Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1876/2023 22.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Sumqayıt bələdiyyəsinin Cavabdeh qarşı icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Sumqayıt bələdiyyəsinin Cavabdeh qarşı icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5392/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Sumqayıt bələdiyyəsi Cavabdeh qarşı icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Sülh küçəsi, 36-cı məhəllə ərazisində yerləşən sahəsi 48.kv.m olan torpaq sahəsindən istifadəyə görə torpaq icarə müqaviləsi üzrə Sumqayıt bələdiyyəsinə 2023-cü ilin yanvar ayınadək yaranmış 1269.55 manat məbləğində icarə haqqı borcunun Cavabdeh tutularaq Sumqayıt bələdiyyəsinə ödənilməsi, toarpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5392/2023 saylı qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli torpaq icarə müqaviləsinin 5.4 və 5.5-ci bəndlərindən görünür ki, torpaq icarə müqaviləsinin dəyişdirilməsi, uzadılması və digər məsələlər tərəflərin razılaşması ilə mümkündür. Bu barədə digər tərəfə göndərilmiş sorğu və imtina isə yazılı şəkildə tərtib edilməlidir. Lakin iddiaçı Sumqayıt bələdiyyəsi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməsi barədə iddia ərizəsinə hər hansı sənəd əlavə etməmişdir.
4. Həmin qərardaddan iddiaçı Sumqayıt bələdiyyəsi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin Cavabdeh ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət edilməməsi barədə mövqeyinin hər hansı hüquqi əsası yoxdur. Sözügedən mübahisədə Sumqayıt bələdiyyəsinin iddia tələbi Sumqayıt şəhəri, Sülh küçəsi, 36-cı məhəllə ərazisində yerləşən sahəsi 48 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə torpaq icarə müqaviləsi üzrə Sumqayıt bələdiyyəsinə 2023-cü ilin yanvar ayınadək yaranmış 1269,55 manat məbləğində icarə haqqı borcunun Cavabdeh Qeybulla oğlundan tutularaq Sumqayıt bələdiyyəsinə ödənilməsi və icarənin müddəti başa çatmış torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsindən ibarətdir. Cavabdehin qanunvericiliklə müəyyən edilmiş qaydada sahibkar kimi vergi orqanında qeydiyyatdan keçmədiyini nəzərə alsaq, sözügedən məhkəmə mübahisəsinin kommersiya mübahisələrinə aid olmadığı da anlaşılır. Sumqayıt bələdiyyəsi tərəfindən nə müqavilənin uzadılması, nə də onun dəyişdirilməsi ilə bağlı məsələ aldırılmadığından, məhkəmənin bununla bağlı məsələnin məhkəmədən kənar qaydada həll edilməli olduğu barədə gəldiyi nəticə tamamilə yanlışdır. Belə ki, iş materiallarında olan Sumqayıt bələdiyyəsi ilə Cavabdeh Qeybulla oğlu arasında qeyd edilən torpaq sahəsinə dair bağlanılmış 06 aprel 2013-cü il tarixli, 16 saylı torpaq icarə müqaviləsindən görünür ki, müqaviləyə əsasən icarənin müddəti 25 yanvar 2023-cü il tarixədək müəyyən edilmişdir. Hal-hazırda həmin müqavilənin müddəti başa çatmış və Sumqayıt bələdiyyəsinin də torpaq icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı hər hansı niyyəti yoxdur. Eyni zamanda torpaq icarə müqaviləsinin 5.4-cü bəndində də mübahisənin pretenziya qaydasında həllinə dair hər hansı müddəa mövcud deyildir. Həmin bənddə torpaq icarə müqaviləsinin dəyişdirilməsinin, uzadılmasının Azərbaycan Respublikasnın mülki qanunvericiliyində və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkün olduğu təsbit edilmişdir. Məhkəmə tamamilə yanlış olaraq bu bənddə qeyd edilənlərin mübahisənin məhkəməyə qədər həlli qaydası kimi tövsif etmişdir. Mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həlli qaydasına riayət edilməsi kommersiya işləri üçün məcburi xarakter daşıyır, hal-hazırki mübahisə üçün isə bu qaydaya riayət edilməsi məcburi olmadığından, həmin qaydaya riayət edilmədən məhkəməyə müraciət olunmasına görə də iddia ərizəsinin geri qaytarılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu halda, yəni torpaq icarə müqaviləsinin müddəti başa çatmış torpağın geri qaytarılması və ötən müddət ərzində yaranmış icarə haqqı borcunun ödənilməsi ilə bağlı tələblərə məhkəmə birmənalı olaraq baxmalı idi. Bu müddəa mülki-prosessual qanunvericilikdə də öz əksini tapmışdır. Bununla əlaqədar olaraq hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassız olmaqla yanaşı, məhkəmələrdə bu cür işlər üzrə yaranmış praktikaya da ziddir. Buradan da belə bir nəticə hasil olur ki, məhkəmə müvafiq qanun normasını düzgün tətbiq etməmiş və əsassız şəkildə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Bu səbəbdən həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını tələb etməyi zəruri sayır.
b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir.
Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)
Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
9 .Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
10. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
12. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli torpaq icarə müqaviləsinin 5.4 və 5.5-ci bəndlərindən görünür ki, torpaq icarə müqaviləsinin dəyişdirilməsi, uzadılması və digər məsələlər tərəflərin razılaşması ilə mümkündür. Bu barədə digər tərəfə göndərilmiş sorğu və imtina isə yazılı şəkildə tərtib edilməlidir. Lakin iddiaçı Sumqayıt bələdiyyəsi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməsi barədə iddia ərizəsinə hər hansı sənəd əlavə etməmişdir.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, MPM-in 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
14. Maddənin tələbindən göründüyü kimi iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməsini müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulduğu hallara şamil etmişdir.
15. Tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndində torpaq icarə müqaviləsinin dəyişdirilməsi, uzadılmasının tərəflərin razılaşması ilə mümkün olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəmə isə müqavilədə nəzərdə tutulmadığı halda, digər məsələlərin də tərəflərin razılaşması ilə mümkün olduğuna istinad edərək, iddia ərizəsini yuxarıda qeyd edilən əsasla qaytarmışdır. Digər tərəfdən işdən görünür ki, müqavilə 25 yanvar 2023-cü il tarixədək qüvvədə olmuşdur. İddia ərizəsinin və şikayətin məzmunundan aydın olur ki, iddiaçı öhdəliyin müqavilədə təyin edilmiş müddətdə icra edilmədiyinə əsaslanır.
16. Mülki Məcəllənin ikitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi adlanan 447-ci maddəsinə əsasən, 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mövcud iddia ərizəsinin göstərilən əsasla-iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməməsinə əsaslanmaqla qaytarılması əsassız olmuşdur.
18. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5392/2023 saylı qərardadı ləğv edilməli, hazırki qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5392/2023 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.