Məhkəmə qərarları › İş №2(105)-205/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-205/2021

13.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-205/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı evə köçürülmə tələbinə dair dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-399/2020 saylı, 14 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-399/2020 saylı, 14 fevral 2020-ci il tarixli qətnaməsi iddia təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı 15.04.2011-ci il tarixli çıxarışa əsasən Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsi üzərində yerləşən Cavabdeh1 adına qeydiyyata alınmış Quba rayonu, Küçeyi kəndində yerləşən fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 istifadə hüquqlarının müəyyən edilməsi və onların həmin evə köçürülməsi qət edilmişdir (hakim R.T.Həsənov). Qətnamədən Cavabdeh4 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu, Küçeyi kəndində yerləşən Cavabdeh1 tam mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evinə köçürülmələri, ondan istifadə qaydalarının müəyyən olunması, Cavabdeh4 ilə birgə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etmələri, həyətdən küçəyə çıxış üçün yol verilməsi, vəkil xidmətlərinə görə 200 manat və ödənilən 11 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onların nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı 15.04.2011-ci il tarixli Çıxarışa əsasən Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsi üzərində yerləşən Cavabdeh1 adına qeydiyyata alınmış Quba rayonu, Küçeyi kəndindəki fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 istifadə hüquqlarının müəyyən edilməsini və onların həmin evə köçürülməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıların köçmək istədikləri fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X16 oğluna məxsus olmuş, o vəfat etdikdən sonra qeyd edilən evə mülkiyyət hüququ Cavabdeh1 keçmişdir. Yəni qeyd edilən fərdi yaşayış evi İddiaçı1 ilə cavadbeh Cavabdeh4 rəsmi nikaha daxil olarkən Cavabdeh1nya məxsus olmuş, onların arasında həmin evdən istifadə etməyə dair notarial qaydada təsdiq edilmiş razılıq olmamışdır. Bundan əlavə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, rahatçılığı pozulduğu üçün evi tərk edərək başqa kənddə kirayə yaşamağa başlamışdır. Onlar hər zaman iddiaçının və uşaqların qeyd edilən evdə rahatlıqlarını təmin edilməsi üçün bacardıqlarını etmiş, hətta Rusiya Federasiyasında yaşayan ailə üzvü Rövşən Yasinov tez-tez qeyd edilən evdə iddiaçıların ehtiyaclarının ödənilməsi üçün pul göndərmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-399/2020 saylı, 14 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndə və vəkili Vəkil2 apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək göstərmişdir ki, İddiaçı1 Cavabdeh4 ilə el adəti üzrə ailə həyatı qurmuş, nikahlarını isə 21 noyabr 2002-ci il tarixdə rəsmiləşdirmiş, birgə nikahlarından 2001-ci il təvəllüdlü Bilal və 2003-cü il təvəllüdlü Kənan anadan olmuşdur. Nikah bağlandıqdan sonra Quba rayonu, Küçeyi kəndində yerləşən cavabdehlərə məxsus evdə yaşamışlar. O zaman uşaqlar doğulmamış və ev yaşayışa yararlı vəziyyətdə olmamışdır. Evin tualeti, mətbəxi olmamış və qəzalı vəziyyət olmuşdur. Yaxın qohumlarının köməyi ilə evi yenidən tam şəkildə inşa edərək, komunal şəraitini yaxşılaşdırmışlar. Bundan sonra uşaqları doğulmuş, İddiaçı1 o evdə həyət işləri ilə məşğul olaraq ailəsi ilə birlikdə mehriban yaşamış, lakin onun digər qohumlarının ailəsinə müdaxiləsi nəticəsində ailə həyatı dağılmışdır. Hal-hazırda tərəflər arasında olan nikah pozulmuşdur. O, uşaqları ilə birgə ata evinə qayıtmaq məcburiyyətində qalmışdır. Hazırda kirayədə yaşayırlar. Kirayədə yaşamaq onlar üçün çox çətindir. Əmlakları əvvəllər yaşadıqları mübahisəli evdə qalmış və qeydiyyat ünvanları da həmin evdir. Uşaqlar da həmin mübahisəli evdə doğulmuşlar. Onların həmin evdə yaşamağa və istifadə etməyə haqları vardır. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-399/2020 saylı, 14 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. RPOSESSUAL M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 qəyyumu Yasinov Rövşən Sədulla oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı tərəfin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-518/2020 saylı, 01.07.2020-ci il tarixcli qətnaməsinə əsasən hazırkı iş üzrə Cavabdeh4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 11 avqust 2020-ci il tarixli qərardadına əsasən mülki iş üzrə icraat Cavabdeh4 qəyyum təyin olunanadək dayandırılmışdır. Quba Rayon İcra Hakimiyyətinin 303/2 saylı,24 fevrvl 2021-ci il tarixli məktubundan görünür ki, İcra Hakimiyyəti başçısının 25 saylı, 10 fevral 2021-ci il tarixli sərəncamına əsasən X10 fəaliyyət qabiliyyəti olmayan qardaşı Cavabdeh4 üzərində qəyyum təyin olunmuşdur. İş materiallarında olan İİ-AZ seriyalı, 028229 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 ilə X12 21.11.2002-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 08.09.2001-ci il təvəllüdlü İddiaçı2 və 08.03.2003-cü il təvəllüdlü İddiaçı3 Quba rayonu, Küçeyi kəndində anadan olmuşlar. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı 15.04.2011-ci il tarixli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Küçeyi kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Həmçinin Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin birgə mülkiyyətçiləridir. İş materiallarında olan JN-064F saylı, kod 30324028 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, X2 və Cavabdeh4 Quba rayonu, AİK-nın 18.11.1998-ci il tarixli, 15 saylı qərarı əsasında 0.18 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan, fərdi yaşayış evinə məxsus olan Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, fərdi yaşayış evinin texniki göstəricilərinə əsasən Quba rayonu, Küçeyi kəndində yerləşən Cavabdeh1 məxsus bir mərtəbəli ev - 1 ədəd açıq tamburdan, 1 ədəd köməkçi otaqdan və 4 ədəd yaşayış otağından ibarətdir. İş materiallarında olan Quba RİHB-nın Talabıqışlaq kənd İƏD nümayəndəliyinin 07 və 14 saylı təsərrüfatbaşına kitablarının surətindən görünür ki, Küçeyi kənd sakinləri Cavabdeh1, Cavabdeh4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 2001-ci ildən 2010-cu ilədək təsərrüfat üzvləridir. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, Cavabdeh4 ilə X12 arasında 21.11.2002-ci ildə nikah bağlanmış, lakin onlar faktiki olaraq həmin tarixdən əvvəl ailə kimi yaşamağa başlamışlar. Əhmədova Sona ailə qurduqdan sonra Quba rayonu, Küçeyi kəndində yerləşən Sədulla Yasinova məxsus evə gəlin köçmüşdür. Bu zaman mülkiyyət sahibinin və digər ailə üzvlərinin buna razılığı öz əksini tapmışdır. Tərəflərin uşaqları da həmin evdə doğulmuş və iddiaçılar həmin ünvanda qeydiyyatdadırlar. Sonradan ailə münasibətləri pozulduğundan iddiaçılar məcbur olub həmin evdən çıxaraq başqa yerdə yaşamalı olmuşlar. Buna görə də həmin evə köçürülmələri və evdən istifadə hüquqlarının müəyyən olunması üçün məhkəməyə müraciət etmişlər. Cavabdehlər isə iddianı qəbul etməyərək, qeyd olunan əmlakın onlara mərhum X4 qaldığını, hal-hazırda mülkiyyət hüququ əsasından həmin fərdi yaşayış evinin Cavabdeh1 məxsus olmasını və cavabdehlərlə onlar arasında həmin evdən istifadə etməyə dair notarial qaydada təsdiq edilmiş razılığın olmamasını nəzərə alaraq, mülki iş üzrə iddianın təmin edilməməsini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzilindən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Müəyyən edilmişdir ki, mübahisəli mənzillə bağlı 2011-ci ilin aprel ayına qədər mülkiyyət hüququnu müəyyən edən çıxarış əldə edilməmişdir. Lakin həmin mənzilin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən JN-064F saylı, kod 30324028 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə mövcud olmuşdur. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir, həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Məhkəmə qeyd edilən qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 sahibliyində olan evə gəlin köçməklə orada yaşayanlarla birgə təsərrüfat aparmaqla ailə üzvü kimi yaşadığından həmin evdən digər ailə üzvləri ilə bərabər istifadə etmək hüququ əldə etmişdir. Bundan başqa İddiaçı2 və İddiaçı3 da həmin evdə doğulmuş və cavabdehlərlə birlikdə həmin evdən bərabər istifadə etmək hüququ əldə etmişlər. Hazırda cavabdehlərin onların iradəsinin ziddinə yaşadığı evdən iddiaçıların istifadə etməsinə məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “O.X11rşı” işi barədə qərarında və “X3rşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi yuxarıda adı çəkilən qərarında xatırlatmışdır ki, Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. Beləliklə, sadalan maddi hüquq normalarının tələblərinə uyğun olaraq iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı 15.04.2011-ci il tarixli Çıxarışa əsasən Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsi üzərində yerləşən Cavabdeh1 adına qeydiyyata alınmış Quba rayonu, Küçeyi kəndində yerləşən fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 istifadə hüquqları müəyyən edilməli və onlar həmin evə köçürülməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Apelyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-399/2020 saylı, 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar