Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1808/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iş üzrə Siyəzən Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(059)-306/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11 avqust 2016-cı il təvəllüdlü X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə Siyəzən rayon qeydiyyat şöbəsində, 22 sentyabr 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 11 avqust 2016-cı il tarixdə Ayxan adlı oğlan, Ayan adlı qız övladları doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan aralarında tez-tez münaqişələr baş vermişdir. Təxminən 6 il olar cavabdehdən ayrı yaşayır. Hazırda o, övladları ilə birlikdə Siyəzən şəhərindəki ata evində valideynlərinin yanında və himayəsində yaşayır. Onun və övladlarının bütün maddi təminatını valideynləri ödəyir. Artıq cavabdehlə ailə kimi yaşamaları mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(059)-306/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş 11 avqust 2016-cı il təvəllüdlü X2 və X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 08 aprel 2022-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin təmin edilən hissədə dərhal icraya yönəldilməsi, İddiaçı azad edildiyi 66,32 manat dövlət rüsumunun 65%-i, yəni 43,10 (qırx üç manat 10 qəpik) manatının Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. (hakim Bəylər Ələkbərov) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və hər ay 2 uşağa görə 100 (yüz) manat və əlavə sabit pul məbləğində 50 manat olmaqla ümumilikdə 150 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin “iş rejiminə görə, yəni 1 sutka (24 saat) işdə, 2 sutka (48 saat) evdə olmağını və bu səbəbdən əlavə işlə məşqul olaraq, bununla da əlavə qazanc əldə etmək imkanının olması kimi qiymətləndirməsi qeyd olunan müvafiq maddi hüquqi normalarına görə əsassız olmuşdur. Bu iş rejiminin məxsusi xüsusiyyətləri belədir: 1 gün, yəni bir sutka (24 saat ) xidmətdə (işdə) olursan, növbədən çıxan gün istirahət gününün 1-ci günü olur, təxminən nahar vaxtı evə çatırsan və yatırsan, çünki, demək olar ki, 24 saat gərgin iş vaxtı yatmaq olmaz, 2-ci istirahət günü dincəlirsən ki, səhəri yenidən iş növbəsinə normal fiziki vəziyytdə gedə biləsən. Göründüyü kimi, 1 sutkaya görə 2 sutka istirahət verilməsinin əsasları qeyd edilən iş rejiminin ağırlığı ilə əlaqədardır. Bununla da müəyyən olunur ki, əlavə işləmək kmi heç bir imkanı mümkün deyil. Habelə rəsmi iş yeri olduğuna görə Məşğulluq haqqında AR Qanunun tələbinə görə Məşqulluq orqanından yeni iş yeri tələb etmək hüququ da yoxdur. Yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki, “aylıq qazancı 300 manatdan artıq ola bilməz”, bu fakta münasibətdə məhkəmənin 250 manat məbləğində aliment tutması qanunsuz olmuşdur. Ona görə ki, 250 manat məbləğ aylıq qazancın 83,33% təşkil edir, AR Əmək Məcəlləsinin 176-cı ( Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması) maddəsinə görə “Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır”. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı(gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; -alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Lakin yuxarıda qeyd edilən əsaslar mövcud olmadığına görə məhkəmənin alimenti sabit pul məbləğində qət etməsi əsassız olmuşdur. Ona görə də məhkəmə alimentin məbləğini AR Ailə Məcəlləsinin 76-cı (Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı ) maddəsinin 76.1.2-ci hissəsinə uyğun üçdə bir hissədə qət etmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, qətnamənin qismən ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(059)-306/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 22 sentyabr 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 024221 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 22 sentyabr 2015-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 122 nömrəli qeyd edilmişdir.Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Məmmədova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 28 sentyabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 778976 və 778977 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anaları Məmmədova (Qəribova) Tünzalə Baloğlan qızı olan X6 və X7 11 avqust 2016-cı il tarixdə Quba şəhərində doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də mühafizəçi işləməklə, aylıq 300 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında 2022-ci il üçün “X5” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Birinci instansiya məhkəməsi iddiaçının alimentin cavabdehdən ümumilikdə 250 manat sabit pul məbləğində tutulması ilə razılaşmasını, tərəflərin maddi və əmlak vəziyyətini, o cümlədən cavabdehin iş rejiminə görə sonuncunun əlavə işlə məşğul olmaqla, əlavə qazanc əldə etmək imkanını, həmçinin yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq cavabdehdən hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə tələb uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 250 manat məbləğdə alimentin Cavabdeh tutulması barədədir. Cavabdeh isə hər ay 150 manat məbləğində aliment ödəmək iqtidarında olduğunu bildirir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə azaldılması tələb olunan aliment məbləği arasında fərq 100 (250-150=100) manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (100 X 12 ay=1200) 1200 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(059)-306/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1808/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1808/2022
19.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver