Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1886/2021 11.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilməsi və Cavabdeh əsassız varlanma nəticəsində aliment kimi əldə etdiyi 25 fevral 2021-ci tarixə olan 6345 manat pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 267/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-267/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 2004-cü il təvəllüdlü X4 və 2005-ci il təvəllüdlü X2 üçün Cavabdeh xeyrinə tutulan alimentin ödənilməsindən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən azad edilmiş, iddia qalan hissədə rədd edilmişdir. (hakim S.Səmədzadə) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-267/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-733/2014 saylı, 10.04.2014-cü il tarixli qətnaməsi ilə 12 mart 2014cü il tarixdən başlayaraq, 01 iyun 2018-ci il tarixdən uşaqları 26 aprel 2004-cü il təvəllüdlü X8 və 10 iyun 2005-ci il təvəllüdlü X10 onun yanında olduqlarından onun aliment ödəməkdən azad edilməsi və 01 iyun 2018-ci il tarixdən onun pensiyasından tutularaq Cavabdeh ödənilən alimentin miqdarı müəyyənləşdirilərək ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək və iddianın hüquqi əsasını dəyişdirərək, onun aliment ödəməkdən azad edilməsi və Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 25 fevral 2021-ci il tarixə olan 6345 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları pozulduqdan sonra sonuncu Xaçmaz Rayon Məhkəməsinin 2(067)-733 saylı, 10 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən 12 mart 2014-cü il tarixdən başlayaraq hər ay iki uşağının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ondan 90 manat olmaqla, cəmi 180 manat alimentin alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. 01 iyun 2018-ci tarixdən uşaqlar anaları Cavabdeh yanından onun yanına gəlmiş və onun yanında yaşamağa başlamışlar. Bundan sonra o, məhkəməyə müraciət etmiş və Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə iki uşağı da onun himayəsinə verilmişdir. Uşaqlar hal-hazırda da onun yanındadırlar və bu fakt arayışlarla təsdiq olunur. Uşaqlarının onun yanında qalması və ona aliment kəsilməsi müəyyən edildiyindən həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə üzrə qəbul edilmiş qətnamə iddianın rədd edilməsi hissəsində əsassızdır. Qətnamə qəbul edilən zaman maddi hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli faktiki hallar tam araşdırılmamış, sübut edilməmişdir. Buna görə də qətnamə həmin hissədə ləğv edilməli, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmalıdır. Cavabdehin uşaqları saxlamadığı halda, iddiaçıdan tutularaq onun hesabına köçürülən alimenti əldə etməsi əsassız varlanma ilə nəticələnir. Hazırkı işdə məhkəmənin tərəflər arasında qanuni qüvvədə olan məhkəmə qətnaməsinə istinad etməsi formal əsas kimi qiymətləndirilməlidir. Məhkəmə uşaqların atalarının yanında qaldıqlarını, habelə uşaqların saxlanmasının ataları tərəfindən həyata keçirildiyini müəyyən etdiyi halda, iddianı rədd etməsi ədalətli və qanuni hesab edilə bilməz. Məhkəmənin iddianın rədd edilməsi əsası kimi qüvvədə olan qətnamə ilə uşaqların saxlanması üçün atadan ananın xeyrinə aliment tutulmalı olmasına istinad etməsi düzgün olmamışdır. Belə ki, qətnamənin qüvvədə olmasına deyil, işin faktiki hallarına əsaslanmaq lazımdır, çünki bu tip işlərdə məhkəmə qətnaməsi işin faktiki hallarına uyğun qəbul edilməlidir, işin faktiki halı isə uşaqların ananın deyil, atanın yanında yaşamaqlarıdır. Bir halda ki, qüvvədə olan qətnamə ilə atadan ananın xeyrinə uşaqların saxlanılması üçün aliment tutulması qət edilmişdir, lakin qətnamənin qəbul edilməsi üçün əsas olmuş hallar 2018-ci il 01 iyun tarixindən dəyişmişdir, deməli hazırda iddiaya qətnamədə münasibət bildirilərkən yuxarıdakı dəlillərə və faktiki hallara münasibət bildirilməli idi. Məhkəmə təcrübəsinə əsasən aliment ödənilməsi işlərində ananın hərəkətlərinin əsassız varlanma olması qənaətinə gəlmək üçün məhkəmə qətnaməsinin qüvvədə olmasının əhəmiyyəti yoxdur. Məhkəmə qətnaməsi əsasında tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin davam etməsi üçün zəmin olacaq hal, yəni uşaqların ananın yanında yaşamaları mövcud olmadığından, məhkəmə qətnaməsi ilə atadan pulun tutularaq anaya verilməsi əsassız olmuşdur. İşdən görünür ki, tərəflər arasında hüquq münasibətlərinin əsasını məhkəmə qətnaməsi təşkil etmişdir. Ana öz atasının evində yaşadığından uşaqlar da orada yaşamışlar. Uşaqlar ananın yanında yaşadıqları dövrdə onlara bəslənilən rəftardan narazı olduqlarından 2018-ci ilin 01 iyun tarixindən könüllü olaraq atalarının himayəsinə daxil olmuşlar və anaları ilə birlikdə yaşamaqdan imtina etmişlər. Lakin ana keçmiş ərinin aylıq əmək pensiyasından və müavinətdən uşaqların saxlanması üçün aliment olaraq məhkəmə qətnaməsinin icrası ilə əlaqədar tutularaq ona ödənilən aylıq 180 manat pulu almaqda davam etməklə əsassız varlanmışdır. Məhkəmə qətnaməsi əsasında tərəflər arasında formalaşan hüquq münasibətlərində şəraitin dəyişməsi ilə (uşaqların könüllü olaraq atanın himayəsinə sığınması) yeni mərhələ başlamışdır. Cavabdeh məhkəmə qətnaməsinin qüvvədə olmasından və həmin qətnamə ilə ona verilən hüquqdan sui-istifadə etmişdir. Uşaqlara baxmadığı halda, cavabdeh ona deyil, uşaqlara verilən alimenti almaqda davam etməklə və bu pulu almaq üçün əsasınının olmadığı barədə icra şöbəsinə müraciət etməməklə hərəkətsizlik etmişdir. Beləliklə, şəxsin həm aktiv, həm passiv olaraq əsassız varlanmasının mümkün olduğunu nəzərə alaraq, cavabdehin bu hərəkətsizliyi əsassız varlanmanın passiv növünə aid edilməlidir və həmin vəsait onu ödəyən şəxsə qaytarılmalıdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməsiyindən qətnamə həmin hissədə ləğv edilməli, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında həm İddiaçı nümayəndəsi Nümayəndə, həm də onun vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Apelyasiya baxışı zamanı Cavabdeh şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Əlavə etdi ki, uşaqlar onunla qalır, atalarının da yanına gedirlər. Atası onları öyrədib ona qarşı qoyurlar. Məhkəmə kollegiyasının iclasında birgə nikahdan doğulmuş X8 və X10 bildirdilər ki, 01 iyun 2018-ci ildən atalarının yanında yaşayırlar və analarının yanına qayıtmaq istəmirlər. Ataları onlara mehriban münasibət göstərir, anaları isə onlara qarşı kobudluq edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Xaçmaz rayonu, Qusarçay kənd sakinlərinin iştirakı ilə tərtib olunmuş və Qusarçay İƏD tərəfindən təsdiq olunmuş 20 may 2020-ci il tarixli aktdan görünür ki, tərəflərin birgə nikahından olan 26 aprel 2004-cü il təvəllüdlü X8 və 10 iyun 2005-ci il təvəllüdlü X10 valideynləri boşandıqdan sonra analarlnın yanında qalmışlar. Sonradan 01 iyun 2018-ci il tarixdən öz istəkləri ilə analarının himayəsindən ataları Kərimin yanına qayıtmışlar. 2018-ci ilin iyun ayının 1-dən hal-hazıra kimi ataları Kərimin himayəsində yaşayırlar. Yenə iş materiallarında olan Xaçmaz rayon İHB-nın Qusarçay kənd İƏD-nin 20 may 2020-ci il tarixli, 535 saylı arayışından görünür ki, Əliyev X3 yaşayır və iki övladı-X8 və X10 01 iyun 2018-ci il tarixdən ataları İddiaçı himayəsində yaşayırlar. Yenə də iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-733/2014 saylı, 10 aprel 2014-cü il tarixli qətnaməsindən görünür ki, 26 aprel 2004-cü il təvəllüdlü X4 və 10 iyun 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 mart 2014-cü il tarixdən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF X13 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin 01 dekabr 2020-ci il tarixli, **********8 saylı arayışından görünür ki, İddiaçı İİİ qrup əlilliyə görə 233,20 manat məbləğində əmək pensiyası və 210 manat məbləğində Prezident təqaüdü-müavinət alır. İcra vərəqəsinə əsasən hər ay əmək pensiyasından 70 manat, Prezident təqaüdündən 110 manat tutulur. Yenə işdə olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF X13 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin 27 yanvar 2021-ci il tarixli, **********4 saylı arayışından görünür ki, Cavabdeh İ qrup əlilliyə görə 01.04.2019-cu il tarixdən 50 manat Prezident tədaüdü alır. Bundan əlavə 1-ci övladı X6 görə 01.04.2018-ci il tarixdən 28.02.2018-ci il tarixədək 13 manat, 01.03.2018-ci il tarixdən 30.04.2020-ci il tarixə qədər 15 manat müharibə əlillərinin 16 yaşınadək övladına görə olan müavinəti alıb. 2-ci övladı X7 görə 01.01.2018-ci il tarixdən 28.02.2018-ci il tarixədək 13 manat 01.03.2018-ci il tarixdən 30.04.2021-ci il tarixədək 15 manat müharibə əlillərinin 16 yaşınadək övladına görə olan müavinət alır. Yenə də işdə olan Xaçmaz Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(067)- 828/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 26 aprel 2004-cü il təvəllüdlü X4 və 10 iyun 2005-ci il təvəllüdlü X5 İddiaçı himayəsinə verilməsi qət olunmuşdur. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(105)-2248/2019 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(067)-828/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, 26 aprel 2004-cü il təvəllüdlü X4 və 10 iyun 2005-ci il təvəllüdlü X5 İddiaçı himayəsinə verilməsi barədə onun iddiası təmin edilməmişdir. Yenə iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(067)-3005/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı 26 aprel 2004-cü il təvəllüdlü X4 və 10 iyun 2005-ci il təvəllüdlü X1 üçün nəzərdə tutulmuş alimenti ödəməkdən azad edilməsi barədə iddiası təmin olunmamışdır. İşə əlavə edilmiş AZE 12789515, AZE 12789519 və AZE 12789502 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçılə Bayramova Aynurənin birgə nikahlarından 06.01.2009-cu ildə Əliyeva Nuray, 27.02.2015-ci ildə Əliyeva Əsnad və 04.04.2011-ci ildə Əliyev Əli adlı uşaqlar doğulmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-267/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddianın təmin edilmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 372.6-cı maddəsinə əssən hazırda bu hissədə qətnamə apelyasiya qaydasında araşdırılmır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından Adıgözəl və Aynurə adlı uşaqları olmuşdur. Tərəflər arasındakı münasibətlər pisləşmiş və onlar ayrılmışlar. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-733/2014 saylı, 10 aprel 2014-cü il tarixli qətnaməsilə 26 aprel 2004-cü il təvəllüdlü X4 və 10 iyun 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 mart 2014-cü il tarixdən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 90 manat omaqla cəmi 180 manat sabit aliment alınaraq Cavabdeh verilməsi qət edilmiş, bu qətnamə icraya yönəldilmişdir və hazırda da icra olunur. İş materiallarından görünür ki, birgə nikahdan doğulmuş Adıgözəl və Aynurə adlı uşaqlar 01 iyun 2018-ci il tarixdən ataları İddiaçı yanında yaşayırlar. Məhkəmə araşdırması zamanı bu uşaqlar bildirmişlər ki, bundan sonra da, ataları İddiaçı yanında yaşamaq istəyirlər. Məhz işin bu halına görə məhkəmə İddiaçı birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün nəzərdə tutulmuş alimenti ödəməkdən azad etmiş, bu hissədə qətnamə mübahisələndirilməmişdir. Hazırda əsas mübahisə 01 iyun 2018-ci il tarixdən İddiaçı pensiyasından tutularaq Cavabdeh ödənilən alimentin, yəni 6345 manat pulun geri qaytarılması barədədir. İddiaçı iddia edir ki, uşaqlar 01 iyun 2018-ci ildən onun yanında qaldıqlarından, bu tarixdən onun pensiyasından hər ay tutulan 180 manatı qəbul edərkən Cavabdeh əsassız varlanmışdır və onun 25 fevral 2021-ci il tarixədək əldə etdiyi 6345 manat pul ona qaytarılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bu normalardan göründüyü kimi, əsassız varlanmanın baş verməsi üçün varlanmış şəxs hüquqi əsas (qanuni əsas və ya müqavilə əsası) olmadan başqa şəxsin hesabına əmlak əldə etməlidir. Cavabdeh isə həmin vəsaiti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən (aliment şəklində) almışdır. Aliment kimi alınan vəsaitlər isə qüvvədə olan qanunvericiliyə əsasən geri qaytarılmır. Ümumiyyətlə, hazırkı mübahisəyə müki qanunvericliyin normaları tətbiq edilməsi yolverilməzdir. Belə ki, AR Ailə Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Həmin Məcəllənin 109-cu maddəsinə görə aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Hazırkı mübahisə üzrə göstərilən hallardan hər hansı biri baş vermədiyindən göstərilən müddət ərzində İddiaçı tərəfindən Cavabdeh ödənilən aliment məbləğinin geri qaytarılması Ailə Məcəlləsinin 109.2-ci maddəsinə ziddir və belə olan halda, bu barədə İddiaçı qaldırdığı iddia təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının vəsaiti ilə əsassız varlanması faktı öz təsdiqini tapmamış, iddiaçı məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-267/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1886/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1886/2021
11.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver