Məhkəmə qərarları › İş №2(105)-2002/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2002/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2002/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı, Cavabdeh1 Əsgər oğlunun iştirak ilə Quba Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(027)-510/2006 saylı qərardadından maraqlı şəxs DƏDRX-nin 5 Saylı Ərazi İdarəsinin rəisi E.Hacıyevin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(027)-510/2006 saylı qərardadı ilə (hakim V.M.Seyidov) İddiaçı cavabdehlər Cavabdeh1 Əsgər oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25 sentyabr 2006-cı il tarixli, 2(027)- 510/2006 saylı qətnaməsindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi E.Hacıyev şikayət verərək qərardadın ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(027)-510/2006 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Quba Rayon Məhkəməsinin 25 sentyabr 2006-cı il tarixli, 2(027)-510/2006 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Əsgər oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilib, cavabdehlər Cavabdeh1 Əsgər oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 JN 0073 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət ktı ilə onlara və azyaşlı uşaqları Nəbiyeva Gülnarə Akif qızı və X3 verilmiş 3,24 ha torpaq sahəsindən 0,06 ha əkin və 1.0 ha meyvə bağı sahəsini 20 aprel 2004-cü il tarixə ona satmalarına dair aralarında bağlanmış alqı-satqı əqdi etibarlı hesab edilmiş, həmin torpaq sahələrinin İddiaçı mülkiyyətinə verilməsi və torpaq sahəsinin onun adına Dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi və cavabdehlərdən 19 manat 80 qəpik dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Maraqlı şəxs DƏDRX-nin 5 Saylı Ərazi İdarəsinin rəisi E.Hacıyev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 16 aprel 2021-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayətə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 və maraqlı şəxs DƏDRX-nin 5 Saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, P.Cavabdeh1 və maraqlı şəxs DƏDRXnin 5 Saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 25 sentyabr 2006-cı il tarixli, 2(027)-510/2006 saylı qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apelyasiya şikayəti vermək hüququ olmadığından verilmiş apelyasiya şikayəti geri qaytarılmalıdır. İş materialları ilə müəyyən olur ki, Quba Rayon Məhkəməsinin 25 sentyabr 2006-cı il tarixli, 2(027)-510/2006 saylı qətnaməsi ilə JN 0073 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət ktı ilə cavabdehlərin və azyaşlı uşqları Nəbiyeva Gülnarə Akif qızı və X3 verilmiş 3,24 ha torpaq sahəsindən 0,06 ha əkin və 1.0 ha meyvə bağı sahəsini 20 aprel 2004-cü il tarixə ona satmalarına dair aralarında bağlanmış alqı-satqı əqdi etibarlı hesab dilmiş, həmin torpaq sahələrinin İddiaçı mülkiyyətinə verilməsi və torpaq sahəsinin onun adına Dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsivə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasını tələb edir. Quba Rayon Məhkəməsinin 25 sentyabr 2006-cı il tarixli, 2(027)-510/2006 saylı qətnaməsinin tərəflərə göndərilməsi barədə məktub olsa da, həmin qətnamənin poçt xidməti vasitəsi ilə məhz DƏDRX-nin 5 Saylı Ərazi İdarəsinə göndərilməsi və ya qətnamənin surətinin maraqlı şəxs tərəfindən rəsmi qaydada qəbul edilməsi və ya qətnamənin alınmasından imtina barədə bildiriş mövcud deyildir. İddiaçı 04 mart 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edib, Quba Rayon Məhkəməsinin 25 sentyabr 2006-cı il tarixli, 2(027)-510/2006 saylı qətnaməsinin surətinin icra edilməsi üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilməsini xahiş etmiş, həmin tarixdə sözügedən qətnamə icra edilməsi üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi 17 aprel 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edib, Quba Rayon Məhkəməsinin 25 sentyabr 2006-cı il tarixli, 2(027)- 510/2006 saylı qətnaməsinin surətinin rəsmi qaydada təqdim edilməsini xahiş etmiş və ərizə ilə yanaşı apelyasiya şikayəti verilmişdir. Quba Rayon Məhkəməsinin 25 sentyabr 2006-cı il tarixli, 2(027)-510/2006 saylı qətnaməsi JN 0073 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehlərə və azyaşlı uşaqları Nəbiyeva Gülnarə Akif qızı və X3 verilmiş 3,24 ha torpaq sahəsindən, 0,06 ha əkin və 1.0 ha meyvə bağı sahəsi İddiaçı mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab edildiyindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin bilavasitə maraqlarına toxunduğundan qətnamədən 09 aprel 2021-ci il tarixdə apelyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən aparılır. Belə olan halda, qəbul edilmiş qətnamə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunur. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə 26.04.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən maraqlı şəxsin verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən verilmiş apelyasiya şikayətini geri qaytararkən işdə olan sənədlərə və prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(027)-510/2006 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 05 may 2021-ci il tarixli, 2(027)-510/2006 saylı qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 25 sentyabr 2006-cı il tarixli, 2(027)-510/2006 saylı qətnaməsindən maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin verdiyi apelyasiya şikayəti prosessual müddət ötürülməmiş və qanunla müəyyən edilmiş vaxtda verilmiş hesab edilərək icraata qəbul edilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin rəisi E.Hacıyevin verdiyi şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(027)-510/2006 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 05 may 2021-ci il tarixli, 2(027)-510/2006 saylı qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 25 sentyabr 2006-cı il tarixli, 2(027)-510/2006 saylı qətnaməsindən maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin verdiyi apelyasiya şikayəti prosessual müddət ötürülməmiş və qanunla müəyyən edilmiş vaxtda verilmiş hesab edilərək icraata qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar