Məhkəmə qərarları › İş №2(105)-1828/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1828/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1828/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Talıbov Balamı̇ rzə Tofı̇ q oğlu Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(067)-877/2021 nömrəli qətnaməsindən iddiaçı Talıbov Balamı̇ rzə Tofı̇ q oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı Talıbov Balamı̇ rzə Tofı̇ q oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon məhkəməsinin 25.06.2020-ci il tarixli 2(067)-865/2020 saylı qətnaməsi ilə 17.01.2011-ci il təvəllüdlü X2 və 18.03.2012-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 60 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin 25.06.2020-ci il tarixli 2(067)-865/2020 saylı qətnaməsi ilə Cavabdeh ona qarşı sabit məbləğdə aliment tələbinə dair iddiası təmin olunaraq ondan 17.01.2011-ci il təvəllüdlü X2 və 18.03.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 140 manat olmaqla 280 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin zaman xəstə olduğundan mövcüd qətnamə ilə bağlı keçirilən iclaslarda iştirak edə bilməmişdir. Xaçmaz RMX-da “Şəkərli diabet tip İİ” diaqnozu ilə həkim-endokrinoloqun dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar tez-tez koma vəziyyətinə düşür, buna görə də əmək qabiliyyəti yoxdur. Cavabdeh isə uzun müddətdir ki hər ay 223 manat ünvanlı sosial yardım alır, ödənilən alimenti isə uşaqlara xərcləmir, müxtəlif şəxslərdən aldığı borc əvəzi kimi ödəyir. Hər uşaq üçün 50-60 manat olmaqla aliment ödəməyə maddi imkanı var, bundan atrıq ödəməyə imkanı yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Talıbov Balamı̇ rzə Tofı̇ q oğlu Xaçmaz rayon məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz RMX-da “Şəkərli diabet tip İİ” diaqnozu ilə həkim-endokrinoloqun dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar tez-tez koma vəziyyətinə düşür, buna görə də əmək qabiliyyəti yoxdur. Aylıq əmək haqqı 250 manat təşkil edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni aliment azaldılması üçün əsasların olmaması ilə əsaslandırmışdır. İddiaçı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, aliment valideynin övladının saxlanılması üçün uşaqları yanında qalan valideynə ödənilən müavinətdir. Həmin müavinət digər valideynə öz tələbatının ödənilməsi üçün deyil, himayəsində qalan övladlarının maddi tələbatının ödənilməsi, yemək və digər zəruri ehtiyaclarının ödənilməsində digər valideyinin də iştirakının təmin edilməsinə yönəldilir ki, uşaqların saxlanılması yükü bir valideynin üzərinə düşməsin. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladlarının saxlanılması üçün müəyyən edilən alimentin məbləği Xaçmaz rayon məhkəməsinin 25 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamənin çıxarıldığı vaxtdan hazırkı müddətə cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasına, o cümlədən maddi vəziyyətinin daha da yaxşılaşmasına dair hər hansı bir sübut iddiaçı təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, uşağın saxlanılmasından ötrü maddi və mənəvi tələbatının ödənilməsi üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. İddiaçı övladının saxlanılması üçün müəyyən edilmiş hər ay hər uşağa görə 140 manat məbləğində alimentin azaldılmasını xahiş etsə də, qeyd edilən məbləğin azaldılması uşaqların mənafeyinə uyğun olmamaqla onların təminatlarının azaldılmasını qaçılmaz edəcəkdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan 280 manat miqdarında alimentin azaldılaraq hər ay iki uşağın hər birinə 60 manat olmaqla ümumilikdə 120 (yüz iyirmi) manat miqdarda tutulması təşkil edir (280- 120=160 manat). Həmin azalmanın bir il ərzində məcmusu isə (160 X 12 ay = 1920 manat) 2000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı Talıbov Balamı̇ rzə Tofı̇ q oğlunun apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamədən qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar