Məhkəmə qərarları › İş №2(105)-1790/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1790/2023

05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1790/2023 05.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağarzayev Müşviq Tofiq oğluna qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3108/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Ağarzayev Müşviq Tofiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü Ağarzayev Tofiq Müşfiq oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, mediasiya xərci kimi ödənilmiş 50 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilməli olan 12 manat Dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməsi, alimentin tutulmasının əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanması, qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İddiaçı və cavabdeh Ağarzayev Müşviq Tofiq oğlu ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2009cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü Ağarzayev Tofiq Müşviq oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancından və başqa gəlirlərindən 70% miqdarında alimentin tutulması və mediasiyaya ödənilmiş 50 manat rüsumun cavabdeh Ağarzayev Müşviq Tofiq oğlundan tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağarzayev Müşviq Tofiq oğlu ilə xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin rəsmi nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü Ağarzayev Tofiq Müşviq oğlu anadan olmuşdur. Hazırda cavabdeh, ümumiyyətlə, uşaqları ilə maraqlanmır və onlara maddi cəhətdən də heç bir köməklik göstərmir. Bununla əlaqədar olaraq aliment alınması ilə bağlı mediasiya şurasına müraciət etsə də, cavabdeh Ağarzayev Müşviq Tofiq oğlu mediasiya prosesində iştirak etməmişdir. Ona görə də cavabdehdən aliment alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3108/2023, nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi, xx.xx.2009cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü Ağarzayev Tofiq Müşfiq oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, mediasiya xərci kimi ödənilmiş 50 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi hisəssində dəyişdirilmədən saxlanılması, alimentin tututlmasının əvvəlinin xx.xx.2023-cü il tarixindən hesablanması hissəsində dəyişdirilərək alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixindən hesablanması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3108/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən razı olduğuna görə həmin qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehdən onun qazancının və digər gəlirlərin 1/3 hissəsi miqdarında tutulmalı olan alimentin xx.xx.2023-cü il tarixindən hesablanması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə alimentin tutulmasının əvvəlinin hansı vaxtdan hesablanması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına baxmayaraq, cavabdeh uşaqların saxlanmasında iştirak etdiyi üçün alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən yox, qətnamənin çıxarıldığı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Halbuki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə ki, cavabdeh məhkəməyə müraciət edilən tarixə kimi uşaqların saxlanılmasına qismən köməklik etsə də, onun tərəfindən həmin şəxsə qarşı Sumqayıt Şəhər Məhkəməsində mülki məhkəmə icraatı qaydasında alimentin tutulması ilə bağlı iddia ərizəsi ilə müraciət etdiyim tarixdən sonra uşaqların maddi təminatında iştirak etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin alimentin təyin olunma tarixi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh Ağarzayev Müşviq Tofiq oğlu Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək xx.xx.2009-cu ildə doğulmuş X5 və xx.xx.2011-ci ildə doğulmuş Ağarzayev Tofiq Müşfiq oğlunun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə sabit pul miqdarında 440 manat alimentin tutulub iddiaçıya verilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbinə dair mülki işə maddi və prosessual normaların pozulması ilə, eləcə də işin faktiki hallarının tam müəyyən edilməməsi ilə baxılmışdır. Bununda məntiqi nəticəsi olaraq iddianın qismən təmin edilməsinə dair xx.xx.2023-cü il tarixli 2(060)-3108/2023 nömrəli qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bu hal isə cavabdeh olaraq hüquqlarını əhəmiyyətli şəkildə pozduğundan və reallıqda baş verənlərin qətnamədə təhrif olunmasından dolayı apellyasiya qaydasında qətnamənin ləğv edilməsi mütləqdir. İlk öncə bildirmək istəyir ki, birinci instansiya məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmadığından qətnamə işin faktiki halları ilə uyğunluq təşkil etmir. Belə ki, ilk olaraq bildirir ki, iddia ərizəsinin surəti birinci instansiya məhkəməsi tərəfindən ona təqdim olunmayıb. Həmçinin birinci instansiya məhkəməsi xx.xx.2009-cu ildə doğulmuş X5 və xx.xx.2011-ci ildə doğulmuş Ağarzayev Tofiq Müşfiq oğlunu faktiki olaraq anasının himayəsində saxlamış və onun gəlirindən hər ay 1/3 hissə tutulmasını qət etmişdir ki, bu da qətiyyən qanuni deyildir. Belə ki, məhkəmə əgər himayədə qalma məsələsinə toxunmurdusa nəyə görə təkcə onun gəlirinin 1/3-nin aliment qismində tutulmasını qət etmişdir? Məgər övladların saxlanılması hər iki valideynin borcu deyilmi? Bu Azərbaycan Respublikasının Konstitusiyası və Ailə Məcəlləsi ilə tənzimlənir. Yox əgər himayədə qalma məsələsinə baxmışdırsa nəyə görə Mediyasiyadan keçməmiş bir məsələ barədə qətnamə çıxarmış və qət etdi hissəsində bu məsələyə toxunmamış, lakin alimenti yalnız onun ödəməyini qət etmişdir? Əgər övladların saxlanılması valideynlərin ortaq vəzifəsidirsə və himayədə qalma məsələsinə toxunulmamışdırsa o zaman aliment həm ondan, həm də İddiaçı tutulmalıdır. Həmçinin bildirmək istəyir ki, övladlarımın himayədə qalma məsələsinə baxılardısa o zaman övladları onunla qalacaqdı. O, oğlunun qətiyyən onun dininə zidd olan, düşmənin dininə keçməsini bir Sərhəd Xidməti Zabiti kimi əleyhinədir. Bu övlad belə olarsa necə gələcəkdə düşmənlə üz-üzə dura bilər ki, onunla eyni dinə mənsub olacaq. Birinci instansiya məhkəməsi zamanı hakim uşaqların kimin himayəsində qalması məsələsinə toxunmamışdır. Onun həyat yoldaşı bir müddətdir Azərbaycan xalqının genetikasına, əxlaqına və milli adət-ənənələrinə uyğun olmayan qeyri-ənənəvi təriqətə qoşulmuşdur. Evdə dini ayinlər yerinə yetirir və içki məclisləri qurulur. Azyaşlı övladları da bu işgəncəyə məruz qalır. O, ailəsinə hər zaman baxmışdır. Evinin bazarlığından tutmuş, kommunal xərclərə kimi o ödəmişdir. Həyat yoldaşının ona qarşı aliment tələb etməyinin heç bir səbəbi yoxdur. O, Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi uşaqlara minimum sabit yaşayış məbləği olan 220 manat, iki uşağa 440 manat məbləğin ödənilməsinə hazırdır. Lakin bu məbləğdən əlavə ondan aliment adı altında alınacaq məbləğ övladlarının saxlanılmasına yox, iddiaçının əxlaqa zidd ayinlərinin keçirilməsinə və digər məkirli məqsədlərinə sərf edəcəkdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Ağarzayev Müşviq Tofiq oğluna məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə alimentin tutulması vaxtının müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.6. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslağını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, o cümlədən tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermiş, İddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixindən hesablanması hissəsində dəyişdirilməsini, cavabdeh isə sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, ilk öncə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə İddiaçı mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşdən görünür ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan alimentin vaxtını düzgün müəyyən etməmişdir. Belə ki, qanunvericiliyin yuxarıda göstərilən tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçının ərizə ilə 18 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət etdiyini nəzərə alsaq, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin vaxtının müəyyən edilməsi hissəsində dəyişdirilməli, alimentin tutulması vaxtı 18 aprel 2023-cü il tarixdən hesablanmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir.” Cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi sabit pul məbləğində deyil, cavabdehin qazancından və başqa gəlirlərindən 70% miqdarında alimentin tutulması barədə olmuşdur. Odur ki, məhkəmə kollegiyası MPM-nin 218.3-cü maddəsinin tələbi baxımından cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassız olduğundan, təmin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi müəyyən edilmiş alimentin vaxtının hesablanması hissəsində dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi müəyyən edilmiş alimentin vaxtının hesablanması hissəsində dəyişdirilsin, cavabdeh Ağarzayev Müşviq Tofiq oğlundan alimentin tutulması 18 aprel 2023-cü il tarixdən hesablansın. Cavabdeh Ağarzayev Müşviq Tofiq oğlunun apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar