Məhkəmə qərarları › İş №2(105)-1883/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1883/2023

26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1883/2023 26.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X10 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(060)-3566/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı və Cavabdeh arasındakı birgə nikahdan olan 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 1000 (bir min) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat sabit pul məbləğində aliment, həmçinin X3 3 yaşına çatanadək saxlnılması üçün hər ay 100 (bir yüz) manat məbləğində pul, həmçinin 50 (əlli manat) ödənilmiş mediasiya xərcinin əvəzinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı və Cavabdeh arasındakı birgə nikahdan olan 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 1000 (bir min) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat sabit pul məbləğində aliment, həmçinin X3 3 yaşına çatanadək saxlnılması üçün hər ay 100 (bir yüz) manat məbləğində pul, həmçinin 50 (əlli manat) ödənilmiş mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddiaçı və cavabdehin birgə nikahından olan 12 yanvar 2021-ci il təvəllüdlü X5 ilə bağlı yaranmış əlavə xərclərə görə hər ay 600 (altı yüz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh 2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahda olduqları dövrdə 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X5 adlı iki övladları olmuşdur. İddiaçının cavabdehlə nikahda olduqları zaman ilk dövrlər münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməmiş, ailə münasibətləri pozulmuşdur. 27 may 2021-ci il tarixdə məhkəmə qətnaməsi ilə nikah münasibətlərinə xitam verilmişdir. Nikaha xitam verildikdən sonra hazırda uşaqların hər ikisi iddiaçı ilə birlikdə yaşayır. Əlavə olaraq bildirir ki, cavabdeh tərəf hazırda uşaqların saxlanmasında, onların maddi ehtiyaclarının ödənilməsində iştirak etmir, bunun üçün vəsait sərf etmir. Uşaqların ehtiyacları iddiaçı tərəfindən təmin edilməyə çalışılsa da, cavabdehin bu prosesdə kömək etməməsi çətinlik yaradır. Məlumdur ki, hər bir uşağın, qidalanma, geyim, yaşayış yeri, səhiyyə, təhsil, əyləncə başda olmaqla zəruri xərcləri vardır. Bu xərclərin də ödənilməsində cavabdeh cəlb olunmalı, bunun üçün müvafiq aliment məbləği məhkəmə tərəfindən müəyyən olunaraq cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur, bu səbəbdən də gəlirləri qeyri-müntəzəm olsa da, hər bir halda yüksək gəlir əldə edir. İstər bu səbəb, istərsə də uşaqların yaşayış şəraiti nəzərə alaraq hesab edir ki, hər uşaq üçün 1000 (bir min) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Bundan başqa 12 yanvar 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün aylıq 100 (bir yüz) manat məbləğində ödəniş də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məlumdur ki, uşağın ananın bilavasitə qayğısına ehtiyacı var və bu vəziyyət ananın əmək fəaliyyəti ilə məşğul olmasını istisna edir. Bu vəziyyət də iddiaçının maddi vəziyyətini ağırlaşdırır, bu səbəbdən də cavabdeh uşaq 3 yaşına çatanadək iddiaçıya aylıq 100 manat əlavə vəsait ödənilməsinə cəlb edilməlidir. Bundan başqa ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Sumqayıt 1 saylı Mediasiya Təşkilatının 09 may 2023-cü il tarixli, MŞS/MT030/2023-00762 saylı arayışından görünür ki, cavabdeh tərəf mediasiya prosesində iştirak etməmişdir. Mediasiya xərcləri tam şəkildə iddiaçı tərəfindən ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(060)-3566/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 12 yanvar 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qeyd edilən hissədə alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixindən hesablanması, 12 yanvar 2021-ci il təvəllüdlü X2 müalicəsi üçün əlavə xərclərlə əlaqədar hər ay 200 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qeyd edilən hissədə alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixindən hesablanması, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilməli olan 58,8 manat Dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməsi, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(060)-3566/2023 nömrəli qətnaməsinin X2 müalicəsi üçün əlavə xərclərlə əlaqədar hər ay 200 manat, o, 3 yaşına çatanadək 100 manat məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsinə dair hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasındakı nikah rəsmi qaydada Rusiya Federasiyasında bağlanmış, həmçinin orada da pozulmuşdur. Nikahın pozulması barədə onun heç bir malumatı olmamışdır. Hazırda iddiaçı Rusiya Federasiyasının qanunvericiliyinə əsasən tək ana olaraq Rusiya Federasiyasından azı 300 ABŞ dolları məbləğində sosial yardım alır. O, hazırda işləmir. Qətnamənin hazırda icra edilmasi onun tərəfındən mümkün deyildir. Bu hal onun hüquqlarının kobud şəkildə pozulmasına, 220 manat sabit pul məbləğindəki alimentin belə ödənilməsinə maneə yaradacaqdır. Buna görə də, qətnama çıxarılarkən qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmalı idi. X6 xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasında iddiaçıya müavinat ödənilir. O, isə hazırda işləmir. Buna görə də, tərəfindən har ay Safiya İsgəndərzadənin xəstəliyi ilə əlaqədar iddiaçıya 200 manat ödənilməsi mümkünsüzdür. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən onun işsiz olduğu nəzərə alınmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılacağı təqdirdə onun inzibati va cinayət məsuliyyətinə cəlb olunma ehtimalı mövcuddur. Çünki hər ay 740 manat məbləğində alimentin tərəfindən ödənilməsi mümkün olmayacaqdır. Qətnamənin hazırda icra edilmasi onun tərəfindən mümkün deyildir. Bu hal onun hüquqlarının kobud şəkildə pozulmasına, 220 manat sabit pul məbləğindəki alimentin belə ödənilməsinə maneə yaradacaqdır. Buna göra də, qətnama çıxarılarkan qanunvericiliyin tələbləri va işin faktiki halları nəzərə alınmalı idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin tərcümə edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X5 adlı iki övladı vardır. İş materiallarında olan MŞS/MT030/2023-00762 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci İddiaçı ödəmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş video diskə birinci instansiya məhkəməsində baxış keçiriləkrən, iddiaçının vəkili qeyd etmişdir ki, videogürüntülər uşaqların atasına məxsus evdə olduqları zaman çəkilib və uşaqlar cavabdeh tərəfindən əvvəllər yüksək təminatlandırılıblar. Məhkəmə kollegiyasının araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, İddiaçı və Cavabdeh 2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahda olduqları dövrdə 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X5 adlı iki övladları olmuşdur. 27 may 2021-ci il tarixdə məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra hazırda uşaqların hər ikisi iddiaçı ilə birlikdə yaşayır. İddiaçı bildirir ki, cavabdeh tərəf hazırda uşaqların saxlanmasında, onların maddi ehtiyaclarının ödənilməsində iştirak etmir, bunun üçün vəsait sərf etmir. Uşaqların ehtiyaclarını iddiaçı təmin etməyə çalışsa da, cavabdehin bu prosesdə kömək etməməsi çətinlik yaradır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Sumqayıt 1 saylı Mediasiya Təşkilatının 09 may 2023-cü il tarixli, MŞS/MT030/2023-00762 saylı arayışından görünür ki, cavabdeh tərəf mediasiya prosesində iştirak etməmişdir. Mediasiya xərcləri tam şəkildə iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qismən qəbul edir, hər uşağa görə 220 manat, ümumilikdə 440 manat həddində aliment tutulmasını xahiş edir. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 12 yanvar 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qeyd edilən hissədə alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixindən hesablanması, 12 yanvar 2021-ci il təvəllüdlü X2 müalicəsi üçün əlavə xərclərlə əlaqədar hər ay 200 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qeyd edilən hissədə alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixindən hesablanması, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilməli olan 58,8 manat Dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməsi, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Qətnamənin apellyasiya şikayəti ilə mübahisələndirilən hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. İş materiallarında olan "xxxx" Korreksiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1 №-li arayışdan görünür ki, X5 xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək psixoloq, duyu bütünləmə və refleksoloq seanslarında olmuş və ona xidmət göstərilmişdir. Göstərilən xidmətlər üzrə "xxxx" MMC-yə ümumi 985 manat ödəniş edilmişdir. İş materiallarında olan xəstəlik sənədlərindən görünür ki, X5 psixi-nitq qusuru xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Bununla əlaqədar birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, 12 yanvar 2021-ci il təvəllüdlü X2 müalicəsi üçün əlavə xərclərlə əlaqədar hər ay 200 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Buna görə birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, 12 yanvar 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi üzrə cavabdehin kifayət qədər maddi vəsaitə malik olmamasına dair apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirir, hal-hazırda onun sahibkarlıq fəaliyyəti müvəqqəti dayandırılmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin uşaqların əvvəlki səviyyəsinin mümkün qədər maksimal saxlanılmalı olmasını da nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(060)-3566/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar