Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-199/2024 10.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: sabit pul məbləğində aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-2216/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X4 xx.xx.2013-ü il tarixdə nikah bağlamışlar, nikahdan sonra arvada Cəbrayılova soyadı verilmişdir.
2. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2024-cü il təvəllüdlüdür.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********972000 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, vergi ödəyici Cavabdeh təqdim etdiyi bəyannamələrə əsasən xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək malların təqdim edilməsindən, xidmətlərin göstərilməsindən (işlərin görülməsindən) əldə etdiyi ümumi gəlirin həcmi 53260.00 manat olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəmədə iddia qaldıraraq xx.xx.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 3000 manat alimentin tutularaq iddiaçınınn xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Nikahları Xaçmaz rayon Qusarçay İnzibati Ərazi dairəsində 11 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçının cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Nikahın pozulması barədə iddia ərizəsi Xaçmaz rayon məhkəməsinin icraatındadır. Cavabdeh kifayət qədər gəlirə sahibdir. Belə ki, Cavabdeh Dövlət Vergi Xidmətindən fiziki şəxs (VÖEN **********) kimi qeydiyyatdan keçmişdir. Cavabdeh adına Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş VÖEN üzrə (vöen**********) illik dövriyyəsinin hansı məbləğdə olması barədə məlumat almaq üçün sorğu göndərilmişdir. Lakin cavab əldə olunmamışdır. Birgə nikahlarından anadan olmuş uşaq isə hal-hazırda onun himayəsindədir. Cavabdeh uşağın qayğıları ilə maraqlanmır, ona ata qayğısı, nəvazişi göstərmir. Uşağın bütün öhdəlikləri onun üzərində qalır, bütün ehtiyaclarını o, qarşılayır, o cümlədən, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir. Lakin buna baxmayaraq, Cavabdeh yetkinlik yaşına çatmayan uşağa layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirmir. Uşaq hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Bu səbəbdən də, iddiaçı cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
6. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-2216/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 220 manat sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir (hakim Vüsalə Qasımova).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü, Ailə Məcəlləsinin 75, 76, 78.1, 78.2, 84, 100.2-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 19-cu maddəsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023 -cü il tarixli, 2(067)-2216/2023 nömrəli qətnaməsini ləğv edərək, İddiaçı tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Nikahın pozulması barədə iddia ərizəsi hazırda Xaçmaz Rayon Məhkəməsinin icraatındadır. Belə ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından olan X1 hal-hazırda 9 yaşı var. Xaçmaz Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. O uşağın aylıq xərclərini ödəmək qabiliyyətində deyil. Buna görə də onun saxlanması üçün cavabdehdən 3000 manat sabit pul məbləğində alimentin tutulması məqsədə müvafiqdir. Cavabdeh kifayət qədər gəlirə sahibdir. Belə ki, Cavabdeh Dövlət Vergi Xidmətindən fiziki şəxs (VÖEN **********) kimi qeydiyyatdan keçmişdir. Cavabdeh adına Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş VÖEN üzrə (vöen**********) illik dövriyyəsinin hansı məbləğdə olması barədə məlumat almaq üçün sorğu göndərilmişdir. Lakin həmin sorğunun cavabı əldə olunmamışdır. Məhkəmə tərəfindən sorğu göndəriləcəyi təqdirdə illik dövriyyə üzrə cavabdehin qazancını müəyyən etmək olar. Apellyasiya mərhələsində bununla bağlı müvafiq vəsatəti də olacaqdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər.
12. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini əsas götürərək işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
“Uşaq hüquqlarına dair” BMT Konvensiyası
16. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.
“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir;
18. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-2216/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
31. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini iddianın təmin edilməyən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, işin hallarına görə tərəflər nikahlarını qeyd etdirməklə ailə qurmuşlar və onların xx.xx.2014-cü il təvəllüdlü bir uşaqları olmuşdur. İddiaçı cavabdehdən hər ay 3000 manat sabit pul məbləğində aliment tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq iddianın qismən əsasla olması qənaətinə gəlmiş və cavabdehdən yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulması qənaətinə gəlmişdir.
34. Qətnamə ilə razılaşmayan iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, müəyyən edilmiş aliment məbləği uşağın saxlanılması üçün kifayət deyil, cavabdehin gəliri çoxdur və məhkəmə bu halı araşdırmamış, nəzərə almamışdır.
35. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən Dövlət Vergi Xidmətindən əldə edilmiş cavab məktubu ilə müəyyən edilmişdir ki, vergi ödəyici Cavabdeh təqdim etdiyi bəyannamələrə əsasən xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək malların təqdim edilməsindən, xidmətlərin göstərilməsindən (işlərin görülməsindən) əldə etdiyi ümumi gəlirin həcmi 53260 manat olmuşdur.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı halda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi, qanunverici alimentin tutulma formasını seçmək hüququnu alimenti tələb edən şəxsə məxsus olmasını müəyyən etmişdir. Belə olan halda kollegiya hesab edir ki, alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmaması halı olmadığından, iddiaçının cavabdehdən sabit şəklində 3000 manat tələb edilməsi əsaslandırılmadığından, birinci instansiya qətnaməsi iddianın təmin edilməyən hissədə qanuni və əsaslıdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir.
38. Belə ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları isə alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.
39. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyən meyar kimi çıxış etsə də, iddiada göstərilən aliment məbləğin tam ödənilməsi vəzifəsinin əlavə sübutlar olmadan cavabdehin üzərinə qoyulması yolverilməzdir.
40. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsi tərəfindən alimentin 220 manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab etmişdir.
41. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X9rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-2216/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.