Məhkəmə qərarları › İş №2(105)-2035/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2035/2022

03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2035/2022 03.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi və azaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(012)-3477/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi və azaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan tutulan Abşeron Rayon Məhkəməsinin 2(012)-1754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq (dəyişdirilərək) hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4903/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, nikah pozulduqdan sonra uşağın yetkinlik yaşına çatanadək anasının yanında qalması müəyyən edilmiş və uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq Bayramova (Məmmədova) Nazilə Əlisultan qızına ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4903/2018 saylı qətnaməsinə əsasən tutulan aliment dəyişdirilərək, İddiaçı Cavabdeh xeyrinə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı hazırda X7 ilə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X10 anadan olmuşdur. İddiaçı hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində polkovnik-leytenant rütbəsində, müəllim vəzifəsində xidmət edir. Aylıq əmək haqqı 1006.75 manatdır. Bakı şəhəri 36 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanılmış 3M-299 reyestr nömrəli kirayə müqaviləsi əsasında iddiaçı aylıq 350 manata kirayədə qalır. X7 ilə birgə nikahlarından anadan olmuş X10 azyaşlıdır, tez-tez sağlamlığında problemlər yaranır və ona görə də məsrəfləri yetərincə artmışdır. Hazırda iddiaçı aldığı aylıq əmək haqqı ilə yaşadığı mənzilin aylıq 350 manat kirayə pulunu verir, cavabdehlə birgə nikahlarından anadan olmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimenti böyük çətinliklər içərisində ödəyir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarını, eləcə də cavabdehin hazırda gözəllik salonunda işlədiyini və kifayət qədər yüksək maaş almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, ondan tutulan Abşeron Rayon Məhkəməsinin 2(012)-1754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq (dəyişdirilərək) hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılması qanuni və ədalətli olardı. Yeni doğulan övladının sağlamlığı, təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də əvvəlki nikahından olan övladının maddi tələbatlarını ödəmək, aylıq kirayə pulu vermək ailədə tək çalışan iddiaçı olduğu üçün çox çətindir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, uşağın saxlanılması üçün o, hazırda, İddiaçı aylıq əmək haqqının ¼ hissəsi miqdarında, yəni, 574 manat aliment alır. Əgər iddiaçı 1000 manat əmək haqqı alırsa, həmin pul vəsaitinin ¼ hissəsi olaraq 574 manat olması mümkün deyildir. Belə görünür ki, iddiaçı uşağının saxlanılması üçün 50 manat əskik ödəmək istəyirsə, bundan ötrü məhkəməyə müraciət etməsi düzgün deyil. Hazırda, uşağın 16 yaşı varsa, iki ildən sonra yetkinlik yaşına çatacaq, aliment ödənilməsi kəsiləcəkdir. Hazırda oğlu hazırlıqlara, kurslara gedir və məktəb xərcləri kifayət qədər çoxdur. Həmin xərclərin təkbaşına onun tərəfindən qarşılanması mümkün deyil. İddiaçı uşağın başqa heç bir problemi ilə maraqlanmır. Əgər iddiaçı dediyi kimi, az miqdarda əmək haqqı alırsa həmin məbləğin ¼ hissəsi 574 manat etməməlidir. İddiaçı onun işləmədiyini əsas gətirir, lakin, o, işləmək istəmiş, iddiaçı özü buna icazə verməmişdir. İddiaçı icra məmurunu görmədiyini qeyd edir. Habuki, 254 manat iddiaçının kartından tutulurdusa, 100 manat da terminal vasitəsilə ödənilirdi. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3477/2022 saylı 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Habil Əhmədov) Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: hal hazırda iddiaçının 2 uşağı var və 1000 manat aylıq maaş alır. Yəni həmin 1000 manatın 1/3-i olan 350 manat iki uşaq üçün iki tərəfə bölünməlidir. Bu da hər bir uşaq üçün alimentin məbləğinin 175 manat olduğunu təsdiq edir. İddiaçı təklif edir ki, 175 manat deyil, cavabdehə hər ay 200 manat ödəsin. Bu təklif Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbinə də uyğundur. Lakin məhkəmə Ailə Məcəlləsinin 76-cı maddəsinin yanlış tətbiq edərək, onu pozaraq qətnamə qəbul etmiş və iddiaçının iddia tələbini rədd etmişdir. Ailə Məcəlləsinin tələblərinə zidd olan bu qətnamə ləğv olunmalıdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, hazırki vəziyyətdə 50 manat belə onun üçün böyük məbləğdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Yeni həyat inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZ-İ № 840736 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 36 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası X2r. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-4903/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, iddiaçı Bayramova (nikahdan əvvəl Məmmədova) Nazilə Əlisultan qızı ilə cavabdeh İddiaçı arasında 08 noyabr 2005ci ildə bağlanmış və həmin tarixdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Yeni həyat inzibati ərazi dairəsində nümayəndəliyi tərəfindən akt qeydləri kitabında 26 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş hesab edilmiş, 27 avqust 2006-cı il təvəllüdlü X5 boşanmadan sonra iddiaçı Bayramova (Məmmədova) Nazilə Əlisultan qızının yanında qalmasının müəyyən edilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 154 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı Bayramova (Məmmədova) Nazilə Əlisultan qızına ödənilməsi, alimentin hesablanması və ödənilməsinin 06 iyul 2018-ci ildən etibarən həyata keçirilməsi, qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ № 317093 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X1 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 451 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Məmmədova soyadı verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-1754/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli 2(010)-4903/2018 saylı qətnaməsi ilə tutulan alimentin dəyişdirilərək, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 27 avqust 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutulması, cavabdeh İddiaçı tutulan alimentin dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, cavabdeh İddiaçı dövlət nəfinə 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli AZ-İİ № 396003 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X9 xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 1320 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Bayramova soyadı verilmişdir. 6 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli AZ-İV № 678922 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1185 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası X4r. Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 271 saylı arayışdan görünür ki, polkovnik-leytenant İddiaçı həqiqətən də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində xidmət edir, gəlir vergisi və sosial ödənişlər çıxıldıqdan sonra əmək haqqı 1006.75 manat təşkil edir. Kirayəyə verən X3 ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, kirayəyə verən Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 45 saylı evin 122 saylı mənzilini xx.xx.2026-cı il tarixədək aylıq 350 manat olmaqla kirayəyə vermişdir. Bininci instansiyası məhkəməsi iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Aliə Məcəlləsinin 55.2, 75.1, 75.4, 76.1, 76.2, 78.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2. maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı növbəti dəfə nikaha daxil olmasını, həmin nikahından azyaşlı uşağının olmasını, həmçinin, mənzilə görə kirayə haqqı ödədiyini əsas gətirərək, aliment məbləğinin azaldılmasını və 200 manat miqdarında müəyyən edilməsini xahiş etmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli № 98 nömrəli Qərarına əsasən, 1. Uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur: 1.1. Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə tələb Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan tutulan Abşeron Rayon Məhkəməsinin 2(012)-1754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq (dəyişdirilərək) hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi barədədir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə (Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-1754/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş qazancın və başqa gəlirlərin 1/4 hissəsi) artırılması tələb olunan aliment məbləği arasında fərq 50 (250- 200=50) manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (50 X 12 ay=600) 600 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1 və 402 ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçının apellyasiya şikayəti təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 2(012)-3477/2022 saylı 18 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar