Məhkəmə qərarları › İş №2(105)-1798/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1798/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1798/2023 15.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(034)-409/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 146 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-257/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Ş.Abasov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və Z.Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Əliyev) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-257/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11.000 ABŞ dolları məbləğində pulun və 146 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan şəxsi ehtiyacları üçün borc pul verməyi xahiş etmişir. O, cavabdehin səmimiliyinə inanaraq xx.xx.2017-ci tarixdə kredit müqaviləsinə əsasən 11.000 ABŞ dolları məbləğində ona borc vermişdir. Cavabdeh almış olduğu pulu bir il müddətinə qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. 2021-ci il tarixdə həbsdə olduğundan cavabdehdən pulunu tələb edə bilməmişdir. Hesab edir ki, hazırki vəziyyətdə onun müqavilə üzrə borcunu tələb etməyə haqqı və hüququ vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə yalnız cavabdehin mənafeyinə uyğun qətnamə qəbul edərək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən krediti ödəmək üçün son müddət 22 iyun 2018-ci il tarixi müəyyən edilmişdir. Müqavilənin müddəti 22 iyun 2018-ci ildə bitdiyinə görə iddia müddətinin axımı həmin müddətdən başlayaraq hesablanmalıdır. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Bundan əlavə bir çox xoşagəlməz hallar olmuşdur ki, iddiaçı vaxtında hüquqlarını müdafiə edə bilməmişdir. O, bir ildən artıq müddətdə cəzaçəkmə müəssisəsində olmuş, həm maddi cəhətdən çətinlik çəkmiş, həm də səhhətində problemlər yaranmışdır. O, cəzaçəkmə müəssisəsində olduğu müddətdə sənədlərin əsli götürülmüşdür. Sonradan cəza müddəti bitdikdən sonra notariat ofisindən adına olan müqavilələri əldə etmiş və dərhal məhkəməyə müraciət etmişdir. Sadalanan xüsusatlar onun tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı qeyd olunsa da, məhkəmə bu hallara əhəmiyyət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığını və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İşdən görünür ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 1 il müddətinə (xx.xx.2018-ci il tarixədək) qaytarmaq şərti ilə 11.000 ABŞ dolları məbləğində borc verilməsi barədə müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi borcun qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə iddiaçının öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü iddiaçının üzərindədir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1. maddəsinə görə işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. İşdən görünür ki, tərəflər arasında mövcud kredit müqaviləsində göstərilən məbləğin iddiaçı cavabdehə notariat ofisindən kənar verildiyini iddia etdiyi halda, cavabdeh həmin məbləğin ona yox, birbaşa onun atasına verildiyini qeyd etmişdir. Bu hal istər birinci apellyasiya baxışında, istərsə də təkrar apellyasiya baxışı zamanı cavabdehin və nümayəndəsinin izahatlarında da bir daha öz təsdiqini tapmışdır. Lakin həmin məbləğin atası ilə olan birgə biznes fəaliyyəti ilə bağlı ona göndərildiyini bildirmişdir. Göründüyü kimi cavabdeh əqdə göstərilən məbləğin iddiaçıdan alındığını, başqa sözlə desək, iddiaçının əqd üzrə üzərinə düşən öhdəliyi icra etməsini təsdiq etmişdir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatı o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Göründüyü kimi cavabdeh mövcud əqddə göstərilən məbləğin götürülüb atasına göndərilməsini etiraf etdiyindən, iddiaçı Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtinə əsasən (öhdəliyi icra etdiyindən) pulun verilməsini sübut etmə öhdəliyindən azad edilir, sübut etmə yükü bu halda, yəni pulun cavabdehə deyil, atasına verildiyini sübut etmə məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bunu təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası iddia müddəti ilə bağlı işin hallarına gəldikdə isə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsinin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmiş, həmin müqavilədən irəli gələn tələblər üzrə qanunda müəyyən edilmiş 3 illik iddia müddətinin axımı həmin tarixdən başlamış və xx.xx.2021-ci il tarixdə başa çatmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia qaldırmaqla iddia müddətini ötürmüşdür. Lakin buna baxmayaraq iddiaçı müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəb kimi iddia müddətinin son 6 ayı ərzində cəzaçəkmə müəssisəsində olmasını, buna görə də iddia qaldırmaq imkanlarının məhdud olduğunu göstərməklə verdiyi ərizəsində iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 382-ci maddəsinin tətbiq olunması üçün 2 şərt ödənilməlidir. Birincisi, iddia müddətinin ötürülməsi səbəbi iddiaçının şəxsiyyəti ilə bağlı müstəsna hallarla bağlı olmalı, ikincisi isə həmin səbəb müddətin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş vermiş olmalıdır. Birinci şərtin yoxlanılması zamanı nəzərə alınmalıdır ki, maddənin məzmununda göstərilən hallar məhdudlaşdırıcı deyil, sadalayıcı mahiyyətdə olmaqla, qanunverici hansı səbəblərin iddia müddətinin ötürülməsi baxımından üzrlü hesab edilib-edilməyəcəyini işə baxan məhkəmənin səlahiyyətinə aid etmişdir. Verilən misallardan belə görünür ki, maddənin məqsədi yalnız iddiaçının şəxsiyyəti ilə bağlı iddia qaldırmasına əngəl törədən müstəsna hallarda pozulmuş hüququnun müdafiəsinə təminat verməkdir. Baxılan işdə istinad olunan iddiaçının iddia müddətinin son 6 ayı ərzində və bundan sonra cəzaçəkmə müəssisəsində olması halının üzrlü səbəb hesab edilib-edilməməsi məsələsinə qiymət verilərkən isə mülki qanunvericiliyin yuxarıda qeyd olunan məqsədləri baxımından azadlığından məhrum edilmiş şəxsin cəzaçəkmə müəssisəsində olduğu müddətdə məhkəmədə iddia qaldırmaq üçün yetərli imkan və şəraitə sahib olması hər bir iş üzrə individual olaraq nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cəzaçəkmə müəssisəsində olması onun iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün yetərli imkan və şəraitə sahib olmasına mane olan hal olduğundan, iddiaçının bu müddəti ötürməsi üzrlü hesab edilməlidir. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müddəti buraxmasının səbəbləri üzrlü hesab edildiyindən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 11.000 ABŞ dolları borc (ödəniləcək günə manat ilə məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş 146 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar