Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1758/2025 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X9 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4392/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(060)-3776/2024 saylı qətnaməsi ilə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8758/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2024-cü ildən başlayıb xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq Bayramova Günel Vilayət qızına verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-8758/2017 saylı qətnaməsi ilə İddiaçı ilə İsmayılova Günel Vilayət qızı arasında 06 iyun 2015-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 1325 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anası İsmayılova (Bayramova) Günel Vilayət qızının yanında qalması, 15 may 2017-ci ildən etibarən xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı qazancının ¼ hissəsi məbləğində alimentin tutularaq İsmayılova Günel Vilayət qızına verilməsi qət edilmişdir.
2. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 12 aprel 2021-ci il tarixində verilmiş AZ-İİ № 436172 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X6 12 aprel 2021-ci il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 663 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir.
3. 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 19 mart 2024-cü il tarixində verilmiş AZ-İV № 970975 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 13 mart 2024-cü il tarixində Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X2r.
4. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02513 saylı arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində poçt xərci ödəmişdir.
5. Haqq-hesab vərəqələrindən görünür ki, İddiaçı vəzifə maaşı 1344 manat təşkil edir.
6. “Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-də baş müəllim vəzifəsində çalışır, aylıq əmək haqqı isə 1600 manat və 800 manatdır.
7. “Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı Azərbaycan Respublikası “X15” Trestində usta, qazma vəzifəsində çalışır, aylıq əmək haqqı isə 1865,92 manatdır. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8758/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən boşanmışdır. Sözügedən qətnaməyə əsasən övladı xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının 1/4 hissəsi məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8758/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edən vaxt ilə indiki şərait tamamilə dəyişmişdir. Yəni, İddiaçı Cavabdeh ilə nikah pozulandan sonra X4 ilə ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü X7 adlı bir övladı vardır. Eyni zamanda da himayəsində onkoloji xəstə anası vardır, onun xəstəliyi ağır olduğundan, dərman xərcləri həddindən artıq pul edir. Anası sosial müavinət alır, heç bir yerdə işləmir. Belə olan halda ailəsinin qayğısına təkbaşına baxmalı olur və bu da həyat şəraitinin çətinləşməsinə səbəb olur. İkinci nikahdan əlavə bir uşağı olduğu üçün, həmçinin anası onkoloji xəstə olduğu üçün qazancının 1/3hissəsi iki uşağı arasında bərabər hissədə bölünməlidir. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8758/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin təyinatının ikinci nikahından ikinci övladı olduğuna görə dəyişdirilərək İddiaçı yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının 1/3 hissəsinin yarısı həddində müəyyən edilərək azaldılması, mediasiya üçün ödədiyi xidmət haqqı olaraq 50 manatın, məhkəmə üçün ödənilən 50 manat məhkəmə dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4392/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-8758/2017 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarı azaldılması və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 76.2, 112.1-ci maddələrinə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14, 25-ci bəndlərinə, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6, 107, 115.0.9-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(060)-4392/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materillarından görünür ki, iddiaçı ikinci dəfə ailə həyatı qurub və onun bir övladı var. İş materiallarında olan haqq-hesab vərəqələrindən görünür ki, İddiaçı vəzifə maaşı 1344 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” sistemindən olan çıxarışa əsasən İddiaçı Azərbaycan Respublikası “X15” Trestində usta, qazma vəzifəsində çalışır, aylıq əmək haqqı isə 1865,92 manatdır. Hazırkı qətnamə ilə müəyyən olunmuş alimentin məbləğini – iddiaçının əmək haqqısına münasibətdə 1344 manatla hesabladıqda aylıq alimentin məbləği 1/6 hissədə 224 manat, 1865,92 manatla hesabladıqda isə alimentin məbləği 1/6 hissədə 310 manat təşkil edir. Təbii ki, həmin məbləğlərdən müəyyən ödənişlər çıxılmamaq şərti ilə hesablanmış məbləğlər qeyd etdiyimiz kimidir. ¼ hissədə hesabladıqda isə 1344 manata görə 336 manat, 1865,92 manata görə isə 466,48 manat aliment edir. 1344 manatdan 224 manat çıxdıqda 1120 manat, 1865,92 manatdan 310 manat çıxdıqda isə qalan məbləğ 1555,92 manat edir (1/6 hissədə hesabladıqda). 1344 manatdan 336 manat çıxdıqda 1008 manat, 1865,92 manatdan 310 manat çıxdıqda isə qalan məbləğ 1399,44 manat edir (1/4 hissədə hesabladıqda). Görünən odur ki, hər iki formada iddiaçıdan aliment tutulanda ona 1000 manatdan çox pul vəsaiti qalır. 1/6 hissədə isə aliment müəyyən olunduqda bu uşağın mənafeyinə zidd olur. Bu isə qanunverciliyin normasına ziddir. Həm də nəzərə almaq lazımdır ki, iddiaçının digər övladı yanındadır və ona hər hansı bir aliment ödəmir. Bununla bağlı hər hansı bir qətnamə yoxdur. Ümumiyyətlə alimentin 1/6 hissədə müəyyən olunması Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbinə də ziddir. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: -76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; -76.1.2. 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; -76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Lakin məhkəmə 1/6 hissədə aliment tutmaqla Ailə Məcəlləsinin tələbini pozmuşdur. Hazırkı iddia tələbindən görünür ki, iddiaçının məqsədi hüquqdan sui-istifadə edərək alimenti azaltmaqdır. Hüquqdan sui-istifadə isə yolverilməzdir. Hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən bütün bunlar nəzərə alınmalı, uşağın mənafeyinə uyğun olan qətnamə qəbul olunmalıdır. Hazırkı qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilib. Ona görə də qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Elşolts Almaniyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istər sə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi hissəsinə gəlincə isə bildir ki, həmin hissədə də qətnamədən narazıdır. Çünki alimentlə bağlı işlərdə tərəf rüsum ödəməkdən azad olunur. Belə olan halda ondan rüsumların tutulması qanunsuz və əsassızdır. Ona görə də hesab edirik ki, rüsumlar iddiaçının özünə aid olunmalıdır.
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin faktiki hallarına düzgün qiymət verməmişdir. Lakin məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
19. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
“Uşaq hüquqları haqqında” Konvensiya
20. Maddə 27.2. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
“Uşaq hüquqları haqqında” Qanun
21. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
22. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
23. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
24. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
«Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı
25. Bənd 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4392/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
35. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.
37. Belə ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
38. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.
39. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının azaldılmasını maddi imkanının aşağı olmasına əsaslanmaqla tələb etmişdir.
40. Belə ki, İddiaçı iddiasını X4 ilə yeni ailə qurması, həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü X7 adlı üşağına doğulması və himayəsində onkoloji xəstə anasının olması ilə əsaslandırmışdır.
41. Göründüyü kimi, məhkəmə araşdırılması zamanı “Elektron Məhkəmə» sistemindən əldə olunmuş çıxarışa əsasən İddiaçı Azərbaycan Respublikası “X15” Trestində usta, qazma vəzifəsində çalışır, aylıq əmək haqqı isə 1865,92 manatdır.
42. Belə ki, Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
43. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğində dəyişikliyin edilməsi üçün qətnamə qəbul edildikdən sonra tərəflərin birinin ailə və maddi vəziyyətində buna əsas verən dəyişikliyin baş verməsi tələb olunur.
44. Apellyasiya şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Ailə Məcəllənin 76.1ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
45. Kollegiya vurğulayır ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarın 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
46. Göründüyü ki, Ali Məhkəmənin mövqeyinə görə aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz, yalnız aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır.
47. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
48. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
49. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.
50. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir
51. Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.
52. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarına düzgün qiymət verməyərək və iddianı təmin etməklə səhvə yol vermişdir.
53. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
54. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X11rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
55. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4392/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməlidir.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4392/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.