Məhkəmə qərarları › İş №2(105)-1914/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1914/2021

17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1914/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı X3, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Zəngilan Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(034)-116/2021 saylı qətnaməsindən iddiaçı X3 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(034)-116/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) iddiaçı X3 Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 29.09.2010-cu il təvəllüdlü X5 və 11.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 23 noyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin iddiaçı X3 xeyrinə tutulması, qətnamənin dərhal icra edilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 23 noyabr 2020-ci il tarixdə X9 iddia ilə məhkəməyə müraciət edərək 29.09.2010-cu il təvəllüdlü X11 və 11.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 07.02.2017-ci il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Cavabdehlə birgə nikah münasibətlərindən 29.09.2010-cu il tarixdə X11 və 11.06.2016-cı il tarixdə X10 anadan olmuşlar. Cavabdehlə aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(034)-141/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Uşaqlarını təkbaşına saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyi üçün cavabdehdən aliment tutulmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. Belə ki “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Uşaqların normal yaşayışının təmin olunmasından ötrü hər il pul məbləği artırılsa da, ona məlum olmayan səbəblərdən cavabdeh tərəfə əsassız şəkildə xeyli güzəşt olunmaqla, üzərinə az məbləğdə alimentin ödənilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh bir ata kimi övladlarına münasibətdə heç bir vəzifəni yerinə yetirmir, aliment ödəməkdən də boyun qaçırır. Övladları böyüdükcə tələbatları da artır. Cavabdeh birinci instansiya məhkəməsində guya övladlarını görə bilmədiyini göstərmişdir. Cavabdeh alimenti az ödəməsi üçün gözlərinin zəif görməsini bəhanə gətirmişdir. Onun görmə qabiliyyəti cavabdehdən daha azdır və təcili əməliyyat olunmalıdır. Maddi imkanı olmadığı üçün əməliyyat oluna bilmir. O çalışır ki, övladlarına baxsın və onların təlabatını vaxtlı-vaxtında ödəsin. Cüzi görmə zəifliyi ilə alimenti az ödəmək istəyən cavabdeh övladlarına aliment ödəməmək üçün bəhanələr gətirir. Heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifəsidir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib 29.09.2010-cu il təvəllüdlü X5 və 11.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh iki uşağa görə hər ay 300 manat aliment ödəməyə razıdır. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq alimentin məbləğinə aid hissədə dəyişdirilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X3 nikahından 29.09.2010-cu il tarixdə X11 və 11.06.2016-cı il tarixdə X10 anadan olmuşlar. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-141/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X6 qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X9 arasında 07.02.2017-ci il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 05 saylı nikah qeydinin ləğv edilməsi, 29.09.2010-cu il təvəllüdlü X5 və 11.06.2016-cı il təvəllüdlü X4 X3 himayəsində saxlanılmaları qət edilmişdir. İş materiallarında olan 27 noyabr 2020-ci il tarixli, 01 saylı arayışdan görünür ki, X11 25 noyabr 2020-ci il tarixdən fərdi sahibkar X8 Sədərək Ticarət Mərkəzində yerləşən mağazasında kuryer vəzifəsində işləyir və aylıq əmək haqqı 250 manatdır. İş materiallarına əlavə edilmiş “Xəzər Qayğıkeşlik Layihəsi” hümanitar ictimai birliyinin 02.06.2021-ci il tarixli, 21 saylı arayışından görünür ki, Cavabdeh “Xəzər Qayğıkeşlik Layihəsi” hümanitar ictimai birliyinə (göz klinikasına) 02.06.2021-ci il tarixdə müraciət etmişdir və həmin klinikada 04 yüksək dərəcəli hipermetropski astigmatizm diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, uşaqların saxlanılması üçün tutulan alimentin məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh 29.09.2010-cu il təvəllüdlü X5 və 11.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutmuşdur. İş materialları, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur, cavabdeh X11 fərdi sahibkar X8 Sədərək Ticarət Mərkəzində yerləşən mağazasında kuryer vəzifəsində işləyir və aylıq əmək haqqı 250 manatdır, iddiaçı işləmir. Digər tərəfdən, tərəflərin birgə nikahından olan uşaqların iddiaçının himayəsində olması, uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu iddiaçının üzərinə düşməsi nəzərə alınsa, hər ay hər uşaq üçün 100 manat alimentin cavabdehdən tutulması uşaqların mənafeyinə uyğun deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 29.09.2010-cu il təvəllüdlü X5 və 11.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi məqsədə uyğundur. Məhkəmə kollegiyası alimentin məbləğini uşaqlar üçün 130 manat müəyyən edərkən onu da qeyd edir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası hazırki iş üzrə uşaq üçün alimentin məbləğini qanunla müəyyən edilmiş minimumdan aşağı müəyyən edərkən, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 75.1-ci maddələrinin tələblərini əsas tutur. Belə ki, həmin maddələrə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu baxımdan hər bir uşağın yaşayış minimumunu təmin etmək hər iki valideynin üzərinə düşdüyündən, məhkəmə kollegiyası hesab edir ki, yaşayış minimumu üzrə məbləğin çatmayan hissəsini iddiaçı özü də təmin etməlidir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə uşağın lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Göründüyü kimi, həm milli, həm də beynəlxalq qanunvericilik hər iki valideynin hüquqları ilə yanaşı, vəzifələrinin də bərabər olmasını müəyyən etmişdir. Bundan başqa, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunun mənasına görə isə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. İddiaçı apellyasiya şikayətində uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək 29.09.2010-cu il təvəllüdlü X11 və 11.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətində isə faktiki olaraq yeni tələb irəli sürmüşdür. Halbuki Azərbaycan Respublikası MPM-nin 372.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilsin. İs üzrə Zəngilan Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(034)-116/2021 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilsin. Cavabdeh 23 noyabr 2020-ci il tarixdən başlayaraq 29.09.2010-cu il təvəllüdlü X5 və 11.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar