Məhkəmə qərarları › İş №2(105)-1914/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1914/2023

23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1914/2023 23.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov İddiaçı Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçı Əfəndiyev İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Əfəndiyev İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(060)-2518/2023 nömrəli qətnaməsindən iddiaçı Əfəndiyev İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Əfəndiyev İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 10 iyul 2013-cü il tarixində rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan 13 iyul 2014-cü il təvəllüdlü Əfəndiyev Murad İddiaçı oğlu və Əfəndiyeva Şəhla İddiaçı qızı adlı iki övladları var. Tərəflərin ailə qurduqları ilk günlər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri korlanmışdır və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqların cavabdehin yanında qalması, iddiaçıdan hər ay 136 manat sabit pul məbləğində alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub, xx.xx.2014-cü il tarixdə doğulmuş Əfəndiyev Murad İddiaçı oğlunun yetkinlik yaşına çatana kimi və hər ay 136 manat sabit pul məbləğində alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub, xx.xx.2015-ci il tarixdə doğulmuş Əfəndiyeva Şəhla İddiaçı qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi, Əfəndiyev İddiaçı hər ay 50 manat maddi yardımın xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək və hər ay 50 manat miqdarında maddi yardımın xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixədək tutulub X2 verilməsi qət edilmiş, qətnamə icra edilməsi üçün Bakı şəhər, Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Tərəflər arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə rəsmi qaydada pozulsa da, onlar ayrılmamış və əvvəlki qaydada birgə yaşamağa davam etmişlər, faktiki olaraq cavabdehlə 2022-ci ilin avqust ayınadək bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar, evin bütün xərcləri, o cümlədən uşaqların, cavabdehin yeməkiçməyi, geyimləri və bütün sair xərcləri iddiaçı tərəfindən qarşılanırdı, yəni 2022-ci ilin avqust ayınadək birgə ailə şəklində yaşamaqla faktiki ailə münasibətlərində olmuşlar. Lakin buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən iddiaçıya xəbərdarlıq məktubu göndərilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinin könüllü olaraq icra edilməsini, əks halda barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəyi qeyd edilmişdir. İddiaçı 2017-ci ilin aprel ayı da daxil olmaqla, 2022-ci ilin avqust ayınadək cavabdehlə birgə yaşamışlar, uşaqlara və cavabdehə iddiaçı baxmış, bütün xərclər iddiaçı tərəfindən qarşılanmışdır. Cavabdehin həmin dövr üçün uşaqların saxlanması məqsədi ilə aliment tələb etməsi iddiaçını ağır maddi duruma salır və cavabdehin əsassız varlanması ilə nəticələnməkdədir. Belə ki, iddiaçı həm faktiki olaraq həmin vaxtlar üçün övladlarının saxlanması üçün nağd şəkildə pullar xərcləmiş, həm də sonradan həmin dövr üçün aliment ödəməli olacaqdır. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2017-ci il tarixli, 2(060)- 3535/2017 nömrəli qətnaməsi ilə 10 fevral 2017-ci ildən 10 avqust 2022-ci ilədək olan müddətdə aliment və maddi yardım ödəməkdən azad edilməklə, yığılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2017-ci il tarixli, 2(060)- 3535/2017 nömrəli qətnaməsi ilə 10 fevral 2017-ci ildən 10 avqust 2022-ci ilədək olan müddətdə 17.952 manat aliment və 1100 manat maddi yardım ödəməkdən azad edilməklə, yığılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(060)-2518/2023 nömrəli qətnaməsi ilə iddiaçı Əfəndiyev İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbi"nə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir (hakim Ş.Həxiyeva). Qətnamədən narazı qalan iddiaçı Əfəndiyev İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(060)-2518/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə rəsmi qaydada pozulsa da onlar ayrılmadılar, əvvəlki qaydada birgə yaşamağa davam etdilər, faktiki olaraq cavabdehlə 2022-ci ilin avqust ayınadək bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar, evin bütün xərcləri, o cümlədən uşaqların, cavabdehin yemək-içməyi, geyimləri və bütün sair xərcləri onun tərəfindən qarşılanırdı, yəni 2022-ci ilin avqust ayınadək birgə ailə şəklində yaşamaqla faktiki ailə münasibətlərində olmuşlar. Lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinin könüllü olaraq icra edilməsini, əks halda barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəyi qeyd edilmişdir. Bununla bağlı bir daha qeyd etmişdir ki, 2017-ci ilin aprel ayı da daxil olmaqla 2022-ci ilin avqust ayınadək cavabdehlə birgə yaşamışlar, uşaqlara və cavabdehə o, baxmış, bütün xərclər onun tərəfindən qarşılanmışdır. Əgər onlar birgə yaşamasaydılar və o, cavabdehə övladlarına baxmasaydı, onların bütün ehtiyacları qarşılanmasaydı cavabdeh aliment tələbi ilə bağlı icra şöbəsinə müraciət edərdi, bunu tələb edərdi, cavabdehin icra şöbəsinə müraciəti yalnız 2023-cü ilin yanvar ayında olub. Hazırda cavabdehin həmin dövr üçün uşaqlarının saxlanması məqsədi ilə aliment tələb etməsi onu ağır maddi duruma salır və cavabdehin əsassız varlanması ilə nəticələnməkdədir. Belə ki, o, həm faktiki olaraq həmin vaxtlar üçün övladlarının saxlanması üçün nağd şəkildə pullar xərcləmiş, həm də sonradan həmin dövr üçün aliment ödəməli olacaq. Bundan başqa iş materiallarına əlavə edilmiş, Bakı şəhər, Nəsimi rayonu, 151 saylı MKİS-nin, xx.xx.2023-cü il tarixli arayışından da göründüyü kimi cavabdeh uşaqları ilə birgə 2022-ci ilin avqust ayınadək iddiaçı ilə birgə yaşamışlar, bu hal qonşular tərəfindən tərtib edilmiş AKT-da öz təsdiqini tapmışdır. Eyni zamanda İcra işinin materiallarında olan cavabdehin öz ərizəsində də iddiaçı ilə aralarında olan nikah rəsmi qaydada pozulsa da, bir müddət bir yerdə yaşamalarını özü də təsdiq etmişdir. Bundan başqa onu da qeyd etmişdir ki, cavabdeh aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə yəni 2017-ci ildə onun həmin məhkəmədən ümumiyyətlə xəbəri olmayıb, məhkəmədə iştirak etməmişdir. Lakin birinci instansiya bunların heç birini nəzərə almadan, işə səthi yanaşaraq və qərəzli mövqe tutaraq iddianın rədd edilməsinə dair qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Əfəndiyev İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 3535/2017 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, Əfəndiyev İddiaçı və X4 arasında xx.xx.2013-cü ildə Nəsimi rayon Qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, nikahın pozulması ilə əlaqədar Əfəndiyev İddiaçı 15 manat dövlət rüsumunun tutulması, Cavabdeh bu rüsumdan azad edilməsi, xx.xx.2014-ci il tarixdə doğulmuş Əfəndiyev Murad İddiaçı oğlu və xx.xx.2015-ci il tarixdə doğulmuş Əfəndiyeva Şəhla İddiaçı qızının Cavabdeh yanında qalması, Əfəndiyev İddiaçı hər ay 136 manat sabit pul məbləğində alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2014-ci il tarixdə doğulmuş Əfəndiyev Murad İddiaçı oğlunun yetkinlik yaşına çatana kimi və hər ay 136 manat sabit pul məbləğində alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2015-ci il tarixdə doğulmuş Əfəndiyeva Şəhla İddiaçı qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi, Əfəndiyev İddiaçı hər ay 50 manat miqdarda maddi yardımın xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək və hər ay 50 manat miqdarda maddi yardımın xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixədək tutulub Cavabdeh verilməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramiz Quliyev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-3535/2017 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-3535/2017 saylı icra sənədinə əsasən borclu Əfəndiyev İddiaçı tələbi könüllü icra etmək üçün vaxt verilmişdir. Borclu Əfəndiyev İddiaçı xx.xx.2023-cü il tarixdə bildirişi rəsmi qaydada aldığını imza edərək təsdiqləmişdir. İş materiallarında olan “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramiz Quliyev tərəfindən xx.xx.2017-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan “borclunun əmlakının üzərinə həbs qoyulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-3535/2017 saylı icra sənədinə əsasən, Əfəndiyev İddiaçı məxsus “BMW- 530” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” minik markalı, **-DB- *** dövlət qeydiyyat nişanlı və “Daewoo-Matiz” minik markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması qərara alınmışdır. İş materiallarında olan Əfəndiyev İddiaçı Nəsimi rayon İcra şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatında qeyd etmişdir ki, 2022-ci ilin avqust ayınadək bir yerdə yaşamışlar, bir yerdə yaşadıqları üçün alimentə dair ödəniş etməmişdir. Yığılmış 19220 manat aliment borcu ilə razı deyil, bununla bağlı məhkəməyə müraciət edəcəkdir. İş materiallarında olan Cavabdeh tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-3535/2017 saylı icra sənədi üzrə borclu Əfəndiyev İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay, hər iki uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat, həmçinin maddi yardıma görə 50 manat tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı verilən tarixdən aliment ödənişi ilə bağlı İddiaçı Əfəndiyevlə aralarında müəyyən müddət barışıq olsa da, sonradan ayrılmışlar, bu səbəbdən İddiaçı Əfəndiyevdən aliment tələb edilməmişdir. Odur ki, alimentin verildiyi tarixdən hazırki vaxta qədər hesablanaraq ona ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan X9, X8, X3 notarial qaydada təsdiq edilmiş **********603 saylı, xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onlar Cavabdeh uşaqları Əfəndiyev Murad İddiaçı oğlu və Əfəndiyeva Şəhla İddiaçı qızı və anası X1 ilə birlikdə ünvan 3 ünvanında 2021-ci ilin oktyabr ayına qədər qeydiyyatsız yaşadıqlarını təsdiq etmişlər. İş materiallarında olan ünvan 4 ünvanında yaşayan X7 və ünvan 5 ünvanında yaşayan X10 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, həqiqətən də Əfəndiyev İddiaçı onların qonşusudur, o, Bakı şəhəri, Nəsimi rayonu, C.M.Qaşqay küçəsi, ev 20, mənzil 14-də yaşayır. 2022-ci ilin avqust ayınadək onun mənzilində özü, həyat yoldaşı Cavabdeh, oğlu Əfəndiyev Murad İddiaçı oğlu və qızı Əfəndiyeva Şəhla İddiaçı qızı ilə birgə yaşamışlar, 2022-ci ilin avqust ayından onun ailəsi, yəni həyat yoldaşı və övladları onun mənzilindən çıxıb getmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi 151 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 69 nömrəli arayışın surətindən görünür ki, Əfəndiyev İddiaçı ünvan 6 ünvanında Cavabdeh, Əfəndiyev Murad İddiaçı oğlu, Əfəndiyeva Şəhla İddiaçı qızı ilə birlikdə xx.xx.2022-ci ilədək yaşamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1761 saylı arayışdan görünür ki, Cavabdeh Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev 86 ünvanında oğlu - Əfəndiyev Murad İddiaçı oğlu və qızı - Əfəndiyeva Şəhla İddiaçı qızı ilə birlikdə qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhəri N.Tusi adına 12 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 330 nömrəli arayışdan görünür ki, Əfəndiyev Murad İddiaçı oğlu sözügedən məktəbin 3 h sinfində oxuyur. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt şəhər 33 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 323 nömrəli arayışdan görünür ki, Əfəndiyeva Şəhla İddiaçı qızı həqiqətən də sözügedən məktəbin 1e sinfində oxuyur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Tərəflərin birgə nikahdan iki övladının olması, tərəflər arasında nikahın pozulması, uşaqların saxlanılmaları üçün iş üzrə iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 3535/2017 saylı icra sənədi üzrə borclunun xx.xx.2023-cü il tarixə 19.220 manat aliment borcu vardır. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı aliment borcunun silinməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlili kimi 2017-ci ilin aprel ayı da daxil olmaqla 2022-ci ilin avqust ayınadək cavabdehlə birgə yaşaması, uşaqlara və cavabdehə baxması, bütün xərclərin onun tərəfindən qarşılanması ilə əsaslandırmışdır. İddiaçının həmçinin iddia tələbinin əsası olaraq göstərdikləri, birgə nikahdan olan uşaqların tələbatlarının təmin edilməsi üçün ödənişlər etməsi yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir əsaslı sübuta əsaslanmır. Belə ki, cavabdeh tərəfin izahatından da göründüyü kimi, nikahın pozulmasına baxmayaraq, tərəflərin bir müddət bir evdə yaşamaları mübahisə olunmayan haldır. Lakin, tərəflərin birgə evdə yaşamaları onların birgə təsərrüfat idarə etmələri və uşaqların təminatının iddiaçı tərəfindən ödənilməsi anlamına gəlməyinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının uşaqların maddi tələbatlarını ödəməsi və bu səbəbdən cavabdehlə ümumi razılıq əsasında aliment ödəməməsi ilə bağlı olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bundan əlavə, məhkəmə kollegiyasının araşdırması, həmçinin tərəflərin nümayəndələrinin izahatları ilə müəyyən olunmuşdur ki, icra sənədi üzrə yaranmış aliment borcu borcluya məxsus, lakin tələbkarın əvvəllər etibarnamə əsasında idarə etdiyi “Kia Sorento” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş və həmin avtomobil “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən tələbkara təklif olunmuş və sözügedən avtomobil tələbkar tərəfindən qəbul edilmişdir. Bu həmçinin Nəsimi rayon icra şöbəsinin rəis vəzifəsini icra edən Y.Allahverdiyevin Cavabdeh ünvanladığı 157875/17-5-33 nömrəli, 23 noyabr 2023-cü il tarixli məktubu ilə də təsdiq olunur. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 109.2-ci maddəsinin tələbinə görə hazırkı halda alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Əfəndiyev İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(060)-2518/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar