Məhkəmə qərarları › İş №2(105)-2040/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2040/2022

22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2040/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(012)-4612/2022 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(012)-4612/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Elman Məmmədov) . İddiaçı nümayəndəsi və vəkili Vəkil Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022ci il tarixli, e-2(012)-4612/2022 nömrəli qərardadı ilə razılaşmayaraq şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə əsas kimi iddiaçının Ağsu rayonunda qeydiyyatda olmasını əsas gətirmişdir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş arayışdan da görünür ki, iddiaçı faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayır. İddiaçı həmçinin qeyd etmişdir ki, o, bu günə kimi bir gün də olsa belə Ağsu rayonunda, yəni qeydiyyatda olduğu ünvanda yaşamamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçının Ağsu rayonunda olan qeydiyyatı formal olmuşdur. Faktiki yaşayış yerini təsdiq edən arayış məhkəməyə təqdim edilmişdir. İddiaçının himayəsində 3 azyaşlı övladı vardır. Məhkəmə bu halları nəzərə almadan qərardad qəbul etmişdir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçının öz faktiki yaşadığı ünvan uzrə iddia qaldırmaq hüquqları vardır və bu barədə iddia ərizəsində arqument göstərilmişdir. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(012)-4612/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(012)-4612/2022 qərardadının dəyişdirilmədən saxlanılması və şikayət ərizəsinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında şikayətə baxılmasının mümkünlüyü barədə MPM-nin 263, 264, 366.3-cü maddələri rəhbər tutularaq xx.xx.2022-ci il tarixli, 2(105)-2040/2022 nömrəli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Bununla əlaqədar birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qeyd edilir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Həmin Qanunun 10-cu maddəsinə görə vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İddiaçı iddia ərizəsində özünün yaşayış yerini ünvan 3 ünvanını göstərsə də, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, İddiaçı ünvan 4i ünvanında, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AZE Seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsinə əsasən isə Cavabdeh ünvan 5i ünvanında qeydiyyatdadır. İddiaçı iddia ərizəsində özünün yaşayış yerini ünvan 3 ünvanını göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də, iş materiallarına həmin ünvanda iddiaçının Daxili İşlər Nazirliyinin inzibati ərazi vahidi üzrə müvafiq qurumu tərəfindən müvəqqəti qeydiyyata alınması ilə bağlı hər hansı sənəd əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilən tələblərə əməl olunmadığı təqdirdə hazırki mübahisəyə Ağsu Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.Lakin ərizəçi tərəfindən Abşeron Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində faktiki olaraq yaşamasını təsdiq edən sənəd təqdim olunmadığı üçün - həmin ərizəyə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olması müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, yuxarıda şərh olunanlarla müəyyən olunur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Mülki Prosessual Məcəllənin istinad olunmuş maddələrinin tələblərinə riayət edilməsi iddiaçının vəzifəsi olduğuna görə, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(012)-4612/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin icraata qəbul edilmədən, iddiaçıya geri qaytarılması tamamilə qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.2, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(012)-4612/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar