Məhkəmə qərarları › İş №2(105)-1801/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1801/2023

26.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1801/2023 26.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, cavabdehin digər nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakları ilə birlikdə evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-1523/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakları ilə birlikdə evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2013-cü il təvəllüdlü Məryəm, xx.xx.2016-cı il təvəllüdlü Mədinə və xx.xx.2020-ci il təvəllüdlü Davud ilə birlikdə, həmçinin cehiz əmlakları ilə birlikdə onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, X20 4A, ev 963B-dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, X20 4A, ev 963B onun istifadəsində və sahibliyindədir. O, həmin evi 2005-ci ildə öz vəsaiti hesabına tikmişdir. Evi tikdikdən sonra həmin evdə qızı Vəsilə ailəsi ilə birlikdə 2005-ci ildən 2007-ci ilə kimi yaşamışdır. Daha sonra qızı ev aldığı üçün həmin evdən çıxmış və ondan sonra digər qızı Leyla ailəsi ilə birlikdə həmin evdə 2007-ci ildən 2008-ci ilə kimi yaşamışdır. Daha sonra həmin qızı da ev almış və bu evdən çıxmışdır. Bundan sonra da o, həmin evi bir müddət kirayə vermişdir. xx.xx.2012-ci ildə oğlu İlqar Əmirhəmzəyev Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların yaşamağa evləri olmadığı üçün o icazə vermişdir ki, müvəqqəti olaraq burada yaşasınlar. Onlar bir ailə kimi həmin evdə yaşamışlar. Xasiyyətləri uyğun gəlmədiyindən ünvan 2, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların arasında olan rəsmi nikahın pozulması, uşaqların cavabdehin yanında qalması və onların saxlanması üçün aliment müəyyən olunmuşdur. Bundan sonra cavabdeh oğlunu həmin evdən çıxarmışdır. Hazırda bu evdə cavabdeh və uşaqları yaşayır. Artıq onların aralarında rəsmi nikah pozulmuşdur. Həm rəsmi, həm də faktiki olaraq onlar ər-arvad deyildirlər. Ona görə də hesab edir ki, cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları ona məxsus evdən cehiz əmlakları ilə birlikdə çıxarılmalıdır. Bununla əlaqədar olaraq bir neçə dəfə cavabdehə müraciət edərək mənzildən cehiz əmlakları ilə birlikdə çıxmasını tələb etsə də, cavabdeh onun xahişinə məhəl qoymamışdır. Ona görə də məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul etmir. İddiaçının onun çıxarılmasını iddia etdiyi ev sənədsiz tikili olmaqla 2012-ci ildə bu evə ailə üzvü kimi gəlin köçmüş və bu mənzildə yaşadığı vaxt onun üç övladı anadan olmuşdur. O, artıq 11 ildir ki, bu evdə yaşayır. Həmin ev onun keçmiş həyat yoldaşı İlqar Əmirhəmzəyevin vəsaiti ilə tikilmiş və birgə yaşadıqları müddətdə öz vəsaitləri hesabına bu evdə bəzi təmir işlərini aparmışlar. İki mərtəbədən ibarət olan bu evin birinci mərtəbəsində yerləşən üç otağında onun əmlakları yerləşməklə bu gün onun və üç azyaşlı övladının istifadəsindədir və onun yeganə yaşayış yeri bu evdir, dəfələrlə iddiaçı özü də ona bildirmişdir ki, bu evi İlqarın Rusiyadan göndərdiyi pul hesabına tikmiş və onun uşaqlarınındır. Lakin, aralarında münasibətlər pozulduqdan sonra iddiaçı ona qarşı bu iddianı qaldırmışdır, halbuki bu ev üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamış və onu bu evə daimi olaraq köçürmüşdür. Evin kombi və istilik sistemini atası öz şəxsi vəsaiti ilə çəkdirmişdir. İddianın hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, Nümayəndə ilə onun atası qohumdurlar. Xasay qızının evinə kombi sistemi çəkdirmək istəyirdi. Onun kombi satışı ilə məşğul olan İlqar adlı tanışı olmuş, Xasayı onunla tanış etmişdir. Xasay ondan nisyə kombi almışdır. Kombini evə o, quraşdırmış və usta haqqını almışdır. Kombi sistemi alınması üçün 5000 manat vəsait xərclənmişdir. Kombi sistemi 2012-ci ilin qış aylarına yaxın bir vaxtda quraşdırılmışdır. Ev Yaşıldərədə yerləşir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 ifadə verərək bildirmişdir ki, o, Xasayı 2000-ci ildən tanıyır. Onun dükanına mal vermişdir. Xasay ondan 2012-ci ildə 500-600 manatlıq dondurma götürmüşdü. O, ailə probleminin olduğunu deyərək həmin pulu yubadacağını demiş və ondan gözləməsini xahiş etmişdir. O, qızının toyunun təzə olduğunu və onun evinə kombi quraşdırmaq istədiyini bildirmişdir. Xasay həmin pulu 1 ilə ona vermişdir. Xasayın yubatdığı pul ondan aldığı dondurmanın pulu idi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 cavabdehlə birlikdə nikahdan sonra köçdükləri mübahisəli evdə onlar yaşamağa başladıqdan sonra hər hansı təmir işləri görülmədiyini, eləcə də cavabdehin nümayəndəsi tərəfindən kombi istilik sisteminin çəkilmədiyini bildirmişdir. O, eyni zamanda qeyd etdi ki, ev onlar məskunlaşdığı vaxt yaşayış üçün tam yararlı olmuş, əvvəllər də bacıları ailələri ilə ayrı-ayrı dövrlərdə orada yaşamışlar. Bu ev iş üzrə iddiaçı – onun anası tərəfindən öz vəsaiti hesabına 2005ci ildə tikilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, mübahisəli ev anası – İddiaçı tərəfindən əsasən onun vəsaiti və onların hər birinin köməyi ilə 2005-ci ildə tikilmişdir. Bu evdə 2005-2007-ci illərdə o, ailəsi ilə birlikdə yaşamış, sonra isə digər bacısı Leyla 2007-2008-ci illərdə məskunlaşmışdır. Ev yaşayış üçün tam yararlı, təmirli və şəraitli olmuşdur. Qardaşı yaşadığı dövrdə də qonaq getmiş və hər hansı təmir işinin aparıldığını görməmişdir. Kombi sistemi isə onlar yaşadığı vaxtdan mövcud olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, ev anası – İddiaçı tərəfindən əsasən onun vəsaiti və onların hər birinin köməyi ilə 2005-ci ildə tikilmişdir. Bu evdə əvvəl bacısı – Vəsilə ailəsi ilə, sonra isə 2007- 2008-ci illərdə o, ailə üzvləri ilə birlikdə yaşamışdır. Ev yaşayış üçün tam yararlı, təmirli və şəraitli olmuşdur. Qardaşı yaşadığı dövrdə də qonaq getmiş və hər hansı təmir işinin aparıldığını görməmişdir. Kombi sistemi isə onlar yaşadığı vaxtdan mövcud olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-1523/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X9 ilə, həmçinin cehiz əmlakları ilə birlikdə onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, X20 4“A”, ev 963“B”-dən çıxarılması qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-1523/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə onun bir sıra hüquqları pozulmuşdur. İş üzrə iddiaçı onun keçmiş qaynanasıdır. Belə ki, o, X8 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatına girərək ailə həyatı qurmuş və sözügedən mənzilə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci i təvəllüdlü X9 adlı üç övladı olmuşdur. ünvan 2, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, nikahları pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər onun yanında qalmaları qət edilmişdir. İddiaçının onun çıxmağını tələb etdiyi ev özbaşına tikili olmaqla 2012-ci ildən o, bu evə ailə üzvü kimi gəlin köçmüşdür və bu mənzildə yaşadığı vaxt onun 3 övladı anadan olmuşdur, artıq 11 ildir ki bu evdə yaşayır. Həmin ev onun keçmiş həyat yoldaşı İlqar Əmirhəmzəyevin vəsaiti ilə tikilmiş və birgə yaşadıqları müddətdə öz vəsaitləri hesabına bu evdə bəzi təmir işlərini aparmışlar. İki mərtəbədən ibarət olan bu evin birinci mərtəbəsində yerləşən üç otağında onun əmlakları yerləşməklə bu gün onun və üç azyaşlı övladlarının istifadəsindədir. Onun yeganə yaşayış yeri bu evdir, dəfələrlə iddiaçı özü də ona bildirmişdir ki, bu evi İlqarın Rusiyadan göndərdiyi pul hesabına tikmiş və onun uşaqlarınındır. Lakin aralarındakı münasibətlər pozulduqdan sonra iddiaçı ona qarşı bu iddianı qaldırmışdır. İddiaçının bu evin ona məxsus olması ilə bağlı gətirdiyi dəlillər tam əsassızdır. O, yaşlı bir qadındır, işləmir, maddi təminatları övladlarından asılıdır. İddiaçı özü başqa ünvanda yaşayır. Bu ev onun evdə qızlarının yaşaması ilə bağlı gətirdiyi dəlillər tam əsassızdır. Çünki həmin dövrlərdə ev ümumiyyətlə yaşamaq üçün uyğun olmamış, kommunal xidmətlərlə təchiz olunmamışdır. Məhkəmə öz qərarında qeyd etmişdir ki, mübahisəli evin cavabdehin oraya köçməsindən əvvəl tikilməsi, yaşayış üçün şəraitin olması, cavabdehdən əvvəl onun keçmiş ərinin, bacılarının ailələri ilə birlikdə müxtəlif vaxtlarda orada yaşamaları, mübahisəli evə və yerləşdiyi torpaq sahəsinə dair tərəflərin hüquqmüəyyənedici sənədlərinin mövcud olmaması, cavabdehin sözügedən yaşayış sahəsinə 2012-ci ildə köçməsi, kommunal xidmətlər (su, işıq, qaz) üzrə müqavilələrin iddiaçı ilə bağlanması işin mübahisəsiz hallarıdır. Məhkəmə bu hallara mübahisəsiz demək üçün heç bir araşdırma aparmamışdır. Məhkəmənin hansı əsaslarla evin əvvəlcədən tikilməsi, yaşayış şəraitinin olması və orada iddiaçının qızlarının müxtəlif vaxtlarda ailələri ilə birlikdə yaşamalarını mübahisəsiz adlandırması sual doğurur. Necə mübahisəsizdir ki, o, bunu mübahisələndirir və məhkəmə iclasına dəvət etdiyi iki şahid bu mübahisəsiz hallara əks ifadə verir. Məhkəmə isə iddiaçının ailə üzvlərinin ifadəsinə əsasən bu halları mübahisəsiz adlandırır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2, eləcə də cavabdehin digər nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “X20 4A məhəllə” üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, X20 4A, ev 963B ünvanında yaşayır. İş materiallarında olan ünvan 2, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalmaları qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin məlumat bazasında **********00396 abunə kodunda olan ünvan Bağlar-2, B:0002, M:462 Sumqayıt Bələdiyyəsinin arayışında qeyd olunmuş Sumqayıt şəhəri, “Yaşıl Dərə” X20, bağ № 4a, ev 963b ünvanla eynidir və İddiaçı Əhmədağa qızı adı ilə qeydiyyatdadır. Mənzilə məxsus **********9 saylı PAUD-MP 106 tipli smart-kart sayğacı ilə elektrik enerjisindən istifadə olunur. İş materiallarında olan Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxlərlə bağlanan müqavilədən görünür ki, Yaşıldərə massivi, ev 963/B ünvanına dair su və çirkab sularına xidmət göstərilməsi barədə "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli müqavilə bağlanılmış, müqavilənin nömrəsi 47255548, abonent kodu **********000, ailə tərkibi 4 nəfər olduğu qeyd olunmuşdur. İş materiallarında olan Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “Azəriqaz” İB ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixli müqavilə bağlanılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, mübahisəli evin cavabdehin oraya köçməsindən əvvəl tikilməsi, yaşayış üçün şəraitinin olması, cavabdehdən əvvəl onun keçmiş ərinin bacılarının ailələri ilə birlikdə müxtəlif vaxtlarda orada yaşamaları, mübahisəli evə və yerləşdiyi torpaq sahəsinə dair tərəflərin hüquq müəyyənedici sənədlərinin mövcud olmaması, cavabdehin sözügedən yaşayış sahəsinə 2012-ci ildə köçməsi, kommunal xidmətlər (su, işıq, qaz) üzrə müqavilələrin iddiaçı ilə bağlanması işin mübahisəsiz hallarıdır. Mübahisəli evin iddiaçının və ya cavabdehin keçmiş ərinin vəsaiti hesabına tikilməsi və sonuncular oraya köçdükdən sonra orada əsaslı təmir, həmçinin yenidənqurma işlərinin görülübgörülməməsi işin mübahisəli halıdır. Bununla əlaqədar məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab etmişdir ki, hazırki iş üzrə iddia özbaşına tikili olan yaşayış sahəsindən çıxarılma ilə əlaqədardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180.1-ci maddəsi nəzərdən keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin maddənin məzmunundan da göründüyü kimi, özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin 3-cü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və əvvəl iddiaçı, sonra cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Eyni zamanda, iş materialları və tərəflərin izahatı ilə müəyyən edilir ki, cavabdeh həmin tikilinin alınmasında iştirakı olmamış, iddiaçının ailə üzvü olmamaqla iddiaçıya aid özbaşına tikilidə yaşamaqla onnu hüquqlarını məhdudlaşdırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyasnın iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, X20 4A, 963B saylı ev İddiaçı tərəfindən tikilmişdir və hazırda cavabdehin istifadəsindədir. Cavabdeh iddiaçının oğlu İ.Əmirhəmzəyevlə rəsmi nikah münasibətlərində olmuş, 2012-ci ildən mübahisəli evdə yaşamış, daha sonra nikahları məhkəmə qaydasında pozulmuşdur. Mübahisəli ev özbaşına tikilidir, tərəflərin hər hansı birinin mülkiyyətində deyil. İddiaçı hazırda cavabdehin cehiz əşyaları ilə birlikdə qeyd edilən evdən çıxarılmasını tələb edir. Cavabdeh iddianı qəbul etməyərək apellyasiya şikayətində bildirmişdir ki, həmin ev onun keçmiş həyat yoldaşı İlqar Əmirhəmzəyevin vəsaiti ilə tikilmiş və birgə yaşadıqları müddətdə öz vəsaitləri hesabına bu evdə bəzi təmir işlərini aparmışlar. İki mərtəbədən ibarət olan bu evin birinci mərtəbəsində yerləşən üç otağında onun əmlakları yerləşməklə bu gün onun və üç azyaşlı övladlarının istifadəsindədir. Onun yeganə yaşayış yeri bu evdir, dəfələrlə iddiaçı özü də ona bildirmişdir ki, bu evi İlqarın Rusiyadan göndərdiyi pul hesabına tikmiş və onun uşaqlarınındır. Lakin aralarındakı münasibətlər pozulduqdan sonra iddiaçı ona qarşı bu iddianı qaldırmışdır. İddiaçı özü başqa ünvanda yaşayır. Bu ev onun evdə qızlarının yaşaması ilə bağlı gətirdiyi dəlillər tam əsassızdır. Çünki həmin dövrlərdə ev ümumiyyətlə yaşamaq üçün uyğun olmamış, kommunal xidmətlərlə təchiz olunmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində mübahisəli evin keçmiş həyat yoldaşı İlqar Əmirhəmzəyevin vəsaiti ilə tikildiyini və birgə yaşadıqları müddətdə öz vəsaitləri hesabına bu evdə bəzi təmir işlərini aparıldığını qeyd etsə də, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində cavabdehlə birlikdə nikahdan sonra köçdükləri mübahisəli evdə onların yaşamağa başladıqdan sonra hər hansı təmir işləri görülmədiyini bildirmişdir. O, eyni zamanda qeyd etdimişdir ki, ev onlar məskunlaşdığı vaxt yaşayış üçün tam yararlı olmuş, əvvəllər də bacıları ailələri ilə ayrı-ayrı dövrlərdə orada yaşamışlar. Bu ev iş üzrə iddiaçı – onun anası tərəfindən öz vəsaiti hesabına 2005-ci ildə tikilmişdir. Cavabdeh G.Əmiraslanova şahidin ifadələrini təkzib edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İşin müəyyən olunan halına görə, cavabdeh mübahisəli evdən istifadə edən və yaşayan iddiaçının ailə üzvü deyildir və həmin yaşayış yerində istifadə hüququ olmamaqla yaşayır. Bu kontekstdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X9 ilə, həmçinin cehiz əmlakları ilə birlikdə onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, X20 4“A”, ev 963“B”-dən çıxarılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin iddiaya etirazında mübahisəli evə özü tərəfindən kombi istilik sisteminin qurulmasını göstərməsi onun evin inşa olunmasında iştirakını və ya evə dair hər hansı bir hüquq əldə etməsini təsdiq edə bilməz. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, mübahisəli evə dair kommunal xidmətlər (su, işıq, qaz) üzrə müqavilələr hələ cavabdeh mübahisəli evə köçməmişdən əvvəl İddiaçı ilə bağlanmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-1523/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar