Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1795/2025 25.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2522/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2522/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 49.28 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edimişdir. (hakim Samir Bayramov)
2. Cavabdeh həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir.
3. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir.
4. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.
6. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
7. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
8. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
9. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
10. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
11. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
12. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir.
14. Mülki işin materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə qətnamə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə cavabdehin yaşadığı ünvana göndərilmişdir.
15. Qətnamə dərhal qanuni qüvvəsini aldığından xx.xx.2025-ci il tarixdə qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün Xaçmaz rayon İcra və probasiya şöbəsinə göndərilmiş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin borclu Cavabdeh tərəfindən könüllü icra edilməsi üçün 10 gün könüllü icra müddəti təyin edilmişdir.
16. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə və xx.xx.2025-ci il tarixdə eyni məzmunlu teleqram ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin rəsmi qaydada almadığını göstərmiş və qətnamənin ona təqdim edilməsini məhkəmədən xahiş etmişdir. Qətnamənin mövcudluğundan icra şöbəsi tərəfindən ona məlumat verildikdən sonra xx.xx.2025-ci il tarixdə məlumatlı olduğunu göstərmişdir və apellyasiya şikayəti verə bilməsi üçün qətnamənin ona verilməsini xahiş etmişdir.
17. Mövcud müraciətlər əsasında qətnamə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə təkrar olaraq cavabdehin müraciətdə göstərdiyi başqa ünvana göndərilmişdir. Məhkəmə zərfi bu dəfə də “ünvan tam deyil” qeydi ilə ünvançıya təqdim edilmədən məhkəməyə geri qaytarılmışdır.
18. “Azərpoçt” rabitə xidmətinin göndərişlərin izlənməsi barədə məlumatına əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanından rəsmi qaydada qəbul edilmişdir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir.
20. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
21. Sadalanan prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu daha geniş formada yoxlamamış, qərardadın təsviri hissəsində sadalanan hallara istinadən apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsini müəyyən etmədən, işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar araşdırıldıqdan sonra cavabdehin hansı tarixdə qətnamənin mövcudluğu barədə məlumatlı olması halı dəqiqləşdirilməli, hazırki məhkəmə qətnaməsi dərhal icra edilməli akt olduğundan müvafiq aidiyyəti icra işi tələb edilməli və cavabdehin qətnamə üzrə məlumatlı olub-olmaması halı araşdırılmalı, daha sonra apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilməlidir.
23. O da nəzərə alınmalıdır ki, hazırki iddia tələbi aliment tələbi ilə bağlıdır və aliment uşaqdan ayrı yaşayan valideynin onun saxlanması üçün könüllü olaraq ödəmədiyi təqdirdə məhkəmə vasitəsi ilə məcburi qaydada tutulan pul məbləğidir. Bu hal aliment ödəyən şəxsin lüzumsuz vaxt uzatmasına və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına mane olan halların daha dəqiq və həssaslıqla araşdırılmasını zəruri edir.
24. Ona görə də, cavabdehin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən halların dəqiqləşdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
25. Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2522/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün Xaçmaz rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.