Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1810/2024 10.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X17 və X3 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3787/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Füzuli rayon VVADQ şöbəsində xx.xx.2006-cı il tarixdə bağlanmış, 50 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər atası İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər anası X6 yanında qalmaları, xx.xx.2021-ci ildən etibarən xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat miqdarında alimentin X7 tutularaq Cavabdeh verilməsi, Cavabdeh 5.250 manat pulun tutularaq İddiaçı ödənilməsi, ilkin iddia və qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(060)-70/2022 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya dair hissədə dəyişdirilməsi, xx.xx.2016-cı il təvəllüdlü X1 ilə bağlı Cavabdeh İddiaçı xeyrinə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması, alimentin əvvəlinin 21 fevral 2023-cü il tarixdən hesablanması, alimentin tutulması hissədə məhkəmə qətnaməsinin dərhal icra olunması qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-70/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin xeyrinə xx.xx.2021-ci ildən etibarən xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat miqdarında İddiaçı tutularaq Cavabdeh verilən alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə ondan-İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün hər ay 175 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında xx.xx.2006-cı il tarixdə bağlanılmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-70/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bu qətnamə ilə birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər atası İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalması, xx.xx.2021-ci ildən etibarən xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat miqdarında alimentin iddiaçı X7 tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 139/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsində dəyişiklik edilmiş, iddiaçının qarşılıqlı iddiası qismən təmin edilmiş və xx.xx.2006-cı il təvəllüdlü X1 ilə bağlı Cavabdeh İddiaçı xeyrinə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması, alimentin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanması və alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra olunması qət edilmişdir. Hazırda o, rəsmi olaraq "xxxx" MMC-də işləyir və onun vəzifə maaşı ayda 690 manat təşkil edir. Digər gəlir yeri yoxdur. Boşanandan sonra 2 uşaq cavabdehlə, 1 uşaq isə onunla qalması məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmişdir. Onunla qalan xx.xx.2006-cı il təvəllüdlü X10 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Biznes Universitetinin “Biznes və menecment” fakültəsinin marketinq ixtisası üzrə əyani şöbənin İ kurs tələbəsidir. Qızının təhsil haqqı ildə 2000 manat təşkil edir. O, birinci il üçün təhsil haqqını xx.xx.2023-cü ildə 1000 manat və xx.xx.2024-cü ildə 1000 manat olmaqla 2 dəfəyə ödəmişdir. Onun əmək haqqı buna kifayət etmədiyi üçün işlədiyi idarədən xx.xx.2023-cü ildə övladının təhsil haqqını ödəmək üçün 2000 (iki min) manat avans almış və buna görə hər ay onun maaşından 200 manat bu avansa görə tutulur. Beləliklə aylıq 690 manat əmək haqqından vergilər və s. tutulduqdan sonra qalan 618 manat qalır. Bu məbləğdən də 200 manat avansa görə tutulduqdan sonra ona cəmi 418 manat əmək haqqı qalır. Bunu da cavabdehin yanında qalan 2 uşaq üçün məhkəmənin müəyyən etdiyi (175+175) 350 manat alimentə verəndə onun əlində cəmi 418-350=68 manat vəsait qalır. Bu da öz növbəsində ümumi əmək haqqının (680 manat) 10% təşkil edir. Göründüyü kimi mövcud halda onun əmək haqqından tutulmalar 90% təşkil edir ki, bu da “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsinin tələbi ilə ziddiyyət təşkil edir, belə ki, həmin maddənin tələbinə görə əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Bildirir ki, hazırda cavabdehin yanında qalan 2 övladından biri - xx.xx.2012-ci il təvəllüdlü X4 Sərhəd Xidmətinin Xüsusi Məktəbində təhsil alır. Onun bütün ehtiyacları Azərbaycan Dövləti tərəfindən ödənilir, cavabdeh bu övladın saxlanılması üçün heç bir xərc çəkmir. Bu faktın təsdiq edilməsi üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xx.xx.2024 tarixli, 41/2024 saylı vəkil sorğusu göndərilmiş, lakin oradan telefon zəngi ilə bildirmişlər ki, sorğunu baş idarəyə göndərmək lazımdır. Buna görə həmin sorğu təkrar olaraq 12 mart 2024-cü il tarixində 44S/24 saylı məktubla Dövlət Sərhəd Xidmətinə göndərilmiş, həmin məktub xx.xx.2024-cü ildə həmin təşkilat tərəfindən alınsa da bu günədək cavab verilməmişdir. Bunu nəzərə alaraq Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə vəkil sorğularına cavab verilməməsi ilə əlaqədar 18/2024 saylı, xx.xx.2024-cü il tarixli şikayət ünvanlanmışdır. Cavabdehlə mübahisəni mediasiya vasitəsilə həll etmək istəyi cavabdehin mediasiyada iştirak etməməsi səbəbindən baş tutmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdehlə qalan 2 övladından biri üçün aliment ödənilməsi imkanı daxilində olduğunu məhkəmənin nəzərinə çatdırır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh də onun yanında qalan övladlarının yetkinlik yaşına çatmasına görə ona ödəməli olduğu alimentin ödənilməsindən azaddır.
5. İş materiallarında olan “AccessBank” tərəfindən verilmiş tranzaksiyadan görünür ki, Bakı Biznes Universitetinə X5 təhsil haqqı ilə bağlı 1000 manat məbləğində vəsait yüklənmişdir.
6. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə övladının təhsil haqqı ilə bağlı rəhbərliyə müraciət edərək əmək haqqından 2000 manat avans almışdır. Verilmiş avans məbləği hər ay 200 (iki yüz) manat əmək haqqından tutularaq ödəniləcəkdir.
7. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü tarixli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Biznes Universitetinin 207 nömrəli, 27 fevral 2024-cü il tarixli arayışından görünür ki, X10 Universitetin “Biznes və menecment” fakültəsinin marketinq ixtisası üzrə əyani şöbəsinin 1 -ci kurs tələbəsidir.
9. İş materiallarında olan Rabitəbank tərəfindən verilmiş 22 fevral 2024-cü il tarixli, V220224-1000 nömrəli qəbzdən görünür ki, X5 adına İddiaçı tərəfindən 1000 manat məbləğində vəsait yüklənmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-16/2-3824/24 nömrəli məlumatından görünür ki, X4 Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 6 “a” sinifində təhsil alır. Kursantların xüsusi məktəbdə təhsil müddəti 11-ci sinifi bitirinədək davam etdirilir. Kursantlar həftənin bazar ertəsindən cümə gününədək xüsusi məktəbdə qalır, hər həftənin cümə günü dərslərdən sonra evə buraxılır, yəni həftənin bazar ertəsi günü məktəbə qayıdırlar. Kursantların xüsusi məktəbdə təhsil aldıqları dövrdə ərzaq, hərbi geyim və tədris ləvazimatları ilə təminatı Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir.
11. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçı proqramçı vəzifəsində işləməklə 690 manat əmək haqqı alır.
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3787/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılması barədə iddiası təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aliment ödənilən cavabdeh azyaşlı uşaqları ilə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, iddiaçının həmin uşaqların saxlanılmasında onların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşaqlarının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməli olması baxımından onun qanunvericiliyin, həmçinin mənəvi cəhətdən valideyn borcu olmaqla, uşaqların mənafeyinə təsir göstərən amildir. Bundan əlavə, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeyinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə aliment tutularkən, tərəflərin maddi və ailə vəziyyətini, hər bir uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Bundan başqa, iddiaçı bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Göründüyü kimi iddiaçının maddi vəziyyətində olan dəyişiklik aliment məbləğinin azaldılmasına əsas olmamalıdır.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü, Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4, 78.1, 112.1-ci maddələrinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3787/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, iddiaçı məcburi köçkündür, 680 manat aylıq əmək haqqı alır, yanında qalan uşağın illik təhsil haqqı olan 2000 manatı iş yerindən aldığı kreditlə ayda 200 manat olmaqla ödəyir, cavabdehin yanında qalan uşaqlardan biri isə tam dövlət təminatındadır. Məhkəmənin gəldiyi nəticə işin göstərilən hallarına uyğun deyildir. Bunlar iddiaçının maddi durumunun pisləşməsini sübut edən dəlillər olmasına baxmayaraq məhkəmə qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
20. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
21. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
22. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
33. Qərarda (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
34. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda isə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyasının araşdırması zamanı “Elektron məhkəmə” informasiya sisteminə edilmiş sorğunun nəticəsinə əsasən cavabdehin gəlir məlumatlarından görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir, əmək haqqı 690 manatdır.
36. Cavabdeh tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin xx.xx.2024-cü il tarixli, 189 nömrəli arayışında qeyd edilmişdir ki, kursant X4 Sərhəd Xidməti Xüsusi Məktəbinin 7-ci sinfində təhsil alır. Həftənin 1-4-cü günləri DSX Xüsusi Məktəbində qalır, cümə, şənbə, bazar, tətil və bayram günlərində anasının himayəsində olur. Kursant B.Hüseynli evdə olduğu müddətdə bütün təminatlar və yol xərcləri ana tərəfindən aparılır.
37. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd etdiyi dəlillər onu uşağı saxlamaq, ondan ayrılıqda yaşayan uşağın minimum dolanacaq xərcləri həddində maddi təminatını ödəmək vəzifəsindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
40. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3787/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.