Məhkəmə qərarları › İş №2(105)-1746/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1746/2024

18.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1746/2024 18.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sabit pul məbləğində aliment) X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1619/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :

1. AZ-İİİ seriyalı, 588549 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikah münasibətlərindən xx.xx.2011-ci il tarixdə X6 anadan olmuşdur.

2. AZ-İİİ seriyalı, 682792 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikah münasibətlərindən xx.xx.2015-ci il tarixdə X1 anadan olmuşdur.

3. Quba RİHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 235 №li arayışından görünür ki, İddiaçı ərazi dairəsinin Yuxarı Tüləkəran kəndində qeydiyyatdadır və X6 və X2 ibarət ailə tərkibi vardır.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə X13-Xaçmaz Regional Təhsil İdarəsi Yuxarı Tüləkəran ümumi orta məktəbin 17 iyul 2024cü il tarixli, 02 nömrəli arayışından görünür ki, X6 məktəbin Vİİ və X7 məktəbin İİİ sinifini bitirmişdir.

5. xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-00713 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak edib, Cavabdeh isə iştirak etməyib, İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikah münasibətlərindən olan 07 yanvar 2011-ci il təvəllüdlü X6 və 04 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin və mediasiyada xidmət haqqı kimi ödədiyi 50 (əlli) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 25 noyabr 2009-cu ildə el-adəti üzrə ailə qurmuşlar. Aralarında olan nikahı rəsmiləşdirməmişlər. Onların faktiki nikah münasibətlərindən 07 yanvar 2011-ci il təvəllüdlü X6 və 04 sentyabr 2015-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlar cavabdehlə münasibətləri normal olmuş, lakin sonradan pisləşmişdir. Belə ki, cavabdehlə xasiyyətləri uyğun gəlmir. Cavabdeh nə onunla, nə də ki övladları ilə maraqlanmamış, onların maddi və mənəvi ehtiyaclarını qarşılamır. Övladlarının bütün xərclərini valideynləri qarşılayır. Artıq uzun müddətdir ki, o uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Uşaqlar məktəblidir, ehtiyacları günü-gündən artır. Cavabdehlə bundan sonra barışıb bir ailədə yaşamaqları mümkün deyildir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

8. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1619/2024 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) iddia qismən təmin edilmiş, - İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 07 yanvar 2011-ci il tarixdə doğulmuş X6 və 04 sentyabr 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 iyun 2024-cü il tarixdən Cavabdeh hər uşağa görə ayda 180 (bir yüz səksən) manat olmaqla, iki uşağa görə hər ay 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi, - ilkin mediasiya prosesi üçün ödənilmiş 50 manatın Cavabdeh tutularaq, İddiaçı verilməsi, - Cavabdeh 63,20 manat məbləğində dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, işdəki sübutlardan müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh, birgə nikah münasibətlərindən 07 yanvar 2011-ci il tarixdə X6 və 04 sentyabr 2015-ci il tarixdə X1 adlı iki uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və birgə nikah münasibətlərindən doğulmuş uşaqları anasının himayəsindədir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmamışdır. İşin araşdırılan hallarına əsasən məhkəmə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə ayda 180 manat olmaqla, iki uşağa görə hər ay 360 manat sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 99, 100.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119 və 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

11. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikаyəti verilmişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, Məhkəmə ailəyə və uşaqlara münasibətdə ayrı-seçkiliyə yol vermiş, qanun normalarını səhv təfsir etmişdir. Qanunvericiliyə əsasən heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Lakin bu hallar alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. İşə baxan məhkəmə, maddi hüquqi normalarını, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34, 75.1ci və 78.2-ci maddələrini düzgün təfsir etməyərək, iddiaçını öz qazancını uşaqlarla bölüşmək və uşaqlara maddi təminat vermək vəzifəsindən, həmçinin, uşaqların saxlanılması üçün lazim olan digər xərclərdən azad etmiş, hər iki valideynin üzərinə düşən vəzifələri birtərəfli olaraq yalnız cavabdehin üzərinə qoyaraq onun hazırki ailəsini və uşağını əlverişsiz maddi şəraitə məruz qoymuşdur. Hazırki apellyasiya şikayətinə əlavə edilmiş, Mavr dilindən Azərbaycan dilinə tərcümə edilmiş **********3417 nömrəli şəhadətnamənin notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi Mavritaniya İslam Respublikası vətəndaşı Buşra adlı qadınla nikaha girərək ailə həyatı qurmuşdur. Yenə Mavr dilindən Azərbaycan dilinə tərcümə edilmiş ********** Milli İdentifikasiya nömrəli “Artım haqqında müqavilədən çıxarış”-ın notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi Mavritaniya İslam Respublikası vətəndaşı Buşra ilə birgə nikahdan xx.xx.2021-ci il tarixdə Mavritaniya İslam Respublikasının Trarza vilayətinin Rosso rayonunda oğlu İmran doğulmuşdur. O, Mavritaniya İslam Respublikasının vətəndaşıdır. Quba şəhər “Mediaz” Klinikasının xx.xx.2024-cü il tarixli “Hamiləlik ÜSM” ultrasəs müayinə nəticəsindən göründüyü kimi həyat yoldaşı Buşra 21 həftə, 4 günlük hamilədir. Həm İddiaçı ilə birgə uşaqlarının, həm də Buşra ilə birgə uşaqlarının hüquqları bərabərdir. Göründüyü kimi məhkəmə hazırkı iş üzrə aliment təyin edilməsi zamanı diqqətəlayiq halları nəzərə almamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1619/2024 nömrəli qətnaməsi ləğv edilməli, tərəflərin birgə nikah münasibətlərindən 07 yanvar 2011-ci il tarixdə doğulmuş X6 və 04 sentyabr 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa görə ayda 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hərbi əlil olduğundan olduğundan 6 il pensiya almışdır, lakin 4 il əvvəl özü Afrikada olan müddətdə pensiyası kəsilib. Hazırda pemsiya almır. Afrikaya isə orada olan yaxın adamların şirkətində çalışmağa getmişdi. Hazırda əmək qabiliyyəti yoxdur, işləyə bilmir, heç bir iş yeri yoxdur. Bundan başqa Mavritaniya İslam Respublikası vətəndaşı ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan 3 yaşında bir oğlu var, bir övladı isə yaxın gələcəkdə doğulmalıdır. Onun maddi vəziyəti qənaətbəxş deyil, yaxın dostların, tanışların köməkliyi ilə ailəsini saxlayır. “COP29” tədbirindən sonra ona uyğun olduğundan taksi şirkətində işləmək istəyir, işə başlayacağı təqdirdə əmək haqqısı təxminən 800-900 manat olacaq. İddiaçının onun ödəyəcəyi alimentə ehtiyacı yoxdur, iddiaçı sadəcə onun vəziyyətini çətinləşdirmək üçün aliment tələb edir. İddiaçı öz qohumunun dükanında satıcı işləyir, 450 manat əmək haqqı alır. Uşaqları saxlamaq hər iki valideynin borcudur. Lakin hazırda qət edilən aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. O, hər uşağa görə 100 manat məbləğində alimenti ödəyə bilər. Əgər qazancı çox olarsa daha artıq məbləğdə aliment ödəyər. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Kollegiya Mülki Prosessual Məcəlləin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur.

17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətində apellyator qətnamənin aliment məbləğinə münasibətdə dəyişdirilməsini (azaldılmasını) xahiş etmişdir.

23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1619/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Birinci instansiya məhkəməsi uşaqların mənafeyini, əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq alimenti hər ay hər uşaq üçün 180 manat olmaqla cəmi 360 manat məbləğində müəyyən etmişdir.

26. Apellyasiya instansiya məhkəməsi də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı halda apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

27. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı kollegiya qeyd edir ki, bu dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

28. Cavabdehin azgəlirli olması, habelə himayəsində başqa nikahdan övladının olması onu aliment öhdəliyindən azad edə bilməz, daha konkret ifadə edilsə hazırkı aliment məbləğindən daha az məbləğdə alimentin təyin edilməsinə əsas ola bilməz.

29. Bundan əlavə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının (ananın) üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.

30. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

31. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.

32. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zamanda əlavə xərclərdən cavabdehin azad olması sübuta yetirilmir.

33. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

34. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə göstərilən həddə, hətta 2024cü il üçün yaşayış minimumundan aşağı həddə uyğun təmin etməkdə düzgün nəticəyə gəlmiş və tərəflərə münasibətdə balanslaşdırılmış qətnamə qəbul etmişdir.

35. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz

36. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəmənin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1619/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar