Məhkəmə qərarları › İş №2(105)-2004/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2004/2023

21.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2004/2023 21.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Cavabdeh nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 20N-cü il tarixli, e-2(060)-4485/20N saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci ildə faktiki nikaha daxil olmuş və həmin nikah münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü X5 adlı bir övladları doğulmuşdur. Cavabdehla rəsmi nikaha daxil olmaq mümkün olmadığından, atalığın müəyyən olunması üçün Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş və həmin qurum tərəfindən 05 mart 2022-ci il tarixdə verilən şəhadətnamədə Cavabdeh X2 atası hesab edilmişdir. Övladının artıq üç yaşı var və təlabatları günü-gündən artmaqda davam edir. Tək ana olaraq bütün bunları qarşılamaq iqtidarında deyil. Halbuki Azərbaycan Respublikası Konstitusiyasında, Azərbaycan Respublikası Ailə Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda uşaqların qayğısına qalmaq, o cümlədən onların maddi və mənəvi tələbatlarını təmin etmək valideynlərin əsas vəzifəsi olaraq göstərilmişdir. Ona görə də övladının yetkinlik yaşına çatanadak saxlanılması üçün atası Cavabdeh aliment tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh hal-hazırda Ağstafa rayonunda yerləşən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edir və ona pul təminatı həmin hərbi hissə tərəfindən ödənilir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hansı vəzifədə işləməsi və orta aylıq qazancı barədə rəsmi məlumatın əldə edilməsi üçün vəkil sorğusu göndərilmiş, lakin sorğunun cavabı gəlmədiyi üçün onu iddia ərizəsinə əlavə edə bilmir. Amma məhkəmənin hazırlıq iclasına kimi sorğunun cavabı gələrsə, hazırlıq iclasında onu məhkəməyə təqdim edəcək. Ona görə də, Cavabdeh övladı xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi onun xeyrinə aliment tutulmalıdır. Yuxarıda qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 20N-cü il tarixli, e-2(060)-4485/20N saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.20N-cü il tarixdən başlayaraq hər ay Cavabdeh qazancı və digər gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).

5. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75, 76, 78.1, 102-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 20N-cü il tarixli, e-2(060)-4485/20N saylı qətnaməsinin qismən ləğv edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda rəsmi nikahdadır və eyni zamanda həmin nikahından 2 uşağı da vardır. Məhkəmə öz qətnaməsini qət edərkən digər uşaqların mənafelərini nəzərə almamış və hüquqlarını pozmuşdur. Məhkəmə iddiaçının bir uşağı üçün alimentin həcmini müəyyən edərkən onun digər uşaqlarını nəzərə almamış, Ailə Məcəlləsinin 76.1.1- ci maddəsini düzgün tətbiq etməmişdir. Halbuki baxılan işdə iddiaçının tələbi üzrə tutulan alimentin məbləği aliment almaq hüququna malik olan bütün uşaqlar nəzərə alınmaqla müəyyən edilməli idi. Başqa sözlə, işə mahiyyəti üzrə baxan məhkəmə iddiaçının tələbi üzrə aliment tutarkən cavabdehin saxlamalı olduğu uşaqların sayını və buna müvafiq olaraq alimentin təyin olunmasına dair qanunvericiliyin tələblərini nəzərə almalıdır. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə tutulacaq alimentin miqdarı-qazancın (başqa gəlirlərin) 1/3 hissəsində müəyyən edilmişdir. Buradan da belə nəticəyə gəlinir ki, qazancın (başqa gəlirin) 2/3 hissəsi aliment ödəmək vəzifəsi olan valideynə qalmalı, 1/3 hissəsi isə uşaqlara görə tutulmalıdır. Cavabdehin qazancının (başqa gəlirlərin) yalnız 1/3 hissəsi 2 uşaq arasında bölünməlidir (yəni hər bir uşaq üçün qazancın və ya başqa gəlirin 1/3 hissəsinin 1/2 hissəsi =1/6). Odur ki, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, baxılan iş üzrə iddiaçının tələbi üzrə tutulan alimentin məbləği alimentin almaq hüququna malik olan bütün uşaqlar nəzərə alınmaqla, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbinə uyğun müəyyən edilməlidir. Elə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməli, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh təkrar ailə qurub, iki azyaşlı övladı var. Aliment əmək haqqının 1/4-i həcmində yox, 1/6-i həcmində tutulmalıdır. Həmin övladlar üçün aliment öhdəliyi olmasa da o uşaqları da təmin etməlidir. Əgər uşaqların sayının nəzərə alınması üçün mütləqdirsə, cavabdeh həmin uşaqlar üçün də aliment ödənilməsinə dair qətnamə üçün də məhkəməyə müraciət edə bilər. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 20N-cü il tarixli, e-2(060)-4485/20N saylı qətnaməsinin ləğv edilməsini, alimentin məbləğinin cavabdehin qazancının 1/6-i həcmində müəyyən edilməsini xahiş edir.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12.. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

100. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

13. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız alimentin onun qazancının ¼ hissəsində tutulması hissəsini mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən olunmuş alimentin məbləğinə dair hissədə müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. İşdə olan AZ-İ 429697 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 atası Cavabdehdur.

20. İş materiallarında olan AZ-İV 691297 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur.

21. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.20N-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

22. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.20N-cü il tarixli məktubundan görünür ki, Cavabdeh hal hazırda Ağstafa rayonunda yerləşən N nömrəli hərbi hissədə xidmət edir və ona pul təminatı həmin hərbi hissə tərəfindən ödənilir. N. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlmişdir.

22. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. N. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehin yenidən nikaha girməsi ,yeni nikahından iki uşağının olması tərəflərin nikahından olan xx.xx.2020-ci il təvəllüdlü Uğurun saxlanılması üçün cavabdehin aylıq gəlir və qazancının ¼ hissəsindən az məbləğdə alimentin tutulması üçün əsas hesab edilə bilməz.

25. Qanunvericiliyin şərhi və tətbiqi təcrübəsi ilə bağlı qərarlarda valideyn rəsmi olaraq heç bir yerdə işləmədikdə və qazanca malik olmadıqda belə, o öz uşaqlarının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsi daşıyır.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməli, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslı hesab edilməməlidir. Belə ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilməsi üçün üçün əsaslar mövcud deyil.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

28. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 20N-cü il tarixli, e-2(060)-4485/20N saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 20N-cü il tarixli, e-2(060)-4485/20N saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar