Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1991/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1193/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Qusar 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin ləğv edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Qusar 1 saylı Mediasiya Təşkilatında bağlanmış, xx.xx.2023-cü il tarixli barışıq sazişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 29 iyul 2016-cı il tarixində nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları olmuşdur. Hal-hazırda faktitki olaraq ayrılmışlar. xx.xx.2023-cü il tarixində Qusar 1 saylı Mediasiya təşkilatında cavabdehin təklifi ilə barışıq sazişi bağlamışlar. Sazişə əsasən onlar nikahın pozulmasına dair məhkəməyə müraciət etmək qərarına gəlmişlər. (Nikahın pozulması tələbi üzrə Quba Rayon Məhkəməsinin icraatındadır - İş №2(027)-704/2023). Digər şərtlərə görə birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 atası Cavabdeh himayəsində qalmasına razılığa gəlməklə, onunla uşaqları hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 19:00 qədər (gecə qalmaq şərti ilə) görüş günlərinin təyin edilməsi və görüş yeri onun yaşadığı ünvan müəyyənləşdirilmişdir. Amma cavabdeh saziş bağlandıqdan sonra uşaqları Rusiya Federasiyasına aparmışdır, bunun nəticəsində o, azyaşlı uşaqları ilə görüşməkdən məhrum olmuşdur. Cavabdehin belə rəftarı uşaqlarının onunla gələcəkdə də ünsiyyətdə olmamaları üçün hər cür səy göstərəcəyinə əminlik yaradır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və onların birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə faktiki olaraq ayrılmışlar, lakin aralarında olan rəsmi nikah qeydi hələ ki, pozulmamışdır. İddiaçı və cavabdeh xx.xx.2023-cü il tarixdə Qusar 1 saylı Mediasiya Təşkilatında öz aralarında barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişinə əsasən iddiaçı və cavabdeh nikahın pozulması barədə məhkəməyə müraciət etmək qərarına gəlmişlər və nikah məhkəmə qaydasında pozulduqdan sonra birgə nikahlarından doğulmuş X1 və X2 atası Cavabdeh himayəsində qalması və İddiaçı uşaqları ilə hər həftənin şənbə günü səhər saat 11.00-dan bazar günü axşam saat 19.00-a qədər (gecəni qalmaq şərtilə) görüş günlərinin təyin edilməsi və görüş yerinin iddiaçının yaşadığı ünvan müəyyənləşdirilmişdir. Lakin, uşaqlar hazırda ataları və nənəsi ilə birlikdə iddiaçının və cavabdehin notariat qaydasında birlikdə verilmiş razılıq ərizəsinə əsasən müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Rusiya Federasiyasına getmişlər və onda olan məlumata görə bu yaxın günlərdə Azərbaycana qayıtmalıdırlar. Birinci instansiya məhkəməsi isə bu faktı nəzərə almadan cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinin pozulması qənaətinə gəlmiş və iş üzrə əsassız qətnamə qət etmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, tərəflər arasında bağlanmış rəsmi nikah qeydi hələ ki, mövcuddur və məhkəmə qaydasında pozulmamışdır. Mülki Məcəllənin 421 - 423-cü maddələrinin tələbləri pozulmuşdur. Müqavilənin dəyişdirilməsi və yaxud ləğv edilməsi tərəflərin razılaşması ilə mümkündür. İddiaçı isə bu barədə cavabdehə nə şifahi, nə də yazılı formada müraciət etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru Nümayəndə2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini Sazişin şərtinin cavabdeh tərəfindən pozulması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli barışıq sazişinin bağlanması işin mübahisəsiz halıdır. Mövcud iş üzrə iddia tələbi barışıq sazişinin ləğv edilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 421-ci maddəsi təşkil edir. Tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmalar ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər (Mülki Məcəllənin 421.1., 421.2-ci maddələri). Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. Qeyd etmək lazımdır ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. Cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, müqavilənin tərəfi olan iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olunduğundan, iddiaçı barışıq sazişinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1991/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1991/2023
20.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver