Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1779/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: X3, Cavabdehin nümayəndəsi və vəkili: X2 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair ilk, Cavabdeh-nin İddiaçı qarşı alqı-satqı müqaviləsinə əsasən borc pul barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı cavabdeh «Cavabdeh” MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair ilk iddianın təmin edilməməsi, Cavabdeh-nin qarşılıqlı iddiasının təmin edilməsi, cavabdeh İddiaçı 7650 manat məbləğində pulun alınıb Cavabdeh-yə verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” LTD MMC ilə aralarında bağlanmış 13 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, ödədiyi 16700 manat məbləğində pulun cavabdeh “xxxx” LTD MMC-dən alınıb ona verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” LTD MMC-yə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 13 iyul 2020-ci il tarixdə cavabdeh “xxxx” LTD MMC ilə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən qiyməti 21000 manat olan 1 ədəd CATMANN XD-65 markalı mini traktor (65 at gücü), qiyməti 2100 manat olan 1 ədəd otbiçən 1.65 m və qiyməti 550 manat olan 1 ədəd üç korpuslu kotan cavabdeh tərəfindən ona təhvil verilməli idi. Müqaviləyə əsasən malın ümümi qiyməti 23650 manat məbləğində müəyyən edilmişdir. Lakin aralarında olan müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən həmin mallar ona təhvil verilməmişdir. Bundan sonra cavabdeh tərəfindən elə həmin tarixli müqavilə ilə ona qiyməti 20500 manat olan 1 ədəd CATMANN XD-50,4 LUX markalı mini tarktor, qiyməti 2100 manat olan 1 ədəd otbiçən 1.65m və qiyməti 550 manat olan 1 ədəd üç korpuslu kotan təklif olunmuşdur. Malın ümümi qiyməti 23150 manat məbləğində müəyyən edilmişdir. Lakin həmin müqavilədə qeyd olunan mallar da cavabdeh tərəfindən ona təhvil verilməmişdir. Bundan sonra ona elə həmin tarixli müqavilə ilə qiyməti 20500 manat olan 1 ədəd CATMANN XD-50,4 LUX markalı mini tarktor, qiyməti 2100 manat olan 1 ədəd Fırlanan otbiçən W:RAX 1.65m, qiyməti 550 manat olan 1 ədəd üç korpuslu kotan CATMANN P3 və qiyməti 1200 manat olan 1 ədəd Torpaq frezi 1.4 m Urales təklif olunmuşdur. O, yenə də çarəsiz qalıb Cavabdeh ilə müqavilə bağlamağa razılıq vermişdir. Malın ümümi qiyməti 24350 manat məbləğində müəyyən edilmişdir. Müqavilə bağlandığı gündən 3 gün ərzində malın ümumi dəyərindən 16700 manat pulu Cavabdeh-nin bank hesabına köçürmüşdür. Lakin ona satılan həmin mallar keyfiyyətsiz olmuşdur. Belə ki, baxış keçirilən zaman məlum olmuşdur ki, həmin malların sənədləri ona təhvil verilməyib. Həmçinin traktorun arxa surət qutusunda traktor işləyən zaman daima sürtünmə səsi gəlir. Yanacaq çəni 20 litrdir. Surət qutusu isə 4 ədəd yüksək, 4 ədəd alçaqdır. Üç korpuslu kotanın üzərində heç bir istehsalçı ölkənin adı yazılmadığına görə dövlət tərəfindən qeydiyyata alınmayıb. Torpağa vurulan zaman əyilmiş formada, ikinci dəfə dəyişdirilib gətirilən torpaq frezi 2018-ci ildə istehsal olunub. Halbuki ona 2020-ci ildə istehsal olunan torpaq frezi verilməli idi. Həmçinin, ot biçənin üzərində heç birinin bir ədəd də olsun yağlama yeri aşkar olunmamışdır. Bir sözlə ona müqavilə üzrə satılan mallar keyfiyyətsiz olmuşdur. Cavabdeh-nin nümayəndəsi vəkil X7 18.02.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onlara qarşı olan 16.700 manat pul tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, onların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 7650 manat məbləğində borcun alınıb onlara verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onlara qarşı irəli sürdüyü iddia tələbi ilə razılaşmırlar. Belə ki, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 16 saylı müqaviləyə əsasən onların şirkəti ona 4 adda texnika satmışdır. Satılan texnikanın siyahısı və qiymətləri iddia ərizəsinə əlavə olunur. Cavabdehə satdıqları cəmi malın dəyəri 24.350 (iyirmi dörd min üç yüz əlli) manat təşkil edir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillər əsaslı deyil, şəxsi mülahizələrə əsaslanır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onlara borclu qaldığı 7650 manat borcunu ödəməməsi üçün məhkəməyə uydurma iddia ərizəsi ilə müraciət edərək, ödədiyi pulu onlardan haqsız olaraq tələb edir. Qalıq borcu müqaviləyə əsasən Aqrar Kredit İnkişaf Agentliyi ödəməli idi və bu Dövlətin fermerlərə göstərdiyi köməyin və güzəştin nümunəsidir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Aqrar Kredit İnkişaf Agentliyi qeyd edilən 7650 manat pulu onların şirkətinin hesabına ödəmək istəyərkən cavabdeh buna maneəçilik yaratmış, borcun ödənilməməsini tələb etmiş və bildirmişdir ki, o, texnikadan narazıdır və məhkəməyə müraciət edərək pulunu geri tələb edəcəkdir. İddiaçı onlardan aldığı texnikanı və onun köməkçi vasitələrini uzun müddət istifadə etmiş və o müqaviləyə əsasən hal-hazırkı, vəziyyətdə pulu onlardan tələb edə bilməz. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə tərəfindən ekspertiza təyin etməli idi. Çünki ona satılmış malların keyfiyyətsiz olmasını ekspert müəyyən edə bilər. Məhkəmə mülki işi araşdırmamışdır. O, məhkəməyə teleqramma vuraraq işin başqa bir vaxta salınmasını xahiş etmişdir. Lakin məhkəmə bunu da nəzərə almamış və tələsik qətnamə qəbul etmişdir. Qarşılıqlı iddiadan xəbərsiz olmuşdur, ona təqdim edilməmişdir. Ona qarşı verilmiş qarşılıqlı iddia tələbi tamamilə əsassızdır, ona keyfiyyəsiz mallar satıldığından ondan əsassız olaraq pul tələb olunması heç bir həqiqəti əks etdirmir. Quba Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(027)- 463/2021 saylı qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə İddiaçı, nümayəndəsi və vəkili S.E.Qasımlı apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İlk iddia üzrə cavabdehin nümayəndəsi K.N.Məmmədov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilk iddia ərizəsini rədd, qarşılıqlı iddia ərizəsini təmin edərkən, müqavilənin qanuna uyğun tərtib edilməsinə və İddiaçı həmin müqavilənin şərtlərini pozmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan 13.07.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 21000 manat olan 1 ədəd CATMANN XD-65 markalı mini traktor (65 at gücü), qiyməti 2100 manat olan 1 ədəd otbiçən 1.65 m və qiyməti 550 manat olan 1 ədəd üç korpuslu kotandan ibarət malı Cavabdeh-dən almışdır. İşdə olan 13.07.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 20500 manat olan 1 ədəd CATMANN XD-50,4 LUX markalı mini tarktor, qiyməti 2100 manat olan 1 ədəd Fırlanan otbiçən W:RAX 1.65m, qiyməti 550 manat olan 1 ədəd üç korpuslu kotan CATMANN P3 və qiyməti 1200 manat olan 1 ədəd Torpaq frezi 1.4 m Urales olmaqla ümumilikdə 24350 manat dəyərində Cavabdeh-dən mal almışdır. İşə əlavə olan 31.10.2020-ci il tarixdə Xaspolad-oba kənd bələdiyyəsinin sədri Eyyub Abdulrəhmanovun, Xaspolad-oba kənd bələdiyyəsinin vergi müfəttişi X6 və Xaspolad-oba kənd bələdiyyəsinin Bəbəli kənd sakini İddiaçı iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki,13.07.2020-ci il tarixli müqaviləyə əsasən 18.08.2020-ci il tarixdə İddiaçı verilən CARMANN-XD-50.4-lux markalı mini traktoru, WİRAX markalı 1,65 m ot biçən, üç korpuslu kotan, 1.4 m Urales markalı torpaq frezi aqreqatlarına baxış keçirildi. Baxış zamanı onların istifadə kitabçalarının heç birinin verilmədiyi, traktorun arxa sürət qutusundan traktor işləyən zaman daima sürtünmə səsi gəldiyi, yanacaq çəni 20lt olduğu, sürət qutusu 4 ədəd yüksək, 4 ədəd alçaq olduğu, üç korpuslu kotanın üzərində heç bir istehsalçı ölkənin adı yazılmadığına görə dövlət qeydiyyatına alınmadığı,torpağa vurulan zaman əyilmiş formada, ikinci dəfə dəyişdirilib gətirilən torpaq frezi 2018-ci ildə istehsal olunan və ot biçənin üzərində heç birinin bir ədəd olsun bağlama yerinin aşkar olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan 25.02.2020-ci il tarixli müqaviləyə və 16.07.2020-ci il tarixli sertifikatdan görünür ki, “Ketman Grup” ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh-yə satılmış mallar satıcı tərəfindən sertifikatlaşdırılmış və idxal olunan mallar dövlət qeydiyyatına alınmışdır. İşdə olan gömrük bəyannəməsindən görünür ki, Cavabdeh” MMC-yə idxal olunan mallar dövlət qeydiyyatına alınmışdır. İşə əlavə olan sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən satılmış mallar “xxxx” MMC tərəfindən sığortalanmışdır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, ilk iddia üzrə Cavabdeh 13.07.2020-ci il tarixdə İddiaçı alqı-satqı müqaviləsi əsasında ümumi dəyəri 24.350 manat məbləğində kənd təsərrüfat mallarının istehsalı üçün texnika satmışdır. İddiaçı 24.350 manat məbləğində puldan 16700 manatını ödəmiş, qalan 7650 manatını isə ödəməmişdir. Hal-hazırda mübahisə olunan texnika İddiaçı mülkiyyətindədir və bir il müddətində onun tərəfindən istifadə edilir. İddiaçının “xxxx” LTD MMC ilə aralarında bağlanmış 13 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödədiyi 16700 manat məbləğində pulun cavabdeh “xxxx” LTD MMC-dən alınıb ona verilməsi barədə iddiasını məhkəmə kollegiyası əsassız hesab edir, belə ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 13.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə heç bir əsas yoxdur. Belə ki, iddaçı İddiaçı cavabdeh tərəfdən alqı-satqı müqaviləsi əsasında aldığı malların keyfiyyətsiz olduğundan həmin alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş edir. Lakin, iş üzrə təqdim edilmiş sübutlarla, cavabdeh tərəfin iddiaçıya satdığı malların keyfiyyətinin ölçülməsi məqsədi ilə malların ölkəyə idxalı zaman sertifikatının olması və həmin malların “xxxx” MMC tərəfindən sığortalanması müəyyən edilmişdir. İddiaçı isə alqı-satqı müqaviləsinin ləğv edilməsi və cavabdeh tərəfindən ona satılmış mallarının keyfiyyətsizliyi barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. (581.1-ci maddə). Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. (581.2-ci maddə). Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. (581.3-ci maddə). Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. (581.4-cü maddə) Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə araşdırması zamanı, qarşılıqlı iddia ərizəsinin əsaslı olması, 13.07.2020ci il tarixli alqı-satqı müqaviləsi əsasında ümumi dəyəri 24.350 manat məbləğində kənd təsərrüfat mallarının istehsalı üçün texnikanın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı satıldığı, cavabdeh İddiaçı 24.350 manat məbləğində puldan 16700 manatını satıcı tərəfə ödədiyi və 7650 manat məbləğində pulu ödəmədiyi iş materialları və İddiaçı ilkin iddia ərizəsində etirafı ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıyaverildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlkin iddia üzrə iddaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 16 mart 2021-ci il tarixli 2(027)-463/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1779/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1779/2021
14.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver