Məhkəmə qərarları › İş №2(105)-1952/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1952/2023

14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1952/2023 14.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: avtomobilin hərracda satılaraq əldə edilmiş məbləğin paylara mütənasib bölünməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X1 nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi X3 iştirakı ilə Siyəzən Rayon Məhkəməsinin e-2(059)-309/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X4 Cavabdeh qarşı "avtomobilin hərracda satılaraq, əldə edilmiş məbləğin paylara mütənasib bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X9 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satılaraq, əldə edilmiş məbləğin paylara mütənasib, yəni ½ nisbətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 20 iyul 2018-ci il tarixdə rəsmi dövlət qeydiyyatından keçərək evlənmiş, birgə nikahdan 06 may 2019-cu il tarixdə Selcan adlı bir övladları doğulmuşdur. Evliliklərinin ilk vaxtlaırnda münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmiş, Siyəzən Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh “X9 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtobomobili birgə nikah dövründə əldə etmiş, o da bu səbəbdən 2020-ci ildə Siyəzən Rayon Məhkəməsinə “birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi” tələbi ilə müraciət etmişdi. Məhkəmə baxışı zamanı cavabdeh və qeyriləri ona qarşı “birgə nikah dövründə yaranmış 20000 manat borcun ½ hissəsinə payının müəyyən edilməsi” barədə qarşılıqlı iddia tələbi irəli sürmüşlər. Siyəzən Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə onun iddiasının qismən təmin edilməsi, mübahisəli avtomobilin iş üzrə digər cavabdeh olan X3 adına keçirilməsinə əsas olmuş 14 oktyabr 2019-cu il tarixli arayışhesabın etibarsız hesab edilməklə, bu avtomobilin üzərində Cavabdeh ilə onun ½ hissədə paylarının müəyyən edilməsi, ilk iddianın qalan hissədə, eləcə də, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(105)-1463/2021 saylı, qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(102)-5607/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(105)1463/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra o, cavabdehə qarşı “avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda ona düşən paya müvafiq olaraq kompensasiyanın ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X9 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin paylarına mütənasib naturada bölünərək ayrılması, avtomobilin naturada bölgüsü mümkün olmadıqda, həmin avtomobildə dəyəri 20000 manat olan payının cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin, Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(059)576/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Beləliklə, cavabdehlə aralarında razılığa gələ bilmədiklərindən hesab edir ki, avtomobilin hərracda satılaraq bölgüsü mümkündür. Hal-hazırda avtomobilin naturada bölgüsü mümkün olmadığı üçün, həmçinin avtomobilin satılması və satış pulunun paylara mütənasib bölünməsi barədə aralarında razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Siyəzən Rayon Məhkəməsinin e-2(059)-309/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “X9 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş pulun paylara uyğun, yəni ½ hissədə iddiaçı X2, ½ hissədə isə Cavabdeh ödənilməsi, iddia tələbi üzrə çəkilmiş cəmi 155 (bir yüz əlli beş) manat məhkəmə xərcinin iddiaçı X1 özünə aid edilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov).

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin mübahisəli avtomobilə payları müəyyən edilmiş, lakin həmin əmlakın naturada real bölgüsü mümkün olmamış, cavabdeh, mübahisəli avtomobilin digər mülkiyyətçisi Cavabdeh bu məhkəmədə baxılmış əvvəlki iş (2(059)-576/2022 saylı) üzrə izahatında iddiaçı Gülər Rəcəbovaya məxsus payın dəyərini məhz onun tələb etdiyi həcmdə ödənilməsi ilə razı olmadığını bildirmiş, eyni zamanda, həmin məhkəmə iclasında da, hazırda olduğu kimi tərəflər arasında kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə edilməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, MPM-nin 115.0.9, 119.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin e-2(059)- 309/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini etmişdir.

Şikayətin dəlilləri

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı onunla 20 iyul 2018-ci il tarixdə rəsmi dövlət qeydiyyatından keçərək evlənmişdir. Evliliyin ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmiş, Siyəzən Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı onun “X9 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtobomobili birgə nikah dövründə əldə etmiş olduğunu əsas göstərmişdir. Lakin onu qeyd etməmişdir ki, sözügedən avtomobil onun atası, X3 mülkiyyətindədir. Bunu sübut edən texniki pasportu elektron məhkəmə sisteminə də əlavə edib. Sözügedən avtomobilin 14 oktyabr 2019-cu il tarixdən atası, X3 mülkiyyətində olmasına baxmayaraq, məhkəmə iddianı təmin etmişdir. Bu səbəbdən də məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edir. Məhkəmə işin hallarını araşdırmamış və əsassız qətnamə qət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, açıq beyin əməliyyatı keçirib. Bununla belə bütün sənədlərini birinci instansiya məhkəməsinə təqdim etmişdir. Onun iştirakı olmadan məhkəmə araşdırması tamamlanıb. Maşın onun olmayıb. Maddi imkanı da yoxdur. Maşın atasının olub. Qardaşının adında olub. Onun şəxsiyyət vəsiqəsinin müddəti bitdiyinə görə müvəqqəti onun adına keçirildi. İndi iddianın predmeti həmin maşındır. Halbuki həmin maşının alınmasında heç bir əziyyəti yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Siyəzən Rayon məhkəməsinin e-2(059)-309/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, oğlu 2017-ci ildə "xxxx" ASC-yə işə qəbul olub, əmək haqqısı 250 manat olub. Mübahisəli əmlaka oğlu Turalın aidiyyəti yoxdur, nəqliyyat vasitəsi digər oğlunun əmlakıdır, 17 ildir müəllim işləyir, nəqliiyat vasitəsini oğlu onun istifadəsi üçün alıb. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Siyəzən Rayon məhkəməsinin e-2(059)-309/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, maşından iddiaçıya çatacaq pul ancaq birgə nikahdan olan uşağa xərclənəcək. Cavabdehin ikinci iş yeri də var, plastik-qapı pəncərə sexində usta işləyir, qızı də işləyib, 500 manat əmək haqqı alıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Siyəzən Rayon məhkəməsinin e- 2(059)-309/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdir.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, yaxud əmanətin kimi adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak hesab edilir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-ci maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

16. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin e-2(059)- 309/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(059)-14/2021 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia qismən təmin edilməklə, “X9 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 adına keçirilməsinə əsas olmuş 14 oktyabr 2019-cu il tarixli arayış-hesab etibarsız hesab edilməklə, bu avtomobilin üzərində iddiaçı X1 və Cavabdeh ½ hissədə payları müəyyən edilmişdir.

20. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2022ci il tarixli, 2(059)-576/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda ona düşən paya müvafiq olaraq kompensasiyanın ona ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.

21. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, X4 ilkin mediasiya sessiyasına müraciət edərkən 55 manat məbləğində mediasiya xərci ödəməklə yanaşı, dövlət rüsumu üçün 100 manat vəsait də sərf etmişdir.

22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin mübahisəli avtomobilə payları müəyyən edilmiş, lakin həmin əmlakın naturada real bölgüsü mümkün olmamış, cavabdeh, mübahisəli avtomobilin digər mülkiyyətçisi Cavabdeh bu məhkəmədə baxılmış əvvəlki iş (2(059)-576/2022 saylı) üzrə izahatında iddiaçı Gülər Rəcəbovaya məxsus payın dəyərini məhz onun tələb etdiyi həcmdə ödənilməsi ilə razı olmadığını bildirmiş, eyni zamanda, həmin məhkəmə iclasında da hazırda olduğu kimi tərəflər arasında kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə edilməmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(059)-14/2021 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia qismən təmin edilməklə, “X9 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 adına keçirilməsinə əsas olmuş 14 oktyabr 2019-cu il tarixli arayış-hesab etibarsız hesab edilməklə, bu avtomobilin üzərində iddiaçı X1 və Cavabdeh ½ hissədə payları müəyyən edilmişdir.

24. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək, hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.

26. Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini əsasən qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir neçə icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir.

27. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(059)-576/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda ona düşən paya müvafiq olaraq kompensasiyanın ona ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.

28. Göründüyü kimi, tərəflərin əmlak üzərində payları qanun qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilsə də, həmin əmlakın naturada real bölgüsü mümkün olmamışdır.

29. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(059)-576/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh izahatında iddiaçı Gülər Rəcəbovaya məxsus payın dəyərini məhz onun tələb etdiyi həcmdə ödənilməsi ilə razı olmadığını bildirmiş, eyni zamanda, həmin məhkəmə iclasında da, hazırda olduğu kimi tərəflər arasında kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə edilməmişdir.

30. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əmlak açıq hərracda satılmalı, satışından əldə olunan məbləğ tərəfin arasında paylara münasib bölünməlidir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, nəqliyyat vasitəsinin atası Rafiq Rəcəbova məxsus olması, qeydiyyat vasitəsinin onun adına olmasına qiymət verərək qeyd edir ki, iş materiallarında olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(059)-14/2021 saylı qətnaməsinə əsasən “X9 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 adına keçirilməsinə əsas olmuş 14 oktyabr 2019-cu il tarixli arayış-hesab etibarsız hesab edilmiş, avtomobilin üzərində iddiaçı X1 və Cavabdeh ½ hissədə payları müəyyən edilmişdir.

32. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

33. Göründüyü kimi mübahisəli nəqliyyat vasitəsinin X3 adına keçirilməsinə əsas olmuş 14 oktyabr 2019-cu il tarixli arayış-hesab etibarsız hesab edilməsi və avtomobilin üzərində hazırki iş üzrə tərəflərin ½ hissədə payları müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğundan, həmin halın hazırki işdə mübahisələndirilməsi istisna edilir.

34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir.

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. 37 Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin e-2(059)-309/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin e-2(059)-309/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar