Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1941/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2454/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2454/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 12.11.2020-ci il tarixdən başlayaraq, 13 iyul 2009-cu il təvəllüdlü X2 və 06.12.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir (hakim A.İ.İsmayılov). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2454/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 13 iyul 2009-cu il təvəllüdlü X2 və 06.12.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : İdliaçı İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni qətnamənin əsaslandırıcı hissəsində əsaslandırmamışdır. Azərbaycan Respublikasında 2021-ci il yaşayış minimumu haqqında qanuna əsasən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Hazırda isə o, iddia tələbində hər bir uşağa 170 manat olmaqla ümumilikdə 340 manat aliment tələb edir. Hesab edir ki, 1-ci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qət olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan da məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qanuni və əsaslı hesab edilə bilməz. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Mülki iş üzrə Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində apelyasiya şikayətini qəbul etdiyini bildirərək mübahisəyə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmişdir və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası mübahisəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2454/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Rekspublikası Ailə Məcəlləsinin 75.1, 75,4,112.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh 09.01.2009-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan 13 iyul 2009-cu il təvəllüdlü Ülvi və 06.12.2012-ci il təvəllüdlü Cavidan doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi qanunvericiliyin şərhi və tətbiqi təcrübəsi ilə bağlı qərarlarda valideyn rəsmi olaraq heç bir yerdə işləmədikdə və qazanca malik olmadıqda belə, o öz uşaqlarının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsi daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsaşən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Cavabdeh məhkəmə kollegiyasına notarial qaydada təsdiq olunmuş ərizə göndərərək iddiaçının apelyasiya şikayətini qəbul etdiyini, ona qarşı heç bir etirazı və iradı olmadığını bildirmişdir. İddiaçının apelyasiya şikayəti isə iddianın tam təmi edilməsi, yəni uşaqların saxlanılması üçün hər birinə 170 manat sabit pul məbləğində alimentin müəyyən olunmasından ibarətdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətini qəbul etməsini iddianın etirafı kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmiqn olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 12.11.2020-ci il tarixdən başlayaraq, 13 iyul 2009-cu il təvəllüdlü X2 və 06.12.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutulmalı, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, qətnamə alimentə dair hissədə dərhal icra edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2454/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 12.11.2020-ci il tarixdən başlayaraq 13 iyul 2009-cu il təvəllüdlü X2 və 06.12.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1941/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1941/2021
03.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver