Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-200/2024 11.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(067)-2064/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh övladı xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün onun qazancının və (və ya) başqa gəlirinin 4də 1 hissəsi məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2020-ci ildə nikaha daxil olmadan qeyri-rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2021-ci il tarixdə X4 anadan olmuşdur. Cavabdeh ərizə yazaraq öz atalığını uşağına vermişdir. Onunla həmin vaxtdan xx.xx.2023-cü il tarixədək birlikdə yaşamışlar. Lakin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Öməri də özü ilə götürərək valideynlərinə məxsus evə qayıtmışdır. Cavabdeh nə onunla, nə də övladı ilə maraqlanmır. Bu günə kimi övladına özü baxır. Ona bir ana kimi çətindir. Cavabdeh övladına qarşı biganədir. Xaçmaz Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(067)-2064/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 19 iyun 2023-cü ildən başlayaraq Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirinin 4-də 1 hissəsi məbləğində alimentin alınaraq İddiaçı verilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(067)-2064/2023 nömrəli qətnaməsinin ləğv edilərək, alimentin 100 manat sabit pul məbləğində müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2064/2023 nömrəli qətnaməsi ilə İddiaçı ona qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü ildən başlayaraq ondan hər ay qazancının ¼ hissəsi məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci ildə onunla qeyri-rəsmi olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2021-ci il tarixdə X4 adlı oğulları anadan olmuş, uşağa atalıq onun tərəfindən verilmiş, ailəvi qaydada xx.xx.2023cü il tarixədək birgə yaşamışlar və guya xasiyyətləri uyğun gəlmədiyinə görə ayrılaraq uşaqla birlikdə valideynlərinə məxsus evə qayıtmışdır. Guya nə onunla, nədə ki, uşaqla maraqlanmamışdır, ona və uşağa qarşı biganəlik göstərmişdir, uşağın saxlanılmasında çətinlik çəkir, ona görə də aliment tələb edir. Məhkəmə yuxarıda göstərilən qaydada qərar qəbul etmişdir. Qətnamədən də göründüyü kimi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamədə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməyinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Halbuki ona məhkəmənin vaxtı və yeri barəsində məlumat verilməmişdir. Qeyd etmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixə saat 09:15-ə təyin edilmiş hazırlıq iclasına gəlmişdir, ona bildirilmişdir ki, hazırlıq iclası keçirilib, məhkəmənin vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir. Lakin ona heç bir məlumat verilməmişdir. İddia ərizəsində iddiaçı tərəfindən onun mobil telefon nömrələri göstərilsə də, məhkəmə iclası barədə mobil telefonlarına da hər hansı bildiriş göndərilməmişdir. Bu səbəbdən də öz arqumentlərini məhkəməyə bildirə bilməmişdir. İddiaçının göstərdiyi kimi güya ona və övladına biganə münasibət göstərməyi və guya onlarla maraqlanmamağı barədə göstərilənlər həqiqətə uyğun deyil. Belə ki, o, iddiaçı ilə ailə qurduqdan sonra xəstəliyi ilə əlaqədar (hepatit C) onu müalicə etdirmişdir. Bu məqsədlə hətta istifadəsində olan maşınını da sataraq müalicələrə xərcləmişdir. Doğma övladı xx.xx.2021-ci il təvəllüdlü X3 da çox istəyir, fikri də qətidir ki, iddiaçı ilə barışıb, uşaqları ilə birlikdə ailəvi qaydada yaşayışlarını davam etdirsinlər. Məhkəmə iclasında iştirak etsəydi, bu barədə iddaçı tərəfə təkliflərini bildirərdi ki, barışıb ailəvi qaydada yaşamaq istəyir. Onun fikrincə iddiaçı özü də onunla barışmağa meyillidir, təəssüf ki, ətrafındakı şəxslər müəyyən maneçilik göstərir. Ümid edir ki, barışıb ailəvi qaydada birgə yaşayacaqlar. Uşağın saxlanılması üçün üzərinə düşən vəzifələrin icrasından imtina etmir. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçı ilə birgə yaşadıqları zaman xx.xx.2023-cü il tarixdə Bank Respublika ASC-dən illik 21%-lə 36 ay müddətinə 22000 manat kredit almışdır və hazırda bank qarşısında 16477 manat 19 qəpik məbləğində kredit borcu qalır. Bank Respublika ASC-nin xx.xx.2023-cü il tarixli, 013/410 nömrəli arayışı ilə göstərilən hal öz təsdiqini tapır. Özü dəri xərçəngindən əziyyət çəkir, müalicələrinə kifayət qədər yüksək vəsait xərclənir. Ambulator Tibbi kitabçadan göründüyü kimi uzun müddətdir ki, müalicələr alır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə 19 dekabr 2023-cü il tarixli ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək alimentin azaldılmasını istəmişdir. Cavabdeh hal-hazırda Xaçmaz Rayonu Yeni Həyat qəsəbəsində yerləşən tam orta məktəbdə müəllim işləyir və onun aylıq əmək haqqı 1000 (min) manatdan yuxarıdır. Bundan başqa onun yaşadığı kəndli ərazisində hektarlarla gilas bağı və Xaçmaz Rayonu Nabran qəsəbəsində evi vardır. Bir sözlə, onun kifayət qədər imkanı vardır. Digər tərəfdən övladı anadan doğulmaqla hal-hazırda onun sağ ayaq damarlarında tromplar vardır və bu xəstəliyinə göre bir valideyn kimi onun müalicəsinin davam etdirir. Hal-hazırda o, heç yerdə işləmir və başqa heç bir yerdən gəlir mənbəyi voxdur. Yalnız anasının aldığı təqaüd ilə çox çətinliklə də olsa dolanırlar. Onun maddi imkanı olmadığına görə nə vəkil tuta bilir, nə də məhkəməyə gəlib iştirak eda bilmir. Ela buna görə də, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yuxarıda qeyd etdiyi xüsusatları nəzərə alaraq Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını bir əlacsız ana kimi xahiş edir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflərin faktiki nikahından xx.xx.2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 1 övladları var. İddiaçı Cavabdeh övladı olan xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun qazancının və başqa gəlirinin 4-də 1 hissəsi məbləğində alimentin tutularaq iddiaçıya verilməsini xahiş edir. Cavabdehin işi ilə bağlı Təhsil Şöbəsindən maaşı ilə bağlı sənəd də almışdır. Həmin sənəddən də görünür ki, cavabdeh 1086 manat maaş alır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlilləri onun azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunmuş aliment uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Eləcə də, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Respublikada 2023-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini nəzərə almışdır. Odur ki, tərəflərin azyaşlı oğlu xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması cavabdehin hər ay qazancının və (və ya) başqa gəlirinin 4-də 1 hissəsi məbləğində alimentin alınaraq İddiaçı verilməsi uşağın mənafeyi baxımından məqsədəuyğundur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(067)-2064/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-200/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-200/2024
11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver