gecikmələr gecikmə kimi nəzərə alınmamışdır. Lakin cəmiyyətin ölkədə və bütövlükdə dünyada gedən bu cür qlobal məsələnin yaratdığı fəsadları və insanlara vurduğu fiziki, mənəvi və maddi zərərləri və bununla əlaqədar düşdüyü vəziyyətini nəzərə almamış və məhkəmədə ona qarşı iddia qaldırmışdır. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə onun məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyini qeyd edərək işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsil həqiqətdə isə cəmiyyətin onu məhkəməyə verməsindən və məhkəmə iclaslarının olacağından xəbəri olmamışdır. Bu barədə məhkəmə tərəfindən ona nə yazılı məktub, nə telefon zəngi və nə də mesaj göndərilməmişdir. Məhkəmə işə onun iştirakını təmin etmədən baxmış və bununla da prosessual hüquqlarını pozmuşdur. Həmçinin ona qarşı qaldırılmış iddia tələbinə dair iddia ərizəsinin surəti də ona təqdim edilməmiş və poçt vasitəsi ilə göndərilməmişdir. Bütün bu göstərilənlər qanunun tələblərinin pozulması kimi qiymətləndirilməli və qətnamənin ləğvi üçün əsas olmalıdır. Onun iştirakı olmadan işə baxılması prosessual qanunvericiliyin çəkişmə prinsipini pozmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməyib. Hazırda da cavabdeh həmin mənzildə yaşayır, istifadə edir. Tərəfə kifayət qədər şərait yaradılıb ki, ödəniş etsin. Yeni ödəniş cədvəlinin hazırlanması barədə ona təklif olunub. Öhdəliklərin icrası üçün yaradıla biləcək bütün imkanlar yaradılıb. Hətta cəmiyyət onun gündəlik ödəniş etməsinə də razı olub. Çünki rəhbərlik cavabdehin ödəyicilik qabiliyyətini məhdud olmasına humanistliklə yanaşıb. Cavabdehin həmin binada qeyri-yaşayış obyektləri var, bundan əlavə, nəqliyyat vasitələrinin icarəsi ilə də məşğuldur. Lakin pandemiyadan əvvəlki tarixdən ödənişləri icra etmir. Öhdəliyin icrası üçün hər hansı təşəbbüs göstərmir. Cavabdeh cəmi bir dəfə, pandemiyadan qabaq, yəni 2019-cu ildə ödəniş edib, ondan sonra indiyədək heç bir ödəniş etməyib. Bundan başqa o, ödəniş qabiliyyətinin aşağı olması barədə hər hansı bir sübut təqdim etməyib. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUALMƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavadeh Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan AAAF-İnşaat MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış E/0162 nömrəli, 10 dekabr 2015-ci il tarixli mansardın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus AAAF-Park yaşayış massivindəki A kompleksində inşa edilən 12 saylı 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 41.4 kv.m olan 1 otaqdan ibarət 46 saylı mansardı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən satıcı mansardı tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, alıcı isə vahid əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya 120 ay müddətinə müəyyən olunmuş stabil ödəməyi öhdəsinə götürmüşdür; müqavilə üzrə mansardın 1 kv.mlik sahəsinin qiyməti 675 manat olmaqla müqavilənin qiyməti cəmi 27945 manat müəyyən edilmişdir, müqavilə qiymətinin 27945 manat məbləği alıcı ilə AAAF-Park MMC arasında razılaşdırılmış 120 ay müddətinə hər ay 233 manat olmaqla alıcı tərəfindən AAAF-İnşaat MMC-yə ödəniləcəkdir, müqavilədə təyin olunmuş ümumi məbləğin 141 faizi (280 manat) həcmində komisyon xərci müqavilə bağlandığı gün alıcı tərəfindən ödənilir; alıcı müqavilənin bəndləri ilə müəyyən olunmuş öhdəliklərini, xüsusi ilə müqavilənin ikinci bölməsində nəzərdə tutulmuş hesablaşmaların həyata keçirilməsinə dair müddəaları pozduqda müqavilənin icrasından satıcı birtərəfli qaydada imtina etmək və eyni zamanda alıcının təqsiri üzündən vurulmuş bütün növ zərərin ödənilməsini tələb etmək hüququ vardır; alıcının müqavilədə nəzərdə tutulmuş qaydada, yəni tərəflərin razılaşması ilə müəyyən olunmuş vaxtda və müəyyən olunmuş şərtlərlə mansardın qiymətini ödəmək, o cümlədən müqavilədə göstərilən mansarda görə qeyd olunan məbləğdə pul ödəmək vəzifəsidir; müqavilə imzalanan zaman ilkin ödəniş ödənildikdən sonra qalıq məbləğ müəyyən olunmuş müddətdə hər ay müqavilənin imzalandığı tarix üçün ödənilməlidir. Əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman alıcı gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1 faizi həcmində satıcıya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və alıcı tərəfindən ödənilən məbləğdən tutularaq qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra alıcıya geri qaytarılır. Müqavilədən imtina etdiyi (mansardın geri qaytarılması) hallarda mansard satışa çıxarılır və mansard satıldıqdan sonra alıcının ödədiyi məbləğdən 2000 manat tutularaq qalan məbləğ alıcıya geri qaytarılır. Torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında müqaviləyə əlavədən görünür ki, Müqavilənin 5-ci bəndinə uyğun olaraq tərəflər arasında razılaşdırılır ki, müqavilə qüvvəyə mindikdən sonra alıcı aldığı daşınmaz əşyanı başqa şəxsin adına keçirmək və ya digər əsasla özününküləşdirmək məqsədi ilə satıcıya müraciət etdikdə, sənədlərin rəsmiləşdirilməsi üçün çəkilən xərclərin əvəzini pul kompensasiyası ilə ödəməlidir. Kompensasiyanın miqdarı 2000 manat həcmində müəyyən olunur; alıcı müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyanın (mansardın) alğı-satqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı satııcıya qaytararkən hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır; alıcı daşınmaz əşyanın (mansardın) əsaslı səbəb olmadan geri qaytarılması tələbi ilə satıcıya müraciət etdikdə qeyd-şərtsiz qaytarılan əmlakın 15 faizi miqdarında cərimə ödəyir; alıcı aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilən gün üçün əmlakın ümumi dəyərinin 0.1 faizi miqdarında cərimə ödəyir; tikinti başa çatdıqda mansardda təmir işlərinin aparılmasına daşınmaz əmlakın dəyəri tam ödənildikdən sonra icazə verilir. Tikinti müqavilə müqavilə müddətindən əvvəl başa çatdıqda tərəflərin razılığı əsasında alıcıya texniki təhlükəsizlik qaydalarına əməl etməklə aylıq ödənişlərdə həm tarix, həm də məbləğ baxımından gecikmə olmadığı təqdirdə istisna olaraq təmirə icazə verilə bilər; alıcı tərəfindən müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində maliyyə çətinlikləri yarandığı hallarda tikintinin başa çatdırlmasının müddəti 6-9 ay müddətinə uzadıla bilər; tərəflər müqavilənin əlavə şərtlərini razılaşdırmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 117 saylı maliyyə arayışından görünür ki, AAAF-X2 Cəmiyyət tərəfindən xx.xx.2015-ci il tarixli, E/0162 nömrəli mansardın alğı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş AAAF-Park yaşayış massivindəki A kompleksi, 12 saylı yaşayış binasında, ümumi sahəsi 41.4 kv.m olan 1 otaqdan ibarət 46 saylı mansarda görə Cəmiyyətə ümumilikdə 10866,00 manat ödəniş edilmişdir. xx.xx.2015-ci il tarixli, E/0162 nömrəli mansardın alğı-satqısı haqqında müqavilə üzrə əsas borc 17079 manat və 10060,20 manat cərimə borcu olmaqla, cəmi 27139,20 manat təşkil edir. AAAF-İnşaat MMC tərəfindən alıcı Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli öhdəliklərin icra edilməsi barədə bildirişdən görünür ki, MMC alıcıya xx.xx.2015-ci il tarixli, E/0162 saylı Torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında müqavilə üzrə əsas borc 17079,00 manat məbləğində borc öhdəliyini 7 gün müddətində ödənilməsini təmin etməsini tələb etmiş, əks təqdirdə müqavilə alıcı tərəfindən öhdəliklərin icra olunmaması səbəbindən, həmin müqavilənin MMC tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi və Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospektində yerləşən, AAAF-Park Yaşayış massivi, A kompleksində inşa edilmiş 12 saylı yaşayış binasında ümumi sahəsi 41.4 kv.m olan 1 otaqlı 46 saylı mansardın müvafiq qaydada təkrar satışa çıxarılacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumun dövlət reyestrindən çıxarışdan görünür ki, AAAF-İnşaat MMC hüquqi ünvanı AZ0100 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə 199 saylı ev, qanuni təmsilçisi X1 olmaqla MMC-yə xx.xx.2017-ci il tarixdə **********3378800 saylı çıxarış verilməklə Qurum Azərbaycan Respublikasının X3 xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 20.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı AAAF-İnşaat MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, E/0162 nömrəli Mansardın alğı-satqısı müqaviləsinə əsasən cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş AAAF-Park yaşayış massivindəki A kompleksi, 12 saylı yaşayış binasında ümumi sahəsi 41.4 kv.m olan 1 otaqdan ibarət olan ümumi dəyəri 27945 manat olan 46 saylı mansard hər ay bərabər məbləğdə 120 ay müddətinə ödənilmək şərti ilə cavabdehə satılmışdır. Belə ki, xx.xx.2015-ci il tarixli, E/0162 nömrəli Mansardın alğı-satqısı haqqında müqaviləsinin 1.1, 1.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (alıcı) razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirə yetirməmişdir. Ona görə də iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2015-ci il tarixli, E/0162 nömrəli Mansardın alğı-satqısı haqqında müqavilənin ləğv edilməsi və ödənilməmiş borcla əvəzləşdirilməklə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş AAAF-Park yaşayış massivindəki A kompleksi 12 saylı yaşayış binasında ümumi sahəsi 41.4 kv.metr olan 1 otaqdan ibarət, 46 saylı mansardın boşaldılaraq iddiaçı AAAF-İnşaat MMC-nə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği 20.40 manatın Cavabdeh iddiaçı AAAFİnşaat MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 14.2.1. maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1. maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5. maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İşin araşdırılan hallarına əsasən tərəflər arasında xx.xx.2015-ci il tarixli, E/0162 nömrəli Mansardın alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Müqavilə iki tərəfin azad iradə ifadəsini əks etdirdiyi şərtlərə uyğun bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq hər bir tərəf öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi iddiaçı AAAF-İnşaat MMC müqavilə şərtləri əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş 17079 manat əsas borc və 10060.20 manat cərimə borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərinə əsasən ödəməli olduğu hər ay 233 manat pul ödənişini dayandırmış və nəticədə iddiaçı tərəfindən keçən müddət üçün müqavilənin 4.3. bəndinə əsasən 10060.20 manat məbləğində cərimə hesablanmışdır ki, bu müqavilə öhdəliklərinə uyğundur, əsaslıdır. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu 10060,2 manat cərimə məbləği əsas məbləğə ödənmiş 10866 manat məbləğdən çıxılmaqla (10866- 10060,2=805,8) qalıq məbləğ əmlak satıldıqdan sonra AAAF-İnşaat MMC tərəfindən alıcıya geri qaytarılmalıdır. Beləliklə iddiaçının müqavilə üzrə hesablamış olduğu cərimənin cavabdeh tərəfindən ödənilmiş borc məbləği ilə əvəzləşdirilməsi tələbi müqavilənin 3.1.2.3 bəndinin tələblərinə uyğundur və əsaslıdır. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsində qeyd etmişdir ki, tələb müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğundur, cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən əlavə müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iddiaçı AAAF-İnşaat MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, E/0162 nömrəli mansardın alğı-satqı müqaviləsi ləğv edilməli və cavabdeh tərəfindən ödənilməmiş borc məbləği ilə cərimə məbləği əvəzləşdirilməklə, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş AAAF-Park yaşayış massivindəki A kompleksi 12 saylı yaşayış binasında ümumi sahəsi 41.4 kv.metr olan 1 otaqdan ibarət, 46 saylı mansard boşaldılaraq iddiaçı AAAFİnşaat MMC-nə təhvil verilməli, ödənilmiş dövlət rüsumu məbləği 20.40 manat Cavabdeh iddiaçı AAAF-İnşaat MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə əsaslıdır. İş materiallarından görünür ki, tərəflər arasında hazırkı mübahisə müqavilə öhdəliyinin icra edilməməsi ilə əlaqədar yaranmışdır. Belə ki, 10 dekabr 2015-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında yaşayış binasında yerləşən mansardın alğı-satqısı barədə müqavilə bağlanmış və müqavilədə mansardın satış qiyməti 27945 manat məbləğində, həmin məbləğin ödənilmə müddəti 120 ay müəyyən olunmuş, 2021-ci ilin avqust ayına kimi cavabdeh tərəfindən MMC-yə əmlakın dəyəri kimi cəmi 10866,00 manat ödənilmiş, qalan 17.079 manat məbləğində borc ödənilməmiş qalmışdır. Ödəmənin gecikdirməsinə görə cavabdehə 10060,20 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarından görünür ki, cavabdeh "xxxx" MMC ilə mansardın alğı-satqısına dair müqaviləni bağlayarkən üzərinə müqavilədə müəyyən olunmuş müddətdə və qaydada əmlakın dəyərini ödəmək barədə öhdəlik götürmüş, lakin müəyyən olunduğu kimi cavabdeh borcun qaytarılmasını lazımınca icra etməməklə müqavilə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyasının qərarında qeyd olunmuşdur ki, işə baxan məhkəmə tərəfindən sərt karantin rejiminin həqiqətən də cavabdehi müqavilədə müəyyən edilmiş aylıq 233 manat məbləğində ödəniş həyata keçirməsi imkanından məhrum etməsi ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişir ki, ödəniş etməsi üçün cavabdehə kifayət qədər şərait yaradılmış, yeni ödəniş cədvəlinin hazırlanması barədə ona təklif olunub, hətta cəmiyyət onun gündəlik ödəniş etməsinə də razı olub. Çünki rəhbərlik cavabdehin ödəyicilik qabiliyyətini məhdud olmasına humanistliklə yanaşıb. Cavabdehin həmin binada qeyri-yaşayış obyektləri var, bundan əlavə, nəqliyyat vasitələrinin icarəsi ilə də məşğuldur. Lakin pandemiyadan əvvəlki tarixdən ödənişləri icra etmir. Öhdəliyin icrası üçün hər hansı təşəbbüs göstərmir. Cavabdeh cəmi bir dəfə, pandemiyadan qabaq, yəni 2019-cu ildə ödəniş edib, ondan sonra indiyədək heç bir ödəniş etməyib. Bundan başqa o, ödəniş qabiliyyətinin ağşağı olması barədə hər hansı bir sübut təqdim etməyib. Yəni cavabdeh yalnız pandemiya dövründə deyil, eləcə də pandemiyadan qabaq və pandemiyadan sonra da ödənişlər etməmişdir. Bundan başqa cavabdeh bununla əlaqədar hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində məhkəmə iclasının keçirilməsi barədə ona rəsmi qaydada məlumat verilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən cavabdehin rəsmi qeydiyyat olduğu ünvana bildiriş göndərilmişdir. Bunda başqa bildiriş cavabdehə çatdırılması üçün Şabran rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 134.2-ci maddəsinə əsasən zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər. Bununla da cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər iş materialları ilə təkzib edilir. Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-2042/2021 saylı qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-2042/2021 saylı qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabeh Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar