Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1794/2024 29.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(012)-5923/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(012)-5923/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılması üçün geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətində göstərir ki, qeyd olunan qərardad prosessual qanunvericiliyin normaları pozularaq qəbul edilmişdir. Belə ki, onun qeydiyyat ünvanı Qəbələ şəhəri olsa da o, övladları ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1, mənzil 27 ünvanında qeydiyyatsız olaraq yaşayırlar, onun övladları Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə təhsil alırlar və o, faktiki yaşadığı yer barədə arayışı işin materiallarına əlavə etmişdir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən prosessual hüquq normaları kobud şəkildə pozulmuş, iş ətraflı araşdırılmadan işə səthi baxılaraq qanunsuz, ədalətsiz və əsassız qərardad qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hesab edirlər ki, məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normaları kobud şəkildə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Onun iddia tələbinə Abşeron Rayon Məhkəməsində baxıla bilməsi üçün kifayət qədər sübutlar təqdim etmişdir, lakin məhkəmə işi obyektiv aparmamış, MPM-nin müvafiq maddəsinin tələbləri nəzərə alınmamış və nəticədə onun və övladlarının hüquqlarının lüzumsuz pozulması barədə qərar qəbul edilmişdir. Məhkəmə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir, lakin məhkəmə nəzərə almamışdır ki, o, Qəbələ rayonunda formal olaraq pasport qeydiyyatında olsa da faktiki olaraq illərdir ki, övladları ilə birgə Abşeron rayonunda yaşayır və bunu təsdiq edən arayışı əlavə etmişdir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən qeyd olunan qanuna istinad edilməsi düzgün olmamışdır. Qeyd olunanlara əsasən o, şikayətinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-5923/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(012)-5923/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadında düzgün olaraq qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində özünün yaşayış yeri kimi Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1, mənzil 27 ünvanını göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iş materiallarına həmin ünvanda iddiaçının Daxili İşlər Nazirliyinin inzibati ərazi vahidi üzrə müvafiq qurumu tərəfindən müvəqqəti qeydiyyata alınması ilə bağlı hər hansı sənəd əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət edilməməsi kimi qiymətləndirərək hesab etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilən tələblərə əməl olunmadığı təqdirdə hazırki mübahisəyə Qəbələ Rayon Məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 35.1-ci maddəsinin tələbləri pozulmuş, İddiaçı ərazi aidiyyətinə əməl etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi, mülki iş üzrə ərizəçi Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından onun ərizəsinə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir və bu barədə həmin məhkəmənin gəldiyi nəticə həm yuxarıda sadalanan normalara, həm də işin faktiki hallarına uyğundur. İddiaçı iddia ərizəsində faktiki yaşayış yeri kimi Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1, mənzil 27 ünvanını göstərsə də iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, İddiaçı Qəbələ şəhəri, Nizami küçəsi, ev 8, mənzil 6 ünvanında və iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından iddiaçının faktiki olaraq ünvan 3 ünvanında qeydiyyatsız olaraq yaşaması və övladlarının Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə təhsil alması səbəbindən ərizəyə də Abşeron Rayon Məhkəməsində baxılmalı olması barədə şikayətin dəlilləri əsassızdır və qüvvədə olan normalara ziddir. Şikayətin dəlilləri Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(012)-5923/2024 nömrəli qərardadının ləğvi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(012)-5923/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1794/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1794/2024
29.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver