Məhkəmə qərarları › İş №2(105)-184/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-184/2025

01.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-184/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdeh iştirakı işə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1441/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21043” markalı, 56BF449 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Skoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, yolnəqliyyat hadisəsi törətmişdir.

2. İş materiallarında olan **********1 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 122787 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, “Skoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır.

3. Rəsmi servis olan "xxxx" MMC tərəfindən təqdim edilən “İcra edilmiş xidmətlərə dair akt”a və elektron qaiməyə əsasən, “Skoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 9722.43 manat ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti dəymiş zərəri aradan qaldıraraq, xx.xx.2023-cü il tarixli, 10477 saylı ödəniş tapşırığına əsasən sığortalanmış “Skoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 9722.43 AZN (doqquz min yeddi yüz iyirmi iki manat qırx üç qəpik) sığorta ödənişini hesaba köçürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Skoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4625.28 manat ödənişin və iddianın qaldırılması üçün ödənilmiş 66.26 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21043” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, yolnəqliyyat hadisəsi törətmişdir. **********1 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 122787 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Rəsmi servis olan "xxxx" MMC tərəfindən təqdim edilən icra edilmiş xidmətlərə dair akta və elektron qaiməyə əsasən, “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 9722.43 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 10477 saylı ödəniş tapşırığına əsasən, sığortalanmış “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 9722.43 AZN (doqquz min yeddi yüz iyirmi iki manat qırx üç qəpik) sığorta ödənişini təmir ilə əlaqəli olaraq rəsmi servisin hesabına köçürmüşdür. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə, ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarında olan digər sənədlər: forma 4 arayışı, izahatlar, hadisənin sxemi də, mülki zərərin məhz cavabdeh tərəfindən vurulduğunu təsdiq edir. Lakin, inzibati tənbeh vermə haqqında qərarın əldə olunması ilə bağlı dəfələrlə polis orqanına sorğular yazılsa da, yekun prosessual qərar təqdim olunmamışdır. Habelə, işdə olan bütün materiallar mülki zərərin cavabdehin təqsiri üzündən baş verdiyini sübut edir, bunun üçün hər hansısa qərarın olması vacib deyil. Cavabdehin idarə etdiyi “VAZ 21043” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman "xxxx" ASC-də icbari qaydada sığortalı olduğundan, dəymiş zərərin 4897.15 manat hissəsi icbari sığorta tərəfindən iddiaçıya ödənilmişdir. Lakin, 200 manat azadolma məbləği çıxılmaqla, qalan 4625.28 manat sığorta ödənişi cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə həm pretenziya, həm də, şifahi qaydada müraciət edilsə də, ödənişi ödəməmişdir. İş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh tərəfindən vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 4625.28 AZN (dörd min altı yüz iyirmi beş manat iyirmi səkkiz qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.

6. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(074)-1441/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia tələbi təmin edilərək, “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4625.28 manat vəsait və ödənilmiş 66.26 manat dövlət rüsumunun Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21043” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, yol-nəqliyyat hadisəsi törətmişdir. **********1 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 122787 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Bununla da, iddiaçının sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan cavabdehə qarşı ödəmiş olduğu sığorta məbləği həddində subroqasiya hüququ yaranmışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə nəticəsində “Şkoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yalnız arxa sol qapısı və arxa sol qanadı əzilmişdir. Maşına əlavə hər hansı digər əzik, ziyan vurulmamışdır. “Şkoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə polis şöbəsində təklif etmişdir ki, maşınını Şamaxıda tam təmir etdirib ona versin. Lakin həmin şəxs razılaşmamış, bildirmişdir ki, özü təmir etdirəcək. Demişdir ki, onun maşınının sığortası kifayət edəcək ki, o, maşınını təmir etdirsin. Əlavə ondan heç bir tələbi yoxdur. Bu qaydada razılaşmışdırlar. Hadisədən təxminən bir il sonra (hadisə xx.xx.2022-ci ildə olmuşdur) İddiaçı Sığorta Şirkəti ASC ona məktub göndərmişdir ki, “Şkoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün onun sığortası kifayət etmədiyindən əlavə olaraq 4625,28 manat təmirə çəkilən xərci o ödəməlidir. O, telefon əlaqəsi saxlayarkən bildirmişdir ki, hadisə nəticəsində “Şkoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yalnız sol arxa qapısı və sol arxa qanadı əzilmişdir ki, bunun da bərpası onun sığorta pulu ilə təmiri kifayət etməli idi. Buna baxmayaraq İddiaçı Sığorta Şirkəti ASC Şamaxı Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmə iddia barədə ona məktub göndərmiş, onun iştirakı olmadan xx.xx.2024-cü il tarixdə iddianı tam təmin etmişdir. Qətnamənin surəti poçtla ona göndərilmiş, qətnamənin surətini 15 noyabr 2024-cü il tarixdə poçt vasitəsi ilə almışdır. Şamaxı Rayon Məhkəməsinin qətnaməsindən narazıdır, iddianı qəbul etmir. Belə ki, qeyd etdiyi kimi qəza nəticəsində “Şkoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yalnız arxa sol qapısı və arxa sol qanadı əzilmişdir ki, bunun da bərpası onun 5000 manat sığorta ödənişi ilə tam bərpa edilməli idi. Bir arxa qapı və bir arxa qanadın təmiri və ya dəyişdirilməsi 9722,43 qəpik edə bilməz. Ola bilsin maşının digər hissələrini də istifadə edib dəyişdiribsə bu qanunsuzdur, bunun pulu ondan tələb edilə bilməz. “Şkoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü ondan məlumatsız öz maşınını hansı qaydada təmir etdirməsi, maşının hansı detallarını dəyişdirtdirməsi, əlavə hansı işləri gördürməsi ona aydın deyil. Tələb edir ki, iş üzrə ekspertiza təyin edilsin, maşının əzilmiş hissələrinin özü və ilkin çəkilən fotoşəkilləri ekspertizaya təqdim edilsin, maşına hadisə nəticəsində dəymiş ziyan ekspert tərəfindən qiymətləndirilsin. Bundan sonra qəza nəticəsində “Şkoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan dəqiqləşdirilsin. Əgər maşına bu məbləğdə ziyan dəysəydi, o elə həmin gün bu maşınla Dəmirçi kəndinə, səhərisi gün də Bakı şəhərinə gedə bilməzdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazına qeyd etmişdir ki, zərərçəkənlə iddiaçı arasında bağlanan sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi almaq və zərər dəymiş nəqliyyat vasitəsini müvafiq markalı nəqliyyat vasitəsinin öz rəsmi servisində təmir etdirmək zərərçəkən şəxsin hüququdur. Sığorta hadisəsi nəticəsində digər tərəfin təqsiri nəticəsində əmlakına zərər dəyən vətəndaş həmin əmlaka dəymiş zərərin aradan qalxmasını sığorta şirkətindən və zərərvurandan tələb etməsi onun şəxsi seçiminə əsaslanır. İddiaçı ilə zərərçəkən arasında bağlanan **********1 saylı sığorta müqaviləsinin “Əlavə şərtlər və təminatlar” bölməsinin 2-ci bəndinə əsasən, sığorta hadisəsi nəticəsində sığortalanmış nəqliyyat vasitəsinin təmiri sığortaçının seçiminə əsasən, rəsmi təmir müəssisəsində həyata keçirilir. İş materiallarından görünür ki, həqiqətən də nəqliyyat vasitəsi öz rəsmi servisi olan "xxxx" MMC tərəfindən təmir edilmiş, təmirə uyğun ödəniş də rəsmi servisin hesabına köçürülmüşdür. Həmçinin məhkəməyə təqdim edilən “qiymətləndirməyə dəvət” məktubundan görünür ki, qanunvericilik belə bir öhdəlik müəyyən etmədiyi halda iddiaçı sığorta şirkəti tərəfindən cavabdehə məktub göndərilərək, zərərin qiymətləndirilməsi prosesinə dəvət edilmiş, lakin o bu proses də iştirak etməmişdir. Bununla belə, məhkəməyə ünvanlanan şikayət ərizəsində Cavabdeh formal mülahizələrə əsaslanmaqla, dəymiş zərərin şişirdilmiş olmasını qeyd etsə də, buna dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəqliyyat vasitəsinin öz rəsmi servisi olan MMCnin təqdim etdiyi aktın əsassız və şişirdilmiş olmasını sadəcə öz düşüncələri ilə əsaslandırmışdır ki, bu ekspertiza təyin edilməsi üçün əsas ola bilməz. Çünki servisin aktının yanlış olmasına şübhə yaradan hər hansısa bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bunlarla birlikdə qeyd etmişdir ki, sığorta şirkəti bir maliyyə qurumudur və dəymiş zərərdən artıq məbləğdə sığorta ödənişi etmək iddiaçı sığorta şirkətinin məqsədlərinə uyğun olmamaqla yanaşı onun üçün artıq maliyyə itkisidir və arzuolunmazdır. Bu halda mütəxəssis və ekspertlərdən təşkil olunmuş sığorta şirkətinin artıq pul ödəməsi ağlabatan deyildir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 883.2. Təkrarsığorta müqaviləsi təkrarsığortalının müvafiq təkrarsığorta haqqı ödəməsi müqabilində sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin təkrarsığortaçıya ötürülməsi və ya onunla bölüşdürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

16. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (...) 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (...)

17. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1441/2024 nömrəli qətnaməsi dəyişdirilməlidir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yuxarıda göstərilən yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli olması işin mübahisəsiz halıdır. Tərəflər arasındakı mübahisə isə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır.

28. İş materiallarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq “Skoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ümumilikdə 9722.43 manat sığorta ödənişi həyata keçirmişdir.

29. İş materiallarından görünür ki, iddiaçı “Skoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 4625.28 manat tələb edir.

30. Yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə görə İddiaçı Sığorta Şirkəti ASC-nin ödənilmiş sığorta ödənişi məbləğini subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Belə ki, iddiaçı sığorta şirkəti olaraq dəymiş zərərin əvəzini zərər çəkən şəxsə ödədiyindən, həmin vurulmuş zərərin əvəzini tələb etmək hüququ subroqasiya qaydasında ona keçir və onun zərər vuran şəxsdən zərərin əvəzini tələb etmək hüququ yaranır.

31. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, tərəflər arasında mövcud mübahisə üzrə düzgün nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə xx.xx.2025ci il tarixli, 2(105)-184/2025 nömrəli qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

32. Mərkəzi Ekspertiza Bürosu tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş rəydə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zədələnmiş “Skoda Rapid” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan xərclər iş materiallarında olan xx.xx.2023-cü il tarixli icra edilmiş xidmətlərə dair aktda 9.722,39 manat göstərilsə də, hazirki vaxta bu xərc 8.985,00 manat təşkil edir. Həmin qüsur aktında avtomaşının təmiri üçün tələb olunan xərclər siyahısında göstərilən ehtiyyat hissəsərinin və təmir xərcinin dəyəri 2025-ci ilin iyul ayina nisbətdə nəqliyyat ehtiyat hissələrinin qiymətlərində (3 il üçün – (2022-2025)) 20% bahalaşması nəzərə alınmış və ümumi qiymətlərə azalma verilmişdir. (8.985,00 – 20% = 7.188 manat). Beləliklə, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zədələnmiş “Skoda Rapid” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomabilə hazirkı vaxta ehtiyyat hissələrinin dəyəri və işçilik haqqı nəzərə alınmaqla cəmi 7.188 manat maddi ziyan dəymişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan Mərkəzi Ekspertiza Bürosu xx.xx.2025-ci il tarixli rəyi Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

34. İddiaçı Sığorta Şirkəti iddia ərizəsində dəymiş zərərin 4897.15 manat hissəsinin icbari sığorta tərəfindən iddiaçıya ödənildiyini, 200 manat azadolma məbləği çıxılmaqla, qalan 4625.28 manat sığorta ödənişinin ona ödənilməsini xahiş etmişdir.

35. Kollegiya hesab edir ki, Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli rəyi əsasında müəyyən edilmiş ziyan məbləğindən iddiaçıya icbarı sığorta tərəfindən ödənilmiş 4897.15 manat və 200 manat azadolma məbləği çıxılmaqla, vurulmuş zərərə görə 2090.85 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (7188-4897.15- 200= 2090.85)

36. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi vurulmuş zərərin məbləği hissəsində dəyişdirilməli, “Skoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2090.85 manat pul vəsaiti Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1441/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. “Skoda Rapid” markalı, 77PE589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2090,85 (iki min doxsan manat səksən beş qəpik) manat pul vəsaiti Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar