Məhkəmə qərarları › İş №2(105)-1899/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1899/2023

18.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1899/2023 18.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-426/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddianın qismən təmin edilməsi, xx.xx.1987-ci ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh İddiaçı xeyrinə 10 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində hər ay 155 (yüz əlli) beş manat miqdarda aliment tutulması, alimentin tutulması 17 aprel 2023-cü il tarixdən hesablanması, Cavabdeh 38.60 (otuz səkkiz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Qusar rayon qeydiyyat şöbəsində 09 avqust 2016-ci il tarixdə nikahı qeydiyyatdan keçirərək Cavabdeh ilə evlənmişdir. Həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X2 adlı bir övladı olmuşdur. İlk vaxtdan xasiyyətləri uyğun gəlməsinə baxmayaraq sonradan daima olaraq aralarında mübahisələr olurdu, bu da qızının psixikasına mənfi təsir edirdi. 2022-ci il dekabr ayından onlar ayrı yaşayırlar və cavabdeh uşaqla heç maraqlanmır. Uşağın saxlanılması üçün pul vermir. Maddi vəziyyəti ağır olduğu üçün qızını adi bir şeylərdən məhrum etmək məcburiyətindədir. Uşaq geyimlərini ala bilmir. Çətinliklə dolanır. Yuxarıda göstərilənlərə görə və qızının günün tələblərinə cavab verən qaydada saxlamaq üçün alimet tələbi ilə məhkəməyə müraciət etməyə qərara gəlmişdir. Azerbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, uşağının günün tələblərinə cavab verən qaydada saxlamaq üçün ayda 220 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini məqsədə uyğun hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qusar Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsi qətnaməni qəbul edərkən “Azərbaycan Respublikasında 2023-ci il il üçün yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, onun heç bir yerdə işləməməyini, bir uşağını böyüdüb başa çatdırılması üçün birinci istansiya məhkəməsi müəyyən etdyi alimentin kifayət edilməməsini və “Uşaq hüquqları haqqında” Qanununda nəzərdə tutulmuş hüquqların pozulması kimi faktlara münasibət bildirməli idi. Qusar Rayon məhkəməsi qətnaməni qəbul edərkən uşağın əvvəlki təminatının səviyyəsini araşdırma zamanı “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almamışdır. Cavabdeh onu azyaşlı uşağla atıb getmiş və həmin vaxtdan heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh uşağa qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, azyaşlı uşağın həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Cavabdeh Rusiya Federasiyasında yaşayır və onun qazancı çox yaxşıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının himayəsində olan azyaşlı uşaqların mənafeyini və uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğunu nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, iddiaçı tərəfindən qətnamə iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirilmiş, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7. maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarı da məhkəmələrdən məhz bunu tələb edir. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiya məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideynin övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşısa da, övladı yanında qalan valideyn övladının maddi və mənəvi tələbatının ödənilməsində daha artıq məsuliyyət daşıyır. Belə olan halda uşağın saxlanılması üçün müəyyən edilən yaşayış minimumu həddinin valideynlər arasında bərabər bölünməsi də ədalətli hesab edilə bilməz. Bunu nəzərə alan birinci instansiya məhkəməsi uşaqların saxlanılması üçün hər ay 155 (yüz əlli beş) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi, hər iki tərəfin o cümlədən uşağın mənafeyinə uyğundur. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz . Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay 155 (yüz əlli beş) manat sabit pul məbləğində aliment uşağın mənafeyinə uyğun olmaqla, saxlanılması üçün uşağın marağının əhəmiyyətli dərəcədə məhdudlaşdırmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Qusar Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb hər ay 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutulması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləği hər ay 155 (yüz əlli beş) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin bir il ərzində məcmusu isə (220-155=65 x 12 ay = 780 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar