Məhkəmə qərarları › İş №2(105)-1826/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1826/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1826/2021 07.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdehlər: Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.V.Kazımov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2370 (iki min üç yüz yetmiş) manat məbləğində sığorta ödənişi və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkət ASC-nin xeyrinə verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Sığorta Şirkət ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BP Exploration (Caspian Sea) LTD” Şirkətinə məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomaşına vurulan ziyanın əvəzində 2370 (iki min üç yüz yetmiş) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat qırx qəpik) manat, cəmi 2400.40 (iki min dörd yüz qırx qəpik) manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 06 sentyabr 2014-cü il tarixdə idarə etdiyi “VAZ 2101” markalı ** BA *** dövlət nömrə nişanlı avtomaşınla Qusar şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən manevr qaydalarını pozmuş, “BP Exploration (Caspian Sea) LTD” Şirkətinə məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə həmin avtomaşına ziyan dəymişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan “VAZ 2101” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DİN BDYPİ-nin X5 iş üzrə Protokolunda öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı “xxxx” Firmasının təqdim etdiyi 09 saylı 12.09.2014-cü il tarixli Sifariş-Naryadına uyğun olaraq, həmin avtomobilə 2370 (iki min üç yüz yetmiş) manat ziyan dəymişdir. **********1 saylı sığorta müqaviləsinə və № 010324 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 2370 (iki min üç yüz yetmiş) manat sığorta ödənişi həyata keçirmişdir. Odur ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 2370 (iki min üç yüz yetmiş) manat dəymiş zərər məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual normalarını düzgün tətbiq etməmişdir. 06 sentyabr 2014-cü il tarixdə o, qardaşı Cavabdeh2 məxsus “VAZ 2101” markalı ** BA *** dövlət nömrə nişanlı avtomaşınla Qusar şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Həmin hadisə “Mitsubishi Pajero” markalı maşını idarə edən xarici vətəndaş olan Erikin ucbatından baş vermişdir. O, hadisə ilə bağlı 102-ə zəng etmişdir. Hadisə yerinə gələn Qusar rayon DYP-nin bölmə rəisi vəzifəsində işləmiş Hacı hadisənin onun təqsiri ucbatından baş vermədiyini və ona narahat olmamağını bildirmişdir. Lakin onun barəsində inzibati protokol tərtib edilmiş və o, 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Həmin cərimə keçmiş DYP bölməsinin rəisi Hacı tərəfindən ödənilmişdir. Həmçinin Hacı ona gələcəkdə sığorta ilə bağlı heç bir probleminin olmayacağını bildirmişdir. Avtomaşına dəymiş ziyan yüksək göstərilmişdir. Həmin məbləğlə razı deyil. Bundan başqa hadisə baş verən vaxtdan uzun müddət keçmişdir. Məhkəmə bunları nəzərə almamışdır. Qusar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(029)-224/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi N.N.Səmədova apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, sığorta şirkəti tərəfindən ödənilən zərər, cavabdehlərin hərəkətlərindən əmələ gəlməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə dəymiş ziyanın yüksək olması barədə dəlilə qiymət verərək, hesab edir ki, dəlil qəbul edilməzdir. Belə ki, iş materiallarında olan 010324 saylı Sığorta Aktının təsdiq edilmiş surətindən görünür ki, 06 sentyabr 2014-cü il tarixdə Qusar şəhəri H.Əliyev prospektində “VAZ 2101” marklı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış “Mitsubishi Pajero” (H027 367) avtomobillə toqquşmuşdur, cəmi 2370 (iki min üç yüz yetmiş) manat zərər dəymişdir. İşdə olan 4589 nömrəli, 23 sentyabr 2014-cü il tarixli Ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta tərəfindən “xxxx” Firmasına 2370 (iki min üç yüz yetmiş) manat ödənilmişdir. İşdə olan 31 yanvar 2020-ci il tarixli elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh1 CYP 399090 saylı 06.09.2014-cü il tarixli protokola əsasən Azərbaycan Respublikasının İXM-nin (qüvvədən düşmüş) 151.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Ödəniş qrafasında cərimənin ödənildiyi qeyd edilmişdir. İşə əlavə olan Qusar Rayon Məhkəməsi tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ünvanlanmış 04 fevral 2020-ci il tarixli G-029-77/2020 saylı cavab məktubundan görünür ki, Cavabdeh1 06.09.2014-cü il tarixdə törətdiyi inzibati xətaya görə 08.09.2014-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 151.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən “İddiaçı Sığorta” ASCyə ünvanlanmış 02 mart 2020-ci il tarixli 016-20347/220 saylı cavab məktubundan görünür ki, DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə “VAZ 2101” marklı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil 19.12.2007ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyata alınmışdır. Qeyd olunan avtomobil 03.11.2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. (nəqliyyat vasitəsinin mülkiyyətçisi dəyişdikdə verilmiş etibarnamə qüvvədən düşmüş hesab olunur). İşdə olan Qusar RPŞ tərəfindən verilmiş C4P-399090 saylı Arayışdan görünür ki, 06 sentyabr 2014-cü il tarixdə saat 16:10-da Qusar şəhəri H.Əliyev prospektində yol nəqliyyat hadisəsi nəticəsində Mitsubishi Pajero H027367 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısı əzilmişdir. İşdə olan Mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 06 sentyabr 2014-cü il tarixdə Cavabdeh2 məxsus “VAZ 2101” markalı ** BA *** dövlət nömrə nişanlı avtomaşınla Qusar şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən manevr qaydalarını pozmuş, “BP Exploration (Caspian Sea) LTD” Şirkətinə məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomaşına maddi zərər vurmuşdur. Cavabdeh1 06.09.2014-cü il tarixdə törətdiyi inzibati xətaya görə 08.09.2014-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin (qüvvədən düşmüş) 151.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilmişdir. İddiaçı Sığorta Şirkət ASC tərəfindən “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomaşına dəymiş zərərə görə 2370 (iki min üç yüz yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən (Reqres tələbi hüququ) sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, cavabdehə məxsus olan avtomobilin İcbari Sıgortası olmadıgı üçün, iddiaçı onlardan subroqasiya tələbi irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadıgından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin iş üzrə 25 fevral 2021-ci il tarixli 2(029)-224/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar