Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-896/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(060)-2003/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: İddiaçı Cavabdeh qarşı mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(060)-2003/2023 nömrəli qərardadı ilə (sədrlik edən, hakim Şəbnəm Həxiyeva) İddiaçı Cavabdeh qarşı mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(060)-2003/2023 nömrəli qərardadından şikayət vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə 23 fevral 2023-cü il tarixli, 2(060)-2003/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, iddia ərizəsində Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun olmamasına dair fakt və hallar və ya onları təsdiq edən sübutların siyahısı göstərilməmişdir. Həmçinin, iddia ərizəsində cehiz əmlakları ilə bağlı tələbin konkret nədən ibarət olması müəyyən edilə bilinməmişdir. İddia ərizəsində iddia tələblərinin aydın göstərilməməsi mülki işin gələcəkdə hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə yarada bilər. Bu hal, tələbin qeyri-müəyyənliyinə, dolayısı ilə iddia ərizəsinin məzmun tələblərinə riayət olunmadığına dəlalət edir. Cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi əsas, mənzildən çıxarılması törəmə tələb olmaqla, törəmə tələbin təmin edilməsi əsas tələbin təmin edilməsindən asılıdır. İddiaçının nümayəndəsi və vəkili müvafiq məhkəmə qərardadından şikayət verərək, onun ləğv edilməsini və iş üzrə sonrakı prossesual hərəkətlərin yerinə yetirilməsi barədə qəraradad çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə qəti şəkildə razılaşmır. Belə ki, işdən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 13, mənzil 37 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, cavabdeh oğlu X7 ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və xx.xx.2022-ci ildə isə onların arasında olan rəsmi nikah pozulmuşdur. Cavabdeh, onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X8 iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar və iddiaçıya məxsus mənzildə yaşayırlar. Cavabdehin və onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 iddiaçıya məxsus mənzilə heç bir hüquqları yoxdur. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehin və onun yetkinlik yaşına çatmayan uşaqlarının ona məxsus mənzildən çıxarılmasını tələb edir. Bundan əlavə, cavabdehin iddiaçıya məxsus mənzildə cehiz əmlakları var. Cavabdehə məxsus cehiz əmlakları da ona məxsus mənzildən çıxarılmalıdır. İddiaçı cavabdehin ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin icraatındadır. İddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini əlavə etmiş və həmin qətnamədən cavabdehin mübahisəli mənzildə hüququnun olmaması müəyyən olunur. Cehiz əmlakları ilə bağlı tələbin konkret nədən ibarət olmasına gəlincə isə cavabdeh iddiaçıya məxsus mənzildə özü və uşaqları ilə yaşayır. Cavabdehin həmin mənzildə konkret hansı əşyalarının olub-olmaması iddiaçıya məlum deyil. Ona görə də cehizlərin siyahısını məhkəməyə təqdim edə bilməmiş və cavabdehə məxsus bütün əmlakların çıxarılmasını tələb etmişdir. Əslində iddiaçı iddia tələbinə sübut əlavə etməsə də, məhkəmə iddia tələbini icraatına qəbul etməlidir. Halbuki hazırkı iddia tələbi tamamilə qanuni və əsaslıdır. İşdən görünür ki, cavabehin iddiaçıya məxsus mənzildə heç bir hüququ yoxdur. İddiaçıya məxsus mənzildə istifadə hüququ yoxdur. Ona görə də iddiaçı cavabdehin məxsus mənzildən pasport qeydiyyatında çıxarılması ilə bağlı inzibati məhkəməyə müraciət etmişdir. Məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz, əsassız və məntiqsizdir. Məhkəmənin işə bu cür yanaşması iddiaçının məhkəməyə müraciət etmək hüququna mane olur və bu açıq-aşkar süründürməçilikdir. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MPMnin tələblərinə riayət etməklə vermişdir. Ona görə də iddia tələbi icraata qəbul olunmalıdır. Apellyasiya instansiya məhkəməsində icraat Şikayətə qarşı yazılı izahat və etirazlar daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Maddə 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 372.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1.Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Apellyasiya baxışının həddi Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya baxışının predmetini şikayət məhkəmə qərardadının tam ləğvinə yönəldiyindən, qərardadın tam qanuniliyinin yoxlanılması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası iddiaçı tərəfin şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsininin müəyyən olunmuş formasına və məzmununa riayət etməmiş, iddia tələbi cehiz əmlaklarının çıxarılması hissəsində qeyri-müəyyən şəkildə ifadə edilmiş, tələb olunan əmlakların (konkret adı, sayı, növü və digər fərqləndirici əlamətləri qeyd edilməklə) hansı əmlaklardan ibarət olması qeyd olunmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbinin predmeti və qiyməti dəqiq şəkildə qeyd olunmalı,cavabdehə yönələn tələb müəyyən, konkret və aydın ifadə olunmalıdır. Qanunvericiliyin qeyd olunan tələbinə riayət edilməməsi işin obyektiv, hərtərəfli və tam araşdırılmasına maneə yaradılmasına səbəb ola bilər. Qeyd olunan hallara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi iddia ərizəsininin müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuş, iş üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə qərardadı qanuni və əsaslıdır, iddiaçı tərəfin şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(060)-2003/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-896/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-896/2023
03.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver