Məhkəmə qərarları › İş №2(105)-1819/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1819/2023

03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1819/2023 03.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndə və vəkili Vəkil iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)- 357/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı məhkəməyə müraciət edərək, uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2000-ci ildə nikah bağlamışdır. Birgə nikahdan üç övladları var. Onlardan ikisi yetkinilik yaşına çatmışlar. Onların nikahları 2021-ci ildə pozulmuşdur. Cavabdeh uşağın saxlanması üçün ona maddi yardım göstərmir. Cavabdehin maddi vəziyyəti yaxşıdır, aylıq qazancı ***-**** manat təşkil edir. Hal-hazırda övladları ödənişli ali təhsil alır. Hesab edir ki, cavabdehdən uşağının saxlanması üçün 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh məhkəməyə arayış təqdim etmişdir ki, guya 345 manat maaş alır, lakin bu arayış həqiqəti əks etdirmir. Cavabdehin “Muğanbank”dan aldığı 1400 manat pulu böyük uşaqları dövlət tərəfindən onlara çörək pulu üçün nəzərdə tutulmuş 60 manatı yığaraq hər ay banka 120 manat verməklə ödəmişlər.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)- 357/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov).

5. Birinci instansiya məhkəməsi 75.1, 78.1, 102-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(028)- 357/2023 saylı qətnaməsinin dəyişdirilməsini, alimentin əmək haqqının ¼ hissəsi həcmində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etmmişdir. Belə ki, iş materillarında olan arayışdan görünür ki, cavabehin rəsmi iş yeri var və Əmək haqqı 345 manat məbləğində təşkil edir. Göründüyü kimi cavabdehin rəsmi iş yeri var. Ona görədə hesab edir ki, aliment cavabdehin əmək haqqısının ¼ hissəsi miqdarında tutulmalıdır. Ailə Məcəlləsinin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə əmək haqqının ¼ hissəsi ı miqdarda aliment tutulur. Bundan əlavə qeyd edir ki, Gülər adlı şəxslə rəsmi nikahı və himayəsində iki övladı var. Belə olan halda hesab edir ki, məhkəmə bunu nəzərə almalıdır. Birinci instansiya məhkəməsində iştirakı təmin olunmadığından həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsində cavabdehin məhkəmə iclası barədə məlumatı olmadığından sübutları təqdim edə bilməmişdir. Məhkəmə 220 manat sabit pul məbləğində aliment tutulmasını qət edib. Cavabdeh cəmi 345 manat əmək haqqı alır və aliment kimi əmək haqqının ¼ hissəsi tutulmalıdır. Tərəf ikinci dəfə nikaha daxil olub. Yeni nikahdan da 2 övladı var. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)- 357/2023 saylı qətnaməsinin dəyişdirilməsini, alimentin əmək haqqının ¼ hissəsi həcmində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)- 357/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 175 manat məbləğində tələb edir. Həmin məbləğ «Azərbaycan Respublikasında 2021-ci il üçün X2» Azərbaycan Respublikası Qanuna uyğun olduğuna görə cavabdehdən bir uşağın saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. 100-cü maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

13. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

16. Məhkəmə kollegiyası qeyd edir ki, cavadbeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız alimentin məbləği hissəsində mübahisələndirir. Bu səbbədən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən olunmuş alimentin məbləğinə dair hissədə müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. İş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə Yusif adlı uşaq doğulmuşdur.

19. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında nikah Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

20. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin prosesi davam etdirməyə razılıq verməmişlər. İlkin mediasiya sessiyasınin keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödəmişdir.

21. İş materiallarında olan və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-in istismar sahəsinin 33 saylı marşrutunda əmək haqqı 345 manat olmaqla avtobus sürücüsü peşəsində işləyir.

22. Birinci instansiya məhkəməsi tərəflərin rəsmi nikahından olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab etmilşir ki, tərəfləriin birgə nikahından olan uşağın saxlanması üçün 150 manat sabit pul məbləğində aliment tutulmalıdır.

23. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, cavabdehin aylıq qazancının 345 manat olması, maddi vəziyyətinin aşağı olması, heç bir hal valideyni uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.

24. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

25. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

26. Bundan başqa, cavabdehin uşaq üçün aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutulması barədə dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin aylıq gəlirinin 345 manat olması nəzərə alınarsa, həmin məbləğin ¼ hissəsi 86,25 manat təşkil edir ki, bu da bir uşağın təhsil, qida və istirahəti üçün tələb olunan ehtiyacı baxımından yetərli deyil. 27.Belə ki, tərəflərin birgə nikahından olan uşağın 12 yaşı var, artıq o məktəblidir, müəyyən tələbatları vardır.

28. Bundan başqa qanunvericiliyə görə sabit pul məbləğində aliment tutulmasının bir əsası da uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin bu barədə xahişinin olmasıdır. Hazırki işdə də iddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş etmişdir.

29. Məhkəmə kollegiyası aylıq qazancının 1/4 miqdarında aliment tutulmalı olması barədə cavabdehin dəlili ilə bağlı əlavə olaraq onu da qeyd edir ki, iddiaçı alimenti məhz sabit pul məbləğində tələb edir. Ailə Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

30. Qanunvericiliyin şərhi və tətbiqi təcrübəsi ilə bağlı qərarlarda valideyn rəsmi olaraq heç bir yerdə işləmədikdə və qazanca malik olmadıqda belə, o öz uşaqlarının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsi daşıyır.

31. Bundan başqa apellyantın qazanc yerinin olmaması barədə dəlilləri də məhkəmə kollegiyası əsaslı saymır. Belə ki, cavabdehin qeyd etdiyi hallar onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir.

32. “X2” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

33. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, cavabdehin ünvanına rəsmi qaydada poçt vasitəsi ilə məktublar, eləcə də sms bildirişlər göndərilmiş, cavabdehin vəkili və nümayəndəsi (order və ütibarnamə - iş. V. 20-21) məhkəmə iclasında iştirak etmiş, cavabdehin nümayəndəsi tərəfindən əmək haqqı barədə arayış, eləcə də kreditlə bağlı hesabdan çıxarış təqdim edilmişdir. Sonuncu məhkəmə iclası barədə cavabdehin nümayəndə və vəkili Vəkil sms bildiriş vasitəsi ilə məlumatlandırılmışdır.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməli, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslı hesab edilməməlidir. Belə ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilməsi üçün üçün əsaslar mövcud deyil.

35. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə iddianı yuxarıda göstərilən qaydada təmin etməklə, uşağın saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən alınması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

37. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)- 357/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)- 357/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar