Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1796/2025 29.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)-2458/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-44/2025 saylı qərardadı ilə müəyyən olunmuş indeksasiya məbləğinin azaldılaraq cavabdehin xeyrinə ondan xx.xx.2017-ci il təvəllüdlü X1 hər ay minimum əmək haqqının 0.40 hissəsi miqdarında aliment tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)- 1467/2018 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay ondan 100 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət olunmuşdur. O vaxt subay idi. Alimenti hər ay vaxtında ödəyirdi. İndi də ödəniş edir, yayınmır. Ancaq artıq ailəlidir. Himayəsində 2 azyaşlı uşağı var. Belə ki, xx.xx.2019-cu il tarixində AğayevaArzu Zahir qızı adlı xanımla rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Uşaqlar körpədi, qayğıya ehtiyacları var. Yoldaşı işləmir, evdar qadındır. Ailədə tək işləyən, evə pul aparan özüdür. “Birja” adlanan ticarət ərazisində başqasına məxsus mağazada aylıq 450 manata satıcı işləyir. Cavabdeh Quba rayon Məhkəməsinin 2(027)-1467/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş 100 (yüz) manat məbləğində alimentin indeksasiyası barədə məhkəməyə müraciət etmiş, Quba rayon Məhkəməsi tərəfindən 2(027)-1467/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş 100 (yüz) manat məbləğində alimentin indeksasiya edilərək 8(027)44/2025 saylı müvafiq qərardadla minimum əmək haqqının 0.76 misli miqdarında aliment müəyyən edilmişdir. Bu isə aylıq 304 manat ödəniş deməkdir. Müvafiq qərardan apellyasiya şikayəti versə də şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(105)- 127/2025 saylı qərardadında alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etməli olduğu hüququm ona izah edilmişdir. Cavabdeh Quba şəhər 2 saylı məktəbdə psixolog işləyir. Bildiyinə görə aylıq əmək haqqı 800 manata yaxındır. Himayəsində də bir uşaq var. Uşaqları saxlamaq, onları tərbiyə etmək hər bir valideynin borcudur. Onun aylıq əmək haqqı 450 manat, himayəsində 3 nəfər, cavabdehin əmək haqqısı 800 manata yaxın, himayəsində 1 nəfər. Bu artıq ziddiyyət yaradır. O, övladına baxmağa borcludur, bundan imtina etmir. Ancaq 304 manatı ödəyə bilməyəcək.
3. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, göstərmişdir ki, uşağın xərcləri artmış, hazırda uşağın təhsili, qida geyim, tibbi və digər gündəlik xərcləri daha da yüksəkdir. İddiaçının maddi vəziyyəti alimentin azaldılmasına əsas vermir. İddiaçı əmək qabiliyyətli şəxsdir, işləyir və gəlir əldə etmək imkanına malikdir. İddiaçının alimentin azaldılması barədə tələbinin əsassız hesab olunaraq rədd edilməsini xahiş etmişdir.
4. Quba Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(027)-1467/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı 09 iyun 2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 27 aprel 2018-ci il tarixdən hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
5. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(027)-44 saylı qərardadından görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 07 iyun 2017-ci il təvəllüdlü X1 üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya edilmişdir.
6. AZ-İİ 300026 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Yəhyayeva (Ağayeva) Arzu Zahir qızı arasında nikah 18 aprel 2019-cu il tarixdə bağlanmışdır.
7. AZ-İV №li 385881 nömrəli, doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 birgə nikahından xx.xx.2020-ci il tarixdə X9 doğulmuşdur.
8. AZ-İV №li 710819 nömrəli, doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 birgə nikahından xx.xx.2022-ci il tarixdə X8 doğulmuşdur.
9. 07.08.2025-ci il tarixli, MŞQ-MT-040-2025-00553 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)-2458/2025 nömrəli qətnaməsi ilə (hakim Nigar Xəlilova) iddianın qismən təmin olunması, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-44/2025 saylı qərardadı ilə indeksasiya olunmuş alimentin məbləğinin azaldılaraq, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 112.1-ci maddələri, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3, 14.2, 77.1, 216-220 və 360-cı maddələri və ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)-2458/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, Quba Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(027)-1467/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı 09 iyun 2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 27 aprel 2018-ci il tarixdən hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(027)-44 saylı qərardadından görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 07 iyun 2017ci il təvəllüdlü X1 üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya edilmişdir və qeyd edilən qərardad Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsindən cəmi 3 aya yaxın müddətin keçmiş Quba Rayon Məhkəməsinin İddiaçı tələbini təmin edərək ona ödəməli olduğu aliment miqdarının azaldılması barədə qətnamə qəbul etməsi qanuna ziddir. Hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanılmasından yayındıqda və saxlamaqdan, maddi tələbatın ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətidir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilərək, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının mübahisələndirilən aliment məbəlğini ödəmək üçün kifayət qədər vəsaitə malikdir. Belə ki, iddiaçı geyim əşyalarının alqı-satqısı ilə məşğuldur.
16. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İ. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.İV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
19. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
21. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək yeni qətnamə qəbul olunmalı, iddia rədd edilməlidir.
25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)- 44/2025 saylı qərardadı ilə müəyyən olunmuş indeksasiya məbləğinin azaldılaraq cavabdehin xeyrinə ondan xx.xx.2017-ci il təvəllüdlü X1 hər ay minimum əmək haqqının 0.40 hissəsi miqdarında aliment tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilmişdir /bax bənd 11/.
27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ailə vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, İddiaçı 18 aprel 2019-cu il tarixdə Yəhyayeva (Ağayeva) Arzu Zahir qızı ilə nikaha daxil olmuş və onların birgə nikahından xx.xx.2020-ci il tarixdə X9 və xx.xx.2022-ci il tarixdə X8 doğulmuşdur. Qeyd olunan hallar təyin olunmuş alimentin miqdarının dəyişilməsi üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən hallar sayılmalıdır.
28. Həmçinin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən iddiaçının rəsmi iş yeri müəyyən edilməmiş, cavabdehin rəsmi iş yeri müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Ona görə də məhkəmə hesab edir ki, həmin hallar əsasında tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün təyin edilmiş alimentin miqdarı azaldılmalıdır.
29. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçının ailə və maddi vəziyyətində olan dəyişikliklər heç də onu əvvəlki nikahından doğulmuş uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Uşaq cavabdehin himayəsində yaşamaqla, onun saxlanması, təlim-tərbiyəsi, təhsili, fiziki və əqli inkişafının təmin edilməsi ilə bağlı cavabdehin üzərinə çox yük düşür. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. Lakin məhkəmə onu da bidirmişdir ki, iddiaçını yeni ailəsinin və həmin ailədə doğulmuş uşağlarının da mənafeyi və yaşayış təminatı nəzərə alınmalıdır. Bu xüsusda qərar qəbul edilərkən hazırki iş üzrə iddiaçı və cavabdehin, həmçinin onların uşaqlarının mənafeləri arasında ədalətli tarazlığa nail olunmalıdır.
30. Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)-2458/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının təfsiri və tətbiqində pozuntuya yol verilmiş, işin faktiki halları məhkəmə tərəfindən kifayət qədər araşdırılmamış, nəticədə məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
32. İlk növbədə qeyd olunmalıdır ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.
33. Qeyd olunmalıdır ki, qanunvericiliyin göstərişləri alimentin təyin edilməsində uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlsə də, bu zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.
34. Quba Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(027)-1467/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı 09 iyun 2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 27 aprel 2018-ci il tarixdən hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
35. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(027)-44 saylı qərardadından görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 07 iyun 2017ci il təvəllüdlü X1 üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya edilmişdir və qeyd edilən qərardad Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçı ailə vəziyyətində dəyişiklik olması, himayəsində iki azyaşlı uşağının olduğunu iddia edərək aliment məbləğinin azaldılmasını tələb etmişdir.
37. Kollegiya hesab edir ki, ailə vəziyyətində dəyişiklik olması və bu dəyişikliyin onun maddi vəziyyətinə əhəmiyyətli dərəcədə təsir etməsi Ailə Məcəlləsinin 112-ci maddəsinin tətbiqi üçün əsas ola bilər.
38. Araşdırılan iş materiallarından görünür ki, iddiaçı ailə vəziyyətində baş vermiş dəyişikliyin onun əmlak vəziyyətinə əhəmiyyətli təsir etməsi, maddi durumunun pisləşməsi, məhkəmə qərarında qeyd olunan məbləğdə aliment ödəməyə malik gəlirə sahib olmamasını iddia etsə də bu dediklərini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir.
39. «Elektron Məhkəmə» İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı aktiv vergi ödəyicisidir və uşaq geyimlərinin pərakəndə satışı ilə məşğuldur.
40. Məhkəmə araşdırması zamanı iddiaçı uşaq geyimlərinin pərakəndə satışı ilə məşğul olan mağazanın atasına məxsus olduğunu, orada satıcı kimi işləyərək minimum əmək haqqı aldığını bildirdisə də göründüyü kimi iddiaçı özü vergi ödəyicisi kimi qeydə alınmışdır.
41. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Kollegiya qanunvericiliyin göstərişlərindən çıxış edərək bildirir ki, mülki prosesdə bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
43. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz.
44. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, alimentin əsas məqsədi yetkinlik yaşına çatmamış uşaqların saxlanılması, təhsili, ehtiyaclarının qarşılanması və maddi təminatı üçün öhdəlik daşımasını təmin etməkdir. Bu vəsait uşağın yaşayış minimumunu qarşılamaq və onun yaşayış səviyyəsinin aşağı düşməməsi üçün nəzərdə tutulur.
45. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)- 2458/2025 nömrəli qətnaməsi ləğv olunaraq, iddia rədd edilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)-2458/2025 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddia rədd edilsin. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kssasiya şikayəti verilə bilməz.