Məhkəmə qərarları › İş №2(105)-1839/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1839/2024

12.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1839/2024 12.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin ləğv edilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(060)-2902/2008 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli, 2(060)-2902 saylı qərardadı ilə ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(060)-2902/2008 nömrəli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) Cavabdeh2 mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilməmişdir.

3. Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2902/2008 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(060)-2902/2008 saylı qərardadının ləğv edilməsini, ərizəsinin təmin edilməsini, əks təqdirdə şikayətinə baxılması üçün işin Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(060)-2902/2008 nömrəli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2902/2008 saylı, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2902/2008 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Şikayətin dəlilləri

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qanunsuzdur, əsassızdır və aşağıda göstərilən dəlillərə görə ləğv edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 iyun 2009-cu il tarixli, 2(105)- 482/2019 saylı Qətnaməsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2008-ci il tarixli Qətnaməsi qismən ləğv edilmişdir. “Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 17 dekabr 2008-ci il tarixli qətnaməsi Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddiaları hissəsində ləğv olunsun. Cavabdeh2nın qarşılıqlı iddiası qismən təmin edilsin, Cavabdeh1 Cavabdeh2 xeyrinə 36500 manat tutulub verilsin. Cavabdeh1 qarşılıqlı iddiası qismən təmin olunsun, İddiaçıdan T.S.Kazımovadan və E.S.Kazımovadan Cavabdeh1 xeyrinə 5500 ABŞ dollarının manatla məzənnəsi tutulub verilsin. İddiaçı cavabdehlərə qarşı mənzildən çıxarılma barədə iddiası təmin olunsun və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 mübahisəli mənzildən çıxarılsınlar, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydin ləğv edilməsi, qeydin bərpa olunması, cavabdehlərin mənzildən və pasport qeydiyyatından çıxarılmaları, habelə Cavabdeh1 Cavabdeh2nın xeyrinə və İddiaçı Cavabdeh1 xeyrinə yuxarıda göstərilən pul məbləğlərinin tutulması hissələrində qətnamə eyni vaxtda icra olunsun.” - qətnamənin qət hissəsində göstərilmişdir. Qətnamə qüvvəsini almışdır, icra edilməsi üçün Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qərardadına əsasən Cavabdeh2 ərizəsi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qətnaməsi ilə Cavabdeh2 ödənilməli olan pul məbləği indeksiya olunaraq 2019-cu ilin oktyabr ayınadək istehlak qiymətlərinin artması nəzərə alınmaqla hesablanmış, 61201.33 manat pul vəsaiti Cavabdeh1 tutularaq Cavabdeh2 ödənilməsi müəyyən edilmişdir. Qərardad qüvvəsini almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(105)-148/2021 saylı qərardadına əsasən Cavabdeh1 ərizəsi qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2009-cu il tarixli, 2(105)-482/2009 saylı qətnaməsi ilə Cavabdeh1 ödənilməli olan pul vəsaiti indeksasiya edilərək, borclular İddiaçı, X3 və X4 Cavabdeh1 xeyrinə manatla məzənnə üzrə 15505 (on beş min beş yüz beş) ABŞ dolları tutulması müəyyən edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-586/2023 saylı qərardadına əsasən Cavabdeh2 ərizəsi təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərardadı ilə Cavabdeh2 ödənilməli olan pul məbləği indeksiya olunaraq 2019-cu il tarixdən xx.xx.2023 il tarixədək Dövlət Statistika Komitəsinin məlumatına əsasən hesablanmış 84090.62 manat pul vəsaitini Cavabdeh1 tutularaq Cavabdeh2 ödənilməsi qərara alınmışdır. Qərardad qüvvəsini almışdır. İcra işinin materiallarından görünür ki, tələbkar İddiaçı Cavabdeh1 pulu qaytarmaq imkanı yoxdur. Eyni zamanda Cavabdeh1 ona pulu qaytarmaq imkanı yoxdur. İcra işində o, nəinki bir tərəfdən borclu, hətta o biri tərəfdən tələbkar da hesab edilir. Artıq 15 ilə yaxındır ki, icra sənədini icra etmək mümkün olmamışdır. İcra məmuru icra sənədini icrası mümkün olmadığından icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, müvəqqəti təminat tədbirlərinin ləğv olunması yalnız qətnamənin icrası ilə bağlıdır. Burada məhkəmə MPM-ni 162.4-cü maddəsinə istinad etmişdir. Qeyd edir ki, İcra haqqında qanunun 70.4-cü maddədə deyilir “ İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.” MPM-nin 162.4-cü maddəsində göstərilib ki, “iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır.” Bir tərəfdən məhkəmə qərarını icra etmək mümkün deyil, digər tərəfdən MPM-nin 162.4-ci maddəsində “müvəqqəti təminat tədbirinin ləğv edilməsi” məhkəmə aktının icrası ilə şərtləndirmişdir. Qanunun tətbiq edilməsində məqsəd, onda ifadə edilən dövlətçilik iradəsinin həyata keçirilməsidir, normanın tətbiqedilmə prosesində bu iradə dəqiq üzə çıxarılmalı, sonra isə müvafiq məhkəmə aktında həyata keçirilməlidir. Buna görə də hüquqi, maddi və ya prosessual normanın tətbiqi onun məzmununun qabaqcadan aydınlaşdırılmasını nəzərdə tutur. Bu tələbə istənilən normanın tətbiqində əməl edilməlidir, əks halda ədalət mühakiməsinin həyata keçirilməsində səhvlərə yol verilməsi qaçılmazdır. Qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. Qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. Məsələyə dair oxşar hüquqi mövqelər Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Məhkəmə dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması öz-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər (X11 Europa 7 S.R.L. və X8rşı iş üzrə 7 iyun 2012-ci il tarixli, §141; Gorzelik və digərləri Polşaya qarşı iş üzrə 17 fevral 2004-cü il tarixli, § 65; Rekvenyi Macarıstana qarşı iş üzrə 20 may 1999-cu il tarixli, § 34 Qərarları). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, norma o zaman öncə görülə bilən hesab edilir ki, o, dövlət orqanları tərəfindən edilə biləcək özbaşına müdaxilələrdən qorunmaq üçün tədbirlər nəzərdə tutsun (Böyük X1rşı iş üzrə 23 fevral 2017-ci il tarixli, § 109 və Xlyustov Rusiyaya qarşı iş üzrə 11 iyul 2013-cü il tarixli, § 70 Qərarları). Konstitusiya məhkəməsinə müraciətin səbəbi Mülki Prosessual Məcəlləsinin 162.4 maddəsi Konstitusiyaya uyğun olub-olmadığının qeyri-müəyyənliyidir. Tərəfindən məhkəməyə “icra sənədinin icrası mümkün olmadıqda (İcra haqqında qanunun 70.4), MPM–nin 162.4-ci maddəsində göstərilmiş “müvəqqəti təminat tədbirinin ləğv edilməsi” yalnız məhkəmə aktının icrası ilə şərtləndirilməsi müddəası Azərbaycan Respublikasının Konstitusiyasına, onun 12-ci, 60-cı (1-ci və 2-ci hissələr), 25-ci maddələrinə (1-ci hissə), 71-ci maddəsinə (2ci hissə) və 149 maddəsinə(1-ci hissəsinə) uyğun olub-olmaması predmeti üzrə sorğu ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edəsiniz” vəsatət vermişdi. Məhkəmə onun vəsatətini təmin etməyərək bildirdi ki, qanunvericilik konstitusiya məhkəməsinə müraciət etmək hüququnu məhkəmənin mülahizəsinə buraxmışdır. Nəticədə o, müdafiəsiz qalmışdır. Lakin bu fikir yanlışdır. Əgər qanunverici bunu nəzərdə tutmuşsa onda hazırkı halda vətəndaşların dövlətə qarşı inamının qorunub saxlanılması prinsipləri pozulmuş olardı. Konkret işdə tətbiq edilmiş və ya təqdim edilməsi vacib sayılan qanunun konstitusiyaya uyğunluğunun yoxlanılması barədə tələblə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müraciətinə yalnız onun hüququ kimi baxıla bilməz. Məhkəmə belə tələblə müraciət etməlidir ki, Azəbaycan Respublikasının Konstitusiyasına uyğun olmayan akt, konstitusiya ilə müəyyən edilmiş qaydada hüquqi qüvvəsini itirsin ki, onun gələcəkdə tətbiqi istisna olunsun. Məhkəmələrin bu vəzifəsi, müstəqil məhkəmə, konstitusiya səlahiyyəti orqanları kimi, onlara tapşırılmış insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsindən, o cümlədən qanun və məhkəmə qarşısında bərabərlikdən irəli gəlir və bu zaman Azərbaycan Respublikasının Konstitusiyasına və qanununa əməl olunur. Konstitusiya məhkəməsinə sorğu ilə müraciət etməməsi konstitusiya müddəalarına ziddir və Azərbaycan Respublikası konstitusiyasının aliliyini şübhə altına qoyur. Məhkəmə konstitusiya məhkəməsinə sorğu vermədən ədalət mühakiməsini həyata keçirə bilməz. Əgər “ədalətsizlik dərəcəsi” Azərbaycan Konstitusiyasının müddəaları, o cümlədən əsas konstitusiya hüquq və azadlıqlarını təmin edən müddəalar pozulmuş hesab edilə biləcək dərəcədədirsə və bundan başqa, bənzər təcrübənin gələcəkdə daha neqativ nəticələrə və hüquq tətbiq etmə təcrübəsində disbalansa gətirib çıxaracağı gözlənilirsə, ilkin olaraq Azərbaycan Konstitusiya Məhkəməsinə müraciət etmək üçün əsasın mövcudluğundan danışıla bilər. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktları Konstitusiyaya və ya qanunlara uyğun olmayan hesab edildikdə və bu aktlarla hüquq və azadlıqların pozulduğu müəyyənləşdirildikdə, sonrakı məhkəmə baxışı prosesi məhz yol verilmiş qanun pozuntularının aradan qaldırılmasına və pozulmuş hüquqların bərpasına yönəlməlidir. Hüquq və azadlıqlarının pozulduğu müəyyən edilmiş şəxslərin hüquqi vəziyyətini pisləşdirmək, onları süründürməçiliyə cəlb etmək üçün müvafiq məhkəmə instansiyalarında işə yenidən baxılmasını təşkil etmək yolverilməzdir. Belə halların baş verməsi konstitusiya prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda konstitusiya işinin əsasını təşkil edən məsələ üzrə digər tərəfin hüquq və azadlıqlarının müdafiəsi, işin tam araşdırılmamış hallarının aydınlaşdırılması, məhkəməyə müraciət (məhkəmə müyəssərliyi) hüququnun pozulduğu halların xüsusiyyətləri nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair şikayətlərə baxılması normativ hüquqi aktların məhkəmə tərəfindən düzgün tətbiq və ya şərh edilməsi ilə bağlıdır. Konstitusiya məhkəmə icraatı zamanı nəinki Konstitusiyanın aliliyinin təmin edilməsi, həm də hüquq və azadlıqların məhdudlaşdırılmasının mövcudluğu, eləcə də belə məhdudiyyətlərin mümkün hədləri ilə əlaqədar məsələlər həll olunur. Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsi tərəfindən hər hansı bir aktın Konstitusiyaya uyğun olub-olmaması faktının təsdiq edilməsi özü-özlüyündə nəinki həmin aktı qəbul etmiş orqan, həmçinin digər normayaradıcı və ya məhkəmə orqanları üçün preyudisial əhəmiyyətə malik xüsusi fakt kimi qəbul edilə bilər. Normayaradıcı orqanlara münasibətdə Konstitusiya Məhkəməsinin qərarının preyudisial əhəmiyyəti onda ifadə olunur ki, Konstitusiyaya uyğun olmayan hesab edilmiş normativ hüquqi aktla eyni məzmunlu aktın yenidən qəbul edilməsi yolverilməzdir. Normativ hüquqi aktın hər hansı müddəasının Konstitusiyaya uyğun olmadığı faktının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilməsinin preyudisial əhəmiyyəti məhkəmələr tərəfindən digər aktlarda təsbit olunmuş oxşar müddəaların tətbiq olunmasını da qeyri-mümkün edir. Bununla bağlı məsələnin digər tərəfi ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi məhkəmə aktının Konstitusiyaya uyğun olub-olmaması faktını təsdiq etdikdə, bu hal nəinki baxılmış iş üzrə məhkəmələr üçün, habelə başqa işlərə baxan məhkəmələr üçün preyudisial əhəmiyyətə malikdir. Konstitusiya hüquqlarının məhdudlaşdırılması bu cür məhdudiyyətlərin konstitusiya ilə tanınan məqsədləri üçün zəruri və onlarla ölçülə bilən olmalıdır; konstitusiya normaları onlarla nəzərdə tutulan hüquqların qanuni şəkildə məhdudlaşdırılmasına yol verdiyi halda, o, bu və ya başqa hüququn mahiyyətinə toxunacaq və onun real məzmununun itirilməsinə səbəb olacaq nizamlama həyata keçirə bilməz; konstitusiya ilə bəyənilən məqsədlərə uyğun olaraq bu və ya başqa hüququn məhdudlaşdırılmasına yol verildiyi halda, dövlət, konstitusiya ilə qorunan dəyər və maraqların balansını təmin edərək, həddən artıq deyil, yalnız zəruri və bu məqsədlərin ciddi şəkildə şərtləndirdiyi tədbirləri istifadə etməlidir. İctimai maraqlar, əgər yalnız bu cür məhdudiyyətlər ədalətliliyin tələblərinə cavab verirlərsə, konstitusiya nöqteyinəzərindən əhəmiyyətli dəyərlərin, o cümlədən başqa şəxslərin hüquq və qanuni maraqlarının, qorunması üçün adekvat, proporsional, müvafiq və zəruridirlər. Bütün şübhəli hallarda məhkəmə iş üzrə icraatı istənilən mərhələdə dayandırmaq və bu aktın konstitusiyaya uyğunluğu barədə tələblə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malikdir. Bərabərlik prinsipi bütün insanların qanun və məhkəmə qarşısında bərabərliyini nəzərdə tutur. Dövlət öz vətəndaşlarını eyni dərəcədə və heç kim üçün istisna olmadan hüquqlarla və azadlıqlarla təmin edir. Cinsindən, irqindən, mənşəyindən, dilindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən və digər hallardan asılı olaraq ayrıseçkiliyə yol verilmir. Lakin bərabərlik prinsipi yalnız şəxsiyyətə bərabər imkan və hüquqların verilməsi deyil, həm də müvafiq vəzifələrin tapşırılması deməkdir. Ayrıseçkiliyin bütün növlərinin və formalarının qadağan edilməsi yalnız dövlətin öz vətəndaşlarına deyil, həm də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. İnsanın hüquq və azadlıqlarının dövlət müdafiəsi prinsipi dövlətin effektli müdafiə sistemini yaratmaq, onun üçün xüsusi hüquqi prosedurlar işləyib hazırlama vəzifəsindən irəli gəlir. Məhz dövlət müdafiəsi insan hüquqları institutuna xüsusi etibarlılıq verir. Lakin dövlətin özü də insan haqlarının pozucusu ola bilər. Burada qeyri-hüquqi aktların çıxarılmasına və insan hüquqlarını və azadlıqlarını təsbit edən aktların həyata keçirilməsi sahəsində fəaliyyətsizliyə görə dövlət orqanlarının və vəzifəli şəxslərin məsuliyyəti oxşar pozuntulara qarşı ciddi zəmanət ola bilər. Bu cür məsuliyyət yalnız dövlətdaxili qanunvericiliklə deyil, həm də beynəlxalq sənədlərlə nəzərdə tutulmuşdur. Tətbiq edilməli olan sənədlərin konstitusiya baxımından təfsir edilməsi məhkəmə praktikasında təmin edilməlidir; məhkəmə praktikasında bu və ya digər qanunlara onların əsasında həyata keçirilən konstitusiya hüquqlarının pozulmasına səbəb olan hüquqi normativ əhəmiyyətin verilməsinə yol verildiyi hallarda, bu qanunların konstitusiya normalarına zidd olan mənada tətbiqini və təfsirini istisna etmək üçün Konstitusiya Məhkəməsi tərəfindən həll edilməli olan Konstitusiyaya uyğun olub-olmaması sualı yaranır. Qanuna əsasən, icra sənədinin icrası mümkün olmadıqda icra sənədi geri qaytarılmasına icra məmurunun vəzifəsidir. İcra məmurunun icra sənədinin geri qaytarılması haqqında qərarı qüvvəsini almışdır və icra icraatının iştirakçıları tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə bunu nəzərə almaq istəmədi. İnsanın və vətəndaşın hüquq və azadlıqlarının həyata keçirilməsi özünün obyektiv həddi qismində digər şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsinə yol verməməyə, onların konstitusiya baxımından zəmanət verilmiş maraqlarına zərər verməyə malikdirsə, qanunverici, məhkəmə müdafiəsi kimi məhkəmə qərarlarının icrasının lazımi qaydada təmin edilməsi və kreditorun (tələbkarın) və borclunun (cavabdehin) hüquqlarının bərabər səviyyəli məhkəmə müdafiəsini təmin edən şərtlərin yaradılması üçün zəruri tədbirləri görməklə, ona əsaslanmalıdır ki, onların qanuni maraqlarında yaranan toqquşmalar istənilən halda özünün konstitusiya baxımından eyni əhəmiyyətə malik olan digər hüquqları pozmaqla bəzi hüquqların müdafiə olunması yolu ilə aşıla bilməz, yəni belə hallarda vətəndaş vəziyyətinin həmin iştirakçılarının hüquqları və qanuni maraqları konstitusiya dəyərlər balansı əsasında mütənasib (proporsional) müdafiə əldə etməlidir. Tələbkarların və borcluların maraqlarının toqquşmasının məhkəmə tərəfindən həllinin normativ hüquqi baxımdan tənzimlənməsinə uyğun olaraq, bu, xüsusilə, icra sənədlərinin qanunverici tərəfindən müəyyən edilən təqdim edilmə müddətlərinin tələbkarın konstitusiya hüquqlarının müdafiəsinin maraqlarına cavab verməsi deməkdir, lakin onlar borclunun mahiyyəti heç bir halda itirilməməli olan konstitusiya hüquqlarının əsas məzmununa toxuna bilməz. İcra sənədlərində olan tələblərin məcburi qaydada icrası xüsusi qanunvericiliklə, o cümlədən məhkəmə aktlarının, digər orqanların və vəzifəli şəxslərin aktlarının düzgün və vaxtlıvaxtında icra olunmasını icraat vəzifələrinə aid edən “İcra haqqında” qanunla tənzimlənir. İcraat göstərilən qanuna əsasən icra hərəkətlərinin icra olunmasının və məcburi icra tədbirlərinin görülməsinin qanuniliyi, vaxtlı-vaxtlılığı, vətəndaşın şərəf və ləyaqətinə hörmət olunması, borclu vətəndaşın və onun ailə üzvlərinin yaşaması üçün vacib olan minimum əmlakın toxunulmazlığı, tələbkarın tələblərinin və məcburi icra tədbirləri prinsipləri əsasında həyata keçirilir. İcraata başlama, dayandırılma, xitam verilmə və başa çatdırılma şərtlərini və qaydalarını müəyyən etməklə, “İcra haqqında” qanun xüsusi olaraq onu nəzərdə tutur ki, başladılmış icra, icra sənədində olan tələblərin faktiki icrası ilə əlaqədar olaraq, habelə, 23-cü maddədən irəli gəldiyi kimi, zəruriliyinin həm borcluya, həm də tələbkara aidiyyəti olduğu icra sənədi tələbkara geri qaytarıldığı hallarda (maddə 23) məhkəmə icra məmuru tərəfindən başa çatdırıla bilər. Göstərilən səbəblərdən istənilən biri olduğu halda icra məmuru “İcra haqqında” qanunun 23-cü maddəsinə uyğun olaraq icraatın başa çatması və icra sənədinin tələbkara qaytarılması barədə qərar qəbul etməlidir və bu da 23-cü maddənin nöqteyi-nəzərindən icra sənədinin icrası üçün həmin qanunun 23-cü maddəsinin müəyyən etdiyi müddət ərzində təkrar təqdim edilməsi üçün maneə deyildir: məhkəmə aktları əsasında məhkəmə tərəfindən verilmiş icra vərəqələrinə münasibətdə belə müddət ümumi qaydaya görə məhkəmə aktının qüvvəyə mindiyi gündən etibarən üç il təşkil edir. Eyni zamanda icra sənədinin geri qaytarılması üçün əsasları nəzərdə tutan “İcra haqqında” qanun, o cümlədən tələbkarın ərizəsi icra məmuruna icraatı gələcəkdə davam etmək hüququnu vermirsə, bu mənada onlar belə icraatı mümkünsüz edir. Mülki (inzibati) məhkəmə icraatının dispozitiv başlanğıcı məhkəmə tərəfindən müdafiə olunmalı olan subyektiv hüquqların hüquqi-maddi təbiəti ilə şərtləşdirilmişdir; dispozitivlik prosessual münasibətlərin əsas etibarı ilə məhkəmə vasitəsilə prosessual hüquqları və mübahisəli maddi hüququ idarə etmək imkanı olan bilavasitə mübahisə iştirakçılarının təşəbbüsü ilə yaranması, dəyişməsi və bitməsi deməkdir, mülki məhkəmə icraatının digər prinsipləri ilə, o cümlədən Azərbaycan Konstitusiyası tərəfindən hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi ilə, tərəflərin rəqabətliliyi və bərabər hüquqlu olması ilə təsbit edilmiş prinsiplərlə birlikdə mülki işlər üzrə ədalətin məqsədlərini, ilk növbədə insanın və vətəndaşın hüquq və azadlıqlarının konstitusiya məqsədini ifadə edir. Dispozitivlik prinsipi ümumi qayda üzrə həm də mülki məhkəmə icraatı çərçivəsində qəbul edilmiş məhkəmə aktlarının məcburi icrası ilə bağlı olan prosessual münasibətlərə şamil edilir. Bu o deməkdir ki, icraat tərəfləri olan tələbkar və borclu onlara “İcra haqqında” qanunun 29-cu maddəsinin verdiyi hüquqlardan, o cümlədən icra materialları ilə taniş olmaq, vəsatət qaldırmaq, etiraz etmək, barışıq sazişi bağlamaq hüququndan və sairdən istifadə edibetməməyi sərbəst şəkildə müəyyən edirlər. Əgər icra sənədinin geri qaytarılmaması, həm də buna mövcud səbəblər icra sənədində olan tələbin müddət üzrə qeyri-məhdud olan məcburi icrasına və nəticə olaraq, konstitusiya hüquqi təminatlar nöqteyi-nəzərindən borclunun öz hüquqi mövqeyinə münasibətdə həddən artıq uzun müddət ərzində qeyrimüəyyənlik vəziyyətində qalmasına gətirib çıxara bilər. İcra sənədlərinin icra olunma üçün təqdim edilməsi tələbkarın konstitusiya hüquqlarının müdafiəsinin maraqlarına cavab verməlidir, lakin onlar borclunun konstitusiya hüquqlarının əsas mahiyyətinə toxuna bilməz, onların məğzi heç bir halda itirilməməlidir. Məhkəmə icra məmurunun “icra sənədinin geri qaytarılması barədə” qərarın qüvvədə olub olmaması barədə müzakirə etmədi. Yalnız tələbkar (borclu) İddiaçı etirazı olduğunu bildirdi. Ərizənin təmin edilməsi tələbkar (borclunun) etirazından asılı deyil, icra məmurunun “icra sənədinin qaytarılması barədə” qüvvəyə minmiş qərarından aslıdır. Mülki məhkəmə icraatının vəzifələrini anlamaq üçün onun məqsədinin araşdırılması zəruridir. Belə ki, mülki məhkəmə icraatının əsas məqsədi pozulmuş subyektiv hüquqların və qanunla qorunan mənafeyin bərpası üçün məhkəməyə edilən müraciətə vaxtında, keyfiyyətlə baxılması və həll edilməsidir. MPM-lə müəyyən edilən bütün prosessual normalar sistemi mülki işlər üzrə məhkəmə icraatının prinsiplərinin və vəzifələrinin həyata keçirilməsinə xidmət edir. Bu prinsiplərə ədalət mühakiməsini məhkəmənin həyata keçirməsi, qanun və məhkəmə qarşısında bərabərlik, hakimlərin müstəqilliyi və yalnız qanuna tabe olması, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasmda həyata keçirilməsi, aşkarlıq, məhkəmə icraatının azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılması və s. aiddir. Mülki məhkəmə İcraatınm vəzifələrinin yerinə yetirilməsi məhkəmənin hər bir mülki iş üzrə maddi və prosessual hüquq normalarına dönmədən əməl etməsindən çox asılıdır. Məhkəmə mülki prosesin bütün mərhələlərində qanunçuluğa əməl etməyə borcludur. Yalnız bu halda mülki məhkəmə icraatı qanunçuluğun möhkəmləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, vətəndaşların qanunlara dönmədən əməl etməsi və qanunlara hörmət ruhunda tərbiyə olunması ilə bağlı vəzifələrini yerinə yetirə bilər. Mülki işlərə məhkəmədə baxılması aşkarlığı prinsipinin tələblərinə əməl edilməsinin də bu vəzifələrin yerinə yetirilməsində böyük əhəmiyyəti var. Qeyd edilənlərə əsasən cavabdeh şikayətinin təmin edilməsini xahiş etmişdir.

Şikayətə qarşı etirazın dəlilləri

6. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 158.1.1. Məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Maddə 158.1.3. Məhkəmə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Maddə 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Maddə 162.4. İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

9. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(060)-2902/2008 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(060)-2902/2008 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(060)-2902/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, iş materiallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli, 2(060)-2902/2008-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 55, 35 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 iyun 2009-cu il tarixli, 2(105)- 482/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi hal-hazıradək icra olunmamışdır. Eyni zamanda icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3 və 23.1.5-ci maddələrinə əsasən Sumqayıt şəhər İcra İdarəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır.

12. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli, 2(060)-2902 saylı qərardadı ilə ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(060)-2902/2008 nömrəli qərardadı ilə Cavabdeh2 mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmıdır ki, müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. İş materialları ilə müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 iyun 2009cu il tarixli, 2(105)-482/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi hal-hazıradək icra olunmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddia təmin edildiyindən tətbiq edilmiş müvəqqəti təminat tədbiri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamalıdır. Belə ki, mübahisəli mənzilin üzərindən həbsin götürülməsi mənzillə bağlı yeni mübahisələrin yaranmasına səbəb ola, o cümlədən iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 30 iyun 2009-cu il tarixli, 2(105)-482/2019 nömrəli qətnaməsinin icrasını gələcəkdə ümumiyyətlə qeyri-mümkün edə bilər.

15. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir.

16. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(060)-2902/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar