Məhkəmə qərarları › İş №2(105)-1815/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1815/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1815/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(067)-587/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(067)-587/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) iddiaçı “AtaSığorta” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 605 manat sığorta ödənişinin əvəzinin, görülən işlərin xərci 1400 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “AtaSığorta” açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, “AtaSığorta” açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək 605,00 manat sığorta ödənişi məbləğinin, 1400,00 manat işlərin görülməsi xərcinin və 30,00 manat dövlət rüsumunun, cəmi 2035,00 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “AtaSığorta” açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, “AtaSığorta” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında 18.03.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Vaz 2121” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 21.05.2019-cu il tarixdə “Vaz 2121” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xaçmaz rayonu, Mosu-oba kəndində yol-nəqliyyat hadisəsi törətmiş və “Toyota LC 150 Prado” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “AtaSığorta” açıq səhmdar cəmiyyəti 605,00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Xaçmaz rayon Polis şöbəsinin DYPB-nin “AtaSığorta” açıq səhmdar cəmiyyətinə təqdim etdiyi 27.05.2019-cu il tarixli, 160-10057-1219 saylı arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Hadisə ilə bağlı cəmiyyətə təqdim olunmuş Cavabdeh məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Vaz 2121” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Vaz 2121” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 605,00 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 07.10.2020-ci il tarixli, AS- SHTD-20/256 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək cəmiyyətə ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, qətnamə ilə mülki və prosessual hüquq normaları pozulmuş, məhkəmə işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, 22 noyabr 2016-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununun 34-cü maddəsinin 8-ci bəndinə əsasən xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Ona məxsus Rusiya Federasiyasının Cənubi Osetiya Respublikasının səlahiyyətli orqanı tərəfindən beynəlxalq standartlara uyğun verilmiş RSO seriyalı, 026081 saylı sürücülük vəsiqəsinin notariat kontorunda təsdiq edilmiş tərcüməsindən göründüyü kimi, həmin vəsiqə ona 02 avqust 2013-cü il tarixdə verilmişdir. O, 2015-ci ildə Azərbaycan Respublikasına gəlmişdir. Həmin faktiki hallara və 22 noyabr 2016-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanunun 34-cü maddəsinin 8-ci bəndinə əsasən ona məxsus RSO seriyalı, 026081 saylı sürücülük vəsiqəsi etibarlıq müddəti qurtaranadək Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Məhkəmə ona məxsus RSO seriyalı, 026081 saylı sürücülük vəsiqəsi ilə bağlı hüquqi məsələni, ümumiyyətlə, araşdırmamış, 22 noyabr 2016-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununun 34-cü maddəsinin 8-ci bəndini tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. 2015-ci ildən Azərbaycan Respublikasında yaşadığı dövrdə həmişə nəqliyyat vasitələrini idarə etmiş, sənədləri YPX əməkdaşları tərəfindən yoxlanılmış, lakin sürücülük vəsiqəsi ilə bağlı ona nöqsan bildirilməmişdir. Bundan başqa, 25.06.2019-cu il tarixli ödəniş qəbzindən göründüyü kimi, yol nəqliyyat hadisəsinə görə tərəfindən Xaçmaz rayonu, Pirquluoba poçt şöbəsi vasitəsi ilə Azərbaycan Respublikasının DİN-nin BDYPİ-nin hesabına 40 manat məbləğində cərimə ödənilmişdir. Yol nəqliyyat hadisəsinin araşdırmasını aparan Yol Patrul Xidməti RSO seriyalı, 026081 saylı sürücülük vəsiqə ilə bağlı ona hər hansı irad bildirməmişdir. İşlərin görülməsi xərci kimi tələb olunan 1400 manat məbləğində pulun hansı işlərin görülməsi və hansı mühasibat hesabatlarına əsaslandığı məlum deyildir. Ödəniş tapşırığının tərtib edilməsi kimi işin görülməsinə görə 1400 manat məbləğində pul tələbi ağlabatan deyildir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı “AtaSığorta” açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi görülən işlərin xərci kimi 1400 manatın tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AD seriyalı, 219683 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 2121” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı notariat kontorunda 24.07.2018-ci il tarixdə təsdiq edilərək 7E-15875 sayla reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, X6 “Vaz 2121” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi, qeydiyyata salmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi 27.07.2019-cu il tarixədək Cavabdeh etibar etmişdir. İş materiallarında olan RSO seriyalı, 026081 saylı sürücülük vasitəsinin surətindən görünür ki, Cavabdeh 02 avqust 2013-cü il tarixdən 02 avqust 2023-cü il tarixə kimi nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. İş materiallarında olan 18.03.2019-cu il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Vaz 2121” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil 18.03.2019-cu il tarixdən 18.03.2020-ci il tarixədək “AtaSığorta” açıq səhmdar cəmiyyəti tərəfindən sığortalanmışdır. İş materiallarında olan AB seriyalı, 892515 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota LC 150 Prado” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan inzibati xəta haqqında ******* saylı, 22.05.2019-cu il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 21.05.2019-cu il tarixdə idarə etdiyi “Vaz 2121” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu, Mosu-oba kənd yolunda geriyə hərəkət zamanı manevr qaydasını düzgün aparmamış, nəticədə özündən arxada dayanmış “Toyota LC 150 Prado” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 25.06.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh 40 manat cəriməni ödəmişdir. İş materiallarında olan 23.05.2019-cu il tarixli hesablamanın surətindən görünür ki, “Toyota LC 150 Prado” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 605 manat müəyyən edilmişdir. İş materiallarında olan 12.09.2019-cu il tarixli, 19-07802/08/AA-6548/19 saylı sığorta aktının surətindən görünür ki, “Toyota LC 150 Prado” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi 605 manat təşkil edir. İş materiallarında olan 13.09.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X2 hesabına 605 manat sığorta ödənişi keçirilmişdir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüqüqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şahadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, “Vaz 2121” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil 18.03.2019-cu il tarixdən 18.03.2020-ci il tarixədək “AtaSığorta” açıq səhmdar cəmiyyəti tərəfindən sığortalandığından, 21.05.2019-cu il tarixdə sığorta hadisəsi baş verdiyindən, həmin tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğundan və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddələri ilə təqsirli bilinib 40 manat cərimə edildiyindən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota LC 150 Prado” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 605 manat təşkil etdiyindən, bu məbləğ “AtaSığorta” açıq səhmdar cəmiyyəti tərəfindən sığorta ödənişi kimi X4 ödənildiyindən qətnamə bu hissədə qanuni və əsaslıdır. İddia ərizəsindən görünür ki, “AtaSığorta” açıq səhmdar cəmiyyəti cavabdehdən işlərin görülməsi xərci kimi 1400 manat tələb etmiş, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə də təmin etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “AtaSığorta” açıq səhmdar cəmiyyəti iddia ərizəsində tələbin bu hissəsini əsaslandırmamış, hansı işlərin görüldüyü, bu işlərin dəyəri, həmin işlərin reqres qaydasında tələblə bağlılığı barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsi üzrə düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi görülən işlərin xərci kimi 1400 manatın tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(067)-587/2021 saylı qətnaməsi qismən, görülən işlərin xərci kimi 1400 manatın tutulması hissəsində ləğv edilsin, bu hissədə iddia tələbi təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar