Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1796/2022 23.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-2160/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin e-2(012)-2160/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixindən başlayaraq 19 aprel 2010-cu il təvəllüdlü X3 və 25 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı verilməsi, Cavabdeh 48,80 (qırx səkkiz manat səksən qəpik) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. (hakim E.Məmmədov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin e-2(012)-2160/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 aprel 2010-cu il təvvəllüdlü X1 və 25 mart 2014-cü il təvvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin bütün növ gəlirlərindən sabit pul məbləğində hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini bikəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında Saatlı rayon Əlisoltanlı kəndi, Fin şəhərciyində xx.xx.2009-cu il tarixli, 04 saylı nikah qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından 19 aprel 2010- cu il təvəllüdlü X3 və 25 mart 2014-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-214/2020 saylı, 19 fevral 2020- ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 26 noyabr 2009-cu il tarixdə Saatlı rayon Əlisoltanlı kəndi, Fin şəhərciyində bağlanmış 04 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 19 aprel 2010-cu ildə anadan olmuş X1 və 25 mart 2014-cü ildə anadan olmuş X2 anaları İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Nikah pozulduqdan sonra uşaqlar iddiaçının himayəsində qalmış, bütün maddi və mənəvi tələbatlarını iddiaçı ödəmişdir. Belə ki, cavabdeh ayda hər uşağa 25 manat olmaqla, cəmi 50 manat pul göndərmiş, son vaxtlar isə həmin pulu göndərməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, e-2(012)-2160/2022 saylı qətnaməsində nəticənin, işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Həmin qətnamə qanunsuz və əsassızdır. Saatlı Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2(055)-214/2020 saylı qətnaməsi ilə tərəflər arasında nikah qeydi pozulmuşdur, həmin vaxtdan etibarən övladları Hüseyn və Zəhranın yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay 50 (əlli) manat məbləğində alimenti İddiaçı ödəyir. İddiaçı hazırkı iş üzrə ondan yüksək miqdarda aliment tələb edir. Hal-hazırda işsizdir. Mütəmadi müalicə alır. İİ (ikinci) qrup əlildir. Məhdud əmək qabiliyyətli şəxsdir. Cəmi 180 (bir yüz səksən) manat pensiya alır. Övladları Hüseyn və Zəhranın yetkinlik yaşlarına çatana kimi hər ay cəmi 120 (bir yüz iyirmi) manat aliment ödəyə bilər. Bundan əlavə imkan daxilində övladlarına maddi dəstək olacaqdır. Həmçinin qeyd edir ki, Abşeron Rayon Məhkəməsində prosses zamanı etiraz ərizəsi verərək bildirmişdir ki, övladları Hüseyn və Zəhranın yetkinlik yaşlarına çatana kimi hər ay cəmi 120 (bir iyirmi) manat aliment ödəyə bilər. Lakin qətnamədə qeyd edilib ki, guya o hər uşağa 120 manat aliment verməyə razıdır. Qətnamədə sözləri təhrif olunmuşdur. Heç bir yerdə işləmirəm. Əlavə gəlir və qazancı olmur. Bu səbəbdən aliment məbləğinin azaldılmasını xahiş edir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti müdafiə edib təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, o yenidən nikaha daxil olmuşdur, şikayətdə də qeyd etdiyi kimi, işləmir, maddi vəsaiti yalnız 180 manat pensiyası, 60 manat sosial müavinətdən ibarətdir ki, onun özünün xəstəliyi nəzərə alındıqda, qətnamə ilə müəyyən edilmiş aliment məbləğini ödəməyin imkansız olduğu görünür. O hazırda hər ay hər uşaq üçün 60 manat olmaqla cəmi 120 manat məbləğində aliment ödəyə bilər. İddiaçı məhkəmə iclasında bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, cavabdeh səhhəti imkan verən yüngül işlərdə işləyir, lakin bununla belə o cavabdehin maddi durumunu nəzərə alıb, aliment məbləğinin hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. Həmin məbləğdən aşağı məbləğdə aliment miqdarının müəyyən edilməsini qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İİ № 180318 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 19 aprel 2010-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Yenə iş materiallarında olan AZ-İİİ 285480 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 25 mart 2014-cü ildə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Mülki iş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 2(055)-214/2020 nömrəli, 19 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 26 noyabr 2009-cu il tarixdə Saatlı rayon Əlisoltanlı kəndi, Fin şəhərciyində bağlanmış 04 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 19 aprel 2010-cu ildə anadan olmuş X1 və 25 mart 2014-cü ildə anadan olmuş X2 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İşə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli müayinə nəticəsində Sevindik Hüseynova 2-ci dərəcəli əlillik təyin edilmişdir. Yenə şikayətə əlavə edilmiş 090856 seriyalı vəsiqədən görsənir ki, Cavabdeh məcburi köçkün statusuna malikdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2160/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 19 aprel 2010- cu ildə X3 və 25 mart 2014-cü ildə X4 doğulmuşdur. Saatlı Rayon Məhkəməsinin 2(055)- 214/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan 19 aprel 2010-cu ildə anadan olmuş X1 və 25 mart 2014-cü ildə anadan olmuş X2 anaları İddiaçı yanında qalması qət edilmişdir. İlk vaxtlar cavabdeh uşaqlar üçün az miqdarda da olsa maddi yardım etsə də, sonradan bunu da etməmiş, nəticədə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qətnamədə müəyyən edilən aliment məbləğindən narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Yenə həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2022-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. Yuxarıda sadalanan maddi hüquq normalarını rəhbər tutaraq, kollegiya qeyd edir ki, işin faktiki hallarında aydın olduğu kimi, iş üzrə cavabdeh 2-ci qrup əlildir, əmək qabiliyyəti məhduddur, onun əlavə gəlir yerinin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, əksinə iddiaçı özü bu halı nəzərə alaraq aliment məbləğinin azaldılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi xüsusatlar, heç də onun aliment öhdəliyindən azad edilməsi, yaxud çox cüzi aliment ödəməsi üçün əsas ola bilməz. Həmin hallar hazırkı halda qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi üçün əsas ola bilər. Beləliklə, məhkəmə kollegiyası tərəflərin əmlak vəziyyətini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qətnamə dəyişdirilməli, tərəflərin azyaşlı uşaqları 19 aprel 2010-cu il təvəllüdlü X3 və 25 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini qismən də olsa sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-2160/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. 16 mart 2022-ci ildən başlayaraq 19 aprel 2010-cu il təvəllüdlü X3 və 25 mart 2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaqa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1796/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1796/2022
23.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver