Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-206/2025 22.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş mənəvi zərərin ödənilməsi barədə ilk, Cavabdeh İddiaçı qarşı dəymiş mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-497/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 1(105)-461/2023 saylı qərarının məzmunundan görünür ki, Cavabdeh xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edib, onun və qızı Rəqsanə barəsində “TikTok” internet saytında “@ilhamekərimova361” adlı səhifənin İddiaçı məxsus olmaqla bu məlumatların sonuncu tərəfindən yayıldığını və bu məlumatlar əsasında onun və qızının şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verildiyini göstərmiş, onun CM-in 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(060)-340/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə bəraət verilərək təqsirsiz elan edilməsi hökm edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 1(105)-461/2023 saylı qərarından görünür ki, həmin qərarla Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(060)-340/2023 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, xüsusi ittihamçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024cü il tarixli, 1(102)-819/2024 saylı qərarından görünür ki, həmin qərarla xüsusi ittihamçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə bəraət verilməsi və təqsirsiz elan edilməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-461/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş hadisə nəticəsində ona dəymiş 1000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(060)-340/2023 nömrəli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə bəraət verilərək təqsirsiz elan edilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-461/2023 saylı, 26 oktyabr 2023cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(060)340/2023 nömrəli hökmü xüsusi ittihamçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayəti CM-in 147.1-ci və 148-ci maddələrinin tələbləri rəhbər tutularaq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı özünü təqsirli bilməməsi barədə verdiyi ifadənin müdafiə xarakterli olmasını nəzərə almayaraq onun əməllərinin CM-in 147.1-ci və 148-ci maddələrinin tələbləri baxımından heç bir əsas olmadan bəraət hökmü çıxartmışdır. Cavabdeh xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, onun və qızı Rəqsanə barəsində “TikTok” internet saytında “@ilhamekərimova361” adlı səhifənin İddiaçı məxsus olmaqla bu məlumatların onun tərəfindən yayıldığını və bu məlumatlar əsasında onun və qızının şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verildiyini göstərmiş, lakin nəzərdə tutulmuş əməlləri törətməsini heç bir vasitə ilə sübuta yetirməmişdir. “TikTok” internet saytında olan “@ilhamekərimova361” adlı profil ona aid deyil və nalayiq ifadələr onun tərəfindən yazılmamışdır. “TikTok” sosial şəbəkəsində olan bu profilin ona – İddiaçı məxsus olması, nalayiq ifadələrin Cavabdeh tərəfindən yazılması və böhtan atması barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən, onun hərəkətlərində qeyd edilən cinayətin tərkib əlamətləri müəyyən edilməmişdir. Ona görə də barəsində verilmiş hökmün nəticəsi tamamilə qanuni və əsaslıdır. Lakin bu hadisə onun həyatına mənfi təsir göstərmiş, maddi və mənəvi cəhətdən əziyyət çəkməsinə səbəb olmuşdur. Məhkəməyə barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət verilməsi ona qarşı şərəf və ləyaqətini alçaldan hərəkətlərdir. Bu səbəbdən dəymiş mənəvi zərər Cavabdeh tutularaq ona ödənilməlidir.
6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş hadisə nəticəsində ona dəymiş 2000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, o, 36-37 ildir ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən 35B saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Bu müddətdə yaşadığı yerdə ondan və ailə üzvlərindən heç bir şikayət olmamışdır. Yalnız son 6-7 ildə qonşuluğunda yaşayan ana-bala olan İlhamə və Naxış Kərimovalardan başqa onlardan (anası Cəmilə Vəliyevadan) şikayət edən olmamışdır. Qonşuluğunda yaşayan X5 və onun qızı İddiaçı son 6-7 ildə qonşularla daim münaqişələr yaradır, qəsdən hüquq-mühafizə orqanlarına bilə-bilə yalan məlumatlar verir, şər-böhtan xarakterli şikayətlər edirlər. Son illərdə isə onlar daha da fəallaşmışlar və haqsız, şərböhtan xarakterli şikayətlərini davam etdirirlər. Qonşuları narahat edirlər. 1-2 il bundan əvvəl onlar anası Vəliyeva Cəmiləni döyərək xəsarət yetirmişlər və bununla əlaqədar olaraq İddiaçı məhkəmə hökmünə əsasən məhkum olunmuşdur. 2022-ci ilin iyun ayında İddiaçı yenidən onun anası Cəmilə Vəliyevaya şər-böhtan ataraq şikayət etmiş, lakin onun şikayəti ilə əlaqədar işin icraatına Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2941/2022 saylı, 11 noyabr 2022-ci tarixli qərarı ilə xitam verilmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarı ilə İddiaçı şikayəti təmin edilməmişdir. Həmin gün Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasından çıxarkən İddiaçı onun anasının üstünə hücum çəkmiş, onu söyüb təhqir edərək döymək istəmişdir. Lakin anası onun əlindən güclə qaçıb canını qurtarmışdır. Sumqayıt şəhər Pİ tərəfindən İddiaçı müraciəti əsasında toplanmış material xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsi məqsədi ilə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ramiz Quliyevin icraatında bu işə baxılaraq 13 fevral 2023-cü il tarixli, 1(060)-328/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair İddiaçı tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmçinin, onun və qızı Rəqsanə barəsində “TikTok” internet saytında “@ilhamekərimova361” adlı səhifənin İddiaçı məxsus olmaqla məlumatların yayıldığını və bu məlumatlar əsasında onun və qızının şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verildiyini göstərmişdir. Bu hadisə onun təzə ailə qurmuş qızı Rəqsanənin az qala ailəsinin dağılmasına səbəb olmuş, qızının şəkilləri digər qohumlarla toyda çəkilmiş şəkillərdən götürülmüş, montaj olunaraq nalayiq sözlər yazmaqla səhifələrdə paylaşılmışdır. Bu barədə AR DİN-ə müraciət etmiş, ilkin olaraq onlara sosial şəbəkələrdə olanların qarşısını almağın çətin olduğunu bildirsələr də, bir neçə cəhddən sonra həmin səhifə hüquq-mühafizə orqanları tərəfindən silinmiş, bundan sonra artıq o paylaşımlara son qoymuşdur. Sosial şəbəkələrdə olan İlhamənin səhifələri başqa-başqa adlarla aktivdir. Ancaq Azərbaycan Respublikası DİN-nin bu işə nəzarətindən onlardan artıq əl çəkmişdir. Dəfələrlə ailəsini şantaj edib, yerli-yersiz məhkəmələrə verib, hətta anası Vəliyeva Cəmilə intihara cəhd etmişdir ki, İlhamədən yaxasını qurtarsın. Həkimlərin səyi nəticəsində onun həyatını qurtarmaq mümkün olmuşdur. Hazırda da onlar rahatlıqları naminə İlhamənin evinin yaxınlığında olan evlərini satıb ondan uzaqlaşmışlar. Onu yaxınlıqda görmədiyi üçün hazırda məhkəməyə vermək arzusu ilə onu məhkəmələrə verir. Ümumilikdə ona, anası və ailəsinə külli miqdarda zərər vurmuşdur. Dəfələrlə polis idarəsinə şikayət verməsi, işlərindən qalaraq pul tökərək polis idarəsində və məhkəmələrdə sürünmələri, anasının ölümdən qayıtması artıq həyatlarını cəhənnəmə çevirib və onlara 2000 manat dəyərində mənəvi zərər vurmuşdur.
8. Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-497/2024 nömrəli qətnaməsi ilə qət edilmişdir (hakim Samir Mayılov).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 1096.2, 1097.1-ci maddələri, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 88, 101.7, 103.1, 119.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verib, Qobustan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-497/2024 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh qətnamə ilə razı olmadığını bildirərək apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tədqiq olunmamış sübutlara əsaslanaraq qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasıda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 46.1. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
16. Maddə 46.2. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
18. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
19. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
23. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı
32. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. ... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
33. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır.
34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı
35. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
Apellyasiya baxışının hədləri
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Apellyasiya şikayətindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Vəliyeva X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-497/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməməsinə, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, iddiası qismən təmin edilən ilk İddiaçı tərəfindən isə apellyasiya şikayəti verilməmişdir.
39. Ona görə də kollegiya Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-497/2024 nömrəli qətnaməsinin ilk iddianın qismən təmin edilən və qarşılıqlı iddianın təmin edilməməsi hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Əvvəla izah olunmalıdır ki, şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur. Şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissini müəyyən edir. Şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların, təhqiredici və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılması tələb edilirsə, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan şəxsə söylənilməsi kifayət edir. Bu baxımdan hətta kütləvi yayılma halı olmadan ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, onu açıq-aşkar alçaldan, nüfuzdan salan ifadələr zərərçəkənin ləyaqətini alçaltmaqla onun mənəvi iztirab və sarsıntı keçirməsinə, başqa sözlə mənəvi zərərə məruz qalmasına səbəb ola bilər.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına düzgün istinad edərək, ilk iddia tələbini qismən təmin etmiş, qarşılıqlı iddianı təmin etməmişdir.
43. Kollegiya qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-340/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə bəraət verilərək təqsirsiz elan edilməsi hökm edilmiş, həmin nəticə apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları ilə də dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qərarlarında Cavabdeh İddiaçı cinayət törətməsi barədə ittihamda göstərdiklərinin həqiqətə uyğun olmaması göstərilmişdir. Qeyd olunan qərarlar isə hazırkı iş üzrə Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə uyğun olaraq hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır.
44. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarına əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər.
45. Qarşılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya onu da qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onun və qızı Rəqsanə barəsində “TikTok” internet saytında “@ilhamekərimova361” adlı səhifənin İddiaçı məxsus olmaqla məlumatların yayıldığını və bu məlumatlar əsasında onun və qızının şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verildiyini göstərsə də, qeyd olunan profilin İddiaçı aid olmasını və nalayiq ifadələrin onun tərəfindən yazılmasını sübut edə bilməmişdir. Digər tərəfdən, İddiaçı onun və qızı barəsində “TikTok” sosial şəbəkəsində şərəf və ləyaqətini ləkələyən paylaşımlar etməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmamış, İddiaçı təqsirsizliyi sübuta yetirilmişdir.
46. Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 18 sentyabr 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
47. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsində mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-497/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-497/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.