Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1808/2023 03.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X12 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 04.07 2023-cü il tarixli, e-2(060)-2988/2023 qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(060)-4307/2017 saylı qətnaməsi ilə qət edilmiş alimentin məbləğinin artırılaraq cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü qızı X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək ondan xx.xx.2009-cu il təvəllüdlü qızı X3 və xx.xx.2011-ci il təvəllüdlü qızı X6 yetkinlik yaşına çatanadək saxlanılmaları hər ay hər uşağa 110 manat olmaqla, iki uşağa görə 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmənin qət etdiyi məbləğ uşaqların maddi tələbatlarını ödəmir.
3. İddia ərizəsinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 04.07 2023-cü il tarixli, e-2(060)-2988/2023 qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-4307/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay, hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulmasının hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlanması qət edilmişdir (hakim Emin Abdullayev).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı övladları üçün hər ay 250 manat olmaqla, cəmi 500 manat manat sabit pul məbləğində aliment tələb etsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdehin təqdim etdiyi arayışda onun rəsmi əmək haqqının 648 manat təşkil etdiyi göstərilmişdir. Eyni zamanda cavabdehdən başqa nikahdan olan uşağının saxlanması üçün məhkəmə qətnaməsinə əsasən hər ay 193 manat aliment tutulur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 04.07 2023cü il tarixli, e-2(060)-2988/2023 qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 04.07 2023-cü il tarixli, e-2(060)-2988/2023 qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh bir valideyn kimi uşaqların saxlanılmasında iştirak etməlidir,o məhkəməyə iş yeri barədə arayış təqdim edərək alimentin həmin arayışa əsasən hər uşağa 130 manat olmaqla 2 uşağa görə 260 manat məbləğində tutulmasına razı olduğunu məhkəmədə bildirir. Bundan başqa cavabdeh digər nikahda olduğu uşağa görə ondan tutulan 193 manat aliment, 50 manat 3 yaşa kimi maddi yardım, uşağın doğum və müalicə xərclərinin də ondan tutulmasına dair Bakı şəhəri Suraxanı Rayon Məkəməsinin qətnaməsinin surətini təqdim etmiş və lakin göründüyü kimi cavabdeh həmin qətnamə ilə razılaşaraq ondan şikayət verməmişdir. Lakin hazırda onun yanında olan uşaqlara görə 130 manat aliment verməyə razı olduğunu bildirir, halbuki iddiaçının yanında olan uşaqlar məktəb yaşlıdırlar və onların maddi təminatlarını təmin etmək bir valideyn kimi cavabdehin də borcudur və hazırda iddiaçının yanında olan 2 uşağın saxlanılması üçün cavabdehin ödədiyi aliment digər 1 uşağın saxlanılması üçün ödədiyi alimentdən azdır. Məhkəmə ilk öncə uşaqların mənafeyini və iddiaçının heç yerdə işləmədiyini nəzərə alaraq alimenti elə bir məbləğdə təyin etməli idi ki, bu məbləğ uşaqların minimal təminatını ödəyə bilsin ki, həmin məbləğ də respublika üzrə 1 uşaq üççün 220 manat təşkil edir, lakin məhkəmə cavabdehin dəlillərini nəzərə alaraq alimenti az miqdarda artıqmaqla hər uşaq üçün 170 manat məbləğinndə müəyyən etmişdir. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Övladları üçün hər ay 250 manat olmaqla, cəmi 500 manat manat sabit pul məbləğində aliment tələb etmiş və məhkəmə araşdırması zamanı iddiaçının işləmədiyi müəyyən olunmuşdur. Lakin məhkəmə bu halda hər uşağa heç olmasa minimum dolanışıq məbləğində belə alimiment qət etməmiş,bu da uşaq hüquqlarının pozulmasına səbəb olmuşdur. Əgər cavabdeh həqiqətən də uşaqların maddi ehtiyaclarını qarşılamağa narazı deyildirsə, onda necə olur ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə bir uşaq üçün qət edilmiş 193 manat aliment, 50 manat maddi yardımla razılaşır, lakin məhkəmədə iddiaçının yanında olan uşaqlar üçün alimentin cüzi məbləğdə artırılmasına razı olduğunu bildirir, halbuki mediasiya prosesində hər uşağa 150 manat artırmağa razı olduğunu bildirmiş, tərəflər arasında razılaşma olmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh Vəliyyədin oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianı qəbul etmir, belə ki, yeni nikaha daxil olmuşdu. Həmin nikah da pozulub. Məhkəmə qətnaməsinə əsasən həmin nikahdan olan uşağın saxlanması üçün 193 manat aliment tutulur. İddiaçıya hər uşağa görə 130 manat aliment ödəyə bilər. Maddi imkanı alimentin ödənilməsinə imkan vermir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırır ki, 08 avqust 2022-ci il tarixindən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşıdır, hal-hazırda Agentliyin Zəngilan regional mərkəzində sürücü vəzifəsində işləyir. Aylıq əmək haqqı 648 (altı yüz qırx səkkiz) manat təşkil edir. Vergilər və sığorta ödənişləri çıxıldıqdan sonra hər ay 550 manat əmək haqqı alır. Aliment tutulduqdan sonra ona hər ay cəmi 15 manat pul qalır. Bu da onun çətin olan maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Maddi imkanında heç bir dəyişiklik olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, müəyyən olunmuş məbləğ uşaqları təmin etmək üçün çox azdır. Bir uşaq üçün yaşayış minimumuna nəzərən alimentin tutulmasını xahiş edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 04.07 2023-cü il tarixli, e-2(060)-2988/2023 qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəfin apellyasiya şikayətini qəbul etmir və qeyd edir ki, hüquqlarını müdafiə etdiyi şəxs işləmir və uşaqlarına baxır. Cavabdeh mediasiya mərhələsində 150 manat aliment təklif etsə də bununla razılaşmayıblar. Qarşı tərəf təkrar nikaha daxil olub və həmin nikahdan olan uşağa 193 manat aliment ödəyir. Deməli onun ödəniş qabiliyyəti var, sadəcə olaraq övladlar arasında fərq qoyur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 04.07 2023-cü il tarixli, e- 2(060)-2988/2023 qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
13. Cavabdeh Vəliyyədin oğlu teleqramla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
16. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız alimentin məbləği hissəsində mübahisələndirir. Həmçinin cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, alimentin məbləğini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən olunmuş alimentin məbləğinə dair hissədə müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Cavabdehin nümayəndəsi, atası X4 məhkəmə iclasında bildirdi ki, cavabdeh yeni nikaha daxil olub. Həmin nikah da pozulub. Məhkəmə qətnaməsinə əsasən cavabdehdən həmin nikahdan olan uşağın saxlanması üçün 193 manat aliment tutulur. Cavabdeh iddiaçıya hər uşağa görə 130 manat aliment ödəyə bilər.
23. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1974-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1985-ci ildə, Zəngilan rayonu, Ağalı kəndində anadan olmuşdur. O, Zəngilan rayonu, Ağalı ərazi dairəsi, Ağalı kəndində qeydiyyatdadır.
24. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X8 xx.xx.2009-cu ildə, X9 xx.xx.2011-ci il ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır.
25. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci tarixli, 2(060)-4307/2017 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdehdən hər ay 110 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub xx.xx.2009-cu il tarixdə doğulmuş X3 və hər ay 110 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya verilməsi qət edilmişdir.
26. 177981 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikahın pozulması xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.
27. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən cavabdeh 08 avqust 2022-ci il tarixindən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşıdır. Hal- hazırda o, Agentliyin Zəngilan regional mərkəzində sürücü vəzifəsində işləyir və aylıq əmək haqqı 648 manat təşkil edir.
28. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)4381/2022 saylı qətnaməsi ilə X5 ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X7 X1 yanında qalması, cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün xx.xx.2022cİ il tarixdən başlayaraq, hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi, doğum və müayinə xərclərinin yarısı - 778 manat pulun cavabdehdən tutularaq X2 ödənilməsi və cavabdehdən uşağın 3 yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 50 manat məbləğində pul vəsaitinin tutularaq X2 verilməsi qət edilmişdir.
29. İddiaçı övladları üçün hər ay 250 manat olmaqla, cəmi 500 manat manat sabit pul məbləğində aliment tələb etsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdehin təqdim etdiyi arayışda onun rəsmi əmək haqqının 648 manat təşkil etdiyi göstərilmişdir. Eyni zamanda cavabdehdən başqa nikahdan olan uşağının saxlanması üçün məhkəmə qətnaməsinə əsasən hər ay 193 manat aliment tutulur.
30. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
31. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 170 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.
34. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. 35 İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 2 uşağın saxlanılması üçün müəyyən edilmiş hər uşaq üçün 110 manat məbləğindəki aliment xx.xx.2017-ci ildə, yəni uşaqların müvafiq olaraq 8 və 6 yaşları olanda tutulmuşdur.
36. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki tərəfin maddi vəziyyətini nəzərə alınmaqla alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 170 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.
38. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə, cavabdehin hər uşaq üçün 220 manat aliment ödəmək qabiliyyətinin olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı qeyd edilənləri təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir.
39. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən uşaqları saxlamaq hər iki valideyinin borcu olduğundan yaşayış minimumu ilə müəyyən edilmiş 220 manat məbləğinin 170 manat hissəsi ata tərəfindən ödənildiyindən qalan hissə də ana tərəfindən ödənilməlidir.
40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi ikinci nikahından olan övladının saxlanması üçün 193 manat aliment müəyyən edilməsi, hər ay 550 manat əmək haqqı alması barədə dəlillərinə qiymət verərək qeyd edir ki, maddi vəziyyətinin aşağı olması, digər nikahından olan uşağa aliment ödəməsi cavabdehin uşağını saxlamaq öhdəliyindən azad etmir.
41. Həmçinin məhkəmə kollegiyası cavabdehin təklif etdiyi hər uşaq üçün 130 manat alimenin ödənilməsinə dair dəlilinə qiymət verərək qeyd edir ki, cavabdehin təklif etdiyi 130 manat məbləğində aliment uşağın qida və istirahəti üçün tələb olunan ehtiyacı baxımından yetərli deyil.
42. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
43. Göründüyü kimi qanunvericiliyin şərhi və tətbiqi təcrübəsi ilə bağlı qərarlarda valideyn rəsmi olaraq heç bir yerdə işləmədikdə və qazanca malik olmadıqda belə, o öz uşaqlarının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsi daşıyır.
44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətlərinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas sayıla bilməz.
45. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 04.07 2023-cü il tarixli, e-2(060)- 2988/2023 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Sumqayıt Şəhər Məhkəməsinin 04.07 2023-cü il tarixli, e-2(060)-2988/2023 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.