Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1947/2021 24.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə açıq məhkəmə iclasında Siyəzən Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(059)-132/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Siyəzən Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(059)-132/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Bəylər Ələkbərov) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, 01 may 2017-ci il təvəllüdlü X5 və 16 noyabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 05 yanvar 2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin təmin edilən hissədə dərhal icraya yönəldilməsi, İddiaçı azad edildiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 05.01.2021-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 01 may 2017-ci il təvəllüdlü X5 və 16 noyabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə toy edərək 02 avqust 2016-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Ailə münasibətlərindən 01.05.2017-ci il tarixdə Banu və 16.11.2019-cu il tarixdə Aişa adlı uşaqları anadan olmuşlar. Cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, lakin sonradan aralarında narazılıqlar yaranmışdır. Belə ki, cavabdehin ailəyə laqeyd münasibəti, övladlarına maddi və mənəvi dəstək olmaması səbəbindən təxminən bir aydan çoxdur azyaşlı övladları ilə birlikdə anasının yanına qayıtmış və anasının himayəsində yaşayır. Övladlarının bütün xərclərini yaşlı anası aldığı az midarda əmək haqqısı hesabına qarşılayır və bu müddət ərzində cavabdeh övladları ilə maraqlanmamışdır. Azyaşlı olduqlarından övladlarını tək qoyub heç yerdə işləyə bilmir və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi obyektiv çıxarılmamış, maddi və prosessual hüquq normalarına əsaslanmamış və Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə zidd olmaqla, qanuni və əsaslı deyildir. Məhkəmə mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, mübahisəni tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmaqla tərəflərin bərabərliyi prinsipini pozmuş, cavabdeh tərəfin mövqeyindən çıxış etmişdir. Belə ki, cavabdehlə əvvəlcə faktiki nikaha daxil olmuş, 02 avqust 2016-cı il tarixdə isə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından 01 may 2017-ci il tarixdə Banu, 16 noyabr 2019-cu il tarixdə isə Aişa adlı övladları doğulmuşdur. Evləndikdən sonra Şabran rayonu, Ağbaş kəndində bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin laqeydliyi, övladlarına maddi və mənəvi dəstək olmaması səbəbindən 11 noyabr 2020-ci il tarixdə azyaşlı övladları ilə birlikdə anasının yaşadığı evə qayıtmış və hazırda anasının himayəsində yaşamaqla, övladlarının bütün xərcini anasının az olan əmək haqqı hesabına qarşılayır. Cavabdeh isə bu müddət ərzində övladları ilə maraqlanmamış, onlara maddi köməklik göstərmir. Bundan əlavə, azyaşlı olan uşaqlarını təkbaşına qoyaraq işləyə bilmədiyinə görə alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin Siyəzən Rayon Məhkəməsi uşaqların saxlanılması üçün cəmi 200 manat məbləğində aliment müəyyən etmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 175 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aldığı 590 manat pensiya məbləği, həmin məbləğin özünün, eləcə də yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması və kredit borclarının ödənilməsi üçün sərf edildiyi, cavabdehin İİ qrup əlil olmaqla, əmək qabiliyyətli olmaması, həmçinin onun qadın olmaqla müəyyən işlərdə işləmək imkanının məhdudluğu nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin bu mövqeyi əsaslı hesab olunmamaqla subyektiv mülahizələrə əsaslanır və ədalətsizdir. Belə ki, cavabdehin bankdan hər hansı bir məbləğdə kredit götürməsi (məqsədyönlü şəkildə) aliment öhdəliklərini yerinə yetirməməsinə səbəb ola bilməz. Bundan başqa, işdə olan maliyyə sənədlərinin surətlərindən görünür ki, borcverən “Kapital Bank” aşıq səhmdar cəmiyyəti tərəfindən borcalan Cavabdeh 11 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə 35 ay müddətinə, illik 25,5 % ödəmək şərti ilə 9500 manat məbləğində kredit verilmişdir. Bu hal özü bir daha sübut edir ki, cavabdehin 11 fevral 2021-ci il tarixdə, yəni o, aliment tələbi ilə bağlı məhkəməyə müraciət edərkən və iş məhkəmənin icraatında olarkən məqsədyönlü şəkildə bankdan kredit götürməsi məhz tutulacaq alimentin məbləğinə təsir etmək məqsədi daşımışdır. İşə baxan məhkəmə qeyd olunan halı, yəni kreditin götürülməsi faktının özünü onun himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və kredit borclarının ödənilməsi üçün sərf edilmək kimi qiymətləndirərək, alimentin miqdarını iki uşağa görə cəmi 200 manat tutulmasını ağlabatan məbləğ hesab edərək düzgün nəticəyə gəlməmişdir. Çünki, işin mübahisəsiz hallarından da göründüyü kimi, 11 noyabr 2020-ci il tarixdə azyaşlı övladları ilə birlikdə anasının yaşadığı evə qayıtmış, anasının himayəsində yaşamaqla, övladlarının bütün xərcini anasının az olan əmək haqqı hesabına qarşılamağa başlamışdır. Bu müddət ərzində cavabdeh onlara maddi baxımından heç bir köməklik göstərməmişdir. Belə olan halda, 11 fevral 2021-ci il tarixdə götürülmüş kreditin onun himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və kredit borclarının ödənilməsi üçün sərf edilməsi kimi qiymətləndirmək tamamilə əsassız və qanunsuzdur. X1 16 noyabr 2019-cu il təvəllüdlüdür və 3 yaşına çatmamışdır. Lakin buna baxmayaraq cavabdehə qarşı uşağın 3 yaşına çatanadək əlavə xərclərə cəlb olunması və eyni zamanda ananın da saxlanılması üçün alimentin tutulması barədə tələb qoymamışdır. Məhkəmə bu xüsusatları da nəzərə almalı olduğu halda, ümumiyyətlə, nəzərə almamış və alimentin miqdarını həddindən az müəyyən etmiş, bununla da uşaqların mənafelərinə zidd qətnamə qəbul edilmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv olunması və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq alimentin məbləğinə aid hissədə dəyişdirilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 02.08.2016-cı il tarixdə Siyəzən rayon Qeydiyyat şöbəsində bağlanılaraq 61 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 01 may 2017-ci il tarixdə X9 və 16 noyabr 2019-cu il tarixdə X8 anadan olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı, 205654 nömrəli arayışının surətindən görünür ki, Cavabdeh hərbi xidmət dövründə alınmış xəstəliklə əlaqədar İİ qrup müddətsiz əlil olmaqla, əməyə qadir deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, uşaqların saxlanılması üçün tutulan alimentin məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh oğlundan 01 may 2017-ci il təvəllüdlü X5 və 16 noyabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutmuşdur. İş materialları, işdə iştirak edən şəxsin izahatı ilə müəyyən edilmişdir ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur, cavabdeh əlilliyə görə 590 manat pensiya alır, iddiaçı işləmir. Digər tərəfdən, tərəflərin birgə nikahından olan azyaşlı uşaqların iddiaçının himayəsində olması, uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu iddiaçının üzərinə düşməsi nəzərə alınsa, cavabdehdən hər ay hər uşaq üçün 100 manat alimentin tutulması uşaqların mənafeyinə uyğun deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki halda cavabdehin kredit borcunun olması alimentin 100 manat məbləğində müəyyən edilməsi üçün mütləq əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh oğlundan 01 may 2017-ci il təvəllüdlü X5 və 16 noyabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi məqsədəuyğundur. Məhkəmə kollegiyası alimentin məbləğini uşaqlar üçün 130 manat müəyyən edərkən onu da qeyd edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası hazırki iş üzrə uşaqlar üçün alimentin məbləğini qanunla uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı müəyyən edərkən, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 75.1-ci maddələrinin tələblərini əsas tutur. Belə ki, həmin maddələrə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu baxımdan hər bir uşağın yaşayış minimumunu təmin etmək hər iki valideynin üzərinə düşdüyündən, məhkəmə kollegiyası hesab edir ki, yaşayış minimumu üzrə məbləğin çatmayan hissəsini iddiaçı özü də təmin etməlidir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə uşağın lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Göründüyü kimi, həm milli, həm də beynəlxalq qanunvericilik hər iki valideynin hüquqları ilə yanaşı, vəzifələrinin də bərabər olmasını müəyyən etmişdir. Bundan başqa, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. İddiaçı apellyasiya şikayətində uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulmasını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh İİ qrup müddətsiz əlil olmaqla, əməyə qadir deyildir və onun digər gəlirə malik olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İs üzrə Siyəzən Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(059)-132/2021 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilsin. Cavabdeh oğlundan 05 yanvar 2021-ci il tarixdən başlayaraq 01 may 2017-ci il təvəllüdlü X5 və 16 noyabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1947/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1947/2021
24.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver