Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-176/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X17 və X2 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi vəkil X13, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X5, X7 iştirakı ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X3, X9, X12, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1954/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxslər X14, X10, X15, X18, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi qarşı bağışlama müqaviləsinin etibarsız sayılması və əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi, iddia təmin edilmədiyindən dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxslər X14, X10, X15, X18, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız sayılması və əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 339,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlandığı andan etibarsız sayılması və həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğludur. ünvan 1 ünvanda yerləşən 339,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Həmin qeyri-yaşayış sahəsini mərhum əri X11 ilə birgə nikah dövründə əldə etmiş və həmin əmlak onların ümumi birgə mülkiyyətində olmuşdur. Abşeron Rayon Məhkəməsində miras əmlakın bölünməsi barədə mülki işə baxılarkən məlum olmuşdur ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsinə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Həmin mülki işə əlavə olunmuş materiallardan məlum oldu ki, guya o həmin qeyri-yaşayış sahəsini Cavabdeh qızı (iddiaçını nəvəsi) X21 bağışlamışdır. ünvan 1 ünvanda yerləşən 339,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair X21 xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan 19 yanvar 2021-ci il tarixdə həmin bağışlama müqaviləsini Sumqayıt “Asan Xidmət” Mərkəzinin notariat kontorunda ləğv etdirmişlər. Müqaviləyə iddiaçının əvəzindən nümayəndəsi Cavabdeh imza etmişdir. 28 yanvar 2021-ci il tarixdə notarial qaydada təsdiqlənmiş “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən ünvan 1 ünvanda yerləşən 339,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini Cavabdeh bağışlamışdır və həmin qeyri-yaşayış sahəsinə dair ona xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı X16 ilə 02 iyul 1972-ci il tarixdə nikaha daxil olmuşlar. Mərhum ərindən miras qalmış hazırkı mübahisə predmeti olan daşınmaz əmlakları birgə nikah dövründə əldə etmişlər. X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim olunmuş bağışlama müqavilələrindən görünür ki, iddiaçı mərhum ərinin qırx mərasimi çıxmadan onunla birgə nikah dövründə əldə etdikləri əmlaklara dair sərəncam vermişdir. Həmin bağışlama müqavilələri etibarsızdır. İddiaçı ünvan 1 ünvanda yerləşən 339,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini X21 bağışlamağını, sonradan həmin müqaviləni ləğv etdirmək üçün oğlu Cavabdeh etibarnamə verdiyini, sonradan həmin qeyri-yaşayış sahəsini Cavabdeh bağışlamağını xatırlamır. İddiaçı heç vaxt notariat kontoruna getməmiş və həmin məzmunlu müqavilələr bağlamamışdır. Həmin faktı xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndə imzasının olmaması da təsdiq edir. Mübahisəli qeyri-yaşayış sahəsinin yarısı iddiaçının mərhum ərinə məxsus olmuşdur. Onun razılığı olmadan və ya qanun üzrə vərəsələr dairəsi müəyyən edilmədən o həmin qeyri-yaşayış sahəsi üzərində sərəncam verə bilməzdi. Qanunvericiliyin həmin tələblərini müqaviləni təsdiqləmiş notarius tərəfindən pozulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlakların onunla mərhum əri Şirinbala Xalıqovun ümumi birgə mülkiyyəti olması, Şrinbala Xalıqovun ölümü ilə yalnız onun həmin əmlaklardakı ½ hissə payına miras açılması faktını araşdırmamışdır. Onun mərhum əri Şirinbala Xalıqovla birgə nikah dövründə əldə etdiyi ümumi birgə mülkiyyətdəki yaşayış evi üzərində sərəncam vermək səlahiyyətinin olması faktı sübut edilməmişdir. İşin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar işə baxan hakim tərəfindən qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandırmışdır. İşə baxan hakimin onun ümumi birgə mülkiyyətdə olan əmlak üzərində sərəncam vermək səlahiyyətinin olması barədə gəldiyi nəticə işin hallarına uyğun deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi vəkil X22 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini tərəflər arasında bağlanan müqavilənin etibarsızlığı üçün əsasların mövcud olmaması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 178.1, 178.2., 337.1, 354.1, 666.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Baxılan iş üzrə iddia tələbi əqdin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın ləğvi barədədir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə Mülki Məcəllənin 178.1, 178.2, 354.1., 666.1-ci maddələrini tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X31rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X29 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğvi barədədir. İddiaçı Şirinbala Xalıqovla xx.xx.1972-ci ildə rəsmi nikahda olması, bu nikahlarından xx.xx.1974-cü ildə Zülfiyyə, xx.xx.1975-ci ildə Zaur, xx.xx.1977-ci ildə Sevinc, xx.xx.1981ci ildə Əminə, xx.xx.1983-cü ildə Seymur anadan olması, əri Şirinbala Xalıqov isə xx.xx.2020-ci ildə vəfat etməsi və mübahisəli ünvan 1 ünvanda yerləşən 339,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi xx.xx.2007-ci il tarixli çıxarışa əsasən iddiaçı Tailə Xalıqzadəyə məxsus olması işin mübahisəsiz halıdır. İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı müqavilənin etibarsızlığı kimi mübahisəli əmlakı mərhum əri ilə birgə nikah dövründə əldə etdiyinə, ərinin qırx mərasimi çıxmadan bu əmlak barəsində sərəncam verdiyinə, notariusun əmlak barəsində sərəncam verən tərəfin bu hüququnu müqaviləni təsdiq edərkən yoxlamalı olmasına, lakin müqavilənin təsdiqlənmiş notariusun qanunvericiliyin bu tələbini pozduğuna, qeyri-yaşayış sahəsini oğlu Cavabdeh bağışladığını xatırlamadığına, onun heç vaxt notariat kontoruna getmədiyinə və bu məzmunlu müqavilənin bağlamadığına, həmin müqavilədə onun imzasının olmadığına, mərhum ərinin razılığı olmadan və qanun üzrə vərəsələrin dairəsi müəyyən edilmədən həmin əmlak üzərində sərəncam verə bilməməsinə istinad etmişdir. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. İşdə olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, həmin müqavilə elektron qaydada hər iki tərəfin iştirakı ilə tərtib edilməklə imzalanmışdır. Qeyd olunan notariat hərəkətlərinin aparılmasında iddiaçının iştirakı məhz həmin müqavilədəki fotoşəkildə belə öz əksini tapmışdır. Bu mənada məhkəmə kollegiyası iddiaçının Notariat ofisində olmaması və müqavilənin bağlanmasını xatırlamaması, eləcə də müqavilədə imzasının olmaması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bu yalnız formal mülahizələr olmaqla iş materialları ilə təkzib olunur. Mübahisəli əmlakın yarısının onun mərhum ərinə məxsus olması və onun razılığı olmadan və qanun üzrə vərəsələrin dairəsi müəyyən edilmədən sərəncam verməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Lakin hazırki işdə tərəflər arasında əqdin etibarsızlığına əsas olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları mövcud deyil. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, notariat hərəkətlərinin aparılması zamanı müqavilədə tərəflərə onların hüquq və vəzifələrinin aydın şəkildə izah edildiyi və notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edildiyi qeyd edilmiş, bu barədə müqavilədə müvafiq qeyd aparılmış, iddiaçı isə həmin müqaviləni şəxsən imzalamaqla təsdiq etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından sübut olunur ki, həmin müqavilənin bağlanması zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, bu səbəbdən müqavilənin etibarsızlığı üçün əsaslar mövcud deyildir. İddiaçı həmin müqavilənin etibarsızlığının digər əsası kimi vərəsələrin mənafeyinə toxunması barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hüquq həmin şəxslərə məxsus olduğundan və onların da belə tələbi olmadığından apellyasiya şikayətinin bu dəlilini də əsaslı hesab oluna bilməz. Onu da qeyd etmək lazımdır ki, mərhumun övladları iş üzrə üçüncü şəxslər Əminə, Sevinc və digər övladı Zülfiyyə atalarından miras qalmış digər əmlaklara münasibətdə miras paylarından imtina etmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı bağışlama müqaviləsini mübahisələndirərkən mövcud müqavilənin bağlanmasından xəbərdar olduğu halda, bu iddianı xx.xx.2022-ci il tarixdə, yəni 1 illik müddət ötürüldükdən sonra qaldırmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi müddətin tətbiqi barədə ərizənin verilməsindən asılı olmayaraq, bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir. Hazırki işdə iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Göründüyü kimi iddiaçı Mülki Məcəllənin 354.2. maddəsinin tələbinə əsasən həmin maddədə nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, müqavilənin etibarsızlığı tələbi bu əsasla da təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi çıxarış mövcud bağışlama müqaviləsi əsasında əldə edildiyindən və bu müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən, başqa sözlə desək, qüvvədə olduğundan iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh, üçüncü şəxslər X8, X3, X9, X12, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-176/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-176/2023
07.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver