Məhkəmə qərarları › İş №2(105)-2007/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2007/2021

18.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2007/2021 18.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh Şamil oğlunun iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh Şamil oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(074)-653/2019 saylı qətnaməsindən Cavabdeh Şamil oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(074)-653/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh Şamil oğlundan “Samsung J2” markalı telefon üçün 192 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu, “Samsung markalı LED” televizor üçün 495 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, “Samsung markalı LED” televizor üçün 766 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, “Samsung Galaxy J7” markalı telefon üçün 490 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, cəmi 1961 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi rədd edilmişdir. (hakim E.Hümbətov) Qətnamədən Cavabdeh Şamil oğlu apelyasiya şikayəti verərək, qətnamənin qismən- 170 manat hissəsində ləğv, iddianın qismən rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu- **********14045, **********14043 olan “Samsung J2 markalı” telefon üçün 192 manat ödənilməmiş hissə, 180 manat dəbbə pulu, “Samsung markalı LED” televizor üçün 495 manat ödənilməmiş hissə, 405 manat dəbbə pulu, “Samsung markalı LED” televizor üçün 766 manat ödənilməmiş hissə, 675 manat dəbbə pulu, İMEİ kodu-**********73788, **********73781 olan “Samsung Galaxy J7” markalı telefon üçün 490 manat ödənilməmiş hissə, 300 manat dəbbə pulu, ümumilikdə 1943 manat ödənilməmiş hissə, 1560 manat dəbbə pulu, 30 manat dövlət rüsumu olmaqla, cəmi 3533 manat pulun Cavabdeh Şamil oğlundan «xxxx» MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh «xxxx» MMC ilə bağladığı 25.05.2017-ci il, 31.08.2017-ci il, 24.09.2017-ci il, 10.10.2017-ci il tarixli müqavilələrə əsasən o, İMEİ kodu **********14045, **********14043, **********73788, **********73781 olan “Samsung J2”, “Samsung J7”, 2 ədəd “Samsung” markalı LED televizor almış və nəticədə 3503 manat borcu yaranmışdır. Bunun 1943 manat hissəsi ödənilməmiş hissə, 1560 manat hissəsi isə dəbbə pulu borcudur. Həmçinin bu günədək cavabdehə etdikləri müraciətlər nəticə verməmiş, onun tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Qeyd edilən mallara görə cavabdehin cəmi ödədiyi məbləğ 890 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Şamil oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qismən qanunsuz və əsassızdır. Belə ki, qət edilən borc məbləği tərəflər arasında imzalanmış müqaviləyə əsasən hesablanmamışdır və borc «xxxx» MMC tərəfindən süni şəkildə şişirdilmişdir. O, həqiqətən də «xxxx» MMC-dən ümumi dəyəri 2833 manat olan malları almış, bunun əvəzində cəmi 1100 manat ödəniş etmişdir. Qalan borcu isə əslində 1733 manat təşkil edir. İddianı təmin edən məhkəmə yalnız qarşı tərəfin təqdim etdiyi maliyyə arayışına, habelə nümayəndəsinin izahatına istinad etmişdir. Lakin məhkəmə mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınalşdırmamış, bunun nəticəsində isə əsl borcdan 170 manat artıq pul tutaraq, qismən qanunsuz qətnamə qəbul etmişdir. Buna görə də qətnamə qismən ləğv edilməli, iddianın təmin edilən hissədə tutulan pulun məbləğinin 170 manat azaldılması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh bildirdi ki, hazırda onun iddiaçıya cəmi 755 manat borcu qalmışdır. Bu borcu bir dəfəyə ödəyə bilmir. Sonda o, şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan 25.05.2017-ci il tarixli, 118222 saylı müqavilədən görünür ki, Cavabdeh Şamil oğlu “xxxx” MMC-dən 384 manat dəyərində İMEİ kodu **********14045 olan “Samsung J2” markalı telefon götürmüşdür. Yenə iş materiallarında olan 31.08.2017-ci il tarixli, 211025 saylı müqavilədən görünür ki, Cavabdeh Şamil oğlu “xxxx” MMC-dən 680 manat dəyərində “Samsung markalı LED” televizor götürmüşdür. Yenə də iş materiallarında olan 24.09.2017-ci il tarixli, 236947 saylı müqavilədən görünür ki, Cavabdeh Şamil oğlu “xxxx” MMC-dən 1181 manat dəyərində “Samsung markalı LED” televizor götürmüşdür. İşdə olan 10.10.2017-ci il tarixli, 252900 saylı müqavilədən görünür ki, Cavabdeh Şamil oğlu “xxxx” MMC-dən 588 manat dəyərində “Samsung J7” markalı telefon götürmüşdür. Yenə işdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Şamil oğlunun “xxxx” MMC-yə 25.05.2017-ci il tarixli müqaviləyə əsasən “Samsung J2” markalı telefona görə 192 manat əsas, 180 manat cərimə olmaqla cəmi 372 manat, 31.08.2017-ci il tarixli müqaviləyə əsasən “Samsung markalı LED” televizora görə 495 manat əsas, 405 manat cərimə olmaqla cəmi 900 manat, 24.09.2017-ci il tarixli müqaviləyə əsasən “Samsung markalı LED” televizora görə 766 manat əsas, 675 manat cərimə olmaqla cəmi 1441 manat, 10.10.2017-ci il tarixli müqaviləyə əsasən “Samsung J7” markalı telefona görə 490 manat əsas, 300 manat cərimə olmaqla cəmi 790 manat, ümumilikdə 3503 manat borcu vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə qətnamə apelyasiya baxışının predmetini təşkil etmir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(074)-653/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh «xxxx» MMC ilə 25.05.2017-ci il, 31.08.2017-ci il, 24.09.2017-ci il və 10.10.2017-ci il tarixli müqavilələrə əsasən aldığı, alqı-satqı qiyməti ümumilikdə 2833 manat olan “Samsung J2” markalı telefon, 2 ədəd “Samsung markalı LED” televizor və “Samsung J7” markalı telefon almış, cəmi 890 manat ödəniş etsə də, 1943 manat borcu qalmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə aldığı mallar üçün cəmi 1961 manat olmaqla, ondan 1943 manat ödənilməmiş hissə, 1560 manat dəbbə pulu borcu yaranmışdır. Məhkəmə əsas borc hissəsində iddianı tam təmin etmiş, dəbbənin məbləğini 1542 manat (1560-18) endirmiş, iddiaçı bunu mübahisələndirməmişdir. Cavabdeh şikayətində qət edilmiş borcun 170 manat azaldılmasını xahiş etmiş, lakin konkret sübut göstərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən, Cavabdeh Şamil oğlu həmin müqavilələrdə müəyyən edilmiş əmlakları iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında onun dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilələr əsasında iddiaçıdan müqavilə predmetini almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşdə olan 25.05.2017, 31.08.2017, 24.09.2017 və 10.10.2017-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh Şamil oğlu qeyd edilən malları tam qüsursuz halda təhvil aldığını təsdiq etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Şamil oğlunun iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu barədə iddiaçı ona xəbərdarlıq məktubu da göndərmişdir. Onun iddiaçıya müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə cəmi 1961 manat olmaqla, ondan 1943 manat ödənilməmiş hissə, 1560 manat dəbbə pulu borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə sənədlərilə, habelə müqavilələrlə təsdiq olunur. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cavabdehin əmlak vəziyyətini nəzərə alıb 1560 manat cərimə məbləğini 18 manat həddində müəyyən etməklə birinci instansiya məhkəməsi ədalətli və ağlabatan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin qismən də olsa ləğvinə dair apelyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(074)- 653/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu Cavabdeh Şamil oğlunun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar