Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2027/2023 13.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X11 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdeh Xəlilova (Bağırova) Şölə Sadulla qızının iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinin və tikilinin alqı-satqısından - əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2-141/2006 nömrəli, 07 iyun 2006cı il tarixli qətnaməsindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 07 iyun 2006-cı il tarixli qətnaməsi ilə (hakim T.Ə.Məmmədov) iddianın təmin edilməsi, KOD 30121018 JN:557 nömrəli “Torpağın mülkiyyətə veilməsinə” dair şəhadətnamənin etibarsız sayılaraq ləğv edilməsi, X3 əqddən – 0,20 ha torpaq sahəsinin və tikilinin alqı-satqısından əmələ gələn mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, 0,20 ha torpaq sahəsinin və tikilinin X3 adına rəsmiləşdirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh X4 adma verilmiş KOD 30121018 JN:557A nömrəli şəhadətnamənin ləğv edilməsinə, 0,20 ha torpaq sahəsinin və həmin sahədə yerləşən tikilinin alqı-satqısına dair razılaşmanın etibarlı sayılmasına, həmin torpağın və tikilinin onun adına rəsmiləşdirilməsinin tapşırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə edilən 0,20 ha torpaq sahəsini və həmin sahədə yerləşən bir mərtəbəli iki otaqdan ibarət üstü örtülməmiş tikilini 10 iyul 1993-cü ildə Qusar rayon Urva kənd sakini X6 1.000.000 manata satın almış, torpaq sahəsinin və tikilinin dəyərini həmin gün Azad Bağırova ödəmiş, lakin məzuniyyət vaxtı başa çatdığı üçün işinə qayıtmış, alqı-satqını notariat kontorunda rəsmiləşdirməyə imkanı olmamışdır. Bir neçə il həmin torpaq sahəsindən atası istifadə etmiş, lakin 1995-ci ildə satıcı Azad Bağırov vəfat etdikdən sonra onun arvadı, cavabdeh Şölə Bağırova torpaq sahəsini və tikilini geri götürmüş, 0,20 ha torpaq sahəsini adına rəsmiləşdirmişdir. Daha sonra cavabdeh həmin torpaq sahəsini və tikilini Urva kənd sakini X1, lakin həmin alqısatqı da qeyri-rəsmi aparılmışdır. 0,20 ha torpaq sahəsinin və yarımçıq tikilinin Azad Bağırov tərəfindən ona satılması və neçə il istifadəsində olması 10 iyul 1993-cü il tarixli aktı imzalayan vətəndaşlar, o cümlədən Azad Bağırovun qardaşı X8 da təsdiq edə bilər. Həmin dövrdə Rusiya Federasiyasında işlədiyi üçün alqı-satqını rəsmiləşdirə bilməmişdir, yalnız 2005-ci ilin avqust ayında Qusar rayon Prokurorluğuna müraciət etmişdir. Kod 30121018 JN:557A saylı torpağın mülkiyyətə verilməsinə dair qərar 1998-ci ildə verildiyindən, hüquqları həmin il, yəni 1998-ci ildə pozulub. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsi Qusar Rayon Məhkəməsinin 07 iyun 2006cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin qismən, X3 əqddən – 0,20 ha torpaq sahəsinin və tikilinin alqı-satqısından əmələ gələn mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, 0,20 ha torpaq sahəsinin və tikilinin X3 adına rəsmiləşdirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinə tapşırılması hissəsində ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmamasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını, bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Xəlilova (Bağırova) Şölə Sadulla qızı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya və DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni mübahisə edilən torpaq sahəsinin Azad Bağırov tərəfindən İddiaçı satılması, cavabdehin qismən etirafı, şahid ifadələri, iddiaçının izahatı və 1993-cü ildə tərtib edilmiş aktla sübuta yetirilməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 646.1., 648.1, 336.1. və Torpaq Məcəlləsinin 49-cu maddəsinin 4-cü bəndinə istinad etmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun qismən ləğv edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər (Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qismən mübahisələndirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə qəbul edildiyindən, qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən asılı olmayaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə Şölə, Marusya və X10 rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/5 saylı qərarı ilə 0,20 ha torpaq sahəsinin mülkiyyətə verilməsi işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə iddia tələbləri isə şəhadətnamənin etibarsız sayılaraq ləğv edilməsi, torpaq sahəsinin alqı-satqısına dair razılaşmanın etibarlı sayılması, həmin torpağın və tikilinin iddiaçının adına rəsmiləşdirilməsi barədədir. Məlumdur ki, MPM-in 217.2-ci maddəsinə görə hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hüququnun 1998-ci ildə pozulduğunu iddia edir. Bu baxımdan hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan 1964-cü il redaksiyalı Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. 2000-ci il tarixədək qüvvədə olan 1964-cü il redaksiyalı Mülki Məcəllənin 43-cü maddəsinin İİ bəndinə görə tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il müəyyən edilir. İşdən göründüyü kimi iddiaçı hüquqlarının pozulduğunu 1998-ci ildə bildiyi halda, hazırkı iddia ərizəsi ilə məhkəməyə 2006-cı ildə müraciət etmişdir. Qeyd olunan Mülki Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət edərkən yuxarıda qeyd olunan Mülki Məcəllənin 73-cü maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin şəhadətnamənin etibarsız sayılaraq ləğv edilməsi hissəsində iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında fərmanla yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmış və 2011-ci ilin yanvar ayının 1-dən "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında "Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi respublika ərazisində qüvvəyə minmişdir. Göründüyü kimi inzibatiiqtisadi məhkəmələr 2011-ci il yanvar ayının 1-dən fəaliyyətə başlamışdır. Hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2006-cı ildə verilmiş və həmin iş üzrə qətnamə 07 iyun 2006-ci ildə qəbul edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, inzibati-iqtisadi məhkəmələri yaradılana qədər qüvvədə olan Mülki Prossesual Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələrdə baxılırdı. Nəzərə alsaq ki, mövcud tələb üzrə iddialara inzibati məhkəmələrdə baxılsa da, iddiaçı bu tələblə məhkəməyə xx.xx.2006-cı il tarixdə müraciət etmişdir. Həmin dövrdə inzibati məhkəmə olmadığından, bu cür tələblərə də məhz ümumi məhkəmədə baxılaraq qiymət verilməlidir. Həmçinin o da vurğulanmalıdır ki, İddiaçı tələbində mübahisəli torpaq sahəsinin və tikilinin adına rəsmiləşdirilməsini xahiş etdiyi halda, birinci instansiya məhkəməsi mövcud iş üzrə prosessual şəxs kimi cəlb edilməyən (iddia tələbində hər hansı bir dəqiqləşmə aparmadan) “X3 maraqlı tərəf kimi göstərməklə mülkiyyət hüququnun qeydiyyata alınması, onun adına rəsmiləşdirilmənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinə tapşırılması” qənaətinə gələrək iddia tələbindən kənara çıxmış və nəticədə iddia ərizəsində olmayan tələb üzrə məhkəmə aktı qəbul etməklə MPM-nin 218.3. maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunun düzgün tətbiq edilməməsi və ya prosessual tələblərin kobud surətdə pozulması halları baş verərsə bunlar əsassız və yaxud qanunsuz məhkəmə qərarlarının qəbul edilməsilə nəticələnə bilər. Digər tərəfdən belə hallar eyni zamanda məhkəmə müdafiəsi və ədalətli məhkəmə baxışı hüquqlarının pozulmasına gətirib çıxara bilər. Qeyd olunmalıdır ki, qanunsuz və əsassız məhkəmə aktlarının qüvvədə qalmaması üçün Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə sistemi çərçivəsində zəruri olan hüquqi mexanizmi nəzərdə tutmaqla müxtəlif məhkəmə instansiyalarının səlahiyyətlərini, hüquq və vəzifələrini müəyyənləşdirmişdir. Məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç kəsin məhkəmə qərarının ədalətliyini və hüquqa uyğunluğunu şübhə altına ala bilməməsi prinsipindən irəli gəlir. Ədalətli məhkəmə araşdırması hüququnun mühüm atributlarından biri prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağı məhkəmə instansiyalarının aktlarından yuxarı instansiya məhkəməsinə şikayət və ya protest vermək hüququnun mövcudluğudur. Bu hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə səmərəli ətminat verməklə yanaşı, həm də aşağı məhkəmə instansiyalarının buraxdığı səhvlərin aradan qaldırılmasına və məhkəmə aktlarının mötəbərliyinə xidmət edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2004-cü il tarixli qərarı). Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə konkret işlər üzrə (mülki, cinayət, inzibati) məhkəmə qərarlarına yenidən baxılmasının bu və ya digər formasını seçərkən qanunverici ilk növbədə pozulmuş hüquqların real və vaxtında bərpa edilməsi üçün hüquq və azadlıqların adekvat təmin edilməsi zərurətindən çıxış edir. Aydındır ki, səhv məhkəmə qərarı hüquqa uyğun hesab edilə bilməz. Dövlətin hüquq və azadlıqların səmərəli müdafiəsini təmin etmək öhdəliyi baxımından belə qərarların qüvvədə qalması yolverilməzdir. Ona görə də ədalət mühakiməsinin həyata keçirilməsi qaydasını müəyyən edərkən qanunverici məhkəmə sistemi çərçivəsində bu cür səhv qərarların aradan qaldırılmasının hüquqi mexanizmini də nəzərdə tutmuşdur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 may 2004-cü il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 07 iyun 2006-cı il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 07 iyun 2006-cı il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X5 qarşı şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinin və tikilinin alqı-satqısından - əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2027/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2027/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver