Məhkəmə qərarları › İş №2(105)-1743/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1743/2025

06.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1743/2025 06.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-1612/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abasov) iddianın qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 92 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay hər uşağa görə 246 manat olmaqla, hər ay 738 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq, iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2013-cü il tarixdə Şamaxı rayon İHB-nın Çuxuryurd kənd icra nümayəndəliyinin akt qeydləri kitabında 03 nömrə ilə rəsmi dövlət qeydiyyatından keçməklə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)- 124/2024 nömrəli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah qeydi ləğv edilmişdir. Həmin qətnamə ilə xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılmaları qət edilmişdir. Cavabdeh övladlarının tərbiyəsi, sağlamlığı ilə maraqlanmır və ümumiyyətlə onların qayğısına qalmır. Uşaqların saxlanması üçün xərcləri tək başına ödəyir. Övladları böyüyüb, onların tələbatları artıb, o isə, uşaqların tələbatını tək başına qarşılaya bilmir və onların saxlanmasında çətinlik çəkir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi normanın tələblərini pozaraq cavabdehin maddi və ailə vəziyyətinin ağır olmasını, həmçinin uşaqların əvvəlki təminat səviyyəsinin dəyişməməsini nəzərə almamışdır. Şamaxı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(074)-124/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında nikah pozularkən uşaqlar atanın himayəsində saxlanılmış və həmin vaxt hazırkı iş üzrə iddiaçı uşaqların saxlanılması üçün aliment tələb etməmişdir. Göründüyü kimi nikah pozulmazdan əvvəl də, nikah pozulandan sonra da tərəflərin birgə nikahdan doğulmuş uşaqları iddiaçının himayəsində yaşamışlar. Həmçinin cavabdeh nə hazırda, nə də iddiaçı ilə birgə nikah dövründə heç bir yerdə işləməmiş, müstəqil qazancı olmamışdır. Cavabdehi və uşaqlarını maddi cəhətdən iddiaçı təmin etmişdir. İddiaçının maddi və ailə vəziyyətinin ağırlaşması işdə olan sənədlərlə sübuta yetirilmir. Əksinə cavabdeh hazırda valideynlərinin himayəsində onların maddi köməkliyi ilə yaşayır. Cavabdehin aliment ödəməsi üçün heç bir qazancı və gəliri yoxdur. Lakin məhkəmə qeyd edilən halları tədqiq etmədən Cavabdeh iddiaçı ilə birgə nikahdan olan övladlarının valideyni olduğundan, iddiaçının övladlarının saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlı olması və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalı olması qənaətinə gəlmişdir. Şamaxı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(074)-124/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında nikah pozularkən hazırkı iş üzrə iddiaçı uşaqların saxlanılması üçün aliment tələb etməmiş və 16 sentyabr 2025-ci il tarixdə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı bu müddət ərzində ailə və maddi vəziyyətinin pisləşməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə iddianı qismən təmin etmişdir. Yəni iddia tələbi 3 uşağın hər birinə ayda 246 manat olmaqla, hər ay 738 manat sabit pul məbləğində alimentin tutulmasından ibarət idi və məhkəmə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulmasını təmin etmişdir. 2025-ci ildə minimum əmək haqqının 400 manaat olduğunu nəzərə alsaq 0,50 misli aliment hər uşaq üçün ayda 200 manat təşkil edir ki, bu da 3 uşaq üçün ayda 600 manat olacaqdır. Məhkəmə gəldiyi nəticəni iddiaçı tərəfin mənafeyinə uyğun əsaslandırmağa cəhd etmiş, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin yetkinlik yaşına çatmamış övladlarının valideyni olaraq, onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə aldığını göstərsə də cavabdehin maddi və ailə vəziyyətini nəzərə almamış, diqqətəlayiq olan digər halların nədən ibarət olmasını göstərməmişdir. Lakin hakim iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan cavabdehin maddi və ailə vəziyyətinin hər ay uşaqların hər birinin saxlanılması üçün 200 manat olmaqla, cəmi 600 manat məbləğində alimentin ödənilməsinə imkan verib-verməməsi, iddiaçının maddi və ailə vəziyyətinin pisləşməsi hallarını aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin yetkinlik yaşına çatmamış övladlarının valideyni olaraq, onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə aldığını göstərsə də diqqətəlayiq halların nədən ibarət olması məlum deyil, iddiaçının maddi və ailə vəziyyətinin ağır olması isə işdəi sənədlərlə sübuta yetirilmir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, qətnamədə tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alındığı göstərilsə də məhkəmə nə bu halları aydınlaşdırmamış, nə də bu hallara qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin yetkinlik yaşına çatmamış övladlarının valideyni olaraq, onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hüquqi qiymət verilməsini zəruri hesab edir. İddiaçı ilə X4 arasında xx.xx.2013-cü il tarixdə Şamaxı RİHB-nın Çuxuryurd kənd icra nümayəndəliyində bağlanmış və bu barədə 80 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X3 ataları İddiaçı yanında qalması işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə iddia aliment tələbi barədədir. İddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 78-ci maddəsi təşkil edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən 2025-ci ilin yanvar ayının 1-dən minimum aylıq əmək haqqı 400 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideynin övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşısa da, övladı yanında qalan valideyn övladının maddi və mənəvi tələbatının ödənilməsində daha artıq məsuliyyət daşıyır. İddiaçı övladının saxlanılması üçün hər birinə 246 manat olmaqla cəmi 738 manat alimentin təyin edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi də bir uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat məbləğində alimentin tutulmalı olması qənaətinə gəlmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunan aliment məbləği uşağın saxlanması üçün ödənilməli olan alimentin məbləğinin davamlı olmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq uşaqların mənafeyinə və onların saxlanılması üçün yetərli hesab oluna bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli (400x0.37=148) həddində, bir uşaq üçün 148 manat olmaqla, ümumilikdə 444 manat məbləğində müəyyən edilməli və müəyyən olunmuş alimentin məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Mülki Prosessual Məcəllənin 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar