Məhkəmə qərarları › İş №2(105)-1785/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1785/2025

21.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1785/2025 21.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X4rşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X8 ibarət tərkibdə, X24 qızının katibliyi ilə, İddiaçı, cavabdeh (həmçinin Cavabdeh1 nümayəndəsi) X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4rşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5513/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikahın pozulması haqqında AZ-İ 244137 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X16 arasında 24 sentyabr 2004-cü il tarixdə qeydə alınmış nikaha xx.xx.2016-cı il tarixdə xitam verilmişdir.

2. AZ-İİ 810596 saylı və AZ-İİ 428465 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə X13 birgə nikahından 20 oktyabr 2005-ci il tarixdə X17 və 18 noyabr 2009-cu il tarixdə X18 anadan olmuşdur.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-230/2015 nömrəli qətnaməsi ilə İddiaçı ilə X16 arasında 24 sentyabr 2004-cü il tarixdə qeydə alınmış nikah ləğv edilmişdir.

4. İş materiallarında olan e-Sosialdan çıxarılmış pensiya haqqında xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 yaşa görə ayda 423,34 manat pensiya alır.

5. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, təhsil kateqoriyası üzrə xx.xx.2023-cü il tarixdə 1251,88 manat, xx.xx.2023-cü il tarixdə 1250 manat, xx.xx.2024cü il tarixdə 1251,88 manat və xx.xx.2025-ci il tarixdə 1250 manat vəsait ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 18 noyabr 2009-cu il tarixdə anadan olmuş X2 üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə, hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X16 ilə 24 sentyabr 2004-cü il tarixdə Bakı Nikah Evində rəsmi nikah qeydiyyatına girərək ailə qurmuşdur. Birgə nikahdan 20 oktyabr 2005-ci il tarixdə X17 və 18 noyabr 2009-cu il tarixdə X18 adlı uşaqlar anadan olmuşdur. 2009-cu il tarixdən X3 Respublikasında yaşayır. 21 iyun 2016-cı il tarixli, AZ-İ 244137 nömrəli nikahın pozulması haqqında şəhadətnamədə göstərilmişdir ki, X16 ilə İddiaçı nikahı 21 iyun 2016-cı il tarixdə 308 nömrəli qeyd ilə ləğv edilmişdir. X17 hal-hazırda Azərbaycan Dövlət İqtisad Universtetinin Biznesin idarə edilməsi fakültəsinin 2-ci kursunda oxuyur. Onun ilik təhsil haqqı 2500 manatdır. X18 isə hal-hazırda 10-cu sinfə keçir və müəllimlərin yanına hazırlığa gedir. Həmin müəllimlərə isə ayda 380 manat pul ödəyir. X16 2025-ci ilin yanvar ayından X17 üçün ödədiyi alimenti və 2025-ci ilin fevral ayından X18 üçün ödədiyi alimenti kəsmişdir. X16 alimentin ödənilməməsi ilə bağlı ondan 3 ay möhlət istəsə də, ancaq 4 aydan sonra məlum olmuşdur ki, o, ümumiyyətlə aliment ödəmək istəmir. Özü Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 3 sayli Şəhər Klinik Xəstəxanasında tibb bacısı işləyir. Aldığı əmək haqqı isə onların qidalanmasına güc-bəla ilə çatır. Sentyabr ayından o, X14 müəllimlərinə görə yenə də ayda 380 manat pul ödəməlidir. Baxmayaraq ki, 2009-cu il tarixdən tək başına övladlarının boya-başa çatmasında, tərbiyəsində, təhsilli olmasında əlindən gələni edir. Bunun nəticəsi olaraq bu gün X17 Azərbaycan Dövlət İqtisad Universtetinin Biznesin idarə edilməsi fakültəsinin 2-ci kursunda oxuyur. X10 isə bu cür realıqları başa düşmür və hal-hazırda da övladlarına aliment ödəmək istəmir. Dəfələrlə bu barədə X13 atası Cavabdeh1 və anası Cavabdeh2 məlumat vermişdir ki, X16 övladları üçün aliment ödəmək istəmir. Ancaq onlar da bununla bağlı bu günə kimi heç bir tədbir görməmişlər. Halbuki, X17 və X18 onların nəvələridir. Hər iki cavabdeh təqaüd alır və aliment ödəmək iqtidarındadırlar.

8. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və cavabdehlərin oğlu Cavanşir Xəlilov tərəfindən ona hər ay müəyyən məbləğdə vəsait göndərilməsini etiraf etmişdir.

9. Məhkəmə iclasında cavabdeh, habelə digər cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək, izahatına bildirmişdir ki, oğlu Cavanşir onun vasitəsilə uşaqlar üçün mütəmadi olaraq hər ay iddiaçıya yetərli məbləğdə maddi yardım göndərir. Onların da əlavə aliment ödəməsinə zərurət yoxdur.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5513/2025 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın nənə və babasından alimentin tələb edilməsi əsassızdır və bu tələb təmin edilməməlidir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 89-cu, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 217.4-cü madələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2009-cu il tarixdən X3 Respublikasında yaşayır. 2009-cu il tarixdən bu günə kimi uşaqları o, tək başına böyütmüşdür. X16 ilə arasında şifahi razılıq olub ki, hər ay vaxtı-vaxtında uşaqlara aliment ödəyəcək. X10 bu şifahi razılığı pozaraq, 2025-ci ilin yanvar ayından X17 üçün ödədiyi aliment pulunu, 2025-ci ilin fevral ayından isə X18 üçün ödədiyi aliment pulunu kəsərək, bu günə kimi uşaqlara heç bir aliment ödəməyib. 2025-ci ilin mart ayında X16 aliment pulunun ödədnilməməsi ilə bağlı ondan 3 ay möhlət istəyib. Ancaq 4 ay keçdikdən sonra ona məlum olmuşdur ki, o, ümumiyyətlə aliment ödəmək istəmir. Dəfələrlə bu barədə X13 atası Cavabdeh1 və anası Cavabdeh2 məlumat vermişdir ki, X16 övladları üçün aliment ödəmək istəmir. Ancaq onlar da bununla bağlı bu günə kimi heç bir tədbir görməmişdirlər. Ona görə də o, 23 iyun 2025-ci il tarixdə aliment tələbi ilə rəsmi qaydada Sumqayıt 1 saylı mediasiya təşkilatına müraciət etmişdir. Sumqayıt 1 saylı mediasiya təşkilatı da bununla bağlı Cavabdeh1 ilə, həm də X16 ilə əlaqə saxlayaraq araşdırma apardı. Araşdırma nəticəsində Sumqayıt 1 saylımediasiya təşkilatında məlum oldu ki, 2009-cu il tarixdən X3 Respublikasında yaşayır və hal-hazırda da aliment ödəmək istəmir. Sumqayıt 1 saylı mediasiya təşkilatından bildirdilər ki, əgər X11 məhkəmə qaydasında aliment tutularsa ondan həmin alimenti heç cürə almaq mümkün olmayacaq. Buna səbəb isə X13 Qazaxıstan Respublikasında yaşamasıdır. Əgər nə vaxtsa X16 Azərbaycan Respublikasına gələrsə onda həmin aliment pullarını ondan almaq olar. Cavabdeh1 və Cavabdeh2 X1 valideynləridirlər və təqaüdçüdürlər. X17 və X18 isə onların nəvələridir. Azərbaycan Respublikasının Ailə Məclləsinin 89-cu maddəsinə görə, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Beləliklə, Azərbaycan Respublikasının Qanunvericiliyinə görə, nəvələrin saxlanması üçün baba və nənədən məhkəmə qaydasında aliment tutula bilər. Cavabdeh1 və Cavabdeh2 təqaüdçüdürlər və hal-hazırda dövlətdən yaxşı məbləğdə təqaüd aldıqları üçün zəruri vəsaitəyə də malikdirlər. Məhkəmədə cavabdehlər də bildirmişdirlər ki, X16 15 ildən çoxdur ki, Qazaxıstan Respublikasında yaşayır və Azərbaycan Respublikasına gəlmir. Bəlkə də X16 heç ömrünün axırına kimi Azərbaycan Respublikasına gəlməyəcək. Belə olduğu halda X6 və necə aliment ala bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (həmçinin Cavabdeh1 nümayəndəsi) X9 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

18. Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İş materiallarından görünür ki, İddiaçı cavabdehlərin övladı X16 ilə 24 sentyabr 2004-cü il tarixdə nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan 20 oktyabr 2005-ci il tarixdə X17 və 18 noyabr 2009-cu il tarixdə X18 anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X16 arasında 24 sentyabr 2004-cü il tarixdə qeydə alınmış nikah ləğv edilmişdir. Hər iki uşaq analarının himayəsində qalmışdır. Alimentlə bağlı məsələ isə ər-arvadın qarşılıqlı razılığı ilə həll edilmişdir.

29. İddiaçı apellyasiya şikayətində keçmiş əri X13 Qazaxıstanda olmasını və ondan məhkəmə qaydasında aliment tutulsa belə, həmin alimenti heç cürə almaq mümkün olmayacağına istinad etmişdir.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər...

31. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı uşağın saxlanılması üçün valideynindən (atasından) aliment tutulmasının qeyrimümkünlüyü barədə məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir. Əksinə, müəyyən edilmişdir ki, iddiaçı uşağın saxlanılması üçün onun valideyni Cavanşir Xəlilova qarşı alimentlə bağlı rəsmi tələb irəli sürməmişdir.

32. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(060)-5513/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5513/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar